Məzmuna keç

Arvadlar deyirlər

Vikimənbə saytından
Arvadlar deyirlər
Müəllif: Cəfər Cabbarlı

Tanrı kəsibdir bizim ərlərin insafını;
Sən ki bilirsən, Baba, onların övsafını?!

Düşbərə, bir filməsəl, şit düşər isə əgər,
Evdə qiyamət salır, hər nə bilirsə söyər;
"Adə, a heyvan qızı", yoxmudur ağlın məgər?
Dinsə əgər arvadı, haydı, doyunca döyər.
Tanrı kəsibdir bizim ərlərin insafını;
Sən ki bilirsən, Baba, onların övsafını?!

Gündə qumar oynayır, bilməz işin dalını;
Baxtalayır arvadın sırğasını, şalını;
İçkiyə sərf eyləyir yerdə qalan malını.
Kim bizə bənd etdi bu həmşəri hambalını?
Tanrı kəsibdir bizim ərlərin insafını;
Sən ki bilirsən, Baba, onların övsafını?!

Gündə gedir bəlkə bir rus xanımın yanlasın,
Arvadını tullayıb evdə pərişanlasın,
Yaz buları jurnala, xəlqi-cahan anlasın,
Bəlkə o bədüzləri qeyriləri danlasın.
Tanri kəsibdir bizim ərlərin insafını;
Sən ki bilirsən, Baba, onların övsafını?!

Axırı arvadların qəlbini xun etdilər,
Əqli-səlim əhlini yaxşı cünun etdilər,
Əlif kimi qamətin həlqeyi-nun etdilər.
Müxtəsər, arvadları xarü zəbun etdilər.
Tanrı kəsibdir bizim ərlərin insafını;
Sən ki bilirsən, Baba, onların övsafını?!