Azərbaycan ədəbiyyatı (F.Köçərli, II cild)/Həsən bəy Rzaqulu bəy oğlu "Həsən Qara" və "Hadi"
←Fatimə xanım "Kəminə" | Azərbaycan ədəbiyyatı. II cild. Həsən bəy Rzaqulu bəy oğlu "Həsən Qara" və "Hadi" Müəllif: Firudin bəy Köçərli |
Hacı Əbülhəsən Raci→ |
"Beyti-xamuşan" üzvlərinin müqtədirlərindən birisi də Rzaqulu bəy oğlu Həsən bəy idi ki, "Həsən Qara" və "Hadi" təxəllüsü ilə məşhur idi. Onun türk və fars əşarü qəzəliyyatı çoxdur. Nümunə üçün bir türk qəzəli bu məcmuəyə daxil olundu:
Şəbi-zülmati-zülfündə fəğanü ahü zarım var,
Vüsali-sübhi-ruyin feyzinə çox intizarım var.
Kəsilmiş taqətü tabü təvanım, tarı şahiddir,
Nə yol bullam vüsalə, hicrə nə səbrü qərarım var.
Nigara, məhcəbina, qəddi-sərvin iştiyaqında
Edən hər ləhzə cari çeşmə çeşmi-əşkbarım var.
Sənə birəhmlik bunca nədəndir bilməzəm, zalim,
Gətirməzsən xəyalə kim, mənim bir dilfikarım var.
Hüzurunda, əzizim, zərrəcə hərçənd qədrim yox,
Vəli qəmlər yanında şaxisəm, çox etibarım var.
Sənin əqdi-sürəyya tək cəbinində ərəq mənzum,
Mənim də xab görməz dideyi-əncümşümarım var.
Açar müjgan oxu, Hadi, xəyalımdan neçə rövzən,
Xəyalə girməyə, vəh-vəh, nə bəxti-huşyarım var.
Bəzi rəvayətə görə bu Həsən Qara haman Hadiyül-Müzəllindir ki, "Əkinçi" qəzetinin banisi Həsən bəy Məlikov və "Əkinçi"nin müqtədir mühərrirlərindən Əhsənül-Qəvaid cənabları aşura günü baş çapmağın qəbahətini və şəriəti-qərraya ziddü bərəks olmasını yazdıqları üçün Həsən bəyi həcv etmişdi. Həsən bəy isə qəzetə əlavə olunan qitələrdən birisində Hadiyül-Müzəllinin həcvini atidə zikr olunan irad ilə məən dərc etmişdi: "Cənab Hadiyül-Müzəllin Qarabağinin aşağıda zikr olunan həcvini, onun xahişinə müvafiq tamam çap etməyə izn olmadı. Ona binaən onların bir para nalayiq və hədyan sözləri qaldı. Amma ol cənab və onu fitləyən əşxaslar məyus olmasın ki, belə kamallı sözlər pünhan qalacaq. Fikrim budur ki, bizim Zərdab kəndində Qarabağın sərhəddində bir daş qoydurub, onun üstə zikr olunan həcvi tamam qazıdım ki, gələcəkdə bizim övlad o yadigara baxıb bilsinlər ki, mən bu zəhmət ilə milləti-islamı qəflətdən ayıltmaq istəyən vaxtda necə nadanlara rast gəlmişəm".
Hadinin həcvi bu sayaq başlanır:
Ey edən fisqini aləmdə nümayan Həsən!
Dadamayan dəhrdə bir ləzzəti-iman Həsən!
Şəri-qərrayə vuran qəsd ilə nöqsan Həsən!
Eyləyən öz-özünü bisərü saman Həsən!
Qarabağ əhli artıq dindar və övladi-Mustafaya dustdar olduqlarından "ağköynək məsələsi"nə irad tutmaq onlarda dinə toxunan və naşayəstə əməllərdən biri hesab olunurdu. Cənab Həsən bəyin bu məsələni araya qoymağı, xüsusən ibtidayi-karda, qırx il bundan əqdəm ki, indiki halımıza nisbət camaatımız cəhalət və avamlıq halında idilər, əlbəttə, böyük bir səhv idi və "Əkinçi"nin bir nömrəsində Qarabağ əhlindən bir nəfəri Həsən bəyə kağız yazıb, ona məlum etmişdi ki, aşura barəsində qəzetdə çap olunan hadisə cümləmizi mükəddər etdi və bəzilərini sizin qətlinizə dəxi mühəyya edibdir.
