Məzmuna keç

Azərbaycan İnqilab Komitəsinin birinci və ikinci dərəcə məktəblərdə lisan təlimi haqqında əmrnaməsi (16 avqust 1920-ci il)

Vikimənbə saytından
Azərbaycan İnqilab Komitəsinin birinci və ikinci dərəcə məktəblərdə lisan təlimi haqqında əmrnaməsi (16 avqust 1920)
Müəllif: Azərbaycan İnqilab Komitəsi
Mənbə: "Kommunist" qəzeti, 20 sentyabr 1920-ci il

1. Birinci və ikinci dərəcə məktəblərdə təlim lisanı şagirdlərin ana dilində olmalıdır.
2. 2-ci dərəcə məktəblərdə birinci təlim sənəsindən (altıncı təlim sənəsi) hər qruppada həftədə 4 saat olaraq türk, həmçinin rus lisanlarının təlimi məcburi olur.
3. Əkəliyyət millətlərin məktəblərində türk və rus məcburi dillərindən biri 2-ci dərəcədə ikinci təlim sənəsindən (yeddinci təlim sənəsi) idxal edilir. Həftəlik dərslərin miqdarı böylə hesab ilə götürülməlidir ki, təlimi qeyd edilən məcburi lisan kursu təmamilə icra edilmiş olsun.
4. Yazısı olmayan millətlərin məktəblərində təlim lisanı həmin millətin özü qəbul etdiyi lisan etiraf olunmalıdır.
5. Fransız və alman lisanlarının təlimi vahid zəhmət məktəbində məcburi hesab edilmir.
6. Vahid zəhmət məktəblərində latın lisanının təlimi tamamilə ləğv edilir.
7. Əkəliyyət millətləri şagirdləri olan 2-ci dərəcə məktəblərində hər qruppada (klasda) 3 həftəlik dərs ilə həmin millətin lisanı təlim edilir. QEYD: Qruppada ondan az şagird olmamalıdır.
Azərbaycan İnqilab Komitəsinin sədri: N. Nərimanov Xalq Maarifi Komissarı: D. Bünyadzadə Katib: Qabriçidze