Məzmuna keç

Azərbaycan ədəbiyyatı (F.Köçərli, II cild)/Axund Molla Hüseyn Marağalı "Dəxil"

Vikimənbə saytından
Ağamirzə Məhəmməd Bağır "Xalxali" Azərbaycan ədəbiyyatı. II cild. Axund Molla Hüseyn Marağalı "Dəxil"
Müəllif: Firudin bəy Köçərli
Bahar əyyamı və Hacı Seyid əzim dövrü


Dilsuzun həmməslək və həməsrləri olan Azərbaycan şairlərindən məşhurudur ki, "Dəxil" təxəllüsü ilə iştihar tapıbdır. Dəxilin yazdığı asarın cümləsi cənab İmam Hüseynin müsibətinə məxsus, Kərbəla faciəsinə dair əhvalatdır. Dəxilin kitabı mərsiyəxanların əlində ən mötəbər kitabdır və bu kitabda Kərbəla əhvalatı bəzi yerdə nəsr ilə və əksərən nəzm ilə təhrir və tənzim olunubdur. Dəxilin Füzuli kimi nəsr ilə yazmaqda dəxi ziyadə qabiliyyəti və məharəti kəlamından məlum olunur. Necə ki, zeyldə yazılan sətirlər ona şəhadət edir.

Vəqta ki, şahi-Kərbəla-seyyidüş-şühəda, yəni məzlumlar ağası İmam Hüseyn Kərbəlada yekkəvü tənha qalıb özünə kömək çağırırdı, ol cənabın ahü naləsi göylərə və yerlərə böyük çaxnaş və zəlzələ saldı və pərvərdigari-cəlilin təsbihü təhlilinə məşğul olan görübən müqərribin və məlaikeyi-səmavatü ərzin Kərbəla səmtinə mültəfit olub gördülər bir gülzardır ki, xiyabanın gülləri sineyi-əhli-matəm tək çak-çak, çeşmə kənarının səbzələri çeşmi-həsrət kimi nəmnak və sahəti-zəmini [misli]-daməni-gülçin sərasər laleyi-xun[in] və nəsimi-həvası manəndi-ahi-dilnişin və reyhanları yetim zülfü kimi qubaralud və sərvləri əsirlər ahı tək siyahəndud və qönçələri aşiqi-məhzun tək xunbar və sünbülləri zülfi-ərusani-matəmdidəmisal tarumar və rayiheyi-nəsimi əşki-əsiran ilə həmabü həva və həzarələri ətfali-qəriblərə həmnəva və cuybarı məcrayi-əşki-laləgun və çeşməsarı beeynih dideyi-pürxun, bülbülləri xamuş və bağbanı mədhuş:

NƏZM

Vəh nə gülşən, çeşməsarı cuyi-xun,
Novcavanlar nəşi sərvi-vajəgun.
Qanə batmış türrələrdir sünbülü,
Pənbeyi-daği-cərahətdir gülü.
Bir tərəf güllər tamam olmuş xəzan,
Bir tərəf məbhut durmuş bağban.
Bir tərəf bihəm əsər badi-səmum,
Bir tərəf zağü zəğən eylər hücum.
Qüdsiyan ol gülşənə heyran həmə,
Vadiyi-heyrətdə sərgərdan həmə.
Bir belə gülşəndə ağlar bülbülü,
Qan içində tərbiyət tapmış gülü.
Etdilər diqqətlə çün hər yan nəzər,
Gördülər açmış zəban susən deyər:
Bu çəməndir bustani-Kərbəla,
Məqtəli-pirü cəvani-Kərbəla.

Bu həngamədə məlaikələr cəmiyyən bina qoydular təfərrüc ilən Kərbəlanın gülşəninə baxmağa. Mütəvəcceh olub, tainki gördülər:

