Ağ gəlin
Görünüş
| Ağ gəlin Müəllif: Molla Pənah Vaqif |
Dərdin məni heyvalara döndərdi,
Ey saçları siyah, üzü ağ gəlin!
Ta ki, gördüm cəmalının şöləsin,
Əridi bağrımda tamam yağ, gəlin!
Sənin həsrətini vilayət çəkər,
Qəmzən yayı dəyər, məlalət çəkər,
Cəmalından mələk xəcalət çəkər,
Hüsnün eylər aya, günə lağ, gəlin!
Nə olur, üzündən niqab alasan,
Bir ləhzə halıma nəzər salasan,
Səhərdən açılmış təzə lalasan,
Sənin seyrangahın olur dağ, gəlin!
Qəddin tək nə ər-ər, nə şümşad olur,
Onu görcək, qəmdən can azad olur,
Mənim könlüm sənin ilən şad olur,
Sən eylərsən damağımı çağ, gəlin!
Bəlalərdən səni saxlasın xuda,
Sən tək gözəl eldən olmasın cüda,
Xəstə Vaqif ölsə, başına fəda,
Təki olsun sənin canın sağ, gəlin!