Məzmuna keç

Ay gözəl-gözəl

Vikimənbə saytından
Ay gözəl-gözəl
Müəllif: Aşıq Nəcəf Əlimərdanlı
Mənbə: "Seçmə aşıq şeirləri. 3 cilddə. I cild" (PDF) (az.). DGTYB. 2011. 2016-04-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-11.

Yer var ki, yol düşüb, karvan işləməz,
Dost dərməz güllərin, ay gözəl-gözəl.
Meylim səndən qeyri yarı istəməz,
Sevmişəm xalların, ay gözəl-gözəl.

Aşıq, cananına xanə sin də bax,
Zər-ziba qumaşa xanəsində bax,
Əcayib əyləşmiş xanəsində, bax,
Darayıb tellərin, ay gözəl-gözəl.

Seyraqubun əli yardan boş qala,
Divansız eşq görməmişəm, boş qala.
İnsafdırmı, sən gedəsən, boş qala.
Sonalı göllərin, ay gözəl-gözəl.

Nəcəf deyər, gözüm ay rövşən olsun.
Gün doğub aləmə ay rövşən olsun.
Sən bizə gələndə Ay rövşən olsun,
O cada yolların, ay gözəl-gözəl.