Məzmuna keç

Ey həmdəmim, gəl ki, gedər can durmaz

Vikimənbə saytından
(ЕY Həmdəmim, gəl ki, gedər can durmaz səhifəsindən istiqamətləndirilmişdir)
Ey həmdəmim, gəl ki, gedər can durmaz
Müəllif: Molla Vəli Vidadi

Ey həmdəmim, gəl ki, gedər can durmaz
Sənsiz tutmaz söyləməyə dillər hey.
Kəsilibdir, yoxdur səbrü qərarım,
Bir saətim olub uzun illər hey.

Heç bilmədim dövran necə dolandı,
Yandı cismim atəşlərə qalandı.
Könül şəhri gündən-günə talandı,
İndi oldu bir xərabə çöllər hey.

Həsrətindən əlif qəddim büküldü,
Cismim bəndi yerbəyerdən söküldü,
Gözüm yaşı yol-yol oldu töküldü,
Üzüm üstdən axdı qanlı sellər hey.

Nə şirindir, məhəbbət tək zad olmaz,
Ölənətən könül ondan yad olmaz,
Müddətdir ki, məlul könlüm şad olmaz
Məgər əsməz dost kuyindən yellər hey?

Vidadi xəstəyəm günlər sanaram,
Dərd əhliyəm qəm hərfini qanaram,
Qəriblikdə yada düşər yanaram:
Aşna, yoldaş, yar, müsahib, ellər hey.