Bir tərəf qan içrə yatmış bir cavan,
Hülqi-pakından olur al qan rəvan.
Aşiyani-mürği-peykan peykəri,
Pay ta sər zəxm cismi-ənvəri.
Bəs ki, dəymiş tirü xəncər abdar,
Hər səri-muyi olub bir çeşməsar.
Yusifi-Misri kimi gülgun qəba.
Seyd tək xəncəri-gürgani-cəfa.
Kimdi, ya rəb, ol cəvani-mahru?
Kimdi, yaran, ol ğəzali-mişkbu?
Ümmi-Leylanın Əliyyi-Əkbəri,
Kərbəla sərdarının gülpeykəri.
Gördülər bir yanda düşmüş xarüzar,
Bir uca qamətli qolsuz şəhriyar.
Bəs ki, cismindən olub al qan rəvan.
Kuhü səhranı edib dəryayi-qan.
Kimdi, yaran, ol qəribi-naümid,
Təşnələr səqqası Abbasi-şəhid.
Naz ilən xab eyləyib bir sərvinaz,
Türrəsi eylər səbadən ehtiraz.
Cismi-pakı sərbəsər zəxmi-sinan,
Kakilindən telbətel qanı rəvan.
Olmamış bir ləmhə həmağuşi-yar,
Buyi-vəsl ilən olub bihuşi-yar.
Gül kimi cismində qanlı pirəhən,
Parə-parə nəşinə olmuş kəfən.
Peykərində zəxmi-pürxuni-sinan,
Şərhi-dərdi-hicr üçün açmış zəban.
Bəs ki, qan cari olub hər dağdən,
Laleyi-həsrət bitib toprağdən.
Mən nə hacət kim, edim adın bəyan,
Qan hənası eylər əhvalın əyan--
Kim, odur damadi-şahi-Kərbəla.
Təşnələb qurban olan kuyi-vəfa.

Cənab Əli Əkbərin şənində yazdığı qəsidənin başında bəladan bəhs edib belə buyurur:

Hədisdir ki, vəla əhlinə bəla gətirir,
Bəla nə qədr gələ qəlbə incila gətirir.
Tilayi-qəlb əgər qəlp ola şərari-bəla,
Nə qədər artıq ola, artıcıq bəla gətirir.
Mərizsən, mərəzindən mərəz edib qafil,
Sənə həmişə təbibi-xuda dəva gətirir.
Bəla dəvadır, əgərçi gəlir təbiətə təlx,
Vəli məzacına şirinliyi riza gətirir.
Əgər bəlanı qəbul eyləsən riza ilə,
Olara ruzi-cəza əhsənül-cəza gətirir.
Məriz hali-dil ilə dəvayə talib olur,
Əgərçi qal-qiyli hərfi-narəva gətirir.
Deyil təbib, ilahi, mərizdən qafil,
Odur ğəza gətirən, sən demə qəza gətirir.
Həmişə hikmət ilə hökm edər təbibi-həkim,
Qəbul et sənə hər nə dəva ğəza gətirir.
Pəriyü cinnü bəşər aqibət bəlayə düşər,
Bu hökmü xəlqə Süleymani-Kərbəla gətirir.
Fəna yelinə büsatın verib bilib ki, fəna
Həmin büsat dəva ilə çün liqa gətirir.
Düşüb bəlayə ki, naəhli-həqq ola agah--
Ki, xəlqi daireyi-həqqə ibtila gətirir.
Əliyyi-Əkbəri kuyi-bəlayə oldu dəlil,
Salıb dalınca onu xəlqə rəhnüma gətirir.
Ki, ümməti edə əsrari-şərdən agah,
Dübarə ümmətə peyğəmbəri-xuda gətirir i.a….

İmam Hüseyn bacısı müxəddəreyi-ülya cənab Zeynəb xatuna buyurduğu bəzi xitabatü fərmayişatdan bir neçə əbyat:

Xoş ol zaman ki, çıxam bu hicabi-kəsrətdən,
Tapam bu kəsrət ara bir nişanə vəhdətdən.
Məhaldır ola tərki-əlayiqi-məxluq,
Könül gər olmaya agah sirri-xilqətdən.
Neçün məhəbbət ilə mərifət olur zahir--
Ki, xəlq zahir olub məbdeyi-məşiyyətdən.
Gərək həmişə ola xaliqə təvəccöhi-xəlq,
Ğəzayi-ruh alalar vəhcəti-vəcahətdən.
O vaxtı əks salır surəti-cəmali-ilah--
Ki, qəlb ayinəsi pak ola küdurətdən.
Könül hərimi-ilahidi qeyrə yol vermə,
Həramdır hərəmi-həqqi, salma hörmətdən.
Rəva deyil ola bir yerdə yar ilə əğyar,
Əgər kişi olasan, çox uzaqdı qeyrətdən.
Əgər xülusilə lillah ola əməl fillah,
Nə bak salik üçün tənəvü şəmatətdən.
Özünə xaliqi-məbudi etgilən məhbub,
Əgər varındı şikayət əzabi-firqətdən.
Olanda vəslinə talib yanında hazırdır,
Hüzuri-talibi eylə xilas vəhşətdən.
Hicabsən özünə sən özün özündən çox,
Cəmali-yarı çıxar ta niqabi-qeybətdən.
Məcaz mənzərəsindən nə qədər keçməmisən,
Həmişə varsan uzaq mənzili-həqiqətdən.
Cəmali-şahid o vaxtı olur sənə məşhud--
Ki, kamyab olasan şahidi-şəhadətdən.
Özün şəhidü özün şahidü özün məşhud
Olursan, olsan əgər pak lövsi-kəsrətdən.
Səni bu can eləyib əcnəbi, mənim canım,
Bu canı qan ilə yu, ta çıxa cinayətdən.
Bu surəti sənə surətdə göstəriblər olar--
Ki, tərki-surət edib çıxmayıbla surətdən.
Hüseyn tahir idi, əthəri-mütəhhər idi,
Yenə yuyub üzünü qan ilə təharətdən.
Yuyubdu zahiri batin kimi əlayiqdən,
Çəkibdi ali-hərəm hicleyi-xidarətdən.
Qılıbdı qəlbini fariq şüuni-dünyadə
Əyalü malü mənalü cəlalü şövkətdən.
Edibdi izzətini tərk "ya əziz" deyib,
Təvəhhüm eyləməyib inkisarü zillətdən.

Cənab Leylanın oğlu Əli Əkbərə olduğu məhəbbəti izhar edib, bilümum məhəbbətdən söyləyir:

Məhəbbət əhlinin əhvalı bərqərar olmaz,
Məhəbbət olduğu yerdə həyavü ar olmaz.
Məhəbbət əhli həras eyləməz məlamətdən--
Ki, hər nə fikrinə gəlsə, çıxar məhəbbətdən.
Səriri-məsnədə əyləşdi eşq sultanı,
Şikari-hökm ilə eylər qulam mövlanı.
Məhəbbət aşiqə məşuqi çün əziz eylər,
Ananı oğluna bir kəmtərin kəniz eylər.
Çün ixtiyar ilə olmaz məhəbbətin səbəbi,
Həmişə aşiqə lazımdı sədmeyi-qəlbi.
Məhəbbət olsa edər tazə qaidə təsis,
Məhəbbət ilə yetər abruyə miqnatis.
Olur məhəbbət məhbub ilə müqabil ola,
Xüsus o vaxta ki, məhbub əsli-qabil ola.
Gərəkdir aləmə məhbub ola Əli Əkbər,
Bu qabiliyyətə şahiddi cəddi peyğəmbər.
Tutub həbibi-xudayə şəbahətni güvah--
Ki, ol cəvanə deyilsin gərək həbibüllah.

Həzrət Abbasın atı Üqabın tərifində yazıbdır:

Minəndə sabitü möhkəm bəsani-kuhi-əzim,
Havalanandan uçardı havada çün təyyar.
Rəuf sahibinə çün mərakibi-cənnət,
Şədid düşmənə həmçün cəhənnəmi-qəhhar.
Gəzəndə yerdə mələk tək əlü əyağına
Nisar üçün tökülürdü səvabitü səyyar.
Urardı daməni manəndi-taziyaneyi-sim
Çəkəndə şeyhə çəkərdi fənayi-düşmənə xar.
Üqab üstə çü şəhbaz nizəsi çəngal,
Xədəngi-şəhpəri-minqarı xəncəri-xunxar.
Çəkib Üqab çü məhmiz döndü bir dalıya,
Dedi Hüseynə: xudahafiz, ey şəhi-biyar,
Həlal eylə, gedirəm, yalqızam, dua eylə,
Atam Əli yanına gəldi vədeyi-didar i.a….

