Məzmuna keç

Axtarır

Vikimənbə saytından
Axtarır
Müəllif: Mirzə Əli Möcüz

Dilbəra! Bu rind genə bir yağlı qurban axtarır,
Bu qələtdir kim, deyərlər, əhli-iman axtarır.

Vaizə ərz eyləyim bihudə zəhmət çəkməsin,
Çoxdu meydani-səxavət, gər müsəlman axtarır.

Bu pərişan qız mühübbü şahi-mərdandır, əmu,
İrzü namusu eşikdə, bir tikə nan axtarır.

Bilmirəm sirri nədir Parisə getmir bu məriz,
Dərdinə gəh Xamnədə, gəh Sisdə dərman axtarır.

Binəvanın gözlərin mili-təəssüb kur edib
Mətləül-şəms cəhldə abi-heyvan axtarır.

Aləmi pürnur edib nuri-qəmər, yəlləl-əcəb,
Nuri şəm ilə bu nadan mahi-taban axtarır.

Qoy yerə səccadəni, al başuvi, bir yana qaç,
Kafər əldə qanlı xəncər əhli-Quran axtarır.

Pirəzənlər karidir təsbih ilə cəng eyləmək,
Al ələ dəhtiri, düşmən mərdi-meydan axtarır.

"Lovhəşəllah", "maşəallah", "afərin", "səd afərin!"-
Şiənin qarnın doyurmur; musyo Vartan axtarır.

Mülhüdün dəhr ilə yoxdur kari ki, qanın tökə,
Xalisən-muxlis mühübbü şahi-mərdan axtarır.