Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Yeni Əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Yeni Əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti (2000) Müəllif: Heydər Əliyev |
Möhtərəm həmvətənlər!
Əziz bacı və qardaşlar!
Azərbaycan Respublikasının vətəndaşları!
Yeni ilin, yeni əsrin, yeni minilliyin ərəfəsində sizi - bütün Azərbaycan xalqını, müstəqil Azərbaycan Respublikasının hər bir vətəndaşını, ölkəmizin hüdudlarından uzaqlarda yaşayan soydaşlarımızı bu əlamətdar hadisə münasibətilə səmimi qəlbdən təbrik edir, hamınıza cansağlığı, xoş əhval-ruhiyyə və səadət arzulayıram.
Dünyanın hər yerində yeni minilliyin və yeni əsrin başlanmasına həsr olunmuş çoxsaylı konfrans, forum və müxtəlif simpoziumlar keçirilməkdədir. Dünya ictimaiyyətinin nümayəndələri, müxtəlif ölkələrin dövlət və özəl qurumlarını təmsil edən şəxslər və tanınmış siyasi xadimlər keçmişə nəzər salaraq, yeni minilliyin astanasında bəşəriyyətin qarşılaşa biləcəyi problemlər üzərində düşünür və gələn yüzillikdə öz ölkələrini və ümumən dünyanı necə gördükləri barədə fikirlərini bildirirlər.
Bu günlərdə imzaladığım xüsusi sərəncamla yeni ilin, yeni əsrin, yeni minilliyin qarşılanması ilə bağlı Azərbaycanda keçiriləcək tədbirlərin planını təsdiq etdim. XXI əsrin, yeni minilliyin başlanğıcında ölkəmizin qarşısında duran siyasi və sosial-iqtisadi problemlər sözsüz ki, bu tədbirlər çərçivəsində geniş müzakirə olunacaqdır.
Bütün bəşəriyyətlə birgə Azərbaycan xalqı da XXI əsrə, üçüncü minilliyə böyük nikbinliklə qədəm qoyur. Əsr başa çatır, onunla birlikdə tarixin ikiminillik dövrünə yekun vurulur. Əsrlərin və minilliklərin qovuşduğu bu gün tarixin xüsusi bir anıdır. Hər bir bəşər övladı kimi, Azərbaycan vətəndaşı da sözsüz ki, belə tarixi hadisənin məhz onun taleyinə, onun həyatına təsadüf etməsindən böyük şərəf və qürur hissi duyur. İki əsrin şahidi olmaq səadəti hər insana nəsib olmur. Bu, bizim payımıza düşübdür. Azərbaycanda bu gün XIX əsrdə anadan olmuş xeyli insan da yaşayır. Deməli, onlar bu tarixi anda üç əsrin şahidlərinə çevriliblər. Bizim gənc nəslin nümayəndələri, əlbəttə ki, xüsusi hisslər keçirirlər və XXI əsrdə Azərbaycanın layiqli vətəndaşları olaraq bu tarixi günləri dönə-dönə xatırlayacaqlar. Orta nəslin nümayəndələri isə yeni əsrə, yeni minilliyə XX əsrin bir çox hadisələrinin bilavasitə iştirakçısı və şahidi olaraq qədəm qoyurlar. Beləliklə, zamanın və tarixin bu nadir anları, əslində, bütün nəsilləri tarixə qovuşdurur.
Başa vurduğumuz yüzillik bəşəriyyətin yaddaşında sürətli elmi-texniki tərəqqi ilə və iki dünya müharibəsində tökülmüş qanlarla, imperiyaların süqutu və yeni suveren dövlətlərin yaranması ilə, "soyuq müharibə"nin doğurduğu gərginliklə, sülh, sabitlik və əmin-amanlıq naminə göstərilən kollektiv səylərlə qalacaqdır.
Dünya inkişafının indiki mərhələsinin başlıca meylləri mədəni inteqrasiya və qloballaşmadır. Əgər bəşəriyyət XX əsri elmi inkişafın nailiyyətlərinin yaratdığı xoş ümidlərlə qarşılamışdısa, qloballaşma prosesi çox vaxt heç də nikbinlik doğurmur. Bu mürəkkəb və birmənalı qiymətləndirilməyən prosesin perspektivləri hamımızı düşündürür. Qloballaşma dövlətlərin sabit inkişafının, bütövlüyünün və idarəetmə sistemlərinin stabilliyinin təmin olunmasına, iqtisadi münasibətlərdə ayrı-seçkiliyin aradan qaldırılmasına, xalqların rifah halının yüksəldilməsinə kömək etməlidir. Sözsüz ki, beynəlxalq hüquq prinsipləri və normalarının aliliyi, dəyişikliklərin təkamül xarakteri, qarşılıqlı etimad və ümumbəşəri dəyərlərə sədaqətlə yanaşı, hər bir ölkənin səciyyəvi milli cəhətlərinin də nəzərə alınması bu prosesin müəyyənedici istiqamətləri olmalıdır. Təbii ki, qloballaşmanın bir çox ölkələr üçün yaratdığı problemlər bizi də düşündürür.
Bir tərəfdən, Azərbaycan da qloballaşmanın inkişafına öz töhfəsini verir. Ölkəmiz dünya miqyasında geostrateci əhəmiyyətə malik olan əlverişli coğrafi mövqeyindən, zəngin təbii ehtiyatlarından və böyük potensialından istifadə edərək, Şərq ilə Qərb arasında körpü rolunu səmərəli surətdə həyata keçirməyə qadirdir. Azərbaycan Böyük İpək Yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması və Xəzər hövzəsinin karbohidrogen ehtiyatlarının hasilatı və dünya bazarlarına nəqli üçün səylər göstərir. Dünyanın bir çox dövlətlərinin hərtərəfli inkişafı üçün bu layihələrin həlledici əhəmiyyəti var. Bunlar səmərəli beynəlxalq əməkdaşlığa təkan verəcək və qlobal inkişafa müsbət təsir göstərəcəkdir. Digər tərəfdən isə, Azərbaycan hələ də müasir texnologiyaların mənimsənilməsi və geniş istifadə olunması yolunda bir çox çətinliklərlə qarşılaşır. Bəşəriyyətin qədəm qoyduğu müasir inkişaf mərhələsində öz layiqli yerimizi tapmaq üçün gərək biz zamanın tələbləri ilə uyğunlaşa bilək, qarşımızda duran bir çox ciddi problemləri həll etməyə qadir olaq, ümdə vəzifələrimizə uyğun müvafiq proqramları həyata keçirməyə nail ola bilək.
Azərbaycan Respublikası artıq dünya birliyinin ayrılmaz tərkib hissəsidir. İstiqlaliyyət əldə etdikdən sonra dövlətimiz qısa müddətdə Birləşmiş Millətlər Təşkilatının, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının, İslam Konfransı Təşkilatının, Müstəqil Dövlətlər Birliyinin, Qara dəniz Ölkələri İqtisadi Əməkdaşlıq Təşkilatının, İqtisadi Əməkdaşlıq Təşkilatının, Beynəlxalq Valyuta Fondunun, Dünya Bankının, Avropa Yenidənqurma və İnkişaf Bankının, İslam İnkişaf Bankının, Asiya İnkişaf Bankının üzvü olmuş, Parlamentlərarası İttifaq, Avropa Şurası, Avropa Birliyi, Avropa Parlamenti, NATO və başqa beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əlaqələr yaratmışdır.
XX əsrdə Azərbaycan xalqının ən böyük nailiyyəti, şübhəsiz ki, müstəqil Azərbaycan dövlətinin yaradılmasıdır. Öz müstəqilliyini bərpa edən Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlətin möhkəm təməlini qoymuşdur. Məhz bu müddət ərzində Azərbaycan xalqı öz müstəqil dövlətinin Konstitusiyasını qəbul etmiş, qanunvericiliyini, hakimiyyətin bölünmə prinsiplərini, hüquq normalarını dünya standartlarına uyğunlaşdıraraq digər dövlətlərlə hərtərəfli əməkdaşlığa hazır olduğunu nümayiş etdirmişdir. Bu illər ərzində yaşayışımızın bütün sahələrini əhatə edən köklü dəyişikliklər və dərin islahatlar həyata keçirilmişdir. Azərbaycan öz milli neft strategiyası və konsepsiyasını həyata keçirməyə başlamış, xarici dövlətlərin aparıcı neft şirkətləri ilə müqavilələr bağlayaraq dünya iqtisadiyyatına qovuşmasını təmin etmişdir.
Bu gün biz müstəqilliyimizin əldə olunması, qorunub saxlanılması yolunda böyük xidmətləri olan şəxsiyyətlərin, istiqlalımız naminə şəhid olan Azərbaycan övladlarının əziz xatirəsini dərin ehtiram hissi ilə yad edirik. Bu əziz gündə Azərbaycan Xalq Cümhuriyyəti banilərinin ruhu qarşısında, bolşevik terrorunun, repressiyaların, kütləvi deportasiyaların, soyqırımların, Qanlı Yanvar faciəsi qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş bütün vətəndaşlarımızın xatirəsi qarşısında baş əyib Allahdan onlara rəhmət diləyirik.
Başa çatmaqda olan XX əsr Azərbaycan xalqının taleyində mühüm rol oynamış bir dövr olmuşdur. Bəzi siyasətçilər XX əsri neft əsri adlandırırlar. Həqiqətən də, neftin bu əsrdə dünya siyasətində və iqtisadiyyatında oynadığı müstəsna rol danılmazdır. Azərbaycanın dünyada məhz neft mərkəzlərindən birinə çevrilməsi bizə bir çox xalqların neçə-neçə əsr ərzində çatdığı zirvələri qısa müddətdə fəth etmək imkanı verdi.
Bəşəriyyətin həyatında misilsiz rol oynayan neft Odlar Yurdu Azərbaycanın hələ qədim dövrlərdən ən mühüm sərvətlərindən biri olmuşdur. Neftdən geniş istifadə olunması dünyada elmin, texnikanın, iqtisadiyyatın, xüsusilə sənaye istehsalının sürətli inkişafına güclü təkan verərək, insan həyatında köklü dəyişikliyin yaranmasına səbəb olmuşdur. Tarixə "Kerosin dövrü" kimi daxil olmuş XIX əsrin sonu - XX əsrin əvvəllərində neftdən alınan bu məhsul işıq mənbəyi idi. Sonralar qaz və elektrik vasitəsilə işıqlandırma üsulları meydana çıxsa da, kerosin uzun illər başlıca işıqlandırma məhsulu olaraq qalmışdır.
Daxiliyanma mühərrikinin kəşfi neftdən istifadə olunmasında yeni dövr açdı. XX əsrin əvvəllərindən etibarən başlanan "mazut və benzin dövrü" neftdən gəmi, parovoz və avtomobil kimi nəqliyyat vasitələri üçün istifadə olunması ilə onun əhəmiyyətini xüsusilə artırdı. Birinci Dünya müharibəsi illərində isə neft artıq strateci əhəmiyyətli məhsula çevrildi.
XX əsr bəşər tarixində nə qədər mühüm hadisələrlə zəngin olsa da, qətiyyətlə demək olar ki, bu əsri səciyyələndirən, onun simasını müəyyən edən başlıca cəhət elmi-texniki tərəqqinin misli görünməmiş böyük vüsət alması olmuşdur. XX əsrdə əldə edilmiş bütün elmi-texniki nailiyyətlərin təməlində isə məhz neft durur. Enerci mənbəyi, yanacaq məhsulu kimi nefti əvəz edə biləcək müxtəlif maddələr və üsullar tapmaq yolunda aparılan axtarışlarda bir çox uğurlar qazanılsa da, təbiətin bəşəriyyətə bəxş etdiyi bu olduqca əlverişli xammalın tam ekvivalenti hələ ki, tapılmamışdır.
Neftin elmi-texniki tərəqqidə, dünya iqtisadiyyatının inkişafında oynadığı böyük rol XX əsrdə onu ayrı-ayrı ölkələrin daxili və xarici siyasətinin beynəlxalq siyasətin təsirli amillərindən birinə, mühüm coğrafi-siyasi və coğrafi-strateci amilə çevirdi. Neft mənbələri, neft bazarları uğrunda gedən kəskin mübarizə dünyada qüvvələr nisbətinin formalaşmasına, beynəlxalq siyasətin gedişinə öz güclü təsirini göstərdi. Tarixin belə bir təəssüf doğuran gerçəkliyi də var ki, bəzi neftçıxaran ölkələr bu qiymətli sərvətdən öz xalqlarının firavanlığı və tərəqqisi üçün istifadə etmək imkanından uzun illər ərzində mərhum olmuş, böyük dövlətlərin güclü təzyiqi nəticəsində müstəqil siyasət yeritmək imkanını itirmişlər. Həmin ölkələrin xalqları öz təbii sərvətlərinin tam sahibi olmaq uğrunda həmişə mübarizə aparmış və öz məqsədlərinin həyata keçirilməsinə bu və ya digər dərəcədə nail olmuşlar.
Azərbaycan xalqının da azadlıq və müstəqillik uğrunda mübarizəsində öz təbii sərvətlərinin sahibi olmaq arzusu əsas məqsədlərdən biri idi. Bu gün iftixar hissi ilə deyə bilərik ki, Azərbaycan xalqı uzun illər boyu ürəyində arzusuna çatmışdır və öz təbii sərvətlərinin, o cümlədən neftinin tam sahibidir və ondan necə istifadə olunmasını sərbəst surətdə müəyyən edir.
XX əsrdə Azərbaycanın neft hasilatı, o cümlədən Xəzər dənizində neftçıxarma sahəsindəki uğurları yüksək qiymətə layiqdir. Dünyada neft hasilatı sahəsində həyata keçirilmiş işlərin bir çoxu öz başlanğıcını Azərbaycandan götürmüşdür. Neçə-neçə qazma üsulları, neft texnologiyaları, dənizdə neft çıxarılması üçün yaradılmış nadir Neft Daşları şəhəri Azərbaycan mütəxəssislərini bu sahədə dünyada aparıcı mövqelərə çıxartdı. Keçmiş SSRİ-nin yeni yaranan neft rayonlarının "İkinci Bakı", "Üçüncü Bakı" adlandırılması buna əyani sübutdur. Ölkəmizdə neftçıxarmanın inkişafı elmin kimya, neft kimyası, geologiya kimi, sənayenin neft maşınqayırması, neftayırma, boru-prokat istehsalı, kimya, neft kimyası kimi sahələrinin vüsət almasına təkan verdi. Azərbaycanda neftlə bağlı sahələr üzrə böyük alim və mütəxəssislər ordusu yarandı.
Əvvəlki nəsillərin görkəmli nailiyyətlərini inkişaf etdirərək, müstəqil Azərbaycanın bu günü və sabahı üçün böyük tarixi əhəmiyyət kəsb edən neft strategiyasının hazırlanması və həyata keçirilməsi gələcək nəsillər üçün xoş güzəranın təməlini qoydu. Məhz 1994-cü ildə imzalanmış və "Əsrin müqaviləsi" adını almış saziş ilə XXI əsrdə Azərbaycanın dinamik inkişaf yolu müəyyən olunmuşdur. Müstəqil Azərbaycanın neft strategiyasını ardıcıl həyata keçirərək biz böyük uğurlara nail olmuşuq. Gələcəkdə isə bu uğurlar daha da artacaqdır. Azərbaycan artıq indi bölgənin coğrafi-siyasi mərkəzinə çevrilmişdir. Azərbaycanın bölgədəki və onun hüdudlarından kənardakı vəziyyətə təsiri getdikcə artmaqdadır. Təbii ki, neft özlüyündə bizim üçün heç də məqsəd deyildir. O, Azərbaycan Respublikasının müstəqilliyinin, iqtisadiyyatın digər sahələrinin inkişaf etdirilməsi, yeni sahələrin yaradılması, xalqın rifah halının yüksəldilməsi kimi ali məqsədlərimizin uğurla həyata keçirilməsi üçün güclü bir vasitədir, əlverişli bir mənbədir. Tam qətiyyətlə demək olar ki, bu vasitədən səmərəli və məqsədyönlü istifadə etməklə, bu mənbədən lazımınca bəhrələnməklə biz yaxın gələcəkdə Azərbaycanı ən yüksək həyat səviyyəli ölkələrdən birinə çevirə biləcəyik. Əslində, yüzilliyin son günlərində biz "Əsrin müqaviləsi"nin, neft strategiyamızın uğurlu olduğunun bir daha şahidi olduq.
Əlbəttə ki, neft sahəsində əldə edilən uğurlar ilk növbədə Azərbaycanda mövcud olan qüdrətli insan potensialı ilə bağlıdır. Məhz Azərbaycan xalqının intellektual və yaradıcı imkanları ötən əsrdə, başa çatmaqda olan minillikdə dünya mədəniyyətində bir çox maddi və mənəvi sərvətlər bəxş etməsi üçün zəmin yaratdı.
Keçdiyimiz yola nəzər salarkən aydın olur ki, biz nadir bir irsin varisləriyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır.
Azərbaycanın taleyi belə gətirmişdir ki, coğrafi-siyasi mövqeyinə görə o, həmişə sivilizasiyaların qovuşuğunda olmuş və istər Qərbin, istərsə də Şərqin çox güclü təsirini öz üzərində hiss etmişdir. Məlumdur ki, Azərbaycan insanın, bəşəriyyətin beşiyi olan nadir ölkələrdən biridir. Burada həyat çox erkən yaranmışdır və Azıx mağarasında tapılmış azıxantrop Azərbaycanın ən qədim ibtidai insan məskənlərindən biri olmasını sübut edir. Qobustandakı və Gəmiqayadakı qayaüstü təsvirlər və petroqliflər, Kür-Araz və Xocalı mədəniyyətlərinə aid maddi-mədəniyyət nümunələri, Kurqan tapıntıları sübut edir ki, hətta miladdan əvvəlki minilliklərdə də Azərbaycanda inkişaf etmiş mədəniyyət mövcud olmuşdur.
Eramızdan əvvəl birinci minilliyin sonunda, eramızın birinci minilliyinin əvvəlində Azərbaycan müxtəlif mədəniyyətlərin və dinlərin təsirinə məruz qalmışdır. Məhz bunun nəticəsində tarixən ölkəmizdə müxtəlif dinlərə münasibətdə yüksək tolerantlıq, dözümlülük mühiti yaranmışdır. Yunan-Roma mədəniyyətinin, bütün antik sivilizasiyasının güclü təsiri altında inkişaf edən elm, ədəbiyyat və incəsənətimiz çox erkən dövrlərdə özünəməxsus forma və məzmuna malik olmağa başlamışdır. Bununla yanaşı, sözsüz ki, bizim zəngin mədəniyyətimizin formalaşmasına müxtəlif mərhələlərdə həm zərdüştilik, yəhudi, xristian, həm də islam mədəniyyətlərinin təsiri olmuşdur. Karvan yollarının üstündə yerləşərək, "Böyük İpək Yolu"nun mühüm mərkəzlərindən biri olmuş Azərbaycan müxtəlif siyasi baxışların, iqtisadi münasibətlərin, dövlətçilik formalarının təsirini öz üzərində hiss etmişdir.
İkinci minilliyin tarixi əyani surətdə göstərir ki, Azərbaycan xalqı dünya mədəniyyətində öz dəst-xətti ilə seçilən xalqlardandır. Keçən iki min il ərzində bəşər sivilizasiyasının ayrılmaz hissəsi kimi azərbaycanlılar dünya mədəniyyəti xəzinəsinə sanballı töhfələr vermişlər. Bizim əcdadlarımız ibtidai mədəniyyət sahəsində əldə etdiyi bütün nailiyyətlərdən faydalanaraq, özünəməxsus zəngin mədəni-mənəvi irs yaratmışlar. Bunu istər Azərbaycan ərazisində arxeoloci qazıntılar nəticəsində tapılmış abidələr, istərsə də, bu günümüzə qədər gəlib çatmış şifahi xalq ədəbiyyatı və yazılı ədəbi irsimiz sübut edir.
2000-ci ildə 1300 illik yubileyini təntənə ilə qeyd etdiyimiz "Kitabi-Dədə Qorqud" kimi möhtəşəm bir abidəyə malik olmaq da onu göstərir ki, bu torpaqda hələ bizim eramıza qədərki dövrdə böyük bir mədəniyyət mövcud olmuşdur.
