1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarı (1994)

Vikimənbə saytından
Jump to navigation Jump to search
1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarı (29 mart 1994-cü il)
Müəllif: Azərbaycan Respublikası Milli Məclisi


1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdür. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilmişdir.

Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda — yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir.

Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublika rayonlarında 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olmuşdur. SSRİ Konstitusiyası, Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulmuş, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanmışdır. Qabaqcadan düşünülüb hazırlanmış bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır.

20 yanvar hadisələri ərəfəsində Sovet İttifaqı Kommunist Partiyasının rəhbərliyinin xalqın, mənafeyinə zidd olan siyasəti, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı Mərkəzin, şəxsən Mixail Qorbaçovun apardığı qeyri-obyektiv və qərəzli xətt geniş xalq kütlələrinin qəzəbinə səbəb olmuşdur. Xalq arasında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin, onun birinci katibi Əbdürrəhman Vəzirovun fəaliyyəti də kəskin etirazlar doğurmuşdur. Respublikada belə bir fikir mövcud olmuşdur ki, Azərbaycanın rəhbərliyi Dağlıq Qarabağ məsələsində Mərkəzlə sövdələşərək öz xalqına qarşı gizli xəyanətkar planlar həyata keçirir. Azərbaycan rəhbərləri öz yarıtmaz və yararsız fəaliyyəti ilə xalqla hakimiyyət arasında keçilməz uçurum yaratmışdı. Məhz həmin dövrdə bir neçə ay Bakıda və respublikamızın digər şəhər və rayonlarında keçirilmiş izdihamlı mitinqlərdə Azərbaycan rəhbərliyinin istefası tələb olunurdu. Cəmiyyətdə yaranmış qarşıdurmanın siyasi yollarla tənzimlənməsi üçün Azərbaycan SSR-in rəhbərliyi mövcud imkanlardan istifadə etməmişdir. Hakim dairələrin müxalifətlə apardığı iş siyasi oyun və intriqalar istiqamətində qurulmuş və yarıtmaz olmuşdur. Bir çox taleyüklü məsələnin həllində Azərbaycan rəhbərliyi aciz olmuş, nəticədə respublikada kəskin hakimiyyət böhranı yaranmışdır.

20 yanvara qədər partiya, dövlət orqanları tərəfindən həyata keçirilən tədbirlərin, eləcə də Bakıda gedən ziddiyyətli proseslərin təhlili göstərir ki, yanvar faciəsi qabaqcadan planlaşdırılmış hərbi əməliyyatın nəticəsi olmuşdur. 1989-cu ilin axırından yanvar hadisələrinə kimi respublika rəhbərləri Əbdürrəhman Vəzirov və Ayaz Mütəllibovun imzaları ilə Moskvaya ünvanlanan şifroqramlar buna əsaslı sübutdur. Şifroqramlarda Bakıya əlavə daxili qoşun və Sovet ordusu qüvvələrinin göndərilməsi tələb olunmuşdur. Bu səbəbdən Bakıda hərbi qüvvələrin yerləşdirilməsi və təminatı ilə əlaqədar müxtəlif hazırlıq işləri aparılmış, hadisələrə bir neçə gün qalmış Bakı şəhərinin xəstəxanaları tələsik boşaldılmış, külli miqdarda yaralıların yerləşdirilməsi üçün hazırlıq görülmüş, Sovet ordusu hərbi qulluqçularının ailə üzvləri təcili surətdə Bakı şəhərindən köçürülmüşdür. Beləliklə, hərbi təcavüz və qoşunların yeridilməsi üçün hər cür şərait yaradılmışdır. Qoşunların Bakıya yeridilməsi kommunist rejimini saxlamaq, milli azadlıq hərəkatını boğmaq məqsədinə xidmət etmişdir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi bürosunun 1990-cı il yanvarın 14-də keçirilmiş iclasında fövqəladə vəziyyətin tətbiq edilməsi ilə əlaqədar irəli sürülmüş təkliflər hakimiyyəti itirmək qorxusu ilə bağlı olmuşdur.

1990-cı il yanvarın 15-də Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin sədri Elmira Qafarova Moskva şəhərində ezamiyyətdə ikən Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin qeyri-qanuni iclasında yetərsay olmadığı halda, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Əbdürrəhman Vəzirovun təkidi ilə qəbul edilmiş qərarda Azərbaycanda fövqəladə vəziyyətin tətbiq edilməsinə razılıq verilmişdir. Bu bir daha təsdiq edir ki, 20 yanvar faciəsi qabaqcadan planlaşdırılmış cinayət aktıdır.

