Məzmuna keç

Ah kim, gör neylədi bu gərdişi-dövran bu gün

Vikimənbə saytından
Ah kim, gör neylədi bu gərdişi-dövran bu gün
Müəllif: Molla Vəli Vidadi
Mənbə: Molla Vəli Vidadi. "Əsərləri" (az.). Bakı: Öndər. 2004. səh. 70. ISBN 9952-416-25-2. (#cite_web_url); (#accessdate_missing_url)

Ah kim, gör neylədi bu gərdişi-dövran bu gün,
Eylədi bir növcavanı xak ilə yeksan bu gün.
Oldular matəm tutub xəlqi-cahan giryan bu gün,
Getdi bu dari-fənadan döndü çün dövran bu gün.
Rəkli xanın sevgili fərzəndi ol Livan bu gün.

Qopdu bir şivən sanasan çərxi-dövran ağladı,
Dözməyib bu möhnətə canı olan qan ağladı.
Xaçpərəstlər hər nə var, cümlə müsəlman ağladı,
Necə dil tutsun deyim bir hal ilə xan ağladı,
Atəşi-əfğanə yandı, külli Gürcüstan bu gün.

Cəm edib dörd yanına Gurgin xan mirzaləri
Bir-birilə danışır hər bir keçən sövdaləri,
Sındırıb düşmənləri, kor etdiyin ə’daləri,
Yada düşdükcə çıxar fəryadü vaveylaləri,
Eylə sanır xəlqi-aləm qopdu bir tufan bu gün.

Bu müsibət məhşərində ol Dedunalı görün,
Zəxmi-naxun, sinədə üzdə sirişk alı görün,
Fərş olub torpağa üz, bihuşü pamalı görün,
Naleyi-zarü fəğanı, böylə əhvalı görün,
Daş ola ağlar, necə tab eyləsin insan bu gün.