Avral
Görünüş
| Avral Müəllif: Mikayıl Müşfiq |
Mədəndə bu gün fırtınalar var,
Çalxanmada ətrafa axınlar.
Avralçıların coşqunudur bu,
Div səsli maşınlar kimi gurlar.
Bir xeyli zamandır hərəkət yox,
Məhsullu buruqlarda kəsir çox.
Bir işçi gəlib vəcdə deyir ki,
– Tez verməliyik işlərə talçok!
Min at gücü varkən canımızda,
Can yox nə üçün fantanımızda?
Minlərcə nöyüt haləsi parlar
Hər damla qızılgöz qanımızda.
Bir dəm yapışın güclü qolumdan
Feyz almaq üçün böylə hücumdan.
Mən zərbəçi bir işçiyəm, əsla,
Ölsəm belə dönməm ki, yolumdan!
Avral nə deməkdir? Geri getmək.
Lazım bunu bilmərrə yox etmək!
Avral bizim əskikliyimizdir;
Yüksəkliyimizdir – çatıb ötmək!
Mədəndə bu gün fırtınalar var,
Çalxanmada ətrafa axınlar.
Avralçıların coşqunudur bu,
Div səsli maşınlar kimi gurlar.