"Canan, hardayıq biz, de hardasan sən?
Biz ki, səninkiyik, sən kiminkisən?
Yoxsulluq mülkünün yolçusuyuq biz,
Buyurun, dost olaq, layıq görsəniz.
Bizik can sataraq yoxsulluq alan,
Xəzləri dağıdıb palasda qalan.
Zamanın qeydindən azadıq, azad,
Qəm bizimlə şaddır, biz qəm ilə şad.
Ciyərimiz susuz, suya qərq olan
Şəbkoruq, günəşə yoldaşıq, inan.
Azdıq yolumuzu, qismətdir bu da,
Kənddən qovulsaq da, bizik kəndxuda.
Möhrəsiz və gözsüz oyun çıxardar,
Ayaqsız, miniksiz çapmağımız var.
Bir sənin qəminlə yüklənirik biz,
Qəm ki, səninkidir, yoxdur qəmimiz.
Olsaq da aləmdə süst tərpənənlər,
Buradan keçməkdə bizdədir hünər.
Deyirsən, qəmindən xar olub ölüm,
Hələ qəm yeməklə məşğulam, gülüm!
Çox çəkməz, sevgilim, vaxtı gələndə,
Öz köçmək təblimi çalaram mən də.