Ağalar
Ağalar Müəllif: Mirzə Əli Möcüz |
O xaliq ki, girdə edib mazını,
Alınımaza yazıb qara yazını,
Aşiq genə aldı ələ sazını.
Qulaq verin bu dastana, ağalar!
Beş yaşında bizim xanım üşüdü,
İlik dondu, üstüxanım üşüdü.
Gəlin gedək, genə canım üşüdü,
Soyuq gəldi çün İrana, ağalar!
Bir pinc qoyduq yerə kürsü otaqda,
Bainhəmə sular dondu çanaqda,
Göy təbərzə buz bağladı məlaqda,
Ahım çıxdı asimana, ağalar!
Dünən gecə Nuhi gördüm röyada,
Dedim ki: Çox yaşadın sən dünyada,
Belə soyuq heç görmüsən dünyada?
Dedi: Xeyir!-yana-yana, ağalar!
Fərşi, qabı satdıq verdik kömürə,
Allah, yazma bu günləri ömürə!
Bu il soyuq təsir etdi dəmirə,
Təsir etməz məgər cana, ağalar?
Yaş-yaş kəsib ağacları kətdilər,
Səhər tezdən Şəbüstərə gətdilər.
Yaş odunu amma necə satdılar-
Batmanını bir qrana, ağalar!
Yaş odunlar çün ocağa düzüldü,
Bir ah çəkib, göz yaşları süzüldü.
Tükəzlərin xumar gözü büzüldü,
Tüstü qalxdı çün tavana, ağalar.
Küçədə buz gümüş kimi parıldar,
Füqəralər soyuq evdə zarıldar,
Beşaçılan tüfəng kimi xarıldar,
Ayaq qoysan nərdivana, ağalar.
Yuvasında dondu fərə soyuqdan,
Pişik gəldi ahuzarə soyuqdan,
Qulaq yarə, burun yarə soyuqdan,
Çarə nədir bu borana, ağalar?
Mən deyirəm qapı, baca sökülə,
Həm ocağa, həm də pincə tökülə.
Bu qış dərdi o dərd deyil çəkilə,
Çörək bağlun dəstərxana, ağalar!
Yerləşdirin qəddərəni qurşağa,
Xudahafiz!-deyin arvad-uşağa,
Yuxarıdan isti olar aşağa,
Durun gedək Vayiqana, aralar!
Nəzr elərəm bir şam imamzadəyə,
Oxuyaram Quran Həsən dədəyə,
Aş paylaram hər həftə bir badiyə,
Soyuq getsə Şamqazana, ağalar!
Möcüz deyər: Duamın var əsəri,
Hov təpərəm, qalmaz qışın əsəri,
Hər kim verə mənə bayram xəbsəh
Bir cüt busə aşiqanə, ağalar!