Məzmuna keç

Səhifə:Zodlu Abdulla (toplayıb tərtib edən İbadulla Ağayev). Bakı, Təbib, 2024.pdf/41

Vikimənbə saytından
(Şəlaləsindən səhifəsindən istiqamətləndirilmişdir)
Bu səhifə korrektə edilib

Bil, Abdulla dəryalara dalıbdı,
Şikəstə könlünü zülmə salıbdı.
Aşıq qardaş, əlac sənə qalıbdı,
Dost gərək dostunu ümidvar bilə.

ŞƏLALƏSİNDƏN

Ey dost, hüzuruna salamlarım var,
Bu şəfəq könlümün şəlaləsindən.
İstərəm adına bir dastan quram,
Dağlar nərgizindən, dağ laləsindən.

Fikrin həmdəmidi ləli-gövhərin,
Sözün qiymətlidir, düşünsən dərin.
Nə gözəl yaranıb misilsiz sərin,
Yaqutun, mərcanın dürdanəsindən.

Parlaq elmlərin dönüb çırağa,
Möhtac deyil nə piltəyə, nə yağa.
Arzum budur, bir gün düşmə irağa,
Sənətin, ilhamın piyaləsindən.

Çox qalandım üst-üstündən közə mən,
Dərd demədim doxsana mən, yüzə mən.
İstərəm hayqıram, çıxam üzə mən,
Həyatın dəhşətli məngənəsindən.

41