Atanın doğma oğlunun toxumunu ələ keçirməsi, öküz kimi yenidən doğulması və başına gələn başqa möcüzə haqqında söz

Vikimənbə saytından
Atanın doğma oğlunun toxumunu ələ keçirməsi, öküz kimi yenidən doğulması və başına gələn möcüzə haqqında söz
Müəllif: Şifahi xalq ədəbiyyatı


Qədimlərdə Yamato torpağının Sou-no-kami mahalının Yamamura kəndində Kura-no-İeqimi-no-kimi adında bir kişi yaşayırdı. On ikinci ayın tamamında kişi günahlarını yumaq üçün Ulu Araba sutrasını oxumaq qərarına gəldi. O, nökərinə əmr elədi: “Rahib tap gətir”. Nökər soruşdu: “Mən hansı məbədə getməliyəm?” İeqimi dedi: “Mənim üçün fərqi yoxdu. Qabağına birinci kim düşsə, onu da gətir”.

Nökər əmri yerinə yetirdi, yolda rastına çıxan rahiblə evə qayıtdı. İeqimi dərin ehtiramla ona nəzir verdi. Axşam, ibadət qurtarandan sonra rahib yatmağa hazırlaşdı və ev sahibinin hazırladığı yatağa uzandı. Rahib fikrə getdi. “Sabahkı hədiyyələri gözləmədən yorğanı götürüb, elə indi aradan çıxmaq daha yaxşı olmazmı?” Qəflətən rahib səs eşitdi: “Yorğana dəymə!” Rahib dəhşətli vahimə və qorxuyla evə göz gəzdirdi, amma heç kimi tapmadı. Yalnız anbarın talvarının altında bir öküz vardı. Rahib öküzə yanaşdı, öküz dilə gəldi: “Mən İeqiminin atasıyam. Keçən dəfə mən oğlumdan soruşmadan adamlara on dərz düyü vermişdim. Günahıma görə cəzalandırılmışam, indiki həyatda öküz kimi yenidən doğulmuşam. Rahib, yorğanı götürməyə necə ürəyin gəlir? Sözlərimə şübhən varsa, sabah mənim üçün yerə saman döşə. Gəlib samanlıqda uzanacağam. İeqiminin atası olduğuma onda inanarsan”. Rahib bəd niyyətə düşməsindən utandı və yatağına uzandı.

Səhərisi, ibadətdən sonra rahib “Yadları burdan uzaqlaşdırın” dedi. Ev sahibinin qohumlarını bir yerə yığdı və heç nə gizlətmədən baş vermiş hadisəni onlara danışdı. Ev sahibi kədərləndi, öküzə yanaşdı, yerə saman döşədi və dedi: “Doğrudan da mənim atamsansa, gəl burada uzan. “Öküz ayaqlarını qatladı və samanlığa uzandı. Qohumlar ağı dedilər, bərkdən ağlaya-ağlaya söylədilər: “Doğrudan da atamız qarşımızdadır”. Ev sahibi ayağa qalxdı, öküzə baş əydi və dedi: “Mən sənin keçmiş borcundan keçirəm”. Onun sözlərini eşidən öküz ah çəkdi və ağladı. Həmin gün, meymun saatında öküz öldü. Ev sahibi isə atasının günahlarını yusun deyə, rahibə yorğan və pul bağışladı. İntiqama necə inanmamaq olar?