Hadiyül-Müzəllin Qarabağinin cavabı ki, mərhum Hacı Seyid Əzim tərəfindən yazılmışdı, "Əkinçi"nin 10-cu nömrəsində 1294-cü ildə ki, tarixi-məsihiyyənin 1877-ci ilinə mütabiqdir, çap olunmuşdu. Haman cavabı bir para həcvmanənd bəndlərindən savayı eynilə burada zikr etməyi münasib gördük:
Ey olan hadiyi-ərbabi-zələalət Hadi,
Ey Müzəllini edən həqqə hidayət Hadi,
Eylədin sən ki, bu mehdiliyə adət, Hadi,
Elə bəs aləmə təbliği-risalət, Hadi!
Leyk peyğəmbər olan həcv eləməz ümmətini,
Kişi lazımdı çəkə ümmətinin qeyrətini,
Gərçi həcv eyləyənin yoxdu kəsən sünnətini,
Sənə bu həcv nə fərz idi, nə sünnət, Hadi!
"Əhsənül-Qaidə"nin sahibi, yaxud özü bəg,
Yazmış idi: nə rəva xəlq olur ağköynək?
Sən, oba aşrı, əzizim, nəyə lazım hürmək,
Nə üçün eylədin izhari-ədavət, Hadi?!
İnşaallah saba-birgün yetişir mahi-əza,
Gey kəfən, yar başını, tök yaşını, bağla qara,
Səni meydanda görən kimsə desin: namxuda
Eləyibdir yenə aləmdə qiyamət Hadi.
Əlini tutmadı bir kimsə ki, qardaş, sənin,
Can sənin, cism sənin, tiğ sənin, baş sənin,
Cəm ola baxmağına sünni, qızılbaş sənin,
Baxıban onlara sən eylə fəxarət, Hadi!
Kim deyər ağlama sən Kərbübəla sərvərinə,
Canımız cümlə fəda olsun onun Əkbərinə.
Ağladı ərzü səma təşnə ölən Əsğərinə,
Onu inkar edənin zatına lənət, Hadi!
Leyk siz bir para bidətlər edibsiz icad,
Qoymusuz adını siz təziyə, ey əhli-fəsad!
Sizə bu təziyədən özgə həvəslərdi murad,
Mən ölüm, sən bir özün eylə mürüvvət, Hadi!
Bu deyilmi qərəzin başını sən çapmaqdan,
Yəni ki, canımı cananə edərdim qurban,
Malını bəs nə üçün eyləməyirsən ehsan,
Quru baş çapmağa sən etmisən adət, Hadi!
Xatirin cəm elə kim, gər bu isə rəsmi-əza,
Sənə nifrin edəcək padşahi-Kərbübəla,
Bədənin zəhmətinə şərdə yoxdur fitva,
Yoxsa var sizdə, görək, tazə şəriət, Hadi?
Xaçpərəstlər hamısı açdı gözün düşdü qabaq,
Dalda qaldıq tökülüb cəhl ilə biz, ay sarsaq!
Bəs nə vaxtı bizə qismət olacaq göz açmaq?
Əqlə gəl, tarıya bax, bəsdi bu qəflət, Hadi!
Bu hədisi nə zaman zikr qılıb peyğəmbər--
Ki, olur rus diliylə oxuyan kəs kafər?
Allah, allah, bu nə böhtandır, ey hiylətgər,
İxtilafati-lisandır bizə nemət, Hadi!
Kim ki, bir dil bilə bir nemətə ol vasildir,
Kim ki, çox bilsə, o çox nemətə bəs şamildir,
Leyk aləmdə hər ol kimsə ki, naqabildir,
Edəcək qeyr lisanı o, məzəmmət, Hadi!
Biz də müddət "Zərəbə Zeyd" kitabın oxuduq,
Rişteyi-ömrümüzü nəhv ilə sərfə toxuduq,
Barı biz taifə əzzəldə yenə bir…………,
Olmuşuq indi dəxi eyni-nəcasət, Hadi!
Tut, Həsən bəy, bizə təlim eləyir dərsi-zəlal,
Götürüb boynuna ol kafər olub vizrü vəbal,
Niyə təlimə siz ətfal qılırsız irsal,
Bilməyirsiz niyə bəs eybü qəbahət, Hadi?
Oxudur cümlə uşaqlarını xanü bəyiniz,
Neməti-rus ilə pərvərdə olub cəmdəyiniz,
Bilməyən rus dilini bəlkə ola tək-təkiniz,
Sizdədir hamıdan artıq ona rəğbət, Hadi!
Mərhəba mülki-Qarabağ əzadarları,
Tarı əfzun eləsin siz təki dindarları,
Seyyida, bəsdi, əgər görsə bu əşarları,
Çəkəcək tutduğu kirdarə xəcalət Hadi!
