Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası/Azərbaycan Respublikasının milli təhlükəsizliyinə təhdidlər
←Azərbaycan Respublikasının milli maraqları | Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə təhdidlər (2007) |
Azərbaycan Respublikasinin milli təhlükəsizlik siyasətinin əsas istiqamətləri→ |
3. AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ TƏHLÜKƏSİZLİYİNƏ TƏHDİDLƏR
Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsində əsas vəzifələrdən biri onun milli təhlükəsizliyinə təhdidlərin aradan qaldırılması və ya nəzarətdə saxlanılmasıdır. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə təhdidlər aşağıdakılardır:
3.1. Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və konstitusiya quruluşu əleyhinə qəsdlər
[redaktə]Beynəlxalq hüquqa uyğun olaraq hər bir dövlətin onun müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və konstitusiya quruluşu əleyhinə yönəlmiş açıq və gizli fəaliyyətdən özünü qorumaq hüququ vardır. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı Ermənistanın təcavüzkar siyasəti bu cür fəaliyyətin bariz nümunəsidir. Ölkənin sürətlə inkişaf edən iqtisadiyyatında aparılan islahatlara və əldə edilən mühüm nailiyyətlərə baxmayaraq, Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzü ciddi siyasi və sosial çətinliklər yaradır. Bu problem Azərbaycan Respublikasının milli maraqlarına qarşı ən ciddi təhdiddir və regiondan kənara da öz təsirini göstərməkdədir. Münaqişənin tənzimlənməsinin nəticələrindən asılı olmayaraq, monoetnik dövlətçilik, etnik təmizləmə və ərazi ekspansionizminin Ermənistanın dövlət siyasətinin tərkib hissəsi kimi qalmasının iki ölkə arasında münasibətlərə gələcəkdə də mənfi təsir göstərəcəyi qaçılmazdır. Bundan əlavə, bir sıra ekstremist ünsürlərin Azərbaycan Respublikasında etnik və dini zəmində əlavə çətinliklər yaratmaq cəhdləri də diqqət yetirilməli amillərdəndir.
3.2. Qanunun aliliyinə nail olunması, ictimai asayişin qorunması və insan hüquq və əsas azadlıqlarının müdafiəsi sahəsində dövlət funksiyalarını yerinə yetirməyə qarşı fəaliyyət
[redaktə]1990-cı illərin əvvəllərində bu problemin bir sıra aspektləri ilə üzləşmiş Azərbaycan Respublikasının demokratik dövlət quruluşu əleyhinə çalışan müəyyən daxili və xarici qüvvələrin dövlət funksiyalarının yerinə yetirilməsinə qarşı cəhdləri milli təhlükəsizliyə təhdid törədən mümkün fəaliyyətlər sırasındadır.
3.3. Separatçılıq, etnik, siyasi və dini ekstremizm
[redaktə]Separatçılıq, etnik, siyasi və dini ekstremizm özünün istənilən formasında dövlətin və cəmiyyətin fundamental əsaslarını sarsıtmaqla, ölkənin milli təhlükəsizliyinə ciddi təhlükə mənbəyi ola bilər.
3.4. Terrorçuluq və kütləvi qırğın silahlarının yayılması
[redaktə]Əsas terrorçu qrupların yerləşdiyi və kütləvi qırğın silahlarının yayılması problemlərinin olduğu bölgələrə yaxınlıq ölkə üçün potensial təhdid yaradır. Kütləvi qırğın silahları və ya onların istehsalat texnologiyalarının terrorçuluq məqsədi ilə əldə olunması ehtimalı bu təhdidləri daha da kəskinləşdirə bilər.
3.5. Regional münaqişələr və transmilli mütəşəkkil cinayətkarlıq
[redaktə]Azərbaycan Respublikası ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğalının davam etməsi və qonşu dövlətlərdə həll edilməmiş münaqişələr nəticəsində əmələ gəlmiş "nəzarətsiz" ərazilərin mövcudluğu transmilli mütəşəkkil cinayətkarlığı və digər qeyri-qanuni fəaliyyətləri ölkənin və bütövlükdə regionun təhlükəsizliyinə əsas təhdidlərdən birinə çevirmişdir. Region ölkələrində münaqişələrin alovlanması Azərbaycan Respublikasının milli təhlükəsizliyi üçün təhdid yaradır. Regiondakı münaqişələr Azərbaycan Respublikasının xarici iqtisadi münasibətlərinə ciddi ziyan vura, ölkəyə kütləvi qaçqın axını ilə nəticələnə və qeyri-qanuni silah alveri, insan alveri, narkotik vasitələrin qanunsuz dövriyyəsi və digər qeyri-qanuni fəaliyyətlər daxil olmaqla, transmilli cinayətkarlığı artıra bilər.
3.6. Azərbaycan Respublikasının enerji infrastrukturuna qarşı fəaliyyət
[redaktə]Enerji ehtiyatlarının işlənməsindən və tranzitindən əldə olunmuş gəlirlər Azərbaycan Respublikası iqtisadiyyatının əsasını təşkil edir. Bunu nəzərə alaraq, siyasi vasitələrə və ya infrastruktura fiziki zərər vurmaq yolu ilə sənayenin bu sahəsinin sıradan çıxarılmasına cəhdlər mümkün təhdidlər sırasındadır.
