Ey büti-tutizəban, gəl ki, məqalın istərəm
| Ey büti-tutizəban, gəl ki, məqalın istərəm Müəllif: Molla Pənah Vaqif |
| Mənbə: Molla Pənah Vaqif. "Əsərləri" (az.). Bakı: Şərq-Qərb. 2004. səh. 211. ISBN 9952-418-01-6. (#cite_web_url); (#accessdate_missing_url) |
Ey büti-tutizəban, gəl ki, məqalın istərəm,
Təşneyi-didarinəm, abi-zülalın istərəm.
Nazi-gərmü qəmzeyi-çeşmi-qəzalın istərəm,
Üz bəyazında sənin öz xəttü xalın istərəm,
Mətləi-vəchində əbruyi-hilalın istərəm,
Sayeyi-sərvi-qədi-tuba misalın istərəm,
Dəmbədəm zövqi-tamaşayi-camalın istərəm,
Tari-zülfi-müşkrəngü ruyi-alın istərəm,
Qalmışam hicrində, gülzari-visalın istərəm,
Ey büti-tutizəban, gəl ki, məqalın istərəm!
Güllər açılmış, bu gün eyşü nişatın vəqtidir,
Guşeyi-gülzardə fərşi-büsatın vəqtidir,
Tazədən təcdidi-üqdi-irtibatın vəqtidir,
Bəzmi-eydi-vəslə tərtibi-nişatın vəqtidir,
Inqizayi-fəsli-güldən ehtiyatın vəqtidir,
Illəti-eşqə ilaci-buqratın vəqtidir,
Rövzeyi-rizvan üçün seyri-siratın vəqtidir,
Aşiqü məşuq ara xoş inbisatın vəqtidir,
Hər zaman şirin-şirin ixtilatın vəqtidir,
Ey büti-tutizəban gəl ki, məqalın istərəm!
Rahi eşqində sənin mən canü sərdən keçmişəm,
Parə-parə qılmışam könlü, ciyərdən keçmişəm.
Yanmışam pərvanələr tək, balü pərdən keçmişəm,
Hər səmənsa türrədən, hər simbərdən keçmişəm,
Dilbəri-qönçədəhən, nərgisnəzərdən keçmişəm,
Lalədən əl çəkmişəm, gülbərgi-tərdən keçmişəm,
Tərk edib dəhrin səfasın xeyrü şərdən keçmişəm,
Dişləri çün məxzəni-dürrü gühərdən keçmişəm,
Kövsəri unutmuşam, şəhdü şəkərdən keçmişəm,
Təşneyi-didarinəm, abi-zülalın istərəm!
Mən sənin bir aşiqi-biixtiyarın olmuşam,
Bidilü-bicanü bisəbrü qərarın olmuşam,
Şanəvəş müştaqi-zülfi-tabidarın olmuşam,
Incəlib saətbəsaət tarü marın olmuşam,
Uzun illər payibəndi-rəhgüzarın olmuşam,
Valehi-xali-zənəxdanü üzarın olmuşam,
Bir onalmaz dərdiməndi-intizarın olmuşam,
Şux nikahından düşüb şirin şikarın olmuşam,
Nazi-gərmü qəmzeyi-çeşmi-qəzalın istərəm!
Çünki müştaq olmuşam sən sərvi-siməndamə mən,
Eylərəm müjganımı xun ilə zərrin xamə mən,
Yazaram hər gün sənə mehri-vəfadən namə mən,
Çox dedim, həmrəng olum ol arizi-gülfamə mən,
Qoymaz amma çərxi-gərdün tez yetəm bu kamə mən,
Yox əcəb, desəm siyəh ru gərdişi-əyyamə mən,
Düşmüşəm sərhəlqeyi-zülfün ucundan damə mən,
Nə şərabi-ləligunə mayiləm, nə camə mən,
Tikmişəm göz ruzi-vəslindən gələn bayramə mən,
Mətləi-vəchində əbruyi-hilalın istərəm!
Ta gəlir gəh-gəh mənə badi-səbadən kağızın,
Canımı mədhuş edər ənbər həvadən kağızın,
Bərgi-gül tək düşməz ol ətri-fəzadən kağızın,
Sanki bir əttardir gəlmiş Xətadən kağızın,
Dəm vurar Isa kimi ömri-bəqadən kağızın,
Bir əcəb sərməşqdir mehri-vəfadən kağızın,
Işləsin qasid, kəsilməsin aradən kağızın,
Kəm deyildir lövhi-tumari-qəzadən kağızın,
Alsa min zinət əgər müşkin qəradən kağızın,
Üz bəyazında sənin öz xəttü xalın istərəm!
Göstəribdir, bilməzəm, ləlin nə ləzzət könlümə,
Dönə-dönə onu fikr etməkdir adət könlümə,
Ondan özgə gəlməyib şirin hekayət könlümə,
Firqətindən qalmayıbdır səbrü taqət kölümə,
Qamətindən ayrı zahirdir qiyamət könlümə,
Vədeyi-vəslin ha versin istiqamət könlümə,
Sən özün ta etməyincə bir inayət könlümə,
Çox yetər əğyaridən cövrü ihanət könlümə,
Sayeyi-sərvi-qədi-tuba misalın istərəm!
Çün müradi-xatirimdir ləli-ləbdən sudi-eşq,
Eylərəm hərdəm qara bağrımı xunaludi-eşq,
Ərşə başımdan çıxar tük başına min dudi-eşq,
Hər rəkimdir abi-sevdadən dolu bir rudi-eşq,
Zahidi-bibak tək mən olmazam mərdudi-eşq,
Haliya mülki-məlahətdə mənəm Məhmudi-eşq,
Var ümidim ki, olam mən müqtədai-cudi-eşq,
Həq, mənə etmiş müsəlləm çünki hər mövcudi-eşq
Vaqifəm, saldı məni atəşlərə Nəmrudi-eşq,
Qalmışam hicrində gülzari-visalın istərəm!