Məzmuna keç

Ay qız (Mirzə Əli Möcüz)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Ay qız
Müəllif: Mirzə Əli Möcüz


Qoydun qədəm beş yaşına,
Qız, çadra saldın başına,
Bir namə yaz qardaşına,
Yollasın bir Quran sənə.

Getmə məscidə Quran oxu,
Araxçın tik, corab toxu,
Yaxşı deyil günüz yuxu,
Gecələr yat, qurban sənə.

Ay qız, bir gün böyür boyun,
Nişanlı yollar bir qoyun,
Başıva gələr min oyun,
Toy eylər çün anan sənə.

Ərin səni duz tək yalar,
Qolların boynuva salar.
Qaynanan saçların yolar,
Ər olsa mehriban sənə.

Ərin hacı Məmmədvəli,
Səhər gedər, axşam gəli,
Baldızların olar dəli,
Alsa zəri tuman sənə.

O gün ki, olarsan gəbə,
Tərpəşsə qarnunda bəbə,
Qaynanan gələr qəzəbə,
Dartdırar dəyirman sənə.

Duzunu çox salar ətin,
Atar boynuna övrətin,
Artar qəmin, kəsalətin,
Ər çün deyər yaman sənə.

Xanım nənə, yavaş-yavaş
Bir gün deyər bunu: dadaş,
Yeyər hər gün səkkiz lavaş,
Ərin olar düşman sənə.

Qız olsa doğduğun uşaq,
Nə bal verər, nə qayğanaq,
Yarma şiləsi bir çanaq
Yedirdər qaynanan sənə.

Görsən ağzın olur acı.
Qaşqabağın salır bacı.
Sifariş et gəlsin falçı,
Desin beş-on yalan sənə.

Tası qurar deyər: Gəlin,
Beş qran ver, bir də yəlin,
Bağlayım cinnərin əlin,
Yetirməsin ziyan sənə!

Baldızların səhər çağı
Üstüvə sürtər qurd yağı.
Pulun yoxdur, sat qolbağı,
Gətir, edim dərman sənə!

Satarsan qolbağı-zadı,
Tükəz bacı eylər cadı.
Bilər ərün, çəkər dadi,
Şirin olmaz oğlan sənə.