3.7. Xarici siyasi, hərbi və ya iqtisadi asılılıq
[redaktə]Azərbaycan Respublikası beynəlxalq aləmdə gedən inteqrasiya və əməkdaşlıq prosesləri çərçivəsində digər dövlətlərlə qarşılıqlı faydalı münasibətlərin qurulmasında maraqlıdır. Bununla belə, Azərbaycan Respublikasının beynəlxalq münasibətlərdə xarici siyasi, hərbi və ya iqtisadi asılılığa düşməsi onun milli maraqlarının təmin olunmasına təhdid yarada bilən amillərdəndir.
3.8. İqtisadi qeyri-sabitlik
[redaktə]Müstəqilliyin ilk illərində hərbi təcavüzə məruz qalma, bazar iqtisadiyyatına keçid və beynəlxalq iqtisadi sistemə inteqrasiya ilə bağlı çətinliklər nəticəsində Azərbaycan Respublikası ötən əsrin 90-cı illərinin birinci yarısında ciddi iqtisadi böhran keçirmişdir. Buna baxmayaraq, Azərbaycan Respublikası bazar iqtisadiyyatına keçməkdə israrlı olmuş, qapılarını xarici sərmayələrə açmış və xüsusilə energetika sektorunda böyük uğurlar əldə etmişdir. Bununla belə, sürətlə artan neft və qaz gəlirlərindən həddən artıq asılılıq makroiqtisadi tarazlığı poza və beləliklə, ölkəni potensial qlobal və regional iqtisadi böhranların təsirinə qarşı müdafiəsiz vəziyyətə sala bilər.
3.9. Peşəkar insan ehtiyatlarının çatışmazlığı
[redaktə]Təhsil sahəsi müstəqilliyin ilk illərindəki mürəkkəb sosial-iqtisadi vəziyyətlə bağlı - maliyyə çatışmazlığı və struktur problemləri daxil olmaqla - mənfi nəticələri bu gün də hiss edilən ciddi çətinliklərlə üzləşmişdir. Peşəkar milli işçi qüvvəsinin və idarəetmə sektorunun inkişafı üçün zəruri olan bütün səviyyələrdə təlim və tədrisin təmin edilməsinə qadir olan mütərəqqi təhsil sisteminin inkişafındakı və idarə edilməsindəki uğursuzluq Azərbaycan Respublikasının inkişafına uzaq perspektivdə mənfi təsir göstərə bilər.
3.10. Regional hərbiləşdirmə
[redaktə]Regionda silahların və silah sistemlərinin həddən artıq cəmləşməsi regional sabitliyə xələl gətirir. Bu, region ölkələri arasında hərbi tarazlığı poza bilər. Rasional milli təhlükəsizlik maraqlarından artıq hərbiləşmə, o cümlədən qeyri-effektiv nəzarət edilən xarici hərbi bazalar səhv qiymətləndirməyə və regional silahlanma yarışına səbəb ola bilər. Belə artan hərbiləşmənin digər aspekti ondan ibarətdir ki, bu, məhdud iqtisadi resursların sosial-iqtisadi inkişafdan yayınmasına və qarşılıqlı inamın pozulmasına gətirib çıxara bilər.
3.11. Ekoloji problemlər
[redaktə]Azərbaycan Respublikasındakı ekoloji problemlər Sovet İttifaqının enerji ehtiyatına olan tələbatının ödənilməsi məqsədi ilə əsasən Abşeron yarımadasında və Xəzər dənizində ekoloji nəticələr nəzərə alınmadan qeyri-təkmil üsullarla onilliklər ərzində aparılmış neft hasilatı ilə bağlıdır. Bundan əlavə, Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində flora və faunanın kütləvi şəkildə məhv edilməsi, o cümlədən bu ərazilərdə törədilən genişmiqyaslı yanğınlar ölkə üçün ən böyük ekoloji problemlərdən birinə çevrilmişdir. Azərbaycan Respublikasının şirin su ehtiyatlarının böyük həcminin qonşu ölkələrdə formalaşması və bu ölkələrin ərazilərində kimyəvi, radioaktiv və digər zərərli maddələrlə intensiv çirklənməyə məruz qalması əhalinin içməli su ilə təmin olunmasında problemlər yaradır. Bundan əlavə, Ermənistan ərazisində seysmik zonada yerləşən və texnoloji baxımdan köhnəlmiş Metsamor Atom Elektrik Stansiyası bütövlükdə region üçün təhlükə mənbəyidir. Ətraf mühitin çirklənməsi, münbit torpaqların deqradasiyası, təbii resurslardan qeyri-rasional istifadə, sənaye və məişət tullantılarının tələb olunan səviyyədə emal olunmaması ciddi problem mənbəyidir. Ekoloji problemlər iqtisadi və sosial həyata mənfi təsir göstərir, ictimai sağlamlığa, cəmiyyətin maddi sərvətinə və dövlətin müvafiq qurumlarının fəaliyyətinə ciddi maneələr yaradır.