Əksi-ənini-Vətən
| Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
| Əksi-ənini-Vətən Müəllif: Məhəmməd Hadi |
Bu gündə ağladır afaqı ahü vayi-vətən,
Cahanı titrədiyor növhənövü nəvayi-vətən.
Vətən səfinəsini çalxalandırır əmvac,
Olubmu yoxsa xudasız şu naxudayi-vətən?
Həzin-həzin baxır ətrafə, söyləyir: övlad!
Deyilmi sizlərə lazım məgər rəhayi-vətən?
Kəfənbəduş olaraq qəbrdən çıxın, ecdad!
Görün ki, məhşəri-qəmdir fərəhfəzayi-vətən.
Sevimli oğlunu qeyb eyləmiş zavallı ana,
Nasıl yanarsa, yanır qəlbi-cunnümayi-vətən.
Cəhalət ilə mükəddər səfali mir'ati,
Maarif olmasa, qabilmi incilayi-vətən?
Vətən çiçəklərini xəndədar qılmaq üçün -
Hənuz doğmadımı bizdə də fədayi-vətən?
Səfalət ilə bugün ağlayır, yanır, yaxılır,
Qinalər içrə gülün siz, ey əğniyayi-vətən!
Əri məzarə girən bir xanım kimi ağla,
Yetim uşaqlarını oxşa, ey sədayi-vətən!
Döşündə əmmək üçün yox südün ki, əmsinlər,
Çocuqların oluyor, validəm, cilayi-vətən.
Təbəssüm istəməm artıq, bükayə şövqüm var,
Bərabər ağlayaq, ey çeşmi-giryəzayi-vətən!
Gəl, ey "təbibi-zəmanəm" - deyən gəzafpəsənd,
Tutub da nəbzini anlat nədir nidayi-vətən?
Qoyub qulağini dinlə şu xəstə sinəsinə,
Bəyan qıl ki, nə əczaydır dəvayi-vətən.
O vəqt son sözün aya deyilmidir "heyhat"?
Əlaci məhz ölümdür, sönür ziyayi-vətən.
Vərəmli qız kimi parlar gözündə nuri-əcəl,
Gəl, ey müvəkkili-mövt, iştə yox şəfayi-vətən!
Qünut, yə's, fütur etməyin, ey əhli-vətən,
Fəqət əməllə olur şanü e'tilayi-vətən.
"Biri" demişdi ki: “Lağlağ ümidi-istiqbal",
Əməl deyilmi, quzum, qiymətü bəhayi-vətən?
Nə səmtə ətfi-nigah eyləriz qaranlıqdır,
Çıx, ey səbahi-səadət, doğ, ey zəkayi-vətən!
Fəraq uzandı, gəl imdadə, ey səbahi-vüsal!
Unut keçənləri, gul, gul, a dilrübayi-vəten!
Həqiqət əhlini, Hadi, xəyalə döndərdi -
Könüldə bəslənən ümmidi-irtiqayi-vətən.
Qələm, şu vəhynəvimi-kitabi-hürriyyət -
Bədiələr yaradır, görməyir əmayi-vətən.
Qırılma, ey qələmim, vase' eylə meydanın,
Nə rütbə olsa da, əhrarə təngnay vətən!