Xalqımızın əsrlər boyu yaratdığı mədəniyyət və ədəbiyyat nümunələri həyat eşqi, azadlıq və müstəqillik duyğuları ilə aşılanmışdır. Dastanlarımız kimi möhtəşəm sənət abidələri, dünya sivilizasiya tarixində silinməz izlər qoymuş Qətran Təbrizi, Nizami Gəncəvi, Əfzələddin Xaqani, Xətib Təbrizi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli kimi korifeylərin yaradıcılığı ümumbəşəri ideyaların tərənnümünə, haqqın, ədalətin, humanist idealların bərqərar olmasına xidmət etmişdir. Səfiəddin Urməvinin, Əcəmi Naxçıvaninin, Sultan Məhəmməd Təbrizinin dünya mədəniyyəti xəzinəsinə verdikləri incilər sənətsevərləri indi də heyran qoyur.
Xalqımızın dünya elminə bəxş etdiyi töhfələrlə fəxr etməyə haqqı var. Nəsirəddin Tusinin, Əbülhəsən Bəhmənyarın, Şihabəddin Sührəvərdinin və digər mütəfəkkirlərin adları dünya elm aləminə yaxşı tanışdır. Şərqdə, o cümlədən Azərbaycanda, təşəkkül tapmış intibah dünya mədəniyyəti tarixinin ən parlaq səhifələrindən biridir. Bu intibah Azərbaycan xalqının həyatın müxtəlif sahələrində qazandığı böyük uğurlarının məntiqi nəticəsi idi.
Cavanşir və Babək kimi sərkərdələrin qəhrəmanlıqları böyük vətənpərvərlik məktəbinə çevrilmiş, Vətənin bütövlüyü, xalqın birliyinin təcəssümü olmuşdur. Məhəmməd Cahan Pəhləvanın, Qızıl Arslanın, Uzun Həsənin, Şah İsmayıl Xətainin və başqa dövlət xadimlərimizin həyat və fəaliyyəti xalqın vətən sevgisi və dövlətçilik hissini daha da inkişaf etdirmiş, onu həyatın ən vacib, ən ümdə məqsədinə çevirmişdir.
Tarixi proseslərin gedişi ona gətirib çıxartdı ki, 1813 və 1828-ci illərdə imzalanmış Gülüstan və Türkmənçay müqavilələri Azərbaycanı, onun tarixi torpaqlarını parçaladı, xalqımızı iki yerə böldü. Bu gün tam qətiyyətlə demək olar ki, bütün dünyaya səpələnmiş azərbaycanlılar müstəqil Azərbaycan Respublikasını öz vətəni sayır, onu milli dövlətçiliyin, milli ruhun, milli dəyərlərin, milli mənəviyyatın məbədi kimi yüksək qiymətləndirirlər. Bu, XX əsrdə təşəkkül tapmış azərbaycançılıq ideyalarının böyük vüsət almasının məntiqi nəticəsidir.
XX əsrdə bizim qazandığımız uğurlar, o cümlədən müstəqil dövlət qurmaq əzmimizin köklərini uzaq və yaxın tariximizdə, xüsusilə XIX əsrdə formalaşmış və təşəkkül tapmış qaynaqlarda axtarıb tapmaq lazımdır. Bu qaynaqlar həm ayrı-ayrı görkəmli şəxsiyyətlərin, Abbasqulu ağa Bakıxanov və Mirzə Kazım bəy kimi nadir insanların çox uğurlu yaradıcı fəaliyyətində öz əksini tapmış, həm də birbaşa milli maarifçilik ideyalarının gerçəkləşməsi ilə bağlı olmuşdur. Azərbaycanda məhz bu dövrdə demokratik mətbuat, anadilli məktəb, dünyəvi teatr yaranaraq milli şüurun formalaşmasına güclü təkan verdi.
1872-ci ildə çar hökumətinin sərəncamı ilə intizam sistemi ləğv olunduqdan sonra neft sənayesinin inkişafı üçün yollar açıldı. Bundan sonra Bakıya güclü xarici kapital axını başladı. 1883-cü ildə Zaqafqaziya dəmir yolu çəkildikdən sonra Rusiya və digər Avropa ölkələri ilə əmtəə mübadiləsi gücləndi. Bakı yerli və xarici sərmayə hesabına sürətlə kapitalistləşdirildi. 1896-1906-cı illərdə Bakı-Batumi neft kəmərinin çəkilməsi xüsusilə əlamətdar bir hadisə oldu. Bundan sonra Bakı nefti dəniz və dəmir yolu ilə Rusiya və dünya bazarlarına çıxarıldı. Bakının bir tərəfdən Şimali Qafqaz və Rusiya ilə, o biri tərəfdən Tiflis və Qara dəniz sahilləri ilə kommunikasiya yaratması, onun dünya əmtəə tədavülünə cəlb olunmasını sürətləndirdi. Məhz Bakı nefti sayəsində Rusiya neft hasilatına görə dünyada birinci yerə çıxdı. XIX əsrin sonu - XX əsrin əvvəlləri dünyada yeni münasibətlərin bərqərar olduğu bir dövr kimi Azərbaycan xalqının həyatının bütün sahələrində də öz təsirini göstərmişdir. Bu dövrün ictimai prosesləri iri sənaye şəhərinə çevrilmiş Bakını bütün Qafqazın iqtisadi mərkəzi etmişdir. İqtisadi inkişafla əlaqədar olaraq bu dövrdə təhsil, elm, incəsənət və ədəbiyyat sahələrində böyük canlanma başlandı. Bakı, Gəncə, Naxçıvan, Şuşa, Şəki, Salyan və sair şəhərlərdə yeni tipli şəhər və qəza məktəbləri açıldı. Qori Müəllimlər Seminariyasının məzunlarından olan Cəlil Məmmədquluzadə, Süleyman Sani Axundov, Üzeyir bəy Hacıbəyov, Həbib bəy Mahmudbəyov, Rəşid bəy Əfəndiyev, Firudin bəy Köçərli kimi görkəmli maarifçilər təhsildə gedən islahatlara güclü təkan verirdilər. Artıq yeni üsullu təhsil metodunun mütərəqqiliyini başa düşənlər "Üsuli-cədid" məktəblərini açmağa çalışırdılar. Şamaxıda Seyid Əzim Şirvani, Şuşada Mir Möhsün Nəvvab, Lənkəranda Mirzə İsmayıl Qasir, İrəvanda Mirzə Kazım Əskərzadə ənənəvi təlim və tədrisdən əl çəkərək, yeni üsulla dərs verirdilər. Bu məktəblərdə ənənəvi fənlərlə yanaşı tarix, rus dili, coğrafiya və təbiət dərsləri də tədris edilirdi. 80-ci illərdən başlayaraq "Rus-tatar məktəbi" adı ilə tanınan dördillik ibtidai məktəblər açıldı. Yeni tipli məktəblərin şəbəkəsi genişlənirdi. 1896-cı ildə Bakıda Hacı Zeynalabdin Tağıyevin himayəsi ilə yaradılan Qızlar məktəbi Azərbaycan qadınlarının maariflənməsində müstəsna rol oynamışdır.
Maarifçilik hərəkatının genişlənməsi Azərbaycandan xarici ölkələrə ali təhsil almağa gedənlərin sayının get-gedə artmasına gətirib çıxardı. Xaricdə ali təhsil aldıqdan sonra vətənə qayıdan ziyalılar Azərbaycanda maariflənmə meyllərini dəstəkləyən qüvvələri öz ətrafında birləşdirdilər, milli mətbuat və milli teatrın yaranması üçün zəmin yaratdılar.
Bakının inkişafı, əhalinin artması, ziyalı qüvvələrin yetişməsi, informasiya məkanının genişlənməsi milli mətbuatın yaranması ehtiyacını doğururdu. Bunu ilk dərk edən görkəmli maarifçi Həsən bəy Zərdabi bu istiqamətdə məqsədyönlü iş aparırdı. 1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin ilk nömrəsi çıxdı və bununla Azərbaycan mətbuatının bünövrəsi qoyuldu. Cəlil Məmmədquluzadənin təşəbbüsü və başçılığı ilə nəşrə başlayan "Molla Nəsirəddin" jurnalı nəinki Azərbaycanın, hətta bütün Şərqin mətbuat tarixində özünəməxsus məktəbin əsasını qoydu. Bu, Azərbaycanda milli mətbuatın formalaşıb öz təbii inkişaf axarına düşməsindən xəbər verirdi.
Həmin dövrdə mədəniyyətin ən böyük nailiyyətlərindən biri də milli teatrın yaranmasıdır. Məlumdur ki, Mirzə Fətəli Axundovun komediyaları hələ əsrin 1850-ci illərində Peterburq və Tiflisdə tamaşaya qoyulmuşdur. 1873-cü ildə Həsən bəy Zərdabi Nəcəf bəy Vəzirovla birlikdə milli Azərbaycan teatrının əsasını qoydu. Bakıda azərbaycanlı tələbələrdən ibarət aktyor truppasının köməyi ilə Mirzə Fətəli Axundovun komediyaları səhnəyə qoyuldu. İlk tamaşa "Lənkəran xanının vəziri", sonra isə "Hacı Qara" olmuşdur. Bakı tamaşasından sonra 1870-ci illərin ikinci yarısında Quba və Şəkidə Azərbaycan dilində teatr tamaşaları təşkil edildi. Diqqətəlayiq cəhətdir ki, teatr tamaşalarının verilməsində Qori Müəllimlər Seminariyasının məzunları fəal rol oynamışlar. 1879-cu ildə Şəkidə Rəşid bəy Əfəndiyev, 1882-ci ildə Şuşada Yusif bəy Məlikhaqnəzərov, 1883-cü ildə Naxçıvanda Məhəmmədtağı Sidqi teatr həvəskarlarının köməyi ilə Axundovun komediyalarından tamaşalar vermişlər.
XIX əsrin sonları - XX əsrin əvvəlləri Azərbaycan teatrının canlanma dövrü oldu. Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasının 1908-ci ildə ilk tamaşası ilə Azərbaycanda və bütün Şərqdə opera sənətinin təməli qoyuldu. Müslüm Maqomayevin 1916-cı ildə yaratdığı "Şah İsmayıl" operası da Azərbaycan səhnəsində həmişəlik yer tutdu. Üzeyir Hacıbəyov həm bəstəkar, həm də dramaturq kimi 1909-1913-cü illərdə yazdığı musiqili komediyalarla Azərbaycan teatrına operetta canrını gətirdi.
O dövrdə Uilyam Şekspirin, Fridrix Şillerin, Nikolay Qoqolun, Lev Tolstoyun əsərləri azərbaycanca tamaşaya qoyulurdu ki, bu da Azərbaycan dramaturgiyasının inkişafına təsir göstərirdi. Təməli Mirzə Fətəli Axundovla qoyulan ədəbi məktəb Azərbaycan dramaturqlarının yaradıcılığında əsrin ən qüvvətli və qabaqcıl ədəbi hərəkatına çevrildi, ədəbiyyatda demokratik ideyalar getdikcə daha geniş yayılmağa başladı. Bu hərəkat XX əsr ədəbiyyat, mədəniyyət və siyasətinin nəhəng simalarının yetişməsi üçün zəmin yaratdı.
Yeni dövrün ədəbiyyatının formalaşmasında Nəcəf bəy Vəzirovun, Əbdürrəhim bəy Haqverdiyevin, Mirzə Ələkbər Sabirin, Süleyman Sani Axundovun, Üzeyir bəy Hacıbəyovun, Nəriman Nərimanovun, Haşım bəy Vəzirovun, Cəlil Məmmədquluzadənin, Abbas Səhhətin, Məhəmməd Hadinin, Abdulla Şaiqin, Əlibəy Hüseynzadənin, Əhməd Ağaoğlunun, Əhməd Cavadın, Hüseyn Cavidin və başqalarının əvəzsiz xidmətləri var idi.
XX əsrə qədəm qoyan Azərbaycan artıq bir çox sahələrdə, o cümlədən mədəniyyət, maarif və milli mətbuat sahələrində olduqca mühüm nailiyyətlər əldə etmişdi. Ən başlıcası isə Azərbaycanda müasir burcuaziya təbəqəsi formalaşıb ölkənin ictimai həyatında mühüm rol oynamağa başlamışdı. Bu dövrdə Azərbaycan ziyalılarının müxtəlif sahələrdə göstərdiyi fəaliyyət milli dirçəliş, milli oyanış, milli ruhun aşılanması proseslərinə xidmət edirdi. Beləliklə, XIX əsrdən başlanan mürəkkəb ictimai-siyasi proseslərin gedişi Azərbaycan cəmiyyətində əsaslı dəyişikliklərə gətirib çıxartdı, yeni mühitdə formalaşan görkəmli ictimai və siyasi xadimlərimiz əsrin çağırış və tələblərinə layiqincə cavab verməyə qadir oldular. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması üçün münbit zəmin yarandı. Bu dövrü XX əsr Azərbaycan tarixinin BİRİNCİ MƏRHƏLƏSİ adlandırmaq olar.
Azərbaycan üçün İKİNCİ MƏRHƏLƏ çar Rusiyası dağılandan sonra ölkəmizin ilk dəfə dövlət müstəqilliyi əldə etdiyi dövrdür.
Həmin dövrdə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində həyata keçirdiyi ciddi tədbirlər sayəsində bütün dövlətçilik atributları - öz parlamenti, hökuməti, ordusu və pul vahidi olan müstəqil, suveren bir dövlətə çevrildi. O, bütün dövlətçilik göstəricilərinə və prinsiplərinə görə Şərqdə ilk demokratik respublika idi. Azərbaycan Milli Şurasının qəbul etdiyi tarixi bəyannamə yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin daxili və xarici siyasətinin başlıca prinsiplərini bütün dünyaya bildirdi. Bəyannamədə elan edilmiş prinsiplər - Azərbaycan xalqının öz müqəddəratını müəyyən etmək, insanların hüquq bərabərliyinə hörmət, bütün xarici dövlətlərlə, habelə qonşu xalqlarla dinclik və əmin-amanlıq şəraitində yaşamaq, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmaq prinsipləri Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq nüfuzunu artırdı. 1920-ci ilin yanvarında Azərbaycan dövlətinin müstəqilliyi de-fakto tanındı.
Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır. O, demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı mühüm addımları başa çatdıra bilməsə də, onun qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynamışdır. Ən əsası odur ki, Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu. Bu cümhuriyyətin yaradılmasında müstəsna xidmətləri olan Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Həsən bəy Ağayev, Nəsib bəy Usubbəyov, Mehdi bəy Hacınski, Məmməd Yusif Cəfərov, Xudadat bəy Rəfibəyov, Əkbər ağa Şeyxulislamov, Teymur bəy Makinski, Səməd bəy Mehmandarov, Əli ağa Şıxlinski, Sultan Məcid Qənizadə, Xəlil bəy Xasməmmədov, Əhməd bəy Pepinov, Şəfi bəy Rüstəmbəyov kimi görkəmli ictimai xadimlərin xatirəsini qədirbilən Azərbaycan xalqı bu gün də böyük ehtiram hissi ilə yad edir.
Əsrin sonunda öz müstəqilliyini bərpa edən Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi olaraq Üzeyir Hacıbəyovun və Əhməd Cavadın yaratdıqları dövlət himnini, Xalq Cümhuriyyətinin üçrəngli bayrağını və gerbini bərpa elədi. Bu dövlətçilik atributları bu gün də hər bir Azərbaycan vətəndaşı üçün olduqca əzizdir.
ÜÇÜNCÜ MƏRHƏLƏ 1920-ci ilin aprelindən başlanır. Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra da, o, öz müstəqilliyini saxlamış, aprelin 30-da Rusiya ilə Azərbaycan arasında hərbi-iqtisadi müqavilə imzalanmışdı. Azərbaycanda xarici ölkələrin nümayəndəlikləri, o cümlədən Rusiya konsulluğu da fəaliyyət göstərirdi. Azərbaycanın bu dövrdə yürütdüyü uğurlu siyasətin təzahürlərindən biri kimi Azərbaycanın ərazi bütövlüyünün qorunması istiqamətində aparılan işlər, Moskva və Qars müqavilələri, Genuya konfransı sayıla bilər. 1920-ci ildə Bakıda Şərq xalqlarının birinci qurultayı keçirildi. Bolşeviklər Şərq ölkələrinin yeni inqilabi dəyişikliklərə can atmaq arzusunda olmadıqlarını gördükdən sonra, öz siyasi məqsədləri naminə Azərbaycanın müstəqilliyinin qorunub saxlanması ideyasından əl çəkdilər. 1921-ci ildə Zaqafqaziya Federasiyasının yaradılması artıq müstəqilliyin itirilməsi yolunda atılan ilk addım oldu. 1922-ci il dekabrın 30-da SSRİ-nin yaranması isə Azərbaycanın müstəqilliyinə son qoydu. O, bir sıra dövlətçilik atributlarını, o cümlədən bayraq, gerb, himn və konstitusiyasını qoruyub saxlamasına baxmayaraq, bir çox sahələrdə özünün beynəlxalq hüququn subyekti olmaq statusunu itirmişdi.
1922-1991-ci illər Azərbaycanda Sovet hakimiyyətinin qurulması və 70 il ərzində Azərbaycanın Sovet hakimiyyəti, Sovet dövləti çərçivəsində yaşaması dövrünü əhatə edir. Bu illərdə Azərbaycanda çox zəngin iqtisadi və intellektual potensial yaranmışdır. Bu potensialı xarakterizə etmək üçün bəzi faktlara müraciət edək.
20-30-cu illərdə Azərbaycan xalqının qəhrəman əməyi ilə neft sənayesində böyük yüksəliş əldə edilmiş, sənayenin yeni sahələri əmələ gəlmiş, elektrik stansiyaları tikilmiş, suvarma kanalları çəkilmiş, kənd təsərrüfatı dirçəlmişdir. Azərbaycan ellikcə savadlanmış, orta ümumtəhsil məktəblərinin, xəstəxana və poliklinikaların, ali və orta ixtisas məktəblərinin, elmi tədqiqat və mədəni-maarif müəssisələrinin şəbəkəsi xeyli genişləndirilmişdi.
1937-ci ildə Azərbaycan SSR özünün Konstitusiyasını qəbul edir və mədəni inqilab adı altında geniş maariflənmə proqramlarını həyata keçirir. Təhsildə islahatlar gerçəkləşdirilir. Artıq İkinci Dünya müharibəsi ərəfəsində Azərbaycanın dörd mindən çox ibtidai məktəbi, 16 ali məktəbi var idi. 1938-ci ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı yaradıldı, Azərbaycanda teatr şəbəkəsi formalaşdı. Artıq 1940-cı ildə ölkədə 18 teatr fəaliyyət göstərirdi. 1937-ci ildə Üzeyir Hacıbəyovun yaratdığı "Koroğlu" operası Azərbaycan mədəniyyətində böyük hadisəyə çevrildi. Bütün bu uğurlarla yanaşı, 1937-1938-ci illərin repressiyaları Azərbaycan elminə və mədəniyyətinə böyük zərbələr vurdu. Repressiya illərində 50 mindən artıq adam güllələnmiş, 100 mindən çox insan Sibir və Qazaxıstana sürgün edilmişdi. Hüseyn Cavid, Mikayıl Müşfiq, Tağı Şahbazi, Salman Mumtaz kimi böyük şəxsiyyətlər məhv edildmişdi.
İkinci Dünya müharibəsi illəri bəşəriyyətin XX əsrdə üzləşdiyi ən ağır və dəhşətli dövr olmuşdur. İtaliyada və Almaniyada meydana çıxmış faşizm hərəkatı təkcə həmin ölkələrin xalqlarının deyil, bütün bəşəriyyətin həyatını böyük təhlükəyə məruz qoydu. Faşizm ideologiyası qısa müddət ərzində bir çox ölkələrin iqtisadi imkanlarından istifadə etməklə real dağıdıcı qüvvəyə çevrildi, dünya "olum ya ölüm" dilemması qarşısında qaldı. XX əsrin ən mühüm dərslərindən biri də o oldu ki, dünya dövlətləri öz aralarındakı siyasi, ideoloci, iqtisadi fərqlərə baxmayaraq, bu ümumi təhlükə qarşısında kollektiv səylər göstərilməsinin zərurətini dərk edə bildilər.