Haman sənə "Əkinçi"nin 12-ci nömrəsində Hadiyül-Müzəllinin əfzəli-şüəra Hacı Seyid Əzim Şirvaninin cavabında yazdığı əşar dərc olunmuşdu. O kəlami-mövzunu dəxi burada zikr edirik:
Ey bizi həcv qılan şairi-dövran Əzim,
Seyyidü sərvərü sərdari-süxəndan Əzim,
Dəhr gülzarı ara bülbüli-xoşxan Əzim,
Əzizim, ikki gözüm, cəddinə qurban, Əzim!
Şənin üzmadı əgər biz deyilik əzmi-rəmim,
Abi-heyvan dəkisən, biz dəxi qəssaq, həmim,
Seyyidin təbi kəramətli olur, nəfsi səlim,
Nə rəvadır deyəsən hərzəvü hədyan, Əzim?
Sən əgər ali-Əlisən, hanı qeyrət, de görüm!
Haşimisən, qürəşisən, hanı qeyrət, de görüm!
Allah, allah, nədi bir böylə qəsavət, de görüm!
Sakit ol, samit otur, sındımı peyman, Əzim?!
Cəddini mədh edən vəqtdə, əya alicənab,
Niyə qarnına düşüb sancı, edirsən təbü tab?
Sən də mən kimi gözün yaşını tök, başını çap,
Cəddini yaxşı tanı, mərtəbəsin qan, Əzim!
Aç bəsirət gözünü şahi-şəhidanə tərəf,
Baxgilən Kərbübəla səmtinə meydanə tərəf,
Məhliqa canları gör, tiği-cəfa ilə tələf,
Gör ki, sən də olusan qanına qəltan, Əzim!
Şur başında əgər olsa, bilirsən ki, nə var,
Eşq gülzarına gəl, seyr elə bir, keçdi bahar,
Qumriyü bülbülü cüğdü necə gör zarü fikar
Eşq sultanına olmuşlar əzaxan, Əzim!
Gər desəm həcv sənə, cümlə müsəlmanə dəyər,
Zəmm daşın gər atam, şişeyi-imanə dəyər,
Bədənə hadis olan sədmə yəqin canə dəyər,
Nə edim, çarə nədir, cuş qılır qan, Əzim!
Hüsni-xülqi bizə məlumdu Mirzə Həsənin,
Yox lüzumu o cənabə dəxi iqrar sənin,
Mənbəi-feyzdir aləmlərə kani-kərəmin,
Mədəni-elmü ədəb, məlcəi-ürfan Əzim!
Kim deyir rus dili bidətdir aləm ara,
Cahili əlsinələr xiclətdir aləm ara,
Hər dilin mərifəti izzətdir aləm ara,
Mərifət elmini kim eylədi ketman, Əzim!
Dəxi bihudə danışma sən, əya paknihad,
Nəfsi-əmmarə ilə Hadi kimi eylə cəhad.
Hüzn ilə qan yaş axıt, eyləgilən cəddini yad,
Nariza olmaya ta şahi-şəhidan, Əzim!
Hadiyül-Müzəllinin Hacı Seyid Əzimə verdiyi ədəbiyyata cavabından aşikarən görünür ki, Şirvan şairinin Qarabağda artıq hörmət və ehtiramı var imiş və Qarabağ şairləri ol cənabı özlərinə fünuni-şerdə ustadi-mahir və mürşidi-kamil mənzələsində tutarlarmış. Hadinin cavabı onun özünün dəxi sahibi-təbi-səlim olmasını göstərir.
"Əkinçi"nin 1294-cü sənəsində çap olunan 9-cu nömrəsindən belə məlum olur ki, Hadi sabiqdə Həsən bəyin zəmmində yazdığı həcvmanənd şerlərindən bir növ peşman olub, mühərrir əfəndidən üzrxahlıq eləyir və "ağköynək məsələsi"ndən təqsiri Əhsənül-Qəvaidin üstə həvalə edib deyir:
Biya ke, noubəte-solhəsto aştiyo inayət,
Beşərte-an ke, nəquyim əz ançe rəft hekayət[1].
[1] Tərcüməsi:
Gəl ki, sülh, barışıq, inayət vaxtıdır,
O şərtlə ki, söhbətin nədən getdiyindən danışmayaq.
Bu barışıqdan sonra Hadinin nəzm və nəsr ilə yazılmış bəzi asari-qələmiyyəsi "Əkinçi"nin səhifələrində görünür.