Məzmuna keç

Ey Kəbəm, Kərbəlam, Məkkəm, Mədinəm

Vikimənbə saytından
(Еy Kəbəm, Kərbəlam, Məkkəm, Mədinəm səhifəsindən istiqamətləndirilmişdir)
Ey Kəbəm, Kərbəlam, Məkkəm, Mədinəm
Müəllif: Molla Pənah Vaqif


Ey Kəbəm, Kərbəlam, Məkkəm, Mədinəm,
Bir zaman kuyində ziyarətimdir.
Qiblə deyib, qaşlarına baş əymək –
Gecə-gündüz mənim ibadətimdir.

Hər nə desəm, sən incimə sözümdən,
Sərxoşunam, yox xəbərim özümdən,
Şol qamətin yayınanda gözümdən,
Sanasan ki, həşrü qiyamətimdir.

Bağlamışam din-imanı zülfünə,
Mənim kimi heyran hanı zülfünə,
Tapşırıb gedirəm canı zülfünə,
Yaxşı saxla, səndə əmanətimdir.

Sənsən mənim ayım, günüm, hilalım,
Dövlətim, iqbalım, cahım, cəlalım,
Gözəl üzün daim fikrü xəyalım,
Sözün dildə şirin hekayətimdir.

Sonalar xəcildir siyah telindən,
Tutilər lal olur şirin dilindən,
Şikəstə Vaqifəm, sənin əlindən
Hər kimə ki, yetsəm, şikayətimdir.