Məzmuna keç

Əlvida, Bakı

Vikimənbə saytından
Əlvida, Bakı
Müəllif: Almas İldırım


(Türküstana gedərkən)
Əlvida, ey müşfiq ana, əlvida…
Bu anda qəlbimdə nə dərin qəm var,
İçimdə bir sizi, gözümdə nəm var,
Əlvida, ey müşfiq ana, əlvida…

Səndə keçib getdi iyirmi dörd yaşım,
Bir zaman bəladan çıxmadı başım,
Sən oldun həmdəmim, dərdli yoldaşım,
Laylalar söylədin mana, əlvida…

Mən sana yad deyil, doğma oğuldum,
Öz qanından gül yaxanda doğuldum,
Günahım, "can" dedim sana, qovuldum,
Acımadın bu qurbana, əlvida…

Yох oldu Çəmbərəkəndi gözlərdən,
Batıb getdi Pirvənzəli izlərdən,
Kim nə anlar bu çarpaşıq sözlərdən,
Bunlar bir xatirat mana, əlvida…

Bir zaman qoynunda mən də yaşadım,
Sokakdan-sokaka səsləndi adım,
Bilməm sönəcəkmi səndəki yadım?
Bəlkə də dönəməm sana, əlvida…

Bax nə deyir yenə bu coşğun Xəzər,
Qoynunda Şimaldan gələn yad gəzər,
Bu bir dərd ki, məni ömrümcə əzər,
Salır məni haldan-hala, əlvida…

Uzaqda qaralır Qızlar qalası
Söylər ki, başımın çoxdur bəlası,
Nerdə öz oğulu, igid balası,
Acısın düşdüyü oda, əlvida…

Mənim günahım yох, məni bağışla,
Çох çarpışdım, düşdüm tufanla, qışla,
Bəzən salam göndər sən də bir quşla
Getdiyim yer Türküstana əlvida…

Əlvida, ey gözəl Bakı, əlvida!
Sağlıqla qal, son sözüm bu, əlvida!..