Əvəzində

Vikimənbə saytından
Jump to navigation Jump to search
Əvəzində
Müəllif: Növrəs İmanUsta Abdulla
Mənbə: Usta Abdulla. Şerlər. Bakı, Gənclik, 1976. səh. 78

Növrəs İman:
Ya mənim adımı, ya öz adını,
Tut böyük qardaşın ol əvəzində.
Ayırma kənara məndən yadını,
Gəzərəm dəryanı çöl əvəzində.

Abdulla:
Əzizi-mükərrəm, ey nuri didəm,
Durmuşam əmrində qul əvəzində.
Vucudi bibəla müşkü ehtiram,
Geyərəm gərpasın şal əvəzində.

Növrəs İman:
Əzəl iltimasım bax sənə budur:
Söylə mətləbini mən bilim nədir?
Önünə qatmağa olmasa nəğdi,
Kəs götür başımı pul əvəzində.

Abdulla:
Namə yazdın məni saldın dərinə,
Canım qurban mərd igidin sərinə.
And olsun Mustafa şərbət yerinə,
İçərəm zəhəri bal əvəzində.

Növrəs İman:
Elə bildim yatıb mənim iqbalım,
Qar yağdı qapıya qarışdı halım.
Önünə qatmağa olmasa malım,
Apar sat İmanı qul əvəzində.

Abdulla:
Abdulla qubandı haqqı payına,
Qadir mövlam fürsət vermə xayına.
Döşərəm üzümü xaki payına,
Gəzərsən üstündə pol əvəzində.