Beləliklə də, dünya xalqlarının güclü antifaşizm birliyi yarandı. Yalnız bunun sayəsində, antifaşist qüvvələrin fədakarlığı nəticəsində bəşəriyyəti bu böyük təhlükədən, ağır faciədən xilas etmək mümkün oldu. Biz fəxr edirik ki, dünyanın bu taleyüklü probleminin həll olunmasında - faşizm üzərində qələbədə Azərbaycan xalqının da mühüm payı olmuşdur.
Azərbaycan xalqı İkinci Dünya müharibəsində həm döyüş meydanlarında, həm də "arxa cəbhə"də əsl şücaət və əzmkarlıq nümunələri göstərmişdir. Müharibə başlanandan keçən qısa müddət ərzində respublika ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edilmişdi. 1941-1945-ci illərdə respublikanın 600 mindən çox oğlan və qızı cəbhəyə getmişdir. Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçdilər. Azərbaycandan 130-a qədər adam Sovet İttifaqı Qəhrəmanı adına, 30 nəfər azərbaycanlı döyüşçü isə Şöhrət ordeninin hər üç dərəcəsinə layiq görüldü. 170 mindən çox azərbaycanlı əsgər və zabit SSRİ-nin orden və medalları ilə təltif edildi. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz qəhrəmanlıqları ilə xalqımızın şanlı tarixinə yeni səhifələr yazdılar.
Respublikada iqtisadiyyatın hərbi qaydada yenidən qurulması sahəsində böyük işlər görüldü. Yüngül, toxuculuq və yeyinti sənayesi tamamilə cəbhə üçün məhsul istehsalına keçdi. Qısa müddət ərzində Bakı döyüşən ordunun mühüm cəbbəxanalarından birinə çevrildi. 1942-ci ildə Bakıda 130 növ müxtəlif silah, hərbi sursat istehsal edilirdi. Böyük çətinliklərə baxmayaraq, neftçilər fədakarlıqla çalışır, cəbhəni və iqtisadiyyatın bütün sahələrini yanacaqla təmin edirdilər. Akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə aviasiya benzini istehsalının yeni texnologiyası hazırlandı, Azərbaycanda yüksək oktanlı benzin istehsalına başlandı. Elə 1941-ci ildə neftçilərimiziin fədakar və gərgin səyləri nəticəsində Azərbaycanın bütün tarixində ən böyük həcmdə - 23,5 milyon ton neft hasil olundu ki, bu da İttifaqda çıxarılmış neftin 71,4 faizini təşkil edirdi. Azərbaycan neftçiləri müharibə illərində ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və başqa neft məhsulları verdilər. Mübaliğəsiz demək olar ki, İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin əldə edilməsində Bakı nefti həlledici amillərdən biri olmuşdur. Müharibənin ağırlığının böyük bir hissəsini öz üzərinə götürmüş Sovet ordusunun dənizdə, quruda və havada düşmən üzərində üstünlük qazanmasında Bakı nefti misilsiz rol oynamışdır. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, o dövrdə hər beş təyyarə, tank və avtomaşından dördü Bakı mədənlərindən çıxarılaraq Bakının neft emalı zavodlarına istehsal olunmuş benzinlə işləyirdi.
İkinci Dünya müharibəsi əyani şəkildə bir daha təsdiq etdi ki, Azərbaycan xalqı ən ağır sınaqlardan üzüağ çıxmağa, misilsiz şücaət və rəşadət nümunələri göstərməyə qadir olan çox dözümlü və qəhrəman xalqdır.
Müharibədən sonrakı illərdə respublikamız iqtisadiyyat və mədəniyyətin yeni yüksəliş mərhələsinə qədəm qoydu. Artıq 1948-ci ildə respublika sənayesi müharibədən əvvəlki səviyyəni ötmüş, 1960-cı ildə isə 1940-cı ildəki səviyyəni 2,8 dəfə üstələyən məhsul buraxılışına nail olmuşdu. Kənd təsərrüfatının məcmu məhsulu bu illərdə 2 dəfə, dəmiryol nəqliyyatının yük daşımaları 2,9 dəfə, bütün maliyyələşdirmə mənbələri üzrə kapital qoyuluşu 3,8 dəfə artmışdı. Bu illərdə ağır sənayenin neft emalı, kimya və neft kimyası, qara və əlvan metallurgiya, cihazqayırma və elektrotexnika kimi yeni sahələri əmələ gəlmişdi. Energetika və su təsərrüfatı tikintiləri genişlənmiş, kənd təsərrüfatının maddi-texniki bazası möhkəmlənmişdi. Azərbaycan əməkçiləri Rusiya Federasiyasının, eləcə də SSRİ-nin digər respublikalarının iqtisadiyyatının bərpa olunması və inkişafı işində fəal iştirak edirdilər. Respublikanın alim və mütəxəssisləri Cənubi Qafqaz, Tatarıstan və Başqırdıstanda, Qərbi Sibirin Tümen vilayətində yeni iri neft yataqlarının kəşf olunmasına və istismarına əvəzsiz töhfələr vermişdilər.
Müharibədən sonrakı beşilliklər ərzində Sovet Azərbaycanının keçdiyi tarixi yolun əhəmiyyətini azaltmadan onu da qeyd etmək vacibdir ki, 1960-cı illərdə respublika iqtisadiyyatının inkişafında mənfi meyllər də özünü göstərməyə başlamışdı. Azərbaycan milli gəlirin inkişaf templərinə, sənaye və kənd təsərrüfatı istehsalının həcminə, elmi-texniki tərəqqinin nailiyyətlərinin mənimsənilməsinə görə, ictimai əməyin məhsuldarlığına görə ümumittifaq göstəricilərindən geri qalırdı. İqtisadiyyatdakı çatışmazlıqlar sosial sahədə əməkçilərin maddi rifah halının yaxşılaşmasındakı problemlərin həllinə mənfi təsir göstərirdi.
Bir sıra obyektiv səbəblərdən Azərbaycanın sosial-iqtisadi cəhətdən uzun müddət geridə qalması müşahidə olunurdu.
1965-ci ildə 1940-cı ilə nisbətən respublikada məcmu ictimai məhsul yalnız 3,6 dəfə, sənaye məhsullarının həcmi 4 dəfə artmışdı, halbuki ölkə üzrə bü göstəricilər müvafiq surətdə 5,7 və 7,9 dəfəyə çatırdı. Azərbaycan Respublikası milli gəlirin həcminə görə ümumittifaq səviyyəsindən 2 dəfə, əsas fondlara görə 1,8 dəfə, kapital qoyuluşu üzrə 1,7 dəfə geri qalırdı. Sənayedə bütün istehsalın ən mühüm səmərəlilik və yekun göstəricisi olan əmək məhsuldarlığı ümumittifaq miqyaslı inkişaf templərindən 1,5 dəfə geri qalırdı.
Əsaslı tikinti sahəsində ciddi çatışmazlıqlara yol verilmişdi. Sənaye müəssisələrinin, yaşayış binalarının, mədəni-məişət obyektlərinin istismara verilməsi üzrə tapşırıqlar müntəzəm olaraq pozulurdu. Bütövlükdə 60-cı illərdə əsas fondlar 1 milyard rubla qədər kəsirdə qalmışdı ki, bu da 1969-cu ilin başlanğıcında respublikanın bütün əsas fondlarının 10 faizini təşkil edirdi. Sənaye sahələrinin və sosial sferanın potensialının gücləndirilməsi işində əldən verilmiş imkanlar respublikanın 60-cı illərdə sosial-iqtisadi cəhətdən geri qalmasının başlıca səbəbləri idi.
Neft sənayesi, energetika, qara metallurgiya, kimya və neft kimyası sənayesi fasilələrlə işləyir, bir çox sahələrin texniki-iqtisadi göstəriciləri pisləşirdi.
Nəqliyyat kompleksində dəmiryol vaqonlarının normadan artıq boşdayanmaları, gəmilərin yüklənmə-yükboşaltma işində ləngimə çoxalmış, hərəkət heyətlərinin sürəti azalmış, onların yükdaşıma qabiliyyətindən tam istifadə olunmamışdı. Sərnişin nəqliyyatının işində də boşdayanmalar artmışdı ki, bu, əhalinin, xüsusən Bakı şəhərində haqlı şikayətinə səbəb olurdu.
Kənd təsərrüfatında meliorasiya və dəmyə torpaqlarının suvarılması işində nöqsanlar var idi, kənd təsərrüfatı işlərinin mexanikləşdirilməsi aşağı səviyyədə idi. Aqrotexniki qaydaların pozulması üzündən taxılın, pambığın, tərəvəzin, üzümün, çay yarpağının və başqa bitkilərin məhsuldarlığı aşağı səviyyədə idi.
İstehsal qüvvələrinin yerləşdirilməsi işində kobud yanlışlıqlara yol verilmişdi. İri obyekt və müəssisələrin əksəriyyəti bir qayda olaraq Bakı, Sumqayıt şəhərlərində tikilirdi ki, bu da orta və kiçik şəhərlərin əmək ehtiyatlarından səmərəli istifadə olunması dərəcəsini aşağı salır, ölkə əhalisinin paytaxta axışmasına səbəb olur və burada yaşayış evləri və sosial obyektlərlə əlaqədar artıq mövcud olan çətinlikləri daha da ağırlaşdırırdı.
Qətiyyətlə bildirmək olar ki, 60-cı illərdə respublika iqtisadiyyatı bütövlükdə dərin və uzunmüddətli böhran mərhələsinə qədəm qoymuşdu. Yaranmış ağır vəziyyətdən çıxış yolu tapılmalı, iqtisadiyyatın inkişafı üçün prinsipial cəhətdən yeni konseptual yanaşma yolları işlənib hazırlanmalı, xalq təsərrüfatında köklü struktur dəyişiklikləri aparılmalı, təsərrüfatçılıq və iqtisadi həvəsləndirmə işində təzə metodlar tətbiq edilməli idi.
Azərbaycanın müasir tarixində 1969-cu ildə dönüş mərhələsinin təməli qoyuldu. Respublikanın dinamik inkişafı üçün kompleks proqramların işlənib hazırlanmasında yorulmaz fəaliyyət, misilsiz təşəbbüskarlıq və nəhəng enerci bütün 1970-ci illərin bariz əlamətinə çevrildi.
1970-1985-ci illər Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olmuşdur. Baş verən dəyişikliklərin miqyasına, iqtisadi və sosial sahələrdə aparılan dərin struktur islahatlarının xarakterinə, xalqın maddi rifah halının keyfiyyətcə yeni mərhələyə keçirilməsinə görə doqquzuncu, onuncu və on birinci beşilliklər Azərbaycanın yeni tarixində ən mühüm yerləri tutur. SSRİ hökuməti Azərbaycanla əlaqədar, respublikada xalq təsərrüfatının hərtərəfli yüksəlişi və intensiv inkişafını nəzərdə tutan beş xüsusi qərar qəbul etmişdi. Azərbaycan xalqı üçün həqiqətən tarixi əhəmiyyət daşıyan bu mühüm qərarlar 1970-1980-ci illər arasında və daha sonrakı perspektivdə ölkənin sosial-iqtisadi inkişafının əsas istiqamətləri üzrə kompleks məsələləri müəyyənləşdirmişdi.
Qəbul olunmuş proqramın həlli yolunda böyük iş aparmağa başlayan fəhlə və kolxozçular, respublika ziyalıları iqtisadiyyat və mədəniyyətin bütün sahələrində xalqın maddi və mənəvi baxımdan artan tələbatlarının təmin olunması işində çox yüksək nəticələr əldə etmişlər. Müharibədən sonrakı dövrdə ilk dəfə olaraq, doqquzuncu və onuncu beşilliklər üçün xalq təsərrüfatının inkişaf planları vaxtından əvvəl yerinə yetirilmişdi.
Bu gün tam əminliklə söyləmək olar ki, Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına get-gedə daha dərindən inteqrasiya olunması hələ 1970-1985-ci illərdə təməli qoyulmuş xalq təsərrüfatı potensialına əsaslanır.
Sənaye və kənd təsərrüfatı məhsullarının dinamik artan istehsalı, öhdəliklərin vaxtından qabaq və artıqlaması ilə yerinə yetirilməsi, xalq təsərrüfatının bütün sahələrində keyfiyyət göstəricilərinin yüksəlməsi 1970-1980-ci illərdə Azərbaycanın inkişafının nə qədər dinamik olduğunu əks etdirirdi. Ümumittifaq əmək bölgüsündə respublikanın payı, həmçinin Sovet İttifaqının xarici iqtisadi əlaqələrində onun iştirakı əhəmiyyətli dərəcədə artmışdı.
1985-ci ildə sənayedə əmək məhsuldarlığı 1970-ci illə müqayisədə 2,1 dəfə, kənd təsərrüfatında 1,8 dəfə artmışdı. Ümumittifaq göstəriciləri müvafiq olaraq, 15 və 27 faiz idi. Xalq təsərrüfatında mənfəət bütövlüklə 335 faiz artmışdı. Halbuki orta ümumittifaq göstəricilərinə görə, əhalinin hər nəfərinə düşən gəlir cəmi 164 faiz artmışdı.
Respublikanın ən kəskin problemlərindən biri də əmək qabiliyyətli əhalinin ictimai əməyə cəlb olunması, əmək ehtiyatlarından səmərəli istifadə edilməsidir. Bu sahədə də böyük dəyişikliklər baş vermişdi. Orta və kiçik şəhərlərdə, kənd yerlərində əlavə iş yerləri yaradılması hesabına fəhlə, qulluqçu və kolxozçuların ortaillik sayı 813 min nəfər, yaxud 1,5 dəfə artmış və 1985-ci ildə 2360 min nəfərə çatmışdı.
Sənayenin dinamik yüksəlişini təmin etmək üçün iqtisadiyyatda struktur siyasətinin prinsipial şəkildə yeni istiqamətləri işlənib hazırlanmışdı. Bu istiqamətlər sənayenin qabaqcıl və mütərəqqi sahələrinin, ilk növbədə maşınqayırma kompleksində, kimya və neft kimyasında, əlvan metallurgiyada texniki cəhətdən yeniləşmə və yenidənqurma prosesləri ilə eyni vaxtda neft və qaz hasil edən, neft emal edən sənayenin, energetikanın, qara metallurgiyanın və dağ-mədən sənayesinin genişlənməsini nəzərdə tuturdu.
Azərbaycanın təşəbbüsü ilə ümumittifaq səviyyədə qəbul olunmuş qərarlarla elmi-texniki tərəqqi əsasında respublikanın sənaye bazasının inkişaf etdirilməsində, sənayenin strukturunun təkmilləşdirilməsində, iri cihazqayırma, radiotexnika, elektrotexnika, dəzgahqayırma və avtomobil sənayesi müəssisələrinin yaradılmasında, fəaliyyətdə olan zavodların yenidən qurulmasında və genişləndirilməsində yeni mərhələnin başlanğıcı qoyuldu. Göstərilən qərar respublika ərazisində sənaye müəssisələrinin yerləşdirilməsi işinin köklü surətdə yaxşılaşdırılmasında böyük rol oynadı, şəhər və rayonların kompleks inkişafına, əmək ehtiyatlarından səmərəli istifadə edilməsinə, xalqın rifah halının yaxşılaşmasına kömək göstərdi.
Qəbul olunmuş qərarda nəzərdə tutulan irimiqyaslı dəyişikliklərin həyata keçirilməsi bir çox müəssisələrin əmək kollektivlərindən, elmi tədqiqat institutlarından, layihə-konstruktor və inşaat-quraşdırma təşkilatlarından, sahə nazirliklərindən və baş idarələrindən böyük yaradıcı səylər tələb edirdi. İttifaq büdcəsindən kapital qoyuluşları ilə təmin olunmaq, xaricdən texnoloci avadanlıqlar alınması üçün valyuta vəsaitlərinin ayrılması, obyektlərin maddi-texniki təchizatına nail olmaqdan ötrü onların mühüm ümumittifaq tikintilərinin siyahısına daxil edilməsi, kadr hazırlığı və bir çox digər olduqca mühüm məsələlər öz həllini tapırdı.
Bütün bunlar nəzərdə tutulan tədbirlərin vaxtında yerinə yetirilməsinə əsas vermiş, 1970-ci illər ərzində, 1980-ci illərin ortalarına qədər respublikanın sənaye istehsalını yüksək artım templəri ilə təmin etmişdi. Bircə faktı qeyd etmək kifayətdir ki, doqquzuncu və onuncu beşilliklər ərzində 1945-ci ildən 1970-ci ilə qədər dövrdəkinə nisbətən daha çox məhsul istehsal olunmuşdu.
On birinci beşillikdə sənaye məhsulunun ümumi həcmi 58,5 milyard rubla çatmışdı, bu isə səkkizinci və doqquzuncu beşilliklərin nəticələrini müvafiq olaraq, təqribən 3,2 və 2,1 dəfə üstələyirdi. 15 il ərzində sənayenin ümumi məhsul həcmi ümumilikdə götürəndə 1921-ci ildən 1970-ci ilə qədərki bütün dövr ərzində buraxılmış məhsuldan ikiqat çox olmuşdu. Respublika iqtisadiyyatının 1970-1980-ci illərdə əldə etdiyi uğurların miqyasını əyani surətdə təsəvvür etmək üçün qeyd etməliyik ki, bu göstəricinin hər bir faizi mütləq həcmin artmasına dəlalət edir. Əgər doqquzuncu beşillikdə sənaye məhsulunun bir faiz artmasının qiyməti 45 milyon rubla bərabər tutulurdusa, on birinci beşillikdə bu rəqəm təqribən 100 milyon rubl edirdi ki, bu da səkkizinci beşilliyin müvafiq göstəricisindən 3,3 dəfə artıq idi. 15 ildə sənayenin əsas fondlarının 69 faizi yeniləşdirilmişdi ki, bu da respublikanın milli varidatının çox mühüm hissəsini təşkil edirdi. Sənaye-məhsuldar personalın fondlarla təchizatı 1980-ci ildə 1970-ci illə müqayisədə 10 ildə 1,4 dəfə, on birinci beşillikdə isə daha 1,3 dəfə artmışdı.
Azərbaycan sənayesinin inkişafında müəyyənedici amillərdən biri də elmi-texniki tərəqqinin nailiyyətlərinin geniş tətbiq edilməsi olmuşdur. 1971-1985-ci illər ərzində 581 adda yeni tipli maşın, avadanlıq, aparat və cihaz nümunələri yaradılmışdı; 1056 adda mühüm sənaye məhsulunun kütləvi buraxılışına başlanılmışdı; istehsalın texnoloci proseslərini idarə etmək üçün 94 avtomatlaşdırılmış sistem işə salınmışdı. 1985-ci ildə sənayedə 2519 mexanikləşdirilmiş axın xətti, 310 avtomatlaşdırılmış xətt, 1300 kompleks mexanikləşdirilmiş xətt və avtomatlaşdırılmış məntəqə, sex və istehsal sahəsi fəaliyyət göstərirdi.
1982-ci ilin əvvəllərində sənayedə 73 elm-istehsal və istehsal birliyi yaradılmışdı ki, bunların da tərkibində 264 iri müəssisə vardı. Real məhsulun ümumi həcmində bunların payı 1969-cu ildəki 0,29 faizdən artaraq, 26 faizə çatmışdı. Sənaye inkişafının, ilk növbədə elmi-texniki tərəqqini müəyyən edən sahələrdə sürətləndirilməsi sənayenin ümumi məhsulunun xüsusi çəkisinin 1970-ci ildəki 22 faizdən 1980-ci ildə 24 faizə, 1985-ci ildə isə 28 faizə çatmasına səbəb olmuşdur. Sənayenin texniki səviyyəsinin yüksəlməsi müəssisələrin işinin səmərəliliyini artırmağa, keyfiyyəti yaxşılaşdırmağa, hər məhsul vahidinə düşən maddi və əmək məsrəflərini azaltmağa imkan verirdi. Belə ki, 1985-ci ildə 1970-ci illə müqayisədə ümumən sənayedə əmək məhsuldarlığı 2,1 dəfə, mənfəət isə 3,2 dəfə yüksəlmişdi. Sənaye məhsullarının ümumi həcmində ən yüksək keyfiyyətli məhsulun xüsusi çəkisi 1980-ci ildə 13 faiz, 1985-ci ildə 17,2 faiz artmışdı (1970-ci ildəki 1,3 faizə qarşı); attestasiya edilmiş məhsulun ümumi həcmində bu göstərici 1980-ci ildə 30 faizə, 1985-ci ildə isə 46 faizə qədər qalxmışdı. Respublika müəssisələri tərəfindən buraxılan 451 adda məhsula dövlət keyfiyyət nişanı verilmişdi.
