Məzmuna keç

Ağrı dağı (Şair Məmmədhüseyn)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Ağrı dağı (XIX əsr)
Müəllif: Şair Məmmədhüseyn
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004.

 
Bir ərzim var, sənin xaki-payına,
Eşit bu ərzimi sən, Ağrı dağı.
Sənə çıxan görər cümlə-cahanı,
Görünər gözünə Van, Ağrı dağı.

Bülbül gedər, gül yanında xar olar,
Pərvaz eylər yuvasından sar uçar.
Yayın günü şəfəq vurar tar uçar,
Eyləmə nahaqdan qan, Ağrı dağı.

Xan atlanar, xan taxtına xan düşər,
Dəstə yeri camaata ün düşər.
Səhər ertə əvvəl sənə gün düşər,
Sənə qurban şirin can, Ağrı dağı.

Zirvəsində illər boyu dumandı,
Dünyaynan yaranıb, hələ cavandı.
Dağların başında Çopur Sultandı,
Düşüb ortalığa Xan, Ağrı dağı.

Məmmədhüseyn ölən günə al ağı,
Cəhd eylə olmasın onun calağı.
Nuh gəmisi, peyğəmbərin bulağı,
Saxla qiyamətə sən, Ağrı dağı.