Ay qız (Çoban Məhəmməd)

Vikimənbə saytından
Ay qız
Müəllif: Çoban Məhəmməd
Mənbə: Çoban Məhəmməd. Şeirləri və dastanları. (Toplayıb tərtib edəni: İslam Ələsgər). Bakı, "Nurlan", 2009. səh. 27

Pünhan qulluğuna namə göndərdim,
Oxuyub mətləbim qanasan, ay qız!
Mən yazığı saldın eşq ataşına,
Səni də od tutub yanasan, ay qız!

Bahar olcaq bağlar bara yeridi,
Xəstə könlüm intizara yeridi,
Sənan Quran aldı, nara yeridi,
Mən ondan betərəm sanasan, ay qız!

Məhəmmədin canı yolunda qurban,
Dərdini çəkməkdən olub bağrı qan.
Tamaşan tovuzdu, qırımın tərlan,
Göllərdə çalxanan sonasan, ay qız!