Məzmuna keç

Əməli-müxəyyəl

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Əməli-müxəyyəl
Müəllif: Məhəmməd Hadi

Ey baği-əməl, açıl, bahar ol,
Ey sevgili qönçə, xəndədar ol!
Çıx pərdədən ərz qıl cəmalın,
Gülsün bizə cöhreyi-kəmalın.
Şəhbali-xəyal uçur fəzani,
Ta seyd eləsin o dilfəzani.
Nədir şu və’di-əkazib ki, aldadır bəşəri?
Nədir bu leyli-əməl, parlamaz bunun səhəri?
Əməl, o və’di-müxəyyəl, ənisi-fikrətdir,
Xəyal zənn ediyor kim, o bir həqiqətdir.
Əməl, əməl, a müdeyyir bədiəgahi-cahan -
Ki, sənsən iştə təsəllikünəndeyi-insan.
Sən olmasan nəyə lazım həyati-bimə'na?
Səninlə görmədəyiz həp şirin-şirin rö'ya.
Sən olmasan, bu əvalim məzardır bəşərə -
Ki, sənsən iştə vəsait bütün bu xeyrü şərə.
Ümid olmasa, insan yaşarmı dünyada?
Gəzər ümidi-məali səmayi-xülyada.
Misali-kövkəbi-rəxşan bədi’eyi-amal,
Həqiqəti-bəşəriyyətdə nurbəxş xəyal.
Bu hay-huyi-rəqabət, bu mövci-cuşacuş,
Cahani-xilqəti sarsır, əməl baxar xamuş.
Deyilmi qönçeyi-ümmid gördüyün güllər?!
Ümidə qarşı nəğəmsazdır o bülbüllər.
Deyilmi meyveyi-ümmid ənfəsi-asar?
Cahani-Qərbdə işraq edib nasıl parlar!
Səninlə dillər olur daima təsəllisaz,
Nə dilfiribsən, ey dilbəri-xəyalnəvaz!