Məzmuna keç

Ay süzə-süzə

Vikimənbə saytından
Ay süzə-süzə
Müəllif: Şair Məmmədhüseyn
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20.

Bir bahar göründü gülşən içində,
Qara gözlərini ay süzə-süzə.
Atdı örpəyini göründü üzü,
Elə bildim keçir ay süzə-süzə.

Bir söz dedim, saldı məni dil dara,
İncimərəm, çəksin şirin dil dara.
Kim can deməz belə gözəl dildara,
Eşqin piyaləsin ay süzə-süzə.

Xəyalımdan huri-qılman dolandı,
Dedim xoşbəxt o qəlbimə dolandı.
Məmmədhüseyn pak eşqinlə dolandı,
Dövran açar sənə, ay süzə-süzə.