1970-1985-ci illər ərzində 213 yeni iri sənaye müəssisəsi istismara verilmişdi, bunların da üçdə ikisi öz əmək fəaliyyətinə doqquzuncu, onuncu beşilliklərdə, həmçinin on birinci beşilliyin ilk iki ilində başlamışdı.
Bu illər ərzində Azərbaycanın paytaxtının görkəmi tamamilə dəyişmişdi. Burada müasir memarlıq üslubunda inşa edilmiş çoxsaylı binalar, mədəniyyət obyektləri, İmadəddin Nəsimiyə, Cəfər Cabbarlıya abidələr ucaldılmışdı. 14 ildə yaşayış evləri tikintisinin həcmi ağlagəlməz dərəcədə artmışdı, belə ki, bu dövrdə tikilmiş yaşayış binaları bütün Bakı şəhərinin yaşayış fonduna bərabər tutula bilərdi. Elə hesab edin ki, respublikada yeni bir Bakı salınmışdı.
Bu rəqəmlərin arxasında Azərbaycan xalqının gərgin əməyi və misli görünməmiş səyləri durur. Tarixi baxımdan qısa bir dövrdə Azərbaycan öz iqtisadiyyatını sürətlə inkişaf etdirərək yüzlərlə iri zavod, fabrik, istehsalat sahələri yaratmışdı. Azərbaycan bu illərdə neft məhsulları, neft avadanlığı, polad borular, əlvan metallar, sintetik kauçuk, elektrik mühərrikləri, tikinti materialları, məişət kondisionerləri, avtomobil hissələri, mineral gübrələr, çini-saxsı, xalça və xalçaçılıq məmulatı istehsalı üzrə SSRİ-də aparıcı yerlərdən birini tuturdu. Ölkəmizdə buraxılan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu.
Bu illər ərzində milli gəlirin ümumi həcmi 2,5 dəfə artmışdı. Respublikada sənaye istehsalı, həmçinin əmək məhsuldarlığı iki dəfə, xalq istehlakı mallarının istehsalı isə üç dəfə artmışdı. Bu 14 ildə istehsal olunmuş sənaye məhsulları öz həcminə görə, əvvəlki 50 ildəkinə bərabər idi. Kənd təsərrüfatında məcmu məhsul da 2,7 dəfə artmış, bu sahədə məhsuldarlıq, o cümlədən əmək məhsuldarlığı iki dəfədən artıq çoxalmışdı.
Həmin illər ərzində xalq təsərrüfatının inkişafına 21,3 milyard rubl vəsait cəlb olunmuşdu ki, bu da əvvəlki əlli illə müqayisədə 1,5 dəfədən də artıq idi. 250-dən çox iri zavod, fabrik və istehsal sexləri tikilmişdi. İki milyondan çox adam öz yaşayış şəraitini yaxşılaşdırmışdı.
Ancaq bu rəqəmlər, bu cansız göstəricilər nə qədər cəlbedici olsa da, Azərbaycan iqtisadiyyatında baş vermiş struktur, keyfiyyət dəyişiklikləri haqqında tam təəssürat doğura bilməz. Bu illərdə Azərbaycan üçün yeni olan bir neçə xalq təsərrüfatı sahəsinin əsası qoyulmuşdu. Həmin dövrdə Azərbaycanda hər gün 41 min ton neft, 37 milyon kubmetr qaz çıxarılır, 2200 ton polad tökülür, 69 min metr boru, 4900 avtomobil təkəri, 2700 ton mineral gübrə, 968 məişət kondisioneri, 734 soyuducu istehsal olunur, 546 min metr parça toxunurdu.
Elektron maşınqayırması, radiosənaye, yüngül və yeyinti sənayesi üçün maşın və avadanlıqların istehsalı kimi yeni mütərəqqi sənaye sahələri Azərbaycana məhz həmin illərdə "ayaq açmışdı". Bakı məişət kondisionerləri zavodunun fəaliyyətə başlaması respublikada elektrotexnika kimi perspektivli bir sahənin inkişafına təkan vermiş, qısa müddətdə irəliləyiş əldə olunmuş, istehsalın həcmi bir yarım dəfə artırılmışdı.
Azərbaycanın qədim neft emalı sənayesi tarixində ilk dəfə bu dövrdə Bakı neft emalı müəssisələrinin irimiqyaslı yenidən qurulması həyata keçirilmiş, neftin ikiqat emalı üçün qurğu və avadanlıq quraşdırılmışdı.
Bu illərdə yüksək peşəkar səviyyəli kadrların hazırlığına da ciddi fikir verilirdi. Respublikanın ali məktəblər şəbəkəsi əhəmiyyətli dərəcədə genişləndirilmiş, ildırım sürəti ilə inkişaf edən iqtisadiyyatın tələblərinə uyğun bir tərzdə onların strukturu və maddi-texniki bazası da təkmilləşdirilmişdi.
1970-ci illərdə Azərbaycanın elektrik enercisi ilə təmin olunması üçün çox səylər göstərilmişdi. Bu gün iftixar hissi ilə demək olar ki, bu mühüm sahədə respublikamız heç bir ölkədən asılı olmayan geniş elektrik enercisi müəssisələri sisteminin yaradılmasına nail olmuşdu. Energetika sahəsində Azərbaycanda görülən işlər sayəsində beş min meqavatt elektrik enercisi istehsal gücünə malik energetika sistemi yaradılmışdır. Biz o dövrdə ittifaq hökumətindən böyük vəsaitlər alıb Mingəçevirdə hər birinin gücü üç yüz meqavatt olan 8 böyük enerci bloku yaratdıq. Kür Su Elektrik Stansiyası inşa edildi. Yenikənd Su Elektrik Stansiyasının tikilməsi üçün 1979-cu ildə qərar qəbul olundu, lakin məlum səbəblərə görə sonrakı illərdə bu iş yarımçıq qaldı. Azərbaycan öz müstəqilliyini əldə edəndən sonra imkan tapıb, yenidən bu məsələyə qayıtdıq və 1994-cü ildə Avropa Yenidənqurma və İnkişaf Bankından güzəştli kredit alıb Yenikənd Su Elektrik Stansiyasının tikintisini davam etdirdik.
Həyatımızın bütün sahələrində belə əsaslı dönüş yaratmaq üçün ilk növbədə, yüksək ixtisaslı kadrlara ehtiyac duyulurdu. Azərbaycanın daxilində hazırlanan ali təhsilli mütəxəssislərlə yanaşı, bu ehtiyacı ödəmək üçün Moskvanın, eləcə də keçmiş SSRİ-nin digər şəhərlərinin 170 aparıcı ali elm və təhsil ocağına 3500 azərbaycanlı oğlan və qız göndərilmişdi. Hər il ali təhsil almaqdan ötrü respublikadan kənara 800-dən artıq tələbə göndərilməsi artıq yaxşı bir ənənə şəklini almışdı. Gənc və yeniyetmə azərbaycanlı oğlanların ali hərbi məktəblərə cəlb olunması işinə xüsusi diqqət yetirilirdi. Bütün bunlar Azərbaycanın gələcək inkişafı üçün qüdrətli kadr potensialının formalaşmasına böyük təsir göstərmişdir.
SSRİ dövlətinin dağılması ərəfəsində bir çox mütəxəssislər hansı müttəfiq respublikaların iqtisadiyyatının müstəqillik şəraitində özünü təmin etməyə qadir olduğunu müəyyən etməyə cəhd göstərirdilər. Aparılan təhlil göstərirdi ki, keçmiş SSRİ-də cəmi 2 respublika tam müstəqil olaraq öz iqtisadiyyatını idarə edə bilər. Bu respublikalardan biri Azərbaycan idi. Bizim bəzi alimlərimiz sübut etməyə çalışırdılar ki, güya SSRİ-siz Azərbaycan bir gün də dolana bilməz. Azərbaycanın Sovet dövründə inkişafının ən bariz nəticəsi odur ki, həmin dövrdə yaranmış iqtisadi, elmi-texniki və mədəni potensial respublikamızın tam müstəqil dövlət kimi fəaliyyət göstərməsi üçün möhkəm zəmin yaratmışdır.
1920-1991-ci illərdə Azərbaycanın iqtisadiyyatı ilə yanaşı təhsili, elmi və mədəniyyəti də böyük inkişaf yolu keçmişdir. Dünyəvi teatr, müasir məktəb və demokratik mətbuatın yaranmasının bünövrəsi XIX əsrdə qoyulsa da, məhz bu 70 ildə ölkəmizdə savadsızlıq ləğv olunmuş, tam orta icbari təhsil tətbiq edilmiş, təhsil müəssisələrinin, o cümlədən ali məktəblərin inkişaf etmiş şəbəkəsi yaranmış, Elmlər Akademiyası formalaşmış, qadınların hüquqlarının qorunması və sosial-iqtisadi həyatda fəal iştirakı təmin olunmuş, onlarca teatr açılmış, kino sənəti inkişaf etmiş, minlərlə qəzet və curnal çap olunmağa başlamışdı.
Təəssüflər olsun ki, həmin dövrdə yaradılmış o böyük potensial hərc-mərclik illərində dağıntılara məruz qaldı. Azərbaycanın düçar olduğu Dağlıq Qarabağ faciəsi vəziyyəti daha da ağırlaşdırdı.
1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin iclasındakı çıxışımda respublikada o dövrdə yaranmış gərgin vəziyyəti, mövcud olan dərin siyasi böhranı şərh edərək təxirəsalınmaz tədbirlərin gerçəkləşdirilməsindən, o cümlədən Bakıda fövqəladə vəziyyətin ləğv edilməsindən, Dağlıq Qarabağ probleminin tədricən Dağlıq Qarabağ faciəsinə çevrilməsi təhlükəsindən, Azərbaycan Kommunist Partiyasının ləğv edilməsinin zəruriliyindən söz açdım. Tarixə nəzər salarkən qeyd etdim ki, Azərbaycan xalqı 20-ci ildən indiyədək bu cür ağır, çətin və çıxılmaz vəziyyətdə olmayıb. Biz 1922-ci ildən SSRİ-nin tərkibindəyik. SSRİ tərkibində olan heç bir müttəfiq respublikanın başına belə bəla gəlməyib. Heç bir müttəfiq respublika başqa müttəfiq respublikanın təcavüzünə məruz qalmayıb. Bu xırda məsələ deyil, bunu geniş müzakirə etmək lazımdır, danışmaq lazımdır, məsləhətləşmək lazımdır, dil tapmaq lazımdır, yol tapmaq lazımdır. Bu məsələyə tələm-tələsik baxmaq olmaz. Mən sizi həmin məsələyə bu cür mövqedən yanaşmağa dəvət edirəm. Buna görə də hesab edirəm ki, Dağlıq Qarabağda vəziyyətin normallaşdırılması - məsələnin dar çərçivədə qoyulması deməkdir. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması - məsələ belə qoyulmalıdır və biz bunun üçün çarə, çıxış yolu tapmalıyıq. Ona görə də biz gərək təhlil edək: nə cür oldu ki, biz Dağlıq Qarabağı əldən verdik. Üç il bundan qabaq Dağlıq Qarabağ Azərbaycanın tərkibində idi. Pis idi, yaxşı idi - Azərbaycanın tərkibində idi. Düzdür, Dağlıq Qarabağ məsələsi 1920-ci ildən başlanıb. 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayəti yaranıb. Sonrakı illərdə bu məsələ erməni millətçiləri tərəfindən qaldırılıb. Ancaq gəlin tarixə düzgün qiymət verək. Gəlin etiraf edək ki, o dövrlərdə erməni millətçilərinin qarşısı alınmışdı.
Bəs nə cür oldu ki, respublikamız bu qədər böyüdü, yüksəldi, nüfuz qazandı, ölkədə, dünyada tanındı, lakin 1988-ci ildə Azərbaycan torpağının bir hissəsi əlindən getdi? Bu sualları qaldıraraq mən Ali Soveti, bütün qüvvələri, bütün Azərbaycan vətəndaşlarını hərtərəfli və konstruktiv bir proqram hazırlamağa çağırırdım. O dövrdə tam aydın idi ki, 1988-ci ildən başlayaraq hadisələri Azərbaycan xalqının iradəsi yox, erməni separatçıları idarə edirdilər. Hadisələr gerçəkləşdikdən sonra tədbirlər haqqında fikirləşməyə başlayan daim uduzur. Erməni separatçıları monolit bir qüvvə olaraq, ümummilli bir platforma səviyyəsində düşünülmüş addımlar ataraq, Dağlıq Qarabağı Azərbaycandan təcrid etmək yolunda hər gün yeni uğurlar qazanırdılar. Bunun müqabilində, o dövrdə təəssüf ki, heç bir qüvvə Azərbaycanda adekvat və konstruktiv addımlar atmağa qadir olmadı. Faciənin köklərini məhz burada axtarmaq lazımdır.
O dövrdəki Azərbaycan rəhbərliyi sadə bir həqiqəti nəzərə almırdı ki, dünyanın siyasi mənzərəsi böyük sürətlə dəyişməkdə idi. Yeni coğrafi-siyasi vəziyyət yeni strategiyaların formalaşmasını tələb edirdi və günün bu tələblərinə Azərbaycan, təəssüf ki, cavab verə bilmədi. Yenidənqurmanı dəstəkləyən bir qüvvə kimi rəsmi qeydiyyata alınan Azərbaycan Xalq Cəbhəsi hərəkatı qısa bir müddətdə özünü Azərbaycan ziyalılarının əsas kütləsindən təcrid etdi, dərin elmi təhlil və siyasi proqnozlar əsasında ümummilli platforma yaratmaq əvəzinə, populist çıxışlara və meydan əhval-ruhiyyəsinə üstünlük verdi. Nəticədə Kommunist Partiyası - Xalq Cəbhəsi xətti üzrə formalaşmış qarşıdurma hakimiyyət uğrunda mübarizə müstəvisinə yönəldildi. Dağlıq Qarabağda böyük məharətlə hazırlanmış hiyləgər planların gerçəkləşdiyi bir vaxtda özlərini böyük siyasətçi sayan bu şəxslər səriştəsiz hərəkətləri ilə vətəndaşlarımızı bu oyunun qurbanlarına çevirdilər. Əfsuslar olsun ki, xalq adından çıxış edən bu insanlar öz şəxsi maraqlarını, öz şəxsi ambisiyalarını, hakimiyyət hərisliyini ümummilli mənafelərdən üstün tutdular.
Məhz bu baxımdan bu gün də biz bu ağılsız siyasətin nəticələrini aradan qaldıra bilmirik. Əgər Dağlıq Qarabağ faciəsinin bir qütbündə erməni separatçılığı, erməni terrorizmi, Azərbaycana qarşı torpaq iddiaları durursa, digər qütbündə, - nə qədər acı olsa da, bunu etiraf etmək lazımdır, - bizim bəzi siyasətçilərimizin səriştəsizliyi, hakimiyyət hərisliyi, hədsiz-hüdudsuz şəxsi ambisiyaları durur. Məhz onlar bu gün tarixi təhrif edərək, Dağlıq Qarabağ qarşıdurmasını, Azərbaycan xalqının Dağlıq Qarabağ məsələsində Moskvanın tutduğu ədalətsiz mövqeyinə kəskin etiraz aksiyalarını öz şəxsi nailiyyətləri kimi qələmə verməyə başlayırlar. Bu gün həmin şəxslər o dövrdəki səhvlərinə bəraət qazandırmaq istərkən müxtəlif bəhanələr gətirirlər.
Amma yaxın və uzaq tarix göstərir ki, bütün bu hücumlara, bütün bu təqiblərə Azərbaycan xalqı layiqincə cavab verməyə qadir idi. Əgər bütün Azərbaycan xalqını hiddətləndirən, vahid sarsılmaz bir qüvvə kimi Azadlıq meydanına toplayan milli qürur, milli oyanış, milli dirçəliş hisslərindən konstruktiv şəkildə istifadə olunsaydı, biz bu gün Dağlıq Qarabağ probleminin həlli ilə məşğul olmazdıq. Xalq çox tez başa düşdü ki, onun ən ülvi, ən müqəddəs, ən pak hissləri siyasi alverə, siyasi rəqabətə, kiminsə ucuz siyasi ambisiyalarının gerçəkləşməsinə xidmət edir. Bu ağır mənəvi sarsıntıdan, bu acı həqiqətin yaratdığı psixoloci zərbədən bir çox vətəndaşlarımız bu gün də özlərinə gələ bilmirlər.
Respublikanın Ali Sovetində etdiyim sonrakı çıxışlarımda da bir neçə dəfə təklif etdim ki, gəlin bir daha ictimai-siyasi durumu təhlil edək. Mənə isə cavab verirdilər ki, Dağlıq Qarabağ heç vaxt indiki qədər bizim olmayıbdır. Həqiqət isə ondan ibarət idi ki, vaxtilə Sovet İttifaqının rəhbərlərindən biri olduğuma görə, öz siyasi təcrübəmə əsaslanaraq yaxşı anlayırdım ki, mənim xalqımı uçuruma, fəlakətə aparırlar.
1987-ci ildən başlayaraq ortaya atılan qondarma Dağlıq Qarabağ problemi Azərbaycan xalqı tərəfindən elə ilk günlərdən respublikanın ərazi bütövlüyünə qarşı, vətəndaşların Konstitusiya hüquqlarının pozulmasına yönəldilmiş bir cəhd kimi qəbul olundu. Lakin sərhədlərimizin toxunulmazlığı müxtəlif səviyyəli dövlət qurumları tərəfindən rəsmən dəfələrlə təsdiq edilsə də, Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarılması məqsədini güdən siyasət mərhələ-mərhələ həyata keçirilirdi.
Hələ 1988-ci ilin martında SSRİ rəhbərliyi Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi haqqında xüsusi bir qərar qəbul edərək, əslində Dağlıq Qarabağın Azərbaycan SSR-in tabeliyindən çıxarılmasının təməlini qoydu. Heç bir obyektiv əsasa istinad etməyən, qondarma səbəblərlə qəbul edilmiş bu qərarla Dağlıq Qarabağa müstəsna hüquqlar verildi, külli miqdarda vəsait ayrıldı, vilayətin bir çox məsələlərinin həlli birbaşa ittifaq, nazirlik və qurumlarına həvalə edildi. Azərbaycan SSR Ali Sovetinin 17 iyun 1988-ci il tarixli qərarında isə qeyd olunurdu ki, mərkəzin həmin qərarı ilə həyata keçirilən tədbirlər "Muxtar vilayətin məhsuldar qüvvələrinin inkişafının sürətləndirilməsi, onun istər erməni və azərbaycanlı əhalisinin, istərsə də başqa millətlərinin iqtisadi və mənəvi tələbatının ödənilməsi üçün əlverişli şərait yaradır".
Dağlıq Qarabağ Muxtar Vilayətini Azərbaycanın tabeliyindən çıxarmaq yolunda mərkəzin atdığı növbəti addım SSRİ Ali Soveti Rəyasət Heyətinin muxtar vilayətdə xüsusi idarəetmə forması yaratmaq haqqında 1989-cu il yanvarın 12-də verdiyi fərman oldu. Dağlıq Qarabağın idarə olunması mərkəzin nümayəndəsi A.İ.Volskinin başçılığı ilə yaradılmış xüsusi idarəetmə komitəsinə həvalə edildi. Bu, faktiki olaraq Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibindən çıxarılması demək idi.
