Ağlama (Növrəs İman)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Ağlama
Müəllif: Növrəs İman
Mənbə: Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004. səh. 20

Zəlilü natəvan, əlacsız yazıq,
Sən olasan mənim canım, ağlama!
Artırma dərdimi həddən ziyada,
Qoy mən eşq oduna yanım, ağlama!

O ağlar gözünə olum sadağa,
Ahusan, səyyadam, gəl çıxaq dağa.
Leylisən, Məcnunam, enək bulağa,
Söylə mətləbini qanım, ağlama!

Dünyadan əl üzüb İman aşkara,
Neyləyim bu dərdə mən bəxti qara.
Səni ağladanlar düşsün azara,
Ömürdən beş qalıb sanım, ağlama!