Məzmuna keç

“Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı (2 yanvar 2003-cü il)

Vikimənbə saytından
“Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı (2003)
Müəllif: Heydər Əliyev


Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
- qüvvədə olan qanunvericilik aktlarının Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
- Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
- həmin Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktlarının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
- həmin Qanunun 4.2-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanlarına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
- həmin Qanunun 9-cu və 10.1-ci maddələrində nəzərdə tutulmuş müvafiq qurumun səlahiyyətlərini həyata keçirən orqana dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
- "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikası Qanunundan irəli gələn məsələləri öz səlahiyyətləri daxilində həll etsin.
2. Müəyyən edilsin ki, "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikası Qanununun 1.5-ci, 13.1-ci və 13.2-ci maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dil Komissiyası həyata keçirir.
3. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.

Heydər ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti. Bakı şəhəri, 2 yanvar 2003-cü il