SSRİ rəhbərliyi qəbul etdiyi rəsmi sənədlərdə belə bir təsəvvür yaratmağa çalışırdı ki, o, regionda yaranmış vəziyyəti normallaşdırmaq üçün atdığı addımlarda həm Azərbaycana, həm də Ermənistana münasibətdə paritetlik mövqeyindən çıxış edir. Halbuki mərkəzin Azərbaycana, azərbaycanlılara qarşı qərəzli münasibəti açıq-aşkar göz qabağında idi. Azərbaycanlılar hələ 1988-ci ildən əvvəl də SSRİ-nin mərkəzi kütləfi informasiya vasitələrində və Ermənistanın müxtəlif mətbu orqanlarında məqsədyönlü şəkildə həyata keçirilən ideoloci təcavüzə məruz qalırdılar. "Mənfi azərbaycanlı obrazı" yaratmaq həmin kampaniyanın əsas məqsədi idi. Bu, 1988-ci ildə Ermənistan SSR-də, eləcə də Dağlıq Qarabağ muxtar Vilayətində başlanmış kütləvi etnik təmizləmə əməliyyatının hazırlıq mərhələsi hesab edilə bilər. Ermənistanda yaşayan azərbaycanlıların misli görünməmiş qəddarlıqla ata-baba yurdlarını tərk etməyə məcbur edilmələri zamanı neçə-neçə soydaşımız, o cümlədən qocalar, qadınlar və uşaqlar qətlə yetirildi. SSRİ-nin recimi dövlət qurumları, hüquq-mühafizə orqanları və kütləvi informasiya vasitələri Dağlıq Qarabağ probleminə olduqca böyük diqqət yetirdiyi halda, Azərbaycan xalqının böyük faciəsi tam sükutla müşayiət olundu. Azərbaycan rəhbərliyinin bu məsələdə tutduğu laqeyd mövqe isə öz xalqına qarşı əsl cinayət idi.
Ermənistan SSR Ali Soveti Azərbaycan rəhbərliyinin bu mövqeyindən "cəsarətlənərək", 1989-cu il dekabrın 1-də Dağlıq Qarabağın Ermənistan SSR ilə birləşməsi haqqında qərar qəbul etdi. 20 Yanvar hadisələrinə bir neçə gün qalmış, yəni 1990-cı il yanvarın 15-də isə SSRİ Ali Soveti Rəyasət Heyətinin "Dağlıq Qarabağ Muxtar Vilayətində və bəzi digər rayonlarda fövqəladə vəziyyətin elan olunması haqqında" fərmanı ilə əslində azərbaycanlıların Dağlıq Qarabağdakı ev-eşiklərinə qayıtmaq ümidlərinə də son qoyuldu. Fərmanın başlığından göründüyü kimi, muxtar vilayətin və "bəzi digər rayonların" kimə mənsub olması məsələsi də artıq sual altına qoyulurdu.
Mərkəzin Azərbaycana qarşı qərəzli siyasət yeritməsi, respublika rəhbərliyinin xalqın taleyinə açıq-aşkar laqeydlik nümayiş etdirməsi geniş xalq kütlələri içərisində qəzəb və etirazlara səbəb olurdu. Onlar get-gedə daha aydın şəkildə dərk edirdilər ki, Azərbaycan rəhbərliyi respublikanın, xalqın taleyi ilə bağlı gedən oyunların qarşısını almaqda acizlik və qətiyyətsizlik göstərir, bəlkə də rəhbər mövqelərini qoruyub saxlamaq üçün mərkəzlə sövdələşərək xalqa qarşı gizli xəyanətkar planlar həyata keçirir. Xalqın bütün məsuliyyəti öz üzərinə götürməkdən, bu xəyanətkar planların həyata keçirilməsinin qarşısını almaq üçün ayağa qalxmaqdan başqa bir yolu qalmamışdı.
SSRİ rəhbərliyi də respublikada haqq-ədalətin bərqərar edilməsi uğrunda səsini qaldıran xalqa açıq divan tutmaq yolunu seçdi. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin 1990-cı il yanvarın 20-də fövqəladə vəziyyət elan edilmədən Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edildi.
Ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və Sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədi ilə həyata keçirilmiş 20 Yanvar faciəsi totalitar kommunist reciminin Azərbaycan xalqına qarşı hərbi təcavüzü və cinayəti idi.
Törədilmiş cinayət və onun nəticələri göz qabağında olduğu halda, respublika rəhbərliyi baş vermiş faciənin mahiyyətini hər vasitə ilə ört-basdır etməyə cəhd göstərmişdir. Xalqın tələbi və bir qrup deputatın təşəbbüsü ilə Azərbaycan SSR Ali Sovetinin 1990-cı il yanvarın 22-də Yanvar faciəsi ilə bağlı çağırılmış sessiyasına respublikanın əksər siyasi və dövlət rəhbərlərinin gəlməməsi isə onların xalqın taleyinə biganə qaldıqlarını, törədilmiş cinayətdə bu və ya digər dərəcədə iştirak etdiklərini bir daha təsdiq etmişdir. Respublika rəhbərliyi hətta şəhidlərin dəfn mərasiminə gəlməyi belə lazım bilməmişdir.
20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi tələbi ilə dəfələrlə çıxış edən Azərbaycan Xalq Cəbhəsi də hakimiyyətdə olduğu dövrdə faciəyə siyasi qiymət vermək üçün öz imkanlarından istifadə etməmişdir. Beləliklə, hadisələrdən uzun müddət keçsə də, keçmiş SSRİ-nin və Azərbaycanın rəhbərliyi tərəfindən xalqa qarşı törədilmiş ağır cinayət açılmamış qalmışdı.
Hələ Azərbaycanda Sovet hakimiyyəti dövründə 20 Yanvar faciəsi ilə bağlı olan və geniş xalq kütlələri tərəfindən yığılıb dövlət istintaq komissiyasına təhvil verilmiş konkret dəlil və sübutlar qəsdən Azərbaycandan çıxarılıb aparılmışdı. O dövrdə Azərbaycanın prokurorluq və hüquq-mühafizə orqanları müvafiq istintaq tədbirləri həyata keçirməmiş, hətta əksinə, 20 Yanvar faciəsi ilə bağlı bir sıra məxfi sənədlər, o cümlədən mühüm arxiv sənədləri bütövlükdə və ya qismən məhv edilmişdi.
SSRİ-nin digər bölgələrində, o cümlədən Tbilisidə və Baltikyanı ölkələrdə baş vermiş hadisələr Sovet rəhbərliyi, xalq deputatları qurultayı səviyyəsində müzakirə edilsə də, 20 Yanvar faciəsi zamanı baş vermiş hadisələr şüurlu şəkildə təhrif edilərək, yanlış yozuma və unutqanlığa məhkum edilmişdi.
Yalnız 1994-cü ildə 20 Yanvar hadisələrini lazımınca qiymətləndirmək yolunda ciddi addımlar atılmışdır. Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 1994-cü il tarixli fərmanı ilə Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikasının Milli Məclisi həmin məsələyə xüsusi sessiya həsr edərək, bir neçə gün davam edən iclaslarında yanvar hadisələrinin əsl səbəblərini açıqlamış, həqiqi günahkarları aşkar etmişdir. 1990-cı il yanvarın 20-də törədilmiş faciəli hadisələrə Milli Məclisin 29 mart 1994-cü il tarixli qərarı ilə siyasi-hüquqi qiymət verilmişdir.
XX əsr tarixində totalitarizmin törətdiyi ən qanlı terror aktlarından biri olan 20 Yanvar faciəsində Azərbaycan xalqına qarşı işlədilmiş cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli bir əməldir. Həmin cinayəti törədənlər indiyədək öz cəzalarını almamışlar. Xalqımız əmindir ki, müqəssirlər tarix, bəşəriyyət, eləcə də Azərbaycan xalqı qarşısında cavab verməli olacaqlar.
Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi. 1990-cı ilin Qanlı Yanvarında Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalmış vətən övladları özlərinin fədakarlığı, şəhidliyi ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Bu gün də Azərbaycan xalqı onun milli mənliyini qorumaq üçün öz canlarından keçməyə hazır olan övladları ilə fəxr edir.
SSRİ-nin süqutundan bir neçə il əvvəl başlayan və tarixə "suverenliklər paradı" adı ilə düşmüş prosesin bünövrəsini hələ 1988-ci il noyabr ayında Estoniya qoydu. "Suverenlik haqqında" qəbul edilmiş bəyannamə respublika ərazisində Estoniya qanunlarının ittifaq qanunları üzərində aliliyini elan etdi.
1990-cı ilin mart ayında Litva Ali Soveti Litva dövlətinin müstəqilliyinin bərpa olunduğunu bəyan etdi. 1990-cı il iyunun 12-də Rusiya Federasiyasının xalq deputatlarının birinci qurultayı "Rusiyanın dövlət suverenliyi haqqında" bəyannaməni təsdiq etdikdən sonra, iyul ayında Moskvanın Ali Soveti "Suverenliyin prinsipləri haqqında" bəyannamə qəbul etdi. Belarusun Ali Soveti 1990-cı ilin iyul ayında dövlət suverenliyi haqqında bəyannamə ilə çıxış etdi. Elə həmin ildə Qazaxıstan, Tacikistan, Qırğızıstan da öz suverenliklərini elan etdi.
Beləliklə, 1990-cı il ərzində bir neçə respublika öz suverenliyi haqqında bəyannamə qəbul etsə də, Azərbaycan hələ də fövqəladə vəziyyət şəraitində yaşayırdı, Bakının küçələrində isə əli tüfəngli Sovet əsgərləri öz əməlləri ilə insan hüquqlarının pozulmasını adi bir hadisəyə çevirməkdə idilər.
SSRİ-nin dağılmasının qarşısında öz acizliyini dərk edən Sovet hakimiyyəti 1991-ci il martın 17-də ümumittifaq referendumu keçirdi. Rəsmi elan olunmuş nəticələrə görə referendumda əhalinin 80 faizi iştirak etdi və guya onların 76 faizi ittifaqın saxlanmasına səs verdi. Azərbaycanda da bu referendumun nəticələri kobud surətdə saxtalaşdırıldı.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin, onun yerli strukturlarının zorla keçirdikləri bu referendumda o zaman yalnız Naxçıvan Muxtar Respublikası iştirak etmədi. Bu da öz növbəsində muxtar respublika rəhbərliyinə ağır başa gəldi. Ali Məclisin o zamankı sədri işdən azad edildi, onun yerinə isə Vilayət Partiya Komitəsinin yenicə seçilmiş katibi qeyri-qanuni şəkildə təyin olundu.
Xatırlayaq ki, bütün bunlar baş verdiyi zaman artıq SSRİ-nin dağılması heç kimdə şübhə yaratmırdı və ittifaq respublikalarının bir çoxu öz müstəqilliyini bərpa etmişdi. SSRİ-də 1991-ci il 19-21 avqust dövlət çevrilişini tələm-tələsik müdafiə edən başda Ayaz Mütəllibov olmaqla Azərbaycan Kommunist Partiyasının rəhbərliyi xalqın artan təzyiqini, eləcə də öz hakim mövqeyini saxlamaq üçün 1991-ci il avqustun 30-da Ali Sovetin sessiyasında "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" bəyannamə qəbul etməyə məcbur oldu. Əslində bu bəyannamənin qəbul edilməsi və həmin gün Bakıda fövqəladə vəziyyətin ləğv olunması sentyabrın 8-də Azərbaycanda keçiriləcək prezident seçkilərini təmin etməyə yönəldilmişdi. Bu sessiya deputatlardan bir neçəsinin təkidinə baxmayaraq, o zamankı rəhbərlik referendum yolu ilə müstəqillik haqqında xalqın rəyini öyrənməyi lazım bilmədi. Bundan başqa, müstəqillik haqqında bəyannamə iki həftə ərzində "Azərbaycanın dövlət müstəqilliyi haqqında" Konstitusiya aktının qəbul edilməsini nəzərdə tutsa da, naməlum səbəblərdən bu iş düz 48 gün, yəni oktyabrın 18-nə qədər, onun dərc olunması isə daha 20 gün yubadıldı. Konstitusiya aktı qəbul edilərkən Ali Sovet bu haqda referendum keçirmək haqqında qərar qəbul etməli idi. Bu da naməlum səbəbdən noyabrın 15-nə qədər yubadıldı.
SSRİ-nin saxlanması ilə bağlı digər cəhdlər ondan ibarət oldu ki, Qorbaçov və doqquz respublika başçısı "9+1" bəyannaməsini qəbul etdi və Novo-Oqaryovo danışıqlar prosesi başlandı. Sovet İttifaqının yerinə müstəqil dövlətlər birliyinin yaradılmasına cəhd göstərildi və 1991-ci il avqustun 20-də ittifaq müqaviləsinin imzalanması nəzərdə tutuldu. Bundan sonra Moskvada məşhur avqust qiyamı baş verdi və Azərbaycan rəhbərliyi bütövlükdə fövqəladə recimin tətbiq olunmasını dəstəklədi. Maraqlı faktdır ki, artıq Moskva curnalistləri Qorbaçovun Forosdan qayıtmasını və Yanayev-Kryuçkov güruhunun qarşısının alınması haqqında kadrları şərh etdiyi bir vaxtda, Azərbaycan diktorları hələ də "QKPÇ"-nin qərarlarını oxumaqda idilər. İttifaq müqaviləsinin imzalanması təxirə salındı, müəmmalı avqust qiyamı isə əslində totalitar sistemin dağılmasının son nöqtəsini qoydu. Rusiya prezidentinin sərəncamı ilə Rusiyanın ərazisində Kommunist Partiyasının fəaliyyəti dayandırıldı və Mərkəzi Komitə ləğv olundu.
1991-ci il sentyabrın 14-də Azərbaycan Kommunist Partiyasının 23-cü fövqəladə qurultayında Azərbaycan Kommunist Partiyası da ləğv olundu.
1991-ci il aprelin 9-da Gürcüstanın Ali Soveti referendumun nəticələrini nəzərə alaraq, dövlət müstəqilliyinin bərpası haqqında müvafiq akt qəbul etdi, avqust qiyamından sonra isə əksər Sovet respublikaları öz müstəqilliyini bəyan etdi. Təəssüflər olsun ki, Azərbaycan bunların sırasında deyildi.
1991-ci il dekabrın 1-də Ukraynada keçirilən referendumun nəticələri şərh edilərkən aydın oldu ki, bu respublika ittifaq müqaviləsinə qoşulmayacaqdır. Bir neçə gün sonra isə Rusiyanın, Ukraynanın və Belarusun başçıları Belovecsk sazişləri əsasında bəyan etdilər ki, Sovet İttifaqı öz fəaliyyətini dayandırır və artıq beynəlxalq hüququn subyekti kimi mövcud deyildir. 1991-ci il dekabrın 8-də SSRİ, əslində, öz tarixirnin son gününü yaşadı.
Məsələ bundadır ki, 80-ci illərin sonu - 90-cı illərin əvvəllərində SSRİ-nin dağılması və mərkəzdənqaçma meylləri ittifaq respublikalarının hərəsində bir cür təzahür edirdi. Bu proses Pribaltika respublikalarında, Ukrayna, Belarus, Gürcüstan, Ermənistan, Moldova və başqa respublikalarda yerli rəhbərliklə xalq kütlələrinin vahid məqsəd və hərəkəti ilə müşayiət olunduğu üçün daha ağrısız və itkisiz keçirdi.
1991-ci il dekabrın 29-da nəhayət ki, Azərbaycan Respublikasında da ümumxalq referendumu keçirildi. Bu referendumun bülleteninə cəmi bir sual daxil edilmişdi. Bu sual müstəqillik haqqında Konstitusiya aktına münasibəti öyrənmək məqsədini daşıyırdı və əhalinin 95 faizi bu referendumda iştirak edərək müstəqillik, suverenlik yolunu seçdi. Beləliklə də, Azərbaycanın müstəqilliyi yalnız SSRİ dağıldıqdan sonra öz tam hüquqi təsdiqini tapdı, müstəqillik haqqında Konstitusiya aktı qüvvəyə mindi.
Bütün bunlar göstərir ki, o zamankı respublika rəhbərliyi Azərbaycanın dövlət müstəqilliyinə var gücü ilə müqavimət göstərir və onun artıq dağılmış SSRİ-dən çıxmasına hər vəchlə mane olurdu.
Hətta müstəqillik haqqında Konstitusiya aktı qəbul ediləndən sonra Azərbaycan rəhbərliyi respublikanın müstəsna səlahiyyətinə aid olan bir sıra məsələləri keçmiş ittifaqın Dövlət Şurasının iştirakı ilə həll etməyə çalışmış, yerli hərbi qüvvələrin vahid ittifaq rəhbərliyinə tabe edilməsinə razılığını bildirmişdi. Bundan başqa, SSRİ Ali Sovetinin işində iştirak etmək üçün Azərbaycandan oraya 27 deputat göndərməyə cəhd etmiş, yalnız deputatların ciddi müqaviməti nəticəsində buna nail ola bilməmişdi.
Azərbaycan Respublikasının dövlət müstəqilliyini əldə etməsi 1980-ci illərin birinci yarısından başlayaraq, keçmiş Sovetlər İttifaqında və bütün dünyada gedən ictimai-siyasi proseslərin zəruri nəticəsi idi. Bu tarixi və obyektiv proseslər nəticədə SSRİ-nin dağılmasına, Kommunist Partiyasının tarixi səhnədən çıxmasına və müttəfiq respublikaların hər birinin müstəqil dövlətə çevrilməsinə gətirib çıxarmışdır. Bunun ardınca baş verən hadisələr - yeni müstəqil dövlətlərin, o cümlədən Azərbaycan Respublikasının dünya ölkələri, müxtəlif beynəlxalq təşkilatlar, Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınması təbii bir hal və beynəlxalq hüquq normalarının qanuni təzahürü idi. Buna görə də Azərbaycanın müstəqillik əldə etməsini heç bir vəchlə müəyyən ictimai-siyasi qüvvələrin, təşkilatların, ayrı-ayrı şəxslərin müstəsna xidmətləri hesab etmək olmaz. Bu, tarixi obyektiv proseslərin qanunauyğun nəticəsi, taleyin Azərbaycan xalqına və bütün keçmiş SSRİ respublikalarının xalqlarına əvəzsiz töhfəsi idi.
XXI əsrin ilk ilində - 2001-ci ildə Azərbaycan Respublikasının öz müstəqilliyini bərpa etməsinin on illiyi tamam olur. Sözsüz ki, əsrin, minilliyin ilk ilində qeyd olunan bu yubiley bizim tariximizin ən mühüm mərhələlərindən birinə çevriləcəkdir. Müstəqilliyə gedən yollar heç də asan və hamar olmayıbdır. Təəssüf olsun ki, bu gün də ən yaxın tariximizi təhrif etmək, onu müxtəlif siyasi qüvvələrin "xeyrinə" saxtalaşdırmaq meylləri duyulur. Bu, dözülməz haldır.
Keçdiyimiz tarixi yola nəzər salarkən aydın olur ki, Azərbaycanın dövlət müstəqilliyi bütün Azərbaycan xalqının milli sərvətidir və bu sərvətin ayrı-ayrı qurumların, şəxslərin inhisarına alınması heç cür yolverilməzdir.
Beləliklə, 1991-ci il oktyabrın 18-də "Müstəqillik haqqında" Konstitusiya aktının qəbul edilməsi ilə XX əsr Azərbaycan tapixinin DÖRDÜNCÜ MƏRHƏLƏSİ başlandı. Biz o vaxtdan azad, sərbəst yaşayırıq, müstəqil dövlətik. Xalqımız öz taleyinin, torpaqlarının, öz ölkəsinin sahibidir.
Müstəqilliyin qorunması onun əldə edilməsindən qat-qat çətin idi. Müstəqil dövlət taleyin xalqımıza bəxş etdiyi töhfə kimi xalqımızın əvəzsiz milli sərvəti olmaqla bərabər, onun rəhbərlərindən tutmuş hər bir vətəndaşı qarşısında böyük məsuliyyət qoyurdu. Yeni tarixi inkişaf mərhələsində Azərbaycan Respublikasının qarşısında dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlət qurulması, respublikanın ərazi bütövlüyünün bərpası, Dağlıq Qarabağ probleminin milli maraqlara uyğun həlli, ölkə əhalisinin təhlükəsizliyinin və rifahının təmin edilməsi kimi mühüm tarixi vəzifələr dururdu. Bütün bunlar ardıcıl, məqsədyönlü, düşünülmüş daxili və xarici siyasətin həyata keçirilməsini və bu məqsədlə ölkənin intellektual və sosial-iqtisadi potensialından, ictimai-siyasi qüvvələrindən səmərəli istifadə olunmasını tələb edirdi.
