Aldı canım naz ilə ol gözləri şəhla pəri
| Aldı canım naz ilə ol gözləri şəhla pəri Müəllif: Molla Pənah Vaqif |
| Mənbə: Molla Pənah Vaqif. "Əsərləri" (az.). Bakı: Şərq-Qərb. 2004. səh. 175. ISBN 9952-416-25-2. (#cite_web_url); (#accessdate_missing_url) |
Aldı canım naz ilə ol gözləri şəhla pəri,
Ləbləri püstə, yanağı laleyi-həmra pəri,
Cismi gül, başdan ayağa qaməti rəna pəri,
Sərvdən yeyrək, sənubərdən dəxi bala pəri,
Yavru laçın gözlü, topğun sinəli sona pəri.
Gözləri məstan, sürahi tək çəkilmiş gərdəni,
Qara zülfü müşkü ənbər, ağ bədən gül xərməni.
Saçları reyhan qoxulu, qoynu cənnət gülşəni,
Ləbləri kövsər məkanı, ağzı şəkkər mədəni,
Sözü şirin, özü amma xosrovü əla pəri.
Al geyib əlvan ləçək örtər, gülabəfşan çıxar,
Sanasan, bürci-fələkdən bir mahi-taban çıxar,
Seyrinə aləm sərasər hər tərəf, hər yan çıxar,
Əql uçar başdan, ürək oynar, cəsəddən can çıxar,
Göz ucuyla hər kimə eylər nihan ima pəri!
Ey mənim mahım, sənə bu şəhr, bu ellər fəda!
Basdığın torpağa hərdəm, lalələr, güllər fəda!
Saçının hər muyinə yüz saçı sünbüllər fəda!
Ləhceyi-göftarına gülşəndə bülbüllər fəda!
Qaşının bir tağinə qurban iki dünya, pəri.
Vaqifəm, canım sənə hərdəm fədalər eylərəm,
Ah çəkib hicrində qarğu tək sədalər eylərəm,
Dərgahində kəlbinə çox ilticalər eylərəm,
Gecə-gündüz ömrünə xeyrü düalər eylərəm,
Saxlasın dəhrin bəlasından səni mövla, pəri!