Cavani-valaşani-şücaətnişanü rəşadətbünyan, yəni Əli ibn Hüseynin müqabili-səfi-üdvanda durub zəbani-fəsahət-tərcümanı ilə bətəriqi-rəcəz söylədiyi nüktədən bir qitə:

BƏHRİ-TƏVİL

Bilin, ey ləşkəri-kafərfərü bədtinətü bədheybətü biqeyrətü übbadi-sənəm, nəngi-üməm, hatiki-səttari-hərəm, düşməni-ərbabi-kərəm, mühriqi-Qurani-xuda, mözeyi-yarani-xuda fasiqü həm facirü həm ariqü həm şaribü həm zaniyü həm latiyü həm layiü əlqabi-kilab, afəti-əhbabi-ləinani-bədayin, müridani-şəyatin, cəfacuy cəfakar, xətadidə xətakar, mənəm şibhi-peyəmbər, mənəm nayibi-heydər, mənəm misli-Qəzənfər, mənəm sahibi-xəncər.

Bir cavanəm ki, vəcahətdə, səlabətdə, səbahətdə, səxavətdə, şücaətdə, məlahətdə, təravətdə, təlaqətdə, lətafətdə, nəcabətdə, nəzafətdə mənə yoxdu bərabər nə nəbiyyü nə vəliyyü nə səxibü nə nəqibü nə fələkdə mələkü əncümü ənvari-məhü möhrü sitarə. Mənəm xəlqdə, həm xülqdə həm nitqdə mirati-rəsuli-mədəniyyü Qüreyşi məzhəri-övsaf Əli şiri-xuda şirsəda mehtərü həm kəhtərü həm xaceyi-Qənbərü həm saqiyi-kövsərü həm qatili-Əntərü həm qalei-Xeybər ənə Əli ibnəl-Hüseyn.

Yoxdu hərçənd mənim tək dəxi bir sahibi-şəmşiri-şərərpeykərü həm xəncəri-xuncövhərü tizü təbərü nizeyi-suzən-güzərü sahibi-Səmsami-pələngəfkənü düşmənşikən əmma nə edim çarə bu küffarə necə tiğ çəkim xun töküm bikəsü biyarü mədədkar nə bəradər, nə əmim həzrəti-Abbas nə Ovnü nə Cəfər cigərim təşnə, atam təşnə, anam təşnə, susuzlar qəmi bir yanda, susuzluq qəmi bir yanda özüm yekkəvü tənha, tutub çevrəmi əda, gəlib üstümə yeksər, çəkib qətlimə xəncər məni-bikəsü biyar, nə bəradər nə Ovnü nə ləşkər ənə Əli ibnəl-Hüseyn.

Rəhm qıl, ey məlikül-ərş, bu biyarü diləfkarə ki, yox tabü təvanım, quruyub təşnə dəhanım, yanır ağzımda zəbanım, nə təbibim, nə həbibim, tutub ətrafı rəqibim baxıram hər yana nə həmnəfəsim var, nə bir dadrəsim var, tutub dövrəmi ləşkər, alıblar ələ xəncər edər qülqülə əşrar urar həlhələ küffar, atam bikəsü biyar, anam xiymədə ağlar, bibim zülfün açıbdır, bacım rəngi qaçıbdır, çıxıb nalə hərəmdən bu çövrü sitəmdən hanı Cəfəri-təyyar, hanı həmzeyi-sərdar, nolub Əhmədi-Muxtarə, nolub Heydəri-Kərrarə görə zarü zəliləm, qəribəm, Dəxiləm, gələ dadıma o sərvərü sərdari-dilavər görə bu ləşkəri-əbtər tutub dəşti sərasər ənə Əli ibnəl-Hüseyn.

Və üzün qoşun camaatına tutub buyurdu:

Sizdə əgər Yəzidi-bədəxtər nişanı var,
Gündən işıqdı bizdə peyəmbər nişanı var.
Mən nayibi-Hüseyn, Hüseyn varisi--Əli,
Məndə Hüseynü Heydərü Səfdər nişanı var.
Vardır atam Hüseyndə çün surəti Əli,
Etsə qəbul məndə də Qənbər nişanı var.
Olmaz hərif kimsə mənə, məndə, bixilaf,
Abbasi-namdarü dilavər nişanı var i.a.

Dəxilin xah nəsr ilə və xah nəzm ilə yazılmış kəlamı onun təbinin mətin və rəvanlığına və lisanının güşadəvü fəsihü bəliğ olmasına şəhadət edir. Şerində əsla bir rəkakət və siqlət görünməyib, vəzni, rədif və qafiyəsində əsla bir eyib və qüsur müşahidə olunmur.