Lakin Azərbaycanın müstəqillik tarixinin ilk illərinə nəzər salsaq, müstəqil dövlətin qarşısında duran vəzifələrin heç də həmişə ardıcıllıqla və qətiyyətlə həyata keçirilmədiyinin şahidi oluruq. 1991-ci ildə və 1992-ci ilin birinci yarısında respublikaya rəhbərlik edən şəxslər dünyada və SSRİ-də gedən siyasi proseslərə, dünya hadisələrinin inkişaf meyllərinə tam zidd siyasət yeridərək, xalqın müstəqillik iradəsinin əksinə gedərək, bütün mümkün vasitələrlə SSRİ-ni qoruyub saxlamağa çalışanlarla bir mövqedə dayanır və nəyin bahasına olursa-olsun, Azərbaycanın bu dövlətin tərkibindən çıxmasına yol verməməyə cəhdlər göstərirdilər.
Müstəqillik yoluna qədəm qoymuş hər bir ölkə kimi, Azərbaycan üçün də öz daxili və xarici siyasət konsepsiyasını təxirə salmadan hazırlayıb onun həyata keçirilməsinə başlamaq aktual və taleyüklü vəzifə idi. Təəssüf ki, 1991-1992-ci illərdə bu istiqamətdə heç bir iş aparılmadı. Ermənistanın təcavüzü ilə yanaşı, Azərbaycanda daxili ictimai sabitlik də pozulmuş, müxtəlif qanunsuz silahlı dəstələr yaradılmış və respublikamızın daxilində qızğın hakimiyyət çəkişməsi gedirdi. Təbiidir ki, müxtəlif qüvvələrin özlərinə məxsus silahlı dəstələrdən istifadə edərək apardığı bu hakimiyyət mübarizəsi Azərbaycana böyük zərbələr vurdu.
Azərbaycanda siyasi proseslərin bu cür qorxulu və ziddiyyətli gedişi respublika rəhbərliyinin Azərbaycanın müstəqilliyi haqqında 18 oktyabr 1991-ci il Konstitusiya aktı qəbul ediləndən sonra da müstəqil xətt yeritmədiyindən, ikiüzlü, qeyri-ardıcıl siyasət apardığından xəbər verirdi. Məhz o zamankı rəhbərliyin respublikanın real müstəqilliyi üçün əməli addımlar atmaması, xalq kütlələrinin artan narazılığını və etiraz səsini qulaq ardına vurması və bütün bu etirazları boğmağa çalışması həm Azərbaycanın müstəqil dövlət quruculuğunun sonrakı işlərini çətinləşdirmiş, təhlükəli istiqamətə yönəltmiş, həm də Dağlıq Qarabağ problemini çətin düyünə salaraq, bugünkü nəsil üçün ağır problemlər yaratmışdır.
SSRİ dağıldıqdan və Azərbaycan müstəqil dövlət statusu aldıqdan sonra da Mütəllibov hökuməti xarici və daxili siyasətində daha çox müstəqil Azərbaycan dövlətinin deyil, öz hakimiyyət maraqlarını qoruyur və bu məqsədlə də xarici dövlətlərlə münasibətlərdə birtərəfli siyasət yeridirdi. Bütün bunlar Azərbaycanın iqtisadi, siyasi maraqlarına, onun təhlükəsizliyinə, ərazi bütövlüyünə, suveren dövlət hüquqlarının reallaşmasına cavab vermirdi.
Təəssüflə qeyd etmək lazımdır ki, 1992-ci ilin martından may ayına qədərki dövrdə də Azərbaycanın müstəqil dövlətçilik maraqlarından irəli gələn ardıcıl, düşünülmüş siyasət həyata keçirilmədi. Bu dövrdə Azərbaycanda başlanan hakimiyyət uğrunda silahlı mübarizə, hakimiyyətlərin bir-birini əvəz etməsi və çoxhakimiyyətliyin hökm sürməsi müstəqil dövlətçiliyə və onun sonrakı taleyinə çox ağır zərbələr vurdu. Azərbaycanın bu gün də həllinə nail ola bilmədiyi qlobal problemlər məhz həmin çoxhakimiyyətlik və ondan sonrakı hakimiyyət çəkişmələri dövründə yaradılmışdır. Həmin dövrü bütövlükdə Azərbaycanın müstəqillik tarixinin ən ziddiyyətli, ziyanlı və təhlükəli dövrü hesab etmək olar. Cəmi bir neçə ayda müstəqil Azərbaycan dövlətinə elə zərbələr vuruldu ki, bunun təsirini həm indiki nəsil hiss edir, həm də gələcək nəsillər onlardan uzun müddət xilas ola bilməyəcəklər. 1991-1992-ci illər ərzində Dağlıq Qarabağda vəziyyət günü-gündən gərginləşirdi. Xocalı faciəsi baş verdi. 1992-ci il martın 6-da Mütəllibov istefaya getməyə məcbur oldu. Əsl hərc-mərclik dövrü başlandı. Həmin vaxt xəyanət nəticəsində Şuşanın təslim edilməsi, 1992-ci il may ayının 15-də o zamankı müdafiə naziri Rəhim Qazıyevin Silahlı Qüvvələrin kvotası ilə bağlı Daşkənddə imzaladığı xəyanətkar saziş bütün Azərbaycan xalqının və onun silahlı qüvvələrinin bu gününə və gələcəyinə ömürlük zərbə vurmuşdur. O dövrdə yüzlərlə belə hallar baş vermişdir.
Mayın 14-də Mütəllibov yenidən hakimiyyətə qayıtdı, mayın 15-də isə Xalq Cəbhəsi parlamentin binasına hücum təşkil etdi. Mayın 18-də parlament 4 gün əvvəl qəbul etdiyi öz qərarını qanunsuz elan etdi və beləliklə, Mütəllibovun bir daha hakimiyyətə qayıtmaq cəhdləri puç oldu.
1992-ci ilin may-iyun aylarında Cəbhə-Müsavat birliyi hakimiyyəti ələ aldı. Əslində bu, Azərbaycanda neobolşevizm ab-havasının bərqərar olmasına gətirib çıxartdı. İqtisadiyyatda başlanmış hərc-mərclik davam etdi. Respublikanın maddi ehtiyatları qəddarcasına talanır, malların xaricə satışı nəticəsində əldə olunan vəsait xarici banklarda kiminsə şəxsi hesabında yatıb qalırdı. Əhalinin böyük bir hissəsi yoxsulluq həddində yaşayırdı. Azərbaycandan xaricə güclü intellektual axın başlandı və bir çox tanınmış alim, yazıçı, şair, incəsənət xadimi Türkiyəyə, İrana, Rusiyaya və başqa ölkələrə üz tuturdu. Azərbaycan dilinin adı dəyişdirildi və bununla dil haqqında Konstitusiya müddəası kobudcasına pozuldu.
Əgər Mütəllibovun hakimiyyəti dövründə ziddiyətli daxili və xarici siyasət yeridilirdisə, dövlət idarəçiliyi Moskvanın diktəsi ilə aparılırdısa və hər şey SSRİ-nin bərpa olunmasına tabe edilirdisə, indi beynəlxalq siyasətin obyektiv reallıqlarına, Azərbaycan vətəndaşlarının istək və arzularına zidd, obyektiv gerçəkliyi nəzərə almayan, məqsəd və məramı aydın olmayan, dövlət üçün xüsusi təhlükə kəsb edən siyasət yeridilirdi.
Region dövlətləri və qonşularla əsassız gərginliyin yaradılması, Azərbaycanın daxilində etimadsızlıq mühitinin formalaşdırılması və digər hallar getdikcə çox ciddi zərərli nəticələr verirdi.
Bu dövrdə hökumətin daxili və xarici siyasətini xarakterizə edən əsas cəhət həm də ardıcıl, prinsipial bir kursun olmaması idi. Dövlət idarəçiliyi vahid bir konsepsiya və sistem əsasında deyil, ayrı-ayrı məsul vəzifə sahiblərinin qrup maraqlarını ifadə edən təsadüfi bəyanatlar, əksər hallarda bir-birini təkzib edən, ziddiyyətli və emosional çıxışlar üzərində qurulmuşdu.
Hakimiyyətdə olan siyasi qüvvələr tərəfindən tez-tez səsləndirilən məsuliyyətsiz bəyanatlar müstəqil Azərbaycan dövlətinin ali məqsədləri və vəzifələri, prinsipləri və istiqamətləri haqqında beynəlxalq aləmdə yanlış rəy yaradır, onun sivil dünya dövlətlərindən təcrid edilməsinə səbəb olurdu.
Ölkədə daxili vəziyyət gündən-günə pisləşir, respublikada nəinki siyasi, iqtisadi, sosial islahatlar aparılmır, demokratik hüquqi dövlət quruculuğu həyata keçirilmirdi, əksinə, bu iqtidarın atdığı bütün addımlar cəmiyyəti sonu görünməyən uçuruma doğru sürükləyirdi. Onların respublikada yaratdığı ictimai-siyasi xaos, anarxiya, "dövlət reketçiliyi", zorakılıq ənənələri nəticə etibarilə milli və vətəndaş qarşıdurmasının kəskinləşməsinə və hakimiyyətin tam iflasına rəvac verirdi. Belə düşüncəsiz və səriştəsiz siyasət qısa vaxtda AXC-Müsavat hakimiyyətinin ölkə daxilində öz nüfuzunu büsbütün itirməsinə, ölkəmizin regionda və dünyada təklənməsinə, respublika ətrafında faktiki olaraq antiazərbaycan koalisiyasının formalaşmasına gətirib çıxardı. Bütün bunlar - Azərbaycanda dövlət quruculuğu sahəsində baş alıb gedən hərc-mərclik, özbaşınalıq, ayrı-ayrı dövlətlər və siyasi dairələr tərəfindən dəstəklənən siyasi qüvvələrin hakimiyyət uğrunda silahlı mübarizəsi, iqtisadiyyatın dağıdılması, milli sərvətlərin talan edilməsi, Sovet dövründə əldə olunmuş bütün nailiyyətlərdən kor-koranə imtina edilməsi ilə müşayiət olunurdu. Nəticədə, 1993-cü ilin yayında Azərbaycan dövlətçiliyi böhran və məhvolma təhlükəsi qarşısında qaldı, ölkə vətəndaş müharibəsi və parçalanma həddinə gətirildi.
Xalq Cəbhəsinin daxilində keçmiş silahdaşlar arasında baş verən qarşıdurmalar Gəncə qiyamı ilə nəticələndi. Ölkədə mövcud olan dərin siyasi-iqtisadi və sosial böhran hakimiyyəti iflic vəziyyətinə gətirib çıxardı. Baş nazir, Milli Məclisin sədri, bütün güc nazirliklərinin rəhbərləri istefaya getdi. Ölkə heç bir qurum və ya şəxs tərəfindən idarə olunmurdu. Artıq 1993-cü ilin iyun ayında Azərbaycanda dərin siyasi və ictimai böhran hökm sürürdü.
Vəziyyət elə təhlükəli xarakter almışdı ki, 1991-ci ildə əlverişli tarixi şəraitin və taleyin xalqımıza bəxş etdiyi imkandan yaranmış müstəqil dövlətimiz qəsdən və yaxud səriştəsizlikdən yaranan iradəsizlik nəticəsində real itirilmək təhlükəsi ilə üz-üzə qalmışdı. Beləliklə, 1991-1993-cü illər Azərbaycanın müstəqillik tarixində nəinki itirlmiş illər hesab olunur, həm də bu illərdə Azərbaycan "ölüm, ya olum" dilemması qarşısında qalmışdı.
Azərbaycanın Ermənistanla apardığı müharibədə hərbi məğlubiyyətə uğramasının bir neçə xarici və daxili səbəbləri vardır. Bunların sırasında Rusiyanın və xarici ölkələrdəki erməni diasporunun Ermənistana göstərdiyi siyasi dəstəyi və yardımı xüsusilə qeyd etmək lazımdır. Azərbaycandan fərqli olaraq, Ermənistan hələ münaqişə başlanmazdan çox-çox əvvəl onun uğurla başa çatdırılması üçün böyük hazırlıq işləri aparmışdı. Dağlıq Qarabağ məsələsində "Məzlum erməni xalqının haqlarının tapdalanması" haqqında fikirlər hər bir erməninin beyninə yeridilərək onun milli şüurunun hakim komponentinə çevrilmiş, bu məsələdə dünya ictimaiyyətini aldatmaqla onun rəğbətini qazanmaq məqsədi ilə genişmiqyaslı təbliğat işi aparılmışdı. Artıq münaqişə başlayanda Ermənistan Respublikasının rəhbərliyi Dağlıq Qarabağın Azərbaycandan ayrılması zərurəti barədə həm daxildə, həm də xaricdə istisnasız olaraq bütün ermənilərin yekdil rəyinə, birliyinə arxalanırdı. Digər tərəfdən, Ermənistanda ordu yaradılması, Dağlıq Qarabağ zonasında döyüş əməliyyatları aparmağa qadir olan silahlı dəstələr hazırlanması istiqamətində işlər çoxdan aparılırdı.
Azərbaycanda isə vəziyyət tam bambaşqa idi. O zamankı Azərbaycan rəhbərliyi Ermənistanda gedən prosesləri görə-görə nəinki dünya ictimaiyyətinə, heç öz xalqına da Dağlıq Qarabağ haqqında həqiqətləri, real vəziyyəti çatdırmaq niyyətində deyildi. Qorbaçovun bədnam "yenidənqurma" dövründə hakimiyyətə gətirilmiş Əbdürrəhman Vəzirov xalqa, onun milli mənafelərinə zidd siyasəti ilə Dağlıq Qarabağ məsələsində erməniləri öz xəbis niyyətlərini həyata keçirməyə daha da həvəsləndirdi. Azərbaycan xalqının mübarizə əzmini qırmaq məqsədi ilə törədilmiş Qanlı Yanvar hadisələrindən sonra Əbdürrəhman Vəzirov xalqın qəzəbindən qurtarmaq üçün Moskvaya qaçmalı oldu. Ondan sonra hakimiyyətə gələn Ayaz Mütəllibovun aqibəti də eyni cür oldu. Moskvanın göstərişlərini "sədaqətlə" yerinə yetirməkdə öz sələfindən fərqlənməyən Ayaz Mütəllibov ordu yaradılması barədə xalqın tələblərinə məhəl qoymadı, yalnız öz himayəsi üçün silahlı dəstələr yaratdı. Bəli, o, öz hakimiyyətini daxildəki bəzi qüvvələrdən qorumağı Azərbaycan torpaqlarını erməni təcavüzündən müdafiə etməkdən üstün tutdu. Nəticədə, o da Moskvaya qaçmalı oldu. Hakimiyyətə yeni qüvvələr - Xalq Cəbhəsi gəldi. Az keçmədi ki, Əbülfəz Elçibəy hakimiyyəti də öz səriştəsizliyi, orada təmsil olunan qüvvələrin böyük şəxsi ambisiyaları üzündən ölkəni uçurum astanasına gətirib çıxartdı. Hərc-mərcliyin baş alıb getdiyi Azərbaycan vətəndaş müharibəsi həddinə gəlib çatdı. Vəziyyəti nizama salmaqda aciz olan Əbülfəz Elçibəy də gizlicə baş götürüb Kələkiyə getdi. Üç başçı və üç qaçış...
1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə ölkədə hakimiyyət dəyişikliyi baş verdi və müstəqil dövlətçilik tarixinin ikinci dövrü başlandı. Ölkə onu gözləyən fəlakətlərdən, daxili və xarici antiazərbaycan qüvvələrin qəsdlərindən, vətəndaş müharibəsindən, torpaqlarımızın bir-birinin ardınca işğal edilməsindən və nəhayət, müstəqil dövlətçiliyin məhvindən, Azərbaycanın parçalanmasından xilas edilməli idi.
1993-cü ilin iyunundan başlayaraq, ilk növbədə hakimiyyət boşluğu aradan qaldırıldı, respublikanın müxtəlif bölgələrində baş qaldırmış separatçı qüvvələr və parçalanma meylləri sağlam düşüncəli vətəndaşların, xalqın böyük əksəriyyətinin fəal köməyi ilə zərərsizləşdirildi, vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı. Ayrı-ayrı şəxslərə və siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələr ləğv edilməyə başlandı, Azərbaycan dövlətçiliyinə, müstəqilliyə, ərazi bütövlüyünə qəsdlər təşkil edən cinayətkar ünsürlər cəmiyyətdən təcrid edildi və cəzalandırıldı. Dövlət qurumları ilə xalqın birliyi, yekdilliyi təmin edildi, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlarda dövlətə və Vətənə mənsubluq hissləri aşılanmağa başlandı.
Təbiidir ki, Azərbaycanda əsaslı sabitlik yaratmaq və respublikamızın müstəqil dövlət kimi yaşaması üçün Ermənistan-Azərbaycan müharibəsində qəti tədbirlər görmək lazım idi. Çünki, Azərbaycanda mövcud olan daxili çəkişmələr, hakimiyyət mübarizəsi, müxtəlif qüvvələrin təxribatları, Milli Ordunun olmaması, Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsinə imkan yaratmışdır. Onlar Azərbaycanın vəziyyətindən çox çevik istifadə edərək, torpaqlarımızı ardıcıl surətdə işğal edirdilər.
Bu məqsədlə 1993-cü ilin noyabr ayından başlayaraq, bir tərəfdən, Milli Ordunun formalaşdırılması, Azərbaycanın nizami silahlı qüvvələrinin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirilmiş, o biri tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salınmışdı. Bunun nəticəsində 1994-cü ilin mayında Ermənistan-Azərbaycan müharibəsində ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olunmuşdur.
Müharibənin dayandırılması, daxili vəziyyətin nizamlanması, ictimai-siyasi sabitliyin möhkəmləndirilməsi və regionda Azərbaycanla qonşu dövlətlər arasında yaranmış gərginliyin normal məcraya salınması Azərbaycanın müstəqil dövlət kimi yaşamasını və sonrakı inkişafını şərtləndirdi.
Görülən gərgin və əhatəli işlər nəticəsində 1994-cü ildə ATƏT-in Budapeşt sammiti Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsiplərinə uyğun həlli haqqında qərar çıxardı.
1994-cü ilin sentyabrında Azərbaycan daxildə yaranmış nisbi sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edərək, "Əsrin müqaviləsi" adlandırılan ilk neft müqaviləsini imzalamışdır.
Azərbaycanda başlanmış bu işlər əlahidə və bizi istəyən xarici aləmdə inam və sevinc yaratdığı kimi, respublikamızın inkişafını istəməyən daxili və xarici qüvvələrdə qısqanclıq oyadırdı. Azərbaycan dövlətçiliyinə qarşı olan daxili və xarici qüvvələr, müxtəlif ambisiyalı siyasi və hərbi qruplaşmalar öz mövqelərinin itirilməsi, dövlətdə və ölkədə nizam-intizam yaradılması ilə barışmaq istəmirdilər. Onlar müxtəlif xarici dövlətlərin təsiri və köməyi ilə Azərbaycan Respublikasının qanuni hökumətini devirməyə, ölkədə hakimiyyətsizlik mühiti, vətəndaş qarşıdurması yaratmağa dəfələrlə cəhdlər göstərir, müxtəlif dövlət və hökumət rəhbərlərinə qarşı sui-qəsdlər təşkil edirdilər.
1994-cü ilin oktyabrında o zamankı Baş nazir Surət Hüseynovla Xüsusi Təyinatlı Polis Dəstəsinin başçısı Rövşən Cavadov və onun qardaşı Mahir Cavadovun dəstələri tərəfindən və ölkədəki bir çox müxalifət partiyalarının onların hərəkətlərini himayə etməsi nəticəsində dövlət çevrilişinə qəsd baş verdi, qanuni dövlət strukturlarına qarşı yönəlmiş aksiyaların həyata keçirilməsinə cəhd göstərildi. Azərbaycan dövlətinin qətiyyəti və dəyanəti, düşünülmüş tədbirlər nəticəsində, bütün xalqın yekdil və qızğın dəstəyi ilə çevriliş cəhdinin qarşısı alındı. Gecə yarısı ayağa qalxan xalq Prezident Sarayının qarşısında toplaşaraq öz dövlətçiliyini, öz hüquqlarını, öz gələcəyini müdafiə edərək, qiyamçılara layiqli cavab verdi.