Hüquqi əsası olmadan Bakıda fövqəladə vəziyyət elan edilməsi, Silahlı Qüvvələrin şəhərə soxulub heç bir müqavimətlə üzləşmədən ağır texnika və məhvedici silahlar vasitəsilə dinc əhaliyə qəddarcasına divan tutması Azərbaycan xalqına qarşı cinayət olmuşdur. Bu cəza tədbiri şüurlu surətdə planlaşdırılmış və vəhşicəsinə həyata keçirilmişdir.

Əsas məqsəd Azərbaycanda xalq hərəkatına zərbə vurmaq, mövcud olan rejimin dağılmasına yol verməmək və istiqlaliyyət uğrunda mübarizə aparan qüvvələri məhv etmək olmuşdur. Yanvarın 19-da hərbi əməliyyatın növbəti mərhələsi kimi Azərbaycan televiziyasının enerji bloku partladılmış, respublika televiziyası və radiosunun verilişləri tamamilə kəsilmişdir. Faciə baş verən gündən isə digər kütləvi informasiya vasitələrinin fəaliyyəti dayandırılmış, xalq informasiya almaq hüququndan məhrum edilmişdir. Planlaşdırılmış bu cinayət əməliyyatını həyata keçirmək üçün keçmiş SSRİ müdafiə naziri Dmitri Yazov, daxili işlər naziri Vadim Bakatin və başqa yüksək rütbəli hərbçilər Bakıya gəlmişdilər.

Keçmiş SSRİ Konstitusiyasının 119-cu maddəsinin 14-cü bəndinin və Azərbaycan SSR Konstitusiyasının 71-ci maddəsinin tələblərinin pozulması ilə qəbul edilmiş. “Bakı şəhərində fövqəladə vəziyyətin tətbiq edilməsi haqqında” SSRİ Ali Soveti Rəyasət heyətinin fərmanı və bu fərmanın artıq fövqəladə vəziyyət tətbiq ediləndən və yüzlərlə insanın qanı axıdılandan sonra elan edilməsi həmin hərbi-siyasi aksiyanın Sovet İttifaqı Kommunist Partiyasının və Sovet dövlətinin rəhbərliyi, şəxsən Mixail Qorbaçov tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş cinayət və açıq təcavüz olduğunu təsdiq edir.

Azərbaycan üçün belə bir faciəli gündə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Əbdürrəhman Vəzirov xalqa qarşı xəyanətkarlıq yolu tutaraq yanvarın 19 və 20-də öz iş yerində olmaq əvəzinə yanvarın 19-nu Dövlət Təhlükəsizliyi Komitəsinin binasında DTK sədri Vaqif Hüseynovla birlikdə keçirmişdir. Sonra o, gizli surətdə SSRİ Müdafiə Nazirliyinin Bakıda yerləşən hərbi qərargahına getmiş, yanvarın 20-nə keçən gecə həmin qərargahda Dmitri Yazovla və Vadim Bakatinlə birlikdə hərbi əməliyyata rəhbərlik etmişdir. Nəhayət, yanvarın 21-də yalnız öz şəxsi təhlükəsizliyini təmin etmək üçün gizli şəkildə hərbi təyyarə ilə Moskvaya qaçmışdır. Öz hakimiyyətini nəyin bahasına olursa-olsun qoruyub saxlamaq məqsədi güdən keçmiş Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Əbdürrəhman Vəzirov bu ağır cinayətin bilavasitə təşkilatçısı və iştirakçısı olmuşdur. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi Viktor Polyaniçko, Azərbaycan SSR Nazirlər Sovetinin sədri Ayaz Mütəllibov, Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri Vaqif Hüseynov tutduğu vəzifə və səlahiyyətlərinə görə həmin cinayətin birbaşa iştirakçıları olmuşlar.

Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin sədri Elmira Qafarova, Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibi Müslüm Məmmədov sovet imperiyasının qoşun hissələrinin Bakı şəhərinə yeridilməsi ilə əlaqədar heç bir konkret tədbir görmədiklərinə və vətəndaşların təhlükəsizliyini təmin etmədiklərinə görə yüksək vəzifəli şəxslər kimi öz üzərinə düşən məsuliyyətin öhdəsindən gəlməmişlər. Azərbaycan SSR kommunist rəhbərliyinin xəyanətkar siyasəti nəticəsində törədilmiş ağır cinayət azadlıqsevər Azərbaycan xalqının iradəsini qıra bilməmiş, onu daha da qəzəbləndirmişdir. Xalqın Sov. İKP-yə və mövcud rejimə qarşı nifrəti son həddə çatmış, Sov. İKP üzvləri kütləvi şəkildə partiya biletlərini ataraq onun sıralarını tərk etmişlər.

Azərbaycan xalqını dəhşət və müsibətə düçar etmiş 20 yanvar faciəsi bütün dünyada əks-səda doğurmuş, mütərəqqi qüvvələrin qəzəb və hiddətinə səbəb olmuşdur. Bir çox ölkələrin radiostansiyaları da yanvar faciəsi haqqında hərtərəfli informasiya verir və imperiya qüvvələrini lənətləyirdi. Sivilizasiyalı dövlətlərin təcrübəsindən fərqli olaraq Azərbaycanın siyasi rəhbərliyi nəinki istefaya getməmiş, hətta belə bir məqamda susmağı daha üstün tutmuşdur. Xalqının şəhidlər verdiyi faciəli günlərdə o bu faciəyə rəsmi bəyanatla münasibətini bildirməmiş, xalqın qəzəbindən qorxaraq şəhidlərin dəfn mərasimində iştirak etməmiş, yas içində olan xalqına başsağlığı belə verməmişdir. Bu cür şəraitdə Elmira Qafarovanın bəyanatı xalqda ümid və inam oyatmışdı. Lakin Mərkəzin siyasi xəttini həyata keçirən Azərbaycan rəhbərliyi sonrakı fəaliyyətində bu bəyanatı müdafiə etməmişdir.

Xalqın tələbi və bir qrup deputatın təşəbbüsü ilə 1990-cı il yanvarın 22-də çağırılan Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyasında respublikanın əksər siyasi və dövlət rəhbərləri iştirak etməmişlər. Azərbaycanın həyatında baş vermiş dəhşətli yanvar faciəsi ilə bağlı sessiyaya respublika rəhbərlərinin gəlməmələri onların xalqın taleyinə biganə qaldıqlarını, törədilmiş cinayətdə bu və ya digər dərəcədə iştirak etdiklərini göstərmişdir. Buna baxmayaraq, sessiya yanvar hadisələrinə qiymət verməyə cəhd göstərmiş, bir sıra sənədlər qəbul etmişdir. Həmin sessiya. SSRİ Ali Sovetinə, müttəfiq respublikaların Ali Sovetlərinə, dünyanın bütün ölkələrinin parlamentlərinə, Birləşmiş Millətlər Təşkilatına, eləcə də Azərbaycan SSR-də yaşayan bütün millət və xalqlara müraciətlər qəbul etmişdir. Elə bu iclasda da hadisələrə hüquqi qiymət verilməsi məsələsi qaldırılmış və Deputat istintaq komissiyası yaradılmışdır. Belə bir ekstremal vəziyyətdə keçirilmiş sessiyanın qəbul etdiyi qərarlar Azərbaycanın siyasi rəhbərliyi tərəfindən yerinə yetirilməmiş, sessiyanın qərarına zidd olaraq fövqəladə vəziyyət Bakı şəhərində dərhal ləğv edilməmişdir. Ali Sovetin materiallarından bəlli olur ki, Mərkəz Bakıda fövqəladə vəziyyətin tətbiqindən cəmi ay yarım sonra onun ləğv edilməsinə razı olmuşdur. Respublika rəhbərliyi isə fövqəladə vəziyyətin ləğvinin guya ki, cəmiyyətdə qarşıdurmaya səbəb olacağından qorxaraq onu ləğv etməkdən imtina etmişdir.

