Məzmuna keç

Ağ gül, qırmızı gül, bir də sarı gül (Aşıq Seyid İbrahim)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Ağ gül, qırmızı gül, bir də sarı gül
Müəllif: Aşıq Seyid İbrahim
Mənbə: Aşıq Məhərrəm Hüseynli. "Seçilmiş əsərləri. II kitab". “MBM” (az.). azkurs.org. 2014. İstifadə tarixi: 2020-04-13.

Yarın baxçasında üç gül açılıb,
Ağ gül, qırmızı gül, bir də sarı gül.
Hər üçü də bir-birindən öyməli,
Ağ gül, qırmızı gül, bir də sarı gül.

Ağca gülün qapısından baxmalı,
Qızıl gülü al yanağa taxmalı.
Sarı gülü dəstə tutub qoxmalı,
Ağ gül, qırmızı gül, bir də sarı gül.

Ağ gülü bənzətdim ağ göyərçinə,
Qızıl gül bənzəyir göydə laçına,
İbrahim qurbandı gülün üçünə,
Ağ gül, qırmızı gül, bir də sarı gül.