Əzəldən biz də bir şəkər ləbi sevdik sevənlər tək
Görünüş
(Əzəldən biz də bir şəkər ləbi sеvdik sеvənlər tək səhifəsindən istiqamətləndirilmişdir)
| Əzəldən biz də bir şəkər ləbi sevdik sevənlər tək Müəllif: Molla Pənah Vaqif |
| Mənbə: Molla Pənah Vaqif. "Əsərləri" (az.). Bakı: Şərq-Qərb. 2004. səh. 163. ISBN 9952-416-25-2. (#cite_web_url); (#accessdate_missing_url) |
Əzəldən biz də bir şəkkər ləbi sevdik sevənlər tək,
Olub risva ağızdan-ağıza düşdük süxənlər tək.
Nolurdu kim, olaydım qasidin qoynundakı kağız
Ki, mən də Qələyə bir yol gedəydim bu gedənlər tək.
Gül əndamlar səfayi-söhbətin yad eylərik hərdəm,
Batar əzamıza ta sübhədək tüklər tikənlər tək.
Kərəm qılmış, bizə ol lalərüx bir namə göndərmiş,
Açıb onu tamaşa eylərik bərgi-səmənlər tək.
Nə xoş nəqqaşımış bu naməni (yarəb), yazan katib,
Hünər izhar edib, surətdə möcüz göstərənlər tək.
Səfərdə yar yanından gələn kağızları bir-bir,
Öpər Vaqif, basar bağrına hərdəm gülbədənlər tək.