1991-ci il fevralın 9-da keçirilmiş Azərbaycan SSR Ali Sovetinin sessiyasında onun Rəyasət heyətinin sədri Elmira Qafarova deputatların tələblərinə cavab olaraq demişdir: “...bu qərar martın 5-də ittifaq sessiyasında müzakirə olunduqda biz Qorbaçov yoldaşla görüşdük. Bu məsələni onun qarşısında qaldırdım. O, bizə cavab verdi ki, sabahdan mən fövqəladə vəziyyəti Bakıdan götürürəm. Mən dedim ki, bizə vaxt verin. Ayaz Niyazoviçə zəng çaldım, sonra da Bakıya qayıtdıqda bu məsələni müzakirə etdik. Elə bilirəm ki, biz fövqəladə vəziyyəti Bakıdan götürə bilməzdik. Çünki vətəndaş müharibəsi baş verə bilərdi”. Fövqəladə vəziyyət yalnız 1991-ci il avqustun 30-da Ayaz Mütəllibovun prezident seçkiləri ərəfəsində ləğv olunmuşdur. Beləliklə, hakimiyyəti qan bahasına əlində saxlayan iqtidar yalnız fövqəladə vəziyyət mexanizmi vasitəsilə respublikanı idarə edə biləcəyini başa düşərək, onu son anlara qədər saxlamağa cəhd göstərmişdir. SSRİ Ali Sovetinin 1990-cı il mart ayında keçirilən üçüncü sessiyası Bakıdakı yanvar hadisələrinə siyasi qiymət vermək əvəzinə çox müəmmalı bir qərar qəbul etmişdir: “Azərbaycan SSR-də və Ermənistan SSR-də vəziyyət və həmin regionda şəraiti normallaşdırmaq tədbirləri haqqında”. SSRİ Ali Soveti həmin qərarla Azərbaycan SSR Ali Sovetinin Deputat istintaq komissiyasının gəldiyi nəticələri nəzərə alaraq 20 yanvarda törədilmiş cinayətlərin təhqiqi və istintaqı haqqında SSRİ Prokurorluğuna, SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinə və SSRİ Daxili İşlər Nazirliyinə göstəriş vermişdir. Artıq 1990-cı il dekabrın 20-də SSRİ Baş hərbi prokurorluğu hərbi qulluqçuların 20 yanvarda Bakıda baş vermiş hadisələrlə bağlı əməllərində cinayət tərkibi görməyərək işə xitam vermişdir. Beləliklə, SSRİ Ali Soveti əslində 20 yanvar faciəsinə siyasi və hüquqi qiymət verməkdən imtina etmişdir. Azərbaycan xalqının 20 yanvar faciəsi ilə əlaqədar Mərkəzin bu ikiüzlü mövqeyinə və ədalətsiz qərarına Azərbaycanın siyasi rəhbərliyi öz münasibətini bildirməmişdir. Digər tərəfdən, respublika Ali Soveti ali hakimiyyət orqanı olsa da, əslində mövcud olan təcrübəyə görə o, respublika Kommunist Partiyası Mərkəzi Komitəsinin göstərişlərinin dinməz icraçısı idi. Ona görə də özünün 1990-cı il yanvarın 22-dən sonra olan fəaliyyətində o bu ağır cinayətin mahiyyətinin açılması üçün müstəqil qəti addım atmamışdır.

1990-cı il yanvarın 24-dən 25-nə keçən gecə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin təşkilati məsələyə həsr olunmuş Plenumu keçirilmişdir. Plenumda iştirakçıların təzyiqi altında gündəliyə respublikada siyasi vəziyyətlə əlaqədar məsələ salınmış, Bakı şəhərində 1990-cı il yanvarın 19-20-də fövqəladə vəziyyətin tətbiqinin səbəblərini təhqiq etmək üçün Əfrand Daşdəmirovun sədrliyi ilə komissiya yaradılmışdır. Həmin komissiyaya fövqəladə vəziyyətin tətbiqi ilə bağlı bütün kompleks məsələləri öyrənmək və növbəti Plenuma təqdim etmək tapşırığı verilmişdir.

Yaranmış vəziyyətlə əlaqədar məsələnin plenumun gündəliyinə salınmasına baxmayaraq, respublika kommunistlərinin ali orqanı faciəyə siyasi qiymət verməmiş, ümumiyyətlə, heç bir bəyanatla çıxış etməmişdir. Mərkəzi Komitənin faciəyə bu cür münasibəti sonralar yeritdiyi siyasətdə də öz əksini tapmışdır.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1990-cı il martın 31-də keçirilmiş Plenumunda Əfrand Daşdəmirovun sədr olduğu komissiyanın işi haqqında məlumat dinlənilmiş və işin davam etdirilməsi barədə qərar qəbul edilmişdir. Sonra isə heç bir müvafiq qərar olmadan komissiya öz işini dayandırmışdır. Nəticədə Mərkəzi Komitə qanlı yanvar hadisələrinin siyasi və hüquqi qiymətini verməkdən tamamilə boyun qaçırmışdır;