Qanuni dövlət orqanlarını devirməyə, siyasi hakimiyyəti zorakılıqla dəyişdirməyə növbəti cəhd 1995-ci ilin martında, yenə də Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Polis Dəstələrinə rəhbərlik edən Rövşən Cavadov və onun qardaşı Mahir Cavadov tərəfindən göstərildi. Həm də bu dəfə əksər müxalifət partiyaları öz məqsədlərini dövlətçilik mənafeyindən üstün tutaraq bilavasitə və dolayısı ilə qəsdçiləri müdafiə etdilər. Baş verən hadisələri düzgün qiymətləndirmək, dövlətçilik mövqeyi tutmaq əvəzinə onlar əhalini çaşdırmağa, qəsdçiləri həvəsləndirməyə yönəldilmiş ziddiyyətli bəyanatlar verdilər. Sonralar bir sıra partiyaların və onların başında duran ambisiyalı siyasətçilərin qəsdçilərlə bilavasitə cinayət əlaqələrinə girdikləri, dövlət hakimiyyətini devirmək və gələcəkdə formalaşdırmaq istədikləri hökumətdə vəzifələri bölmək haqqında razılığa gəldikləri də aşkarlandı. Lakin onların qarşısında yenə də xalqa arxalanan, Azərbaycan dövlətinin və xalqının maraqları naminə qətiyyətlə hərəkət edən Azərbaycan siyasi rəhbərliyinin yenilməz iradəsi dururdu. Qanunsuz silahlı dəstələr, cinayətkar qruplar, xaricdən və daxildən istiqamətləndirilən qüvvələr, Azərbaycan dövlətini silah gücü ilə devirməyə cəhd göstərən qəsdçilər qanuni dövlət orqanlarının gücü ilə tamamilə darmadağın edildilər və layiqli cəzalarını aldılar. Onların açıq və gizli himayədarları isə xalq qarşısında ifşa olundular.
Müstəqil Azərbaycan dövlətinin qüdrəti, gücü bu təhlükənin də qarşısını aldı. Bütün bunlar xalqımızın öz müstəqil dövlətçiliyinə inamını, müstəqillik uğrunda mübarizə əzmini və qətiyyətini bir az da möhkəmləndirdi. Azərbaycan dövləti özünün möhkəmliyini, etibarlılığını, qanunçuluğu və vətəndaşların təhlükəsizliyini hər şeydən yüksək tutduğunu bütün dünyaya nümayiş etdirdi.
1995-ci ilin ortalarında Azərbaycan dövləti bütün qeyri-qanuni silahlı qüvvələrdən artıq xilas olmuş, tamamilə möhkəmlənmiş, keyfiyyətcə yeni bir mərhələyə daxil olmuş, dövlət quruculuğunda, iqtisadi, sosial və mədəni həyatda böyük işlərə başlamaq üçün möhkəm ictimai-siyasi sabitlik və qanunçuluq şəraitinə gətirilmiş dövlətə çevrilmişdi. Bu dövrdə müxtəlif siyasi və hərbi qruplaşmaların ilhamçıları və iştirakçıları, məsuliyyətsiz, ambisiyalı siyasi partiya liderləri öz planlarından və istəklərindən əl çəkməyə məcbur oldular. Azərbaycanda hakimiyyətə gəlmək üçün silahlı dəstələrdən istifadə etmək ənənəsinə son qoyuldu. Bundan sonrakı dövrlərdə xaricdəki və ölkə daxilindəki pozucu qüvvələr Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyi pozmaq, iqtisadi islahatların həyata keçirilməsinə və ölkəyə xarici kapitalın axınının təmin olunmasına mane olmaq məqsədi ilə digər təxribat əməllərinə, hətta ölkə başçısına qarşı terror aktlarına da əl atdılar. Həyata keçirilən məqsədyönlü və qəti tədbirlər nəticəsində bütün bu cəhdlərin qarşısı alındı. Respublikamız dinc və sabitlik şəraitində öz müstəqil dövlətini qurmaq və inkişaf etdirmək imkanı qazandı. Müstəqil dövlət quruculuğunun üçüncü dövrü başlandı.
1995-ci il noyabrın 12-dən, yəni müstəqil respublikamızın Konstitusiyası qəbul olunduqdan və parlament seçkiləri keçirildikdən sonra başlanan bu dövr dövlət quruculuğu baxımından, əlbəttə ki, bizim tariximizin ən məhsuldar dövrüdür.
Məhz ictimai-siyasi sabitliyin yaranması və Azərbaycanın daxilində olan bütün qanunsuz silahlı dəstələrin ləğv olunması, cinayətkar qrupların cinayətlərinin qarşısının alınması - bunlar hamısı Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılmasına şərait yaratdı. Azərbaycan öz dövlət müstəqilliyini elan edərkən bəyan etmişdi ki, Azərbaycan demokratiya yolu ilə irəliləyəcək, ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi gedəcəkdir. Bunlar elan olunmuşdu, ancaq təəssüf ki, Azərbaycanın daxili vəziyyəti, dediyim kimi, çox gərgin olduğuna görə bunlar söz idi, əməli tədbirlər isə lazımi səviyyədə görülmürdü. Azərbaycanda müstəqil dövlətin təsisatlarının yaranması və dövlət quruculuğu prosesi 1995-ci ildə böyük vüsət aldı. Bunun əsasını da Azərbaycanın qəbul etdiyi ilk Konstitusiyası təşkil edirdi. Ondan sonrakı dövrdə Azərbaycanda dövlətçilik möhkəmlənib, demokratik prinsiplər bərqərar olubdur. Demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi uğurla, sürətlə həyata keçirilir. Azərbaycanın öz iqtisadiyyatını bazar iqtisadiyyatı yolu ilə inkişaf etdirməsi üçün imkanlar yaradılıb və bir çox nailiyyətlər əldə olunubdur. Azərbaycan bir dövlət kimi möhkəmlənib, Azərbaycanın Silahlı Qüvvələri, ordusu yaranıb, güclənib, inkişaf edibdir və o, bu gün müstəqil Azərbaycanın milli mənafelərini, torpaqlarını, onun hüdudlarını qorumağa qadir ordudur.
Konstitusiya qəbul olunandan sonra ötən beş il ərzində bizim ali qanunvericilik orqanımız - Milli Məclis tərəfindən 900-dən çox qanun qəbul edilmişdir. Məhz Konstitusiyanın əsasında, qəbul olunmuş qanunların əsasında Azərbaycanda siyasi, iqtisadi, hüquqi, demokratik islahatlar hə yata keçirilir. Bu islahatlar bütün sahələrdə aparılır. Onların ilbəil həyata keçirilməsi Azərbaycanın bütün sahələrdə inkişafını təmin edir.
Azərbaycan öz daxili və xarici siyasətini müəyyən edibdir. Dediyim kimi, daxili siyasət Azərbaycanda demokratik, hüquqi dövlət qurmaq, bazar iqtisadiyyatı yaratmaq və iqtisadi islahatlar aparmaqdan, Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq, hüquqlarının qorunmasını təmin etmək və öz rifah halını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarətdir.
Azərbaycanın xarici siyasəti isə dünyanın bütün dövlətləri ilə bərabər hüquqlu surətdə faydalı əlaqələr qurmaq, inkişaf etdirmək, bu əlaqələrdən həm Azərbaycan Respublikasının beynəlxalq mövqelərini möhkəmləndirmək üçün, həm də respublikanın iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirmək üçün səmərəli istifadə etmək məqsədini daşıyır. Azərbaycanın sülhsevər xarici siyasəti ilk növbədə onun dövlət müstəqilliyinin möhkəmləndirilməsi işinə xidmət edir. Azərbaycan dövlətinin xarici siyasətinin başlıca prinsipləri beynəlxalq hüquq normaları ilə tənzimlənən dövlətlərarası münasibətlərə hörmət etməkdən, bütün dövlətlərin suveren hüquqlarına hörmətlə yanaşmaqdan, bütün mübahisəli məsələləri sülh və danışıqlar yolu ilə həll etməkdən, qarşılıqlı surətdə faydalı iqtisadi, elmi və mədəni əməkdaşlıq yaratmaqdan, dövlətlərarası əlaqələrə mane olan hər cür məhdudiyyətləri aradan qaldırmaqdan ibarətdir. Azərbaycan demokratik və hüquqi dövlət quruculuğu yolu tutduğundan, onun xarici siyasəti də dünya təcrübəsinin bütün nailiyyətlərini, sivil beynəlxalq normaları özündə əks etdirir.
1991-1992-ci illərdə xarici siyasət sahəsində ölkənin beynəlxalq aləmdə mövqelərinin möhkəmləndirilməsinə yönəldilmiş ardıcıl kursun hazırlanıb həyata keçirilməməsi, bəzi dövlət rəhbərlərinin beynəlxalq, regional və dövlətlərarası münasibətlərlə bağlı məsuliyyətsiz bəyanatları Azərbaycanın beynəlxalq nüfuzuna olduqca mənfi təsir göstərirdi. Bu özünü bəzi qonşu dövlətlərlə münasibətdə xüsusilə büruzə verirdi. Ermənistanla müharibə getdiyi bir şəraitdə yaxın qonşularımızdan Rusiya, İran, Mərkəzi Asiya respublikaları ilə münasibətlər keçmiş iqtidarın məsuliyyətsiz bəyanatları üzündən gərginləşmişdi. İlk növbədə yaxın xariclə münasibətləri qaydaya salmaq, əlaqələri bərpa etmək lazım gəlirdi. Azərbaycanın Müstəqil Dövlətlər Birliyinə daxil olması bu yöndə atılmış ilk addımlardan biri idi. Bu quruma daxil olan keçmiş Sovet respublikaları ilə birbaşa ikitərəfli əlaqələrin də möhkəmləndirilməsi istiqamətində ardıcıl iş aparıldı. 1993-cü ilin sonuna qədər Azərbaycanla kəskin münasibətlərə malik olan Mərkəzi Asiya respublikaları ilə əlaqələrin köklü surətdə yenidən qurulması üçün yeni forma və vasitələrdən istifadə edildi. Müstəqil Dövlətlər Birliyi ölkələri ilə iqtisadi əməkdaşlıq məsələlərinə xüsusi önəm verildi. Gürcüstan, Özbəkistan, Ukrayna və Moldova ilə ikitərəfli əməkdaşlıq əlaqələrinin yaradılması öz müsbət nəticələrini verdi.
1993-cü ilin yayından başlayaraq, Türkiyəyə münasibətdə də xarici siyasət kursunda ciddi dəyişikliklər edildi və Azərbaycan-Türkiyə münasibətlərində keyfiyyətcə yeni bir mərhələ başlandı. Bu gün Türkiyə Azərbaycanın ən etibarlı siyasi müttəfiqi, bərabər hüquqlu iqtisadi tərəf-müqabilidir. Son yeddi ildə iki qardaş dövlətin başçılarının qarşılıqlı rəsmi səfərləri zamanı hərtərəfli əməkdaşlığımızı əhatə edən bir sıra mühüm sənədlər imzalanmışdır. Azərbaycan-Türkiyə münasibətləri iki qardaş xalqın mənafelərinə xidmət etməklə yanaşı, dünyada və bölgədə sülhün və əmin-amanlığın bərqərar olması işinə də öz töhfəsini verir.
Azərbaycan qonşu İran dövləti ilə də xalqlarımızın mənafeyinə cavab verən qarşılıqlı faydalı əməkdaşlıq, mehriban qonşuluq prinsipləri əsasındı ikitərəfli normal siyasi, iqtisadi, mədəni münasibətlər yaratmağa müvəffəq olmuşdur. Qərb dövlətlərinin də iştirak etdiyi ikinci neft konsorsiumunda İrana yer ayrılmış, "Şahdəniz" yatağının işlənilməsi üzrə müqavilədə bu ölkəyə pay verilmişdir. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin bütün sahələrini əhatə edən sənədlər imzalanmışdır.
Azərbaycan İslam Konfransı Təşkilatının üzvü olan digər ölkələrlə də son illər ərzində siyasi, iqtisadi, ticarət və mədəni əlaqələrini xeyli inkişaf etdirmişdir. Həmin ölkələrlə İslam Konfransı Təşkilatı və başqa beynəlxalq təşkilatlar çərçivəsində, eləcə də ikitərəfli əməkdaşlığımız məhsuldar və faydalı olmuşdur.
Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Çin, Yaponiya, Fransa, Almaniya, İtaliya kimi iri dövlətlərlə münasibətlər Azərbaycanın xarici siyasətinin məhək daşını təşkil edir. Azərbaycan ilə həmin ölkələr arasında və tərəfdaşlıq prinsiplərinə əsaslanan qarşılıqlı münasibətlər qurulmuşdur. Bu, ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən planetin qlobal məsələlərinin həllində təsir gücünə malik olan nüfuzlu dövlətlərin diqqətini Azərbaycana cəlb etmək üçün 1993-cü ilin sonundan başlayaraq aparılmış ardıcıl işin müsbət nəticəsi kimi qiymətləndirilə bilər.
Xəzər dənizinin enerci ehtiyatlarının mənimsənilməsində, neft və qaz ehtiyatlarının hasilatı və nəqlində Amerika neft şirkətlərinin Beynəlxalq Neft Konsorsiumunda geniş iştirakı Azərbaycan-Amerika Birləşmiş Ştatları əlaqələrinin inkişaf etməsinə təkan vermişdir. Amerika-Azərbaycan münasibətləri haqqında iki ölkə prezidentləri tərəfindən imzalanmış birgə bəyanat, müdafiə nazirlikləri arasında müdafiə və hərbi əlaqələr üzrə əməkdaşlıq, investisiyaların təşviqi və qorunması ticarət və kapital qoyuluşu, banklararası və digər sahələrdə əməkdaşlığı nəzərdə tutan hökumətlərarası sənədlər Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, milli təhlükəsizliyinin təmin olunmasına və sosial-iqtisadi tərəqqisinə xidmət edir. Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında tərəfdaşlıq münasibətlərinin genişləndirilməsi haqqında imzalanmış xüsusi sənəd Amerika iş adamlarının ölkəmizdə fəaliyyət göstərmələri üçün əlverişli şərait yaradılmasının hüquqi bazasını təşkil edir.
Azərbaycan diplomatiyasında Avropa istiqaməti mühüm yerlərdən birini tutur. Son illər ərzində Böyük Britaniya ilə ölkəmizin münasibətləri dinamik şəkildə inkişaf etmişdir. Bu gün Böyük Britaniya beynəlxalq aləmdə Azərbaycanın fəal tərəfdarı kimi çıxış edir. Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli üçün Azərbaycanın göstərdiyi səyləri dəstəkləyir.
Avropanın nüfuzlu ölkələri - Almaniya, Fransa, İtaliya, Belçika, Niderland, Yunanıstan, Polşa, Rumıniya, Bolqarıstan və Skandinaviya ölkələri ilə də respublikamız arasında tam sabit və bərabər hüquqlu əməkdaşlıq münasibətləri yaranmışdır. Bu ölkələrlə imzalanmış 90-dan artıq mühüm sənəd həmin münasibətlərin hüquqi əsasını təşkil edir.
Avropa ölkələri ilə münasibətlərin inkişafında Qədim İpək Yolunun bərpasını nəzərdə tutan TRASEKA proqramının həyata keçirilməsinə başlanması mühüm yer tutur. Bu nəhəng nəqliyyat dəhlizinin mərkəzində yerləşən ölkə kimi Azərbaycan Şərqlə Qərbin qovuşmasında mühüm rol oynayır. Dünyanın ən böyük dövlətlərindən biri və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının daimi üzvü olan Çin Xalq Respublikası, həmçinin nəhəng intellektual potensiala malik Yaponiya bu illər ərzində Azərbaycanın siyasi və iqtisadi tərəfdaşına çevrilmişdir ki, bu da xarici siyasətimizin şəksiz uğurlarıdır. Azərbaycanla İsrail dövləti arasında da siyasi, iqtisadi əlaqələr genişlənməkdədir.
Ötən dövrdə Azərbaycanın beynəlxalq və regional təşkilatlarla da əlaqələri genişlənmiş və möhkəmlənmişdir. Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv qəbul olunması yolunda aparılan iş öz müsbət nəticələrini verməkdədir.
Hazırda Azərbaycan 137 ölkə ilə diplomatik əlaqə qurmuşdur. Vyana Konvensiyasının iştirakçısı olan bütün ölkələrlə respublikamız arasında konsulluq münasibətləri yaradılmışdır. Azərbaycanda 63 xarici dövlətin səfirlikləri fəaliyyət göstərir. Bunların 24-ü bilavasitə Bakıda, 39-u isə həmin dövlətlərin Ankara, Moskva, Tehran və Tbilisi şəhərlərindəki səfirliklərində akkreditə olunmuşdur. Öz növbəsində Azərbaycanın 21 xarici ölkədə səfirlik, baş konsulluq və daimi nümayəndəlikləri fəaliyyət göstərir. Azərbaycan mötəbər beynəlxalq təşkilatlarda da təmsil olunmuşdur.
Bu gün Dağlıq Qarabağ ətrafında Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı Azərbaycanın haqlı tələbləri bütün dünya ölkələri, beynəlxalq və regional təşkilatlar tərəfindən dəstəklənir. Bu, Azərbaycanın xarici siyasət sahəsində apardığı gərgin və məqsədyönlü işin parlaq nəticəsidir.
Azərbaycan diplomatiyasının son illərdə dövlətimizin müstəqilliyi, təhlükəsizliyi və ərazi bütövlüyünün təmin olunmasında, habelə bütün ölkələrdə hərtərəfli, bərabər hüquqlu, qarşılıqlı faydalı əlaqələr qurmaq sahəsində qazandığı böyük uğurlar Azərbaycanın xarici siyasət kursunun düzgünlüyünə, milli maraqları dünyada gedən proseslərlə faydalı şəkildə uzlaşdırmağa qadir olduğuna dəlalət edir.
Xarici siyasət sahəsində köhnə iqtidardan miras qalmış ən mürəkkəb və ağrılı problem Dağlıq Qarabağla bağlı Ermənistan-Azərbaycan münaqişəsidir. Azərbaycanda olan daxili çəkişmələr, hakimiyyət uğrunda mübarizə, müxtəlif qüvvələrin törətdiyi təxribat əməlləri, Ermənistan silahlı qüvvələrinə xaricdən edilən xüsusi yardım Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsinə imkan yaratdı. Bu işğal öncə Dağlıq Qarabağın ərazisini, sonra onun ətrafında olan bir neçə rayonun ərazisini əhatə etdi. İndi Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bu torpaqlardan zorla çıxarılmış bir milyon soydaşımız çadırlarda ağır vəziyyətdə yaşayır.
1994-cü ilin may ayında Ermənistan-Azərbaycan müharibəsində atəşkəs haqqında saziş imzalandı. Hələ tam sülh əldə edilməyibsə də, Azərbaycan altı il yarımdan çoxdur ki, müharibəsiz, dinc şəraitdə yaşayır, şəhid vermir, qan tökülmür. Azərbaycan dövləti bu müddətdə dünyanın bütün beynəlxalq təşkilatlarının, təsirə malik olan böyük dövlətlərin imkanlarından istifadə etməyə çalışmış və bu işdə mühüm uğurlar qazanmışdır. Bu müddət ərzində bir neçə dəfə məsələnin həlli yolunda real fürsətlər yaranmışdır. Lakin Ermənistanın daim pozucu mövqe tutması, Azərbaycanın torpaqlarını işğal etdiyinə görə özünü üstün hesab etməsi, beynəlxalq təşkilatların, Minsk qrupunun, onun həmsədrləri olan Rusiyanın, Amerika Birləşmiş Ştatlarının və Fransanın Ermənistana lazımi təsir göstərə bilməməsi bu problemin indiyə qədər həll olunmasına imkan verməmişdir. Azərbaycan və Ermənistan prezidentlərinin birbaşa danışıqları da hələ konkret bir nəticə verməmişdir.