Mərkəzi Komitənin komissiyasının ilkin məlumatında göstərilir ki, fövqəladə vəziyyət haqqında qərarın qəbul edilməsində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin keçmiş birinci katibi Əbdürrəhman Vəzirovun rolunu müəyyənləşdirmək mümkün olmamışdır. 1990-cı il yanvarın 22-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ilk partiya təşkilatı Əbdürrəhman Vəzirovu Sov.İKP sıralarından kənarlaşdırmış və Azərbaycan xalqına qarşı etdiyi cinayətlərə görə onun qanun qarşısında məsuliyyəti məsələsini qaldırmışdır. Lakin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Plenumu prinsipsizlik göstərərək ilk partiya təşkilatının qərarına etinasız yanaşmış, Əbdürrəhman Vəzirova yalnız şiddətli töhmət verməklə və onu Mərkəzi Komitənin tərkibindən xaric etməklə kifayətlənmişdir. Hadisələrə heç bir siyasi qiymət verməyən Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi, onun bürosu və yeni birinci katib seçilməklə Azərbaycanın bu ağır dövründə respublikada siyasi rəhbərliyi öz üzərinə götürmüş Ayaz Mütəllibov cinayətin mahiyyətini və səbəbkarlarını pərdələmək xəttini müntəzəm və ardıcıl surətdə həyata keçirmişlər.

20 Yanvar faciəsinin iştirakçılarından biri olmuş Ayaz Mütəllibov xalqına qarşı növbəti xəyanət edərək, 1991-ci il martın 9-da keçirilmiş Azərbaycan SSR Ali Sovetinin sessiyasına təzyiq göstərmiş, SSRİ-nin saxlanması ilə əlaqədar ümumittifaq referendumunda Azərbaycan SSR-in iştirak etməsi haqqında qərarın qəbul edilməsinə nail olmuş, nəticədə Azərbaycan xalqını ona qarşı ən ağır cinayət törətmiş sovet imperiyasının tərkibində qalmağa sövq etmişdir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin, onun birinci katibi Ayaz Mütəllibovun bu siyasi xətti Deputat istintaq komissiyasının fəaliyyətinə də təsir göstərmişdir.

1990-cı il fevralın 11-də Deputat istintaq komissiyası özünün ilk bəyanatını vermişdir. Lakin bu bəyanat Azərbaycan SSR Ali Sovetinin həmin il yanvarın 22-də keçirilmiş fövqəladə sessiyasında qəbul etdiyi qərarların çərçivəsindən kənara çıxmamışdır. O zaman Azərbaycanda yaranmış faciəli vəziyyət Deputat istintaq komissiyasında qısa bir müddətdə 20 yanvar faciəsinə siyasi qiymət verilməsini, cinayətin təşkilatçılarının və iştirakçılarının aşkar edilməsini və bunların Ali Sovetin müzakirəsinə verilməsini tələb edirdi. Bunu etmək üçün bütün imkanlar var idi.

Törədilmiş cinayət və onun nəticələri göz qabağında idi, cinayətin təşkilatçılarının Sovet İttifaqı və Azərbaycan SSR siyasi rəhbərliyinin olduğu artıq ictimaiyyətə məlum idi. Amma Deputat istintaq komissiyası süründürməçiliyə yol verərək, öz rəyini yalnız faciədən iki il sonra, yəni Sovet İttifaqı Kommunist Partiyası ləğv olunduqdan, Sovet dövləti süqut etdikdən sonra Ali Sovetin Milli Şurasına təqdim etmişdir. Komissiyanın rəyi törədilmiş cinayətin ciddiliyinə baxmayaraq səthi səciyyə daşımış, mahiyyət etibarilə məlum olan ümumi xarakterli fikir və ifadələrdən ibarət olmuşdur. Həmin sənəddə faciənin qiyməti onun əhəmiyyətinə uyğun səviyyədə verilməmiş, artıq mövcud olmayan Sovet dövləti və hökuməti rəhbərliyinin təqsirkar olduğu göstərildiyi halda, Azərbaycan rəhbərliyinin məsuliyyətinin üstündən keçməyə cəhd edilmişdir. Sübut etməyə ehtiyac yoxdur ki, belə nəticələrə gəlmək üçün heç də iki il vaxt gərək deyildi.

Deputat istintaq komissiyasının işində və rəyində olan bu nöqsanlara baxmayaraq təqdim edilmiş rəydə əks olunmuş faktik material və bəzi nəticələr 20 yanvar faciəsinə dolğun və siyasi qiymət vermək üçün Milli Şuraya imkan yaradırdı. Lakin Milli Şura 20 yanvar hadisələrinə qiymət vermək əvəzinə 1992-ci il yanvarın 19-da qəbul etdiyi qərarı ilə Deputat istintaq komissiyasının rəyini qənaətbəxş hesab edib onu təsdiq etməklə kifayətlənmişdir. Beləliklə, 20 yanvar faciəsi Azərbaycan Respublikasının ali qanunvericilik orqanının qərarında öz siyasi-hüquqi qiymətini tapmamışdır. Qeyd etmək lazımdır ki, respublikada kommunist rejimi mövcud olduğu zaman 20 yanvar faciəsinə siyasi qiymət verilməsini dəfələrlə tələb edən Azərbaycan Xalq Cəbhəsi hakimiyyətdə olduğu bir ildən çox müddətdə (Azərbaycan Respublikasının sabiq Prezidenti Əbülfəz Elçibəy, Azərbaycan Respublikası Ali Sovetinin sabiq sədri İsa Qəmbərov) faciəyə siyasi qiymət vermək üçün öz imkanlarından istifadə etməmişdir. Beləliklə, Azərbaycan SSR Ali Soveti fövqəladə sessiyasının 1990-cı il 22 yanvar tarixli qərarı istisna olmaqla Qanlı yanvar hadisələrinin qiyməti dövlət səviyyəsində qəbul edilən heç bir qərar, bəyanat və digər rəsmi sənədlərdə öz əksini tapmamışdır. Deputat istintaq komissiyasının topladığı faktik materiallar respublikanın hüquq-mühafizə orqanlarına bu cinayətin-istintaqı üçün şərait yaratsa da, onlar konkret əməli işlər görməmişlər.

Hadisələrdən ötən dörd il ərzində keçmiş SSRİ-nin və Azərbaycanın rəhbərliyi tərəfindən xalqa qarşı törədilmiş ən ağır cinayət açılmamış qalmışdır. 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələrə indiyə qədər tam siyasi-hüquqi qiymət verilməməsi Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin “20 yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi haqqında” 1994-cü il 5 yanvar tarixli Fərmanında göstərilmiş və bununla əlaqədar Milli Məclisin xüsusi iclasının keçirilməsi tövsiyə olunmuşdur.

Azərbaycan Respublikasının Milli Məclisində bu məsələyə baxılarkən yaradılmış redaksiya komissiyası tərəfindən Ali Sovetdə, Prezident Aparatında, Azərbaycan Respublikasının Prokurorluğunda, Milli Təhlükəsizlik Nazirliyində, Daxili İşlər Nazirliyində, Baş Arxiv İdarəsində olan materiallar və Deputat istintaq komissiyasının rəyi nəzərdən keçirilmişdir.

Azərbaycan Respublikasının Milli Məclisi 20 yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin tövsiyəsini qəbul edərək və məsələnin müzakirəsi zamanı söylənmiş fikir və mülahizələri, habelə əldə edilmiş faktları nəzərə alaraq qərara alır:

  1. Azərbaycanda vüsət tapmış milli azadlıq hərəkatını boğmaq, demokratik və suveren bir dövlət yaratmaq amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və belə bir yola qədəm qoyan hər hansı xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə 1990-cı il yanvarın 20-də Sovet Silahlı Qüvvələrinin Bakı şəhərinə və respublikanın bir neçə rayonuna yeridilməsi, nəticədə haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış silahsız adamların qəddarcasına qətlə yetirilməsi Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirilsin.
  2. İşğalçılıq siyasəti ilə Azərbaycanın suverenliyinə qəsd etmiş, xalq hərəkatını boğmaq üçün bədnam kommunist ideologiyası libasında köhnə imperiya iddialarını həyata keçirmək məqsədilə 20 yanvar faciəsini təşkil etmiş Sovet İttifaqı Kommunist Partiyası, Sovet dövləti və hökuməti rəhbərliyinin, şəxsən Mixail Qorbaçovun Azərbaycan xalqına qarşı ağır cinayət törətdiyi qeyd olunsun.
  3. Xalqa qarşı törədilən hərbi təcavüzə görə məsuliyyət eyni zamanda Azərbaycan Kommunist Partiyası rəhbərliyinin üzərinə düşür. Xalqın azadlıq hərəkatını boğmaq məqsədilə Sovet qoşunlarının Azərbaycana çağırılmasına və xalqa qarşı yönəldilməsinə razılıq verən, vətəndaşların əmin-amanlığını təmin etməyən, hakim mövqelərini qorumaq naminə öz xalqının qanının axıdılmasına yol verən Əbdürrəhman Vəzirovun təcavüzün birbaşa təşkilatçısı və iştirakçısı olduğu, Ayaz Mütəllibovun, Viktor Polyaniçkonun, Vaqif Hüseynovun bu cinayətdə bilavasitə iştirak etdikləri, bununla da, Azərbaycan xalqına xəyanət etdikləri qeyd olunsun.
  4. Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin sədri Elmira Qafarovanın, Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibi Müslüm Məmmədovun sovet imperiyasının qoşun hissələrinin Bakı şəhərinə yeridilməsi ilə əlaqədar heç bir konkret tədbir görmədiklərinə və vətəndaşların təhlükəsizliyini təmin etmədiklərinə görə yüksək vəzifəli şəxslər kimi siyasi məsuliyyət daşıdıqları qeyd edilsin.
  5. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Plenumunun qərarı ilə yaradılmış komissiyanın (sədr-Əfrand Daşdəmirov) yanvar faciəsinin mahiyyətini və əsl səbəbkarlarını xalqdan gizlətmək və cinayəti ört-basdır etmək məqsədi daşıdığı qeyd olunsun.
  6. Qeyd edilsin ki, Azərbaycan Respublikası Ali Sovetinin Deputat istintaq komissiyası (sədr— Midhət Abasov, sədr müavini— Tamerlan Qarayev) 20 yanvar faciəsinin təhqiqi üçün müəyyən iş aparmış, lakin süründürməçiliyə yol verərək siyasi konyunktura naminə bəzi şəxslərin təqsirinin üstündən keçməklə, respublikanın rəhbərliyinə yarınmaq məqsədi güdmüşdür. Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi ilə bağlı Komissiyanın çıxardığı nəticələr kifayətləndirici hesab edilməsin.
  7. Qeyd olunsun ki, Ali Sovetin Milli Şurası və sonralar Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan xalqının həyatında baş vermiş 20 yanvar faciəsinə öz münasibətini bildirməmiş və yalnız Deputat istintaq komissiyasının işinin yekunlarını qənaətbəxş hesab etməklə kifayətlənmişdir.
  8. 1990-cı il 20 yanvar hadisələrindən ötən dörd il ərzində respublika hüquq mühafizə orqanlarının keçmiş rəhbərlərinin bu cinayətin istintaqı ilə bağlı fəaliyyəti yarıtmaz hesab edilsin. Qeyd edilsin ki, Bakı şəhərində, eləcə də Azərbaycanın bir neçə rayonunda yüzlərlə insanın həlak olması və yaralanması ilə nəticələnmiş Qanlı yanvarın əsl təqsirkarlarının üzə çıxarılmasına və son dörd il ərzində bu faciənin mahiyyətinin açılmasına maneçilik edən şəxslərin müqəssirlik dərəcəsinin müəyyənləşdirilməsində hüquq mühafizə orqanlarının fəaliyyəti qeyri-qənaətbəxş olmuşdur. Azərbaycan Respublikasının Baş prokuroruna tapşırılsın ki, bu işin qısa müddətdə başa çatdırılmasını və təqsirli şəxslərin qanunla nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunmasını təmin etsin.
  9. Yanvar faciəsinin Azərbaycan xalqının tarixində böyük siyasi əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, habelə Azərbaycanın azadlığı uğrunda şəhid olanların xatirəsini əbədiləşdirmək məqsədilə Bakı şəhərində xatirə kompleksi yaradılsın.


Bakı şəhəri, 29 mart 1994-cü il.

Mənbə[redaktə]

Həmçinin bax[redaktə]

Wikipedia logo Qara Yanvar haqqında Vikipediyada məqalə var.