Bütün bunlara baxmayaraq, Azərbaycan Respublikası münaqişənin sülh yolu ilə həll olunmasını mümkün hesab edir və bundan sonra da bu istiqamətdə səylərini davam etdirmək əzmindədir. Azərbaycan dövləti Minsk qrupunun fəaliyyətinin gücləndirilməsi, səmərəliliyinin artırılması üçün əlindən gələni etməklə yanaşı, Ermənistan və Azərbaycan prezidentlərinin birbaşa danışıqlarının bundan sonra da davam etdirilməsini zəruri hesab edir. Bu hər iki istiqamətdə göstərilən səylər nəticəsində müəyyən kompromislər yolu ilə Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması və sülh əldə olunması gerçəkləşə bilər.
Hər bir ölkənin, xalqın həm yaşaması, həm də dövlətinin mövcud olması üçün əsas şərt onun iqtisadiyyatıdır. Keçmiş SSRİ tərkibində sərt planlaşdırılmış təsərrüfat sistemində 70 ildən çox müddət ərzində fəaliyyət göstərmiş Azərbaycan Respublikası 9 ildir ki, yeni iqtisadi şəraitə qədəm qoymuşdur. Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra keçən müddət ərzində iqtisadi sahədə öz suveren hüquqlarını gerçəkləşdirməyə və müstəqil iqtisadi siyasət aparmağa başlamışdır. Bu siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyət formalarına əsaslanan iqtisadi sistemin formalaşıdırılması, bazar iqtisadiyyatına keçid və dünya təsərrüfat sisteminə inteqrasiya təşkil etmişdir.
Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü, ictimai-siyasi sabitliyin vaxtaşırı pozulması, ölkədə rəhbərliyin tez-tez dəyişməsi 90-cı illərin əvvəllərindən etibarən iqtisadiyyatın əksər sahələrində istehsalın tənəzzülünə və bu prosesin getdikcə dərinləşərək xroniki səciyyə almasına səbəb olmuşdur. 1991-1994-cü illərdə ölkədə istehsal müəssisələrinin böyük əksəriyyəti dayanmış və ya öz gücünün 15-20 faizi səviyyəsində işləmişdir. Həmin illərdə sənayedə illik geriləmə 20-24 faizə, kənd təsərrüfatında 15-20 faizə, kapital qoyuluşunda 40 faizə çatmışdı. İslehlak mallarının qiymətləri ildə 14-18 dəfə artaraq iqtisadi və sosial sahələrdə dağıdıcı rol oynamışdır. Respublikanın iqtisadiyyatı, demək olar ki, tamamilə dağılmış, xalqın rifah halı olduqca aşağı düşmüşdü. Lakin Azərbaycanın əlverişli coğrafi-siyasi vəziyyəti, onun təbii sərvətləri, uzun illər boyu yaradılmış maddi fondları, ümumiyyətlə, böyük sosial-iqtisadi, elmi-texniki potensialı ölkəni bu ağır böhrandan çıxarmağa əsas verirdi. Digər tərəfdən isə yeni iqtisadi islahatlar aparmaq yolu ilə bazar iqtisadiyyatına keçmək istiqamətində məqsədyönlü iş aparılmalı idi.
Yalnız 1994-1995-ci illərdə ölkədə siyasi vəziyyət normal məcraya salındıqdan və ictimai-siyasi sabitlik təmin edildikdən sonra çoxsaylı sosial-iqtisadi problemlərin həlli istiqamətində ardıcıl iş aparılması mümkün oldu. 1995-ci ilin əvvəlindən ölkədə bazar iqtisadiyyatına keçid məqsədi ilə islahatların aparılması kursu müəyyənləşdirildi və ardıcıl olaraq məqsədyönlü islahatlar proqramı həyata keçirilməyə başlandı. Keçən dövr ərzində Azərbaycan ən radikal iqtisadi islahatlar aparmağa qadir olduğunu sübut etdi.
Ötən dövr ərzində ölkədə demokratik dövlət quruculuğu və yeni iqtisadi sistemin formalaşması üçün müvafiq hüquqi bazanın yaradılması yolunda böyük iş aparılmış, 900-ə yaxın qanun qəbul edilmişdir. Onların içərisində torpaq islahatı haqqında, özəlləşdirmə, sahibkarlığın inkişafı, vergi, maliyyə-bank sisteminin yenidən qurulması, ticarətin liberallaşdırılması, inhisarçılığın aradan qaldırılması və rəqabətin inkişafı, əhalinin sosial müdafiəsini təmin edən qanunlar xüsusi yer tutur.
İstehsalatda yaranmış geriləmə hallarının qarşısı bazar iqtisadiyyatına keçid istiqamətində görülən məqsədyönlü tədbirlər nəticəsində alınmış, ölkədə makroiqtisadi sabitlik təmin olunmuşdur. Ümumi Daxili Məhsulun artımı 1996-cı ildə - 1,3 faiz, 1997-ci ildə - 5,8 faiz, 1998-ci ildə - 10 faiz, 1999-cu ildə isə 7,4 faiz olmuşdur. Bu da Müstəqil Dövlətlər Birliyi məkanında ən yüksək göstəricidir.
Həyata keçirilən tədbirlər nəticəsində sənaye istehsalında da artım meylləri müşahidə edilməkdədir. 1997-ci ildə sənaye istehsalının həcmi cəmi 0,3 faiz artmışdısa, 1998-ci ildə artım 2,2 faiz, 1999-cu ildə 3,6 faiz, 2000-ci ildə isə 6,9 faiz olmuşdur.
Artıq, demək olar ki, sənayenin bütün sahələrində, o cümlədən neft və qaz, neft kimyası, metallurgiya, maşınqayırma, tikinti materialları, yüngül və yeyinti sənayesi sahələrində, habelə sənayenin qeyri-dövlət sektorunda ciddi irəliləyiş vardır və bu sahələrdə məhsul istehsalı keçən ilin müvafiq dövrünə nisbətən xeyli çoxalmışdır.
Ölkənin iqtisadi və sosial inkişafını xarakterizə edən makroiqtisadi göstəricilər 2000-ci ilin əvvəlindən xeyli yaxşılaşmışdır. Ümumi Daxili Məhsul istehsalı keçən illə müqayisədə 11,3 faiz və ya 21 trilyon manatdan çox olmuşdur. Ümumi Daxili Məhsulun strukturunda real istehsal sahələrinin xüsusi çəkisi 1999-cu ilə nisbətən 46,3 faizdən 48,7 faizə çatmış, xidmət sahələrinin payı isə 47,5 faizdən 44,6 faizə enmişdir. Adambaşına 2,5 milyon manatlıq (562,3 dollar), yaxud keçən ildəkindən 10,4 faiz çox belə məhsul istehsal olunmuşdur.
Ümumi Daxili Məhsulun tərkibində sənaye məhsulu istehsalının çəkisi 25,6 faiz təşkil etmişdir. İstehsalın həcmi yanacaq sənayesi müəssisələrində 5,3 faiz, elektroenergetikada 3,2 faiz, yeyinti sahəsində 2,1 faiz, kimya və neft kimyası müəssisələrində 34,4 faiz, metallurgiya sənayesində 2,5 dəfə, maşınqayırma müəssisələrində 78,2 faiz, meşə, ağac emalı və sellüloz-kağız sənayesində 10,5 faiz, tikinti materialları sənayesində 21,3 faiz, yüngül sənayedə 47,7 faiz, unüyütmə-yarma müəssisələrində 52,5 faiz çoxalmışdır. Ötən illə müqayisədə sənayenin dövlət bölməsində məhsul istehsalı 2,5 faiz, qeyri-dövlət bölməsində isə 12,5 faiz artmış, ümumi məhsulda onun xüsusi çəkisi 43,9 faizə çatmışdır.
Məlumdur ki, kənd əhalisinin rifahı, kəndin sosial-iqtisadi inkişafı aqrar islahatların gedişindən asılıdır. Ölkədə torpaq islahatının həyata keçirilməsi, torpağın xüsusi mülkiyyətə verilməsi, kolxoz və sovxozların əmlakının özəlləşdirilməsi digər sahələrlə müqayisədə kənd təsərrüfatında islahatların daha sürətlə aparılmasına imkan yaratmışdır. 1995-ci ildən başlayaraq 1300-dən çox kolxoz və sovxoz ləğv olunmuş və onların bazasında 35 minə yaxın kəndli (fermer) təsərrüfatı yaradılmışdır. Demək olar ki, aqrar islahatların birinci mərhələsi başa çatmışdır. Bunun nəticəsində kənd təsərrüfatı istehsalında 1998-ci ildə 4 faiz artım əldə edilmişdirsə, 1999-cu ildə artım 7,1 faiz olmuşdur. Xüsusilə, 2000-ci il kənd təsərrüfatı üçün çox uğurlu olmuşdur.
Kənd təsərrüfatında bitkiçilik məhsullarının yığımı demək olar ki, başa çatmışdır. Dekabrın 1-nə kimi tarlalardan qarğıdalı ilə birlikdə 1538,8 min ton taxıl, 75,6 min üzüm, 468,6 min ton kartof, 764,0 min ton tərəvəz, 407,9 min ton meyvə və giləmeyvə, 260,0 min ton bostan məhsulları, 13,8 min ton tütün və 625 ton yaşıl çay yarpağı toplanmışdır. Keçən illə müqayisədə taxıl istehsalı 445,5 min ton və ya 40,7 faiz, kartof 77,3 min ton, tərəvəz 131,5 min ton, meyvə və giləmeyvə 13,5 min ton, bostan məhsulları 57,1 min ton, tütün istehsalı 5,8 min ton və ya 72,7 faiz artmışdır. Cari ildə 90,5 min tona qədər pambıq toplanıb emal müəssisələrinə təhvil verilmişdir. Pambıq, üzüm və yaşıl çay yarpağı istehsalının azalmasına baxmayaraq, bitkiçilik məhsulları istehsalının həcmi keçən ilə nisbətən 18,6 faiz artmışdır.
Cari ildə diri çəkidə 195 min ton ət, 1070 min ton süd, 550 milyon ədəddən çox yumurta, 12 min tona yaxın yun və 70 tondan çox barama istehsal olunmuş, heyvandarlıq məhsulları istehsalı 1999-cu ilə nisbətən 3,7 faiz artmışdır.
Bitkiçilik və heyvandarlıq məhsulları istehsalında qazanılmış uğurlar kənd təsərrüfatının ümümi məhsulunun keçən illə müqayisədə 12,0 faiz artmasına imkan vermişdir.
Kənd təsərrüfatında aparılan islahatları dəstəkləmək, bu sahədə çalışan adamlara kömək etmək və problemləri aradan qaldırmaq məqsədi ilə 1999-cu ilin yazında xüsusi qanun və fərmanlar qəbul edilmişdir. Kənd təsərrüfatı istehsalçılarının, torpaq vergisi istisna olmaqla, digər vergilərdən 5 il müddətinə azad edilməsi, həmçinin büdcəyə olan vergi borclarının silinməsi, onlara yanacağın (neft məhsullarının) güzəştli satışı və digər tədbirlər bu sahədə dövlət qayğısının təzahürüdür. Həmin tədbirlərin həyata keçirilməsi kənd təsərrüfatı istehsalına əhəmiyyətli təsir göstərmişdir. Bu tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur. Bu sahədə görülən işlərin məqsədyönlü və sistemli şəkildə aparılması üçün aqrar islahatların dərinləşdirilməsi və kənd təsərrüfatında sahibkarlığın inkişafına kömək göstərilməsinə dair dövlət proqramı təsdiq edilmişdir.
2000-ci ildə iqtisadiyyatın və sosial sahələrin inkişafına bütün maliyyə mənbələrindən 4,2 trilyon manat həcmində investisiya yönəldilmiş, 2,0 trilyon manatlıq tikinti-quraşdırma işləri görülmüşdür. Keçən illə müqayisədə istifadə olunmuş investisiyanın məbləği 2,3 faiz, tikinti-quraşdırma işlərinin həcmi 2,4 faiz artmışdır. Əsaslı vəsaitin 51,0 faizini və ya 2,1 trilyon manatını xarici investisiya təşkil etmiş, 3,4 trilyon manatı, yaxud 81,3 faizi istehsal təyinatlı obyektlərin inşasının davam etdirilməsinə sərf olunmuşdur. İlin əvvəlindən Yenikənd Su Elektrik Stansiyası, 1 nömrəli Bakı İstilik-Elektrik Mərkəzində gücü 55 min kvt. olan yeni qaz-turbin elektrik qurğusu, "Qurtuluş" qazma qurğusu, "Azərneftyağ" İstehsalat Birliyində bitum qurğusu kompleksi, 52,9 km uzunluğunda baş Mil-Muğan kollektorunun ikinci hissəsi, Naxçıvan Dövlət Universitetinin tədris korpusu, Bakı şəhərində mərkəzi klinik xəstəxana, ümumi sahəsi 302,5 min kvadratmetrə çatan yaşayış evləri, 1906 yerlik ümumtəhsil məktəbləri, 40 çarpayılıq xəstəxana, növbədə 70 nəfəri qəbul etməyə imkan verən ambulator-poliklinika müəssisəsi və s. istifadəyə verilmişdir. Cari ildən "Şimal" DRES-in yenidən qurulmasına və Ələt-Qazıməmməd avtomobil yolunun tikintisinə başlanmışdır.
Nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən il ərzində 80 milyon ton yük və 880 milyon nəfər sərnişin daşınmış, keçən ilə nisbətən yük daşınması 17,3 faiz, sərnişin daşınması 2,1 faiz artmışdır. Yük daşınmasının 54,6 faizi, sərnişin daşınmasının 83,5 faizi qeyri-dövlət bölməsinin nəqliyyat vasitələri ilə həyata keçirilmişdir.
Rabitə müəssisələri tərəfindən ilin əvvəlindən əhaliyə, müəssisə və təşkilatlara 700 milyard manatdan çox, yaxud keçən ilə nisbətən 33,6 faiz çox rabitə xidməti göstərilmişdir. Xidmətlərdən əldə edilmiş gəlirlərin 61,3 faizi qeyri-dövlət bölməsinin payına düşür.
İlin əvvəlindən əhaliyə 12,8 trilyon manatlıq istehlak malları satılmış və pullu xidmət göstərilmişdir. Əmtəə dövriyyəsi 9,8 faiz artaraq 10 trilyon manatdan çox, pullu xidmətlərin həcmi isə 5,7 faiz artaraq 2,5 trilyon manata çatmışdır.
Cari ildə xarici ölkələrlə 2796 milyon dollar məbləğində, yaxud keçən illə müqayisədə 88,1 faiz çox ticarət əməliyyatları aparılmışdır. Əmtəə dövriyyəsinin 63,3 faizini ölkədən ixrac olunmuş mallar, 36,7 faizini isə idxal məhsulları təşkil etmiş, 680 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. Əmtəə mübadiləsinin 80,7 faizi uzaq xarici ölkələrlə, 19,3 faizi MDB dövlətləri ilə aparılmış, ticarət əlaqələri uzaq xarici ölkələrlə 2,2 dəfə, MDB dövlətləri ilə 18,0 faiz artmışdır.
İstehlak mallarının qiymətləri və xidmət tarifləri il ərzində keçən illə müqayisədə 1,8 faiz bahalaşmışdır. Lakin eyni zamanda, orta aylıq əmək haqqı 15,0 faiz artaraq 204,2 min manat, əhalinin adambaşına pul gəlirləri isə 11,0 faiz çoxalaraq 185,4 min manat təşkil etmişdir.
İqtisadi yüksəlişin həlledici şərti hesab olunan investisiya qoyuluşu son illər artmaqda davam edir. Belə ki, 1996-cı ildə kapital qoyuluşunun həcmi 65 faiz, 1997-ci ildə 67 faiz, 1998-ci ildə isə 45 faiz artmışdır. Kapital qoyuluşunun artmasında ölkəmizə xarici kapital axını həlledici rol oynayır. 1996-2000-ci illərdə ölkə iqtisadiyyatına 5,0 milyard ABŞ dolları həcmində xarici investisiya yönəldilmişdir. İndi Azərbaycanda yalnız neft sektoruna deyil, iqtisadiyyatın digər sahələrinə (rabitə, maşınqayırma, yeyinti, xidmət və s.) xarici investisiya qoyuluşu xeyli artmışdır. Nəticədə xarici investisiyaların ümumi həcmində qeyri-neft sektorunun payı 1996-cı ildə - 33 faiz, 1997-ci ildə 40 faiz olmuşdusa, 1999-cu ildə 50 faizə çatmışdır. Hazırda Azərbaycanda adambaşına 150 ABŞ dollarına yaxın xarici investisiya düşür ki, bu da MDB məkanında ən yüksək göstərici hesab olunur.
Azərbaycanın xarici şirkətlərlə bağladığı neft müqavilələri çərçivəsində neft sənayesinə 60 milyard ABŞ dolları həcmində investisiya qoyulması nəzərdə tutulur. Neft satışından əldə edilən gəliri səmərəli şəkildə ölkəmizin sosial-iqtisadi tərəqqisinə istifadə etmək məqsədi ilə hazırda xüsusi Neft Fondu yaradılmışdır.
Ümumiyyətlə, Azərbaycanın neft strategiyası və bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlər nəinki mühüm sosial-iqtisadi, həm də böyük siyasi əhəmiyyət kəsb edir. Bu da Azərbaycan dövlətinin beynəlxalq aləmdə nüfuzunun artmasına və dövlət müstəqilliyinin möhkəmlənməsinə əyani sübutdur.
Ölkədə islahatların dərinləşməsində özəlləşdirmə prosesi həlledici yer tutur. Son illər bu sahədə xeyli işlər görülmüşdür, artıq kiçik özəlləşdirmə başa çatmışdır. Ölkədə ticarət, ictimai iaşə və bütün xidmət obyektləri demək olar ki, iş adamlarının əlində cəmlənmişdir. Orta və iri sənaye müəssisələrinin özəlləşdirilməsinə başlanmışdır.
Hazırda özəlləşdirmədə yeni mərhələ başlanır. Dövlət əmlakının özəlləşdirilməsi haqqında yeni qanunun və II dövlət özəlləşdirmə proqramının qəbul olunması bu prosesə yeni təkan verəcək, onun daha səmərəli aparılmasını təmin edəcəkdir. Ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edən strateci obyektlərin (metallurgiya, maşınqayırma, yanacaq, neft kimyası, infrastruktur sahələr və s.) özəlləşdirilməsinə hazırlıq işləri gedir. Bu isə hər bir obyektə fərdi yanaşma tələb edir. Odur ki, hər bir belə obyektin ölkə iqtisadiyyatındakı yeri və rolu nəzərə alınmaqla onun özəlləşdirilməsi planı işlənib hazırlanacaqdır.
Azərbaycan dövlətinin iqtisadi siyasətinin mühüm istiqamətlərindən biri də sahibkarlığın inkişaf etdirilməsidir. Bu məqsədlə ölkədə sahibkarlığın inkişafı üçün müvafiq hüquqi baza yaradılmışdır. Özəlləşdirmə tədbirlərinin həyata keçirilməsi və sahibkarlığın inkişafına şərait yaradılması nəticəsində hazırda Ümumi Daxili Məhsulda özəl bölmənin payı 62 faizə, o cümlədən sənayedə 43 faizə, kənd təsərrüfatı və ticarətdə 98 faizə, tikintidə 77 faizə, yük daşınmasında 45 faizə, sərnişin daşınmasında 80 faizə çatmışdır.
Bu gün ölkədə sahibkarların hüquqlarının qorunması mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq sahibkarların hüquqlarını müdafiə edən, onların fəaliyyətinə yersiz müdaxilənin və əsassız yoxlamaların qarşısını alan iki fərman (1996-cı il 17 iyun tarixli və 1999-cu il 7 yanvar tarixli) qəbul edilmişdir.
Ölkədə əlverişli sahibkarlıq mühiti yaratmaq məqsədi ilə bundan sonra da müvafiq tədbirlərin həyata keçirilməsi davam etdiriləcəkdir.
Qeyd etmək lazımdır ki, aparılan islahatların sosial yönümü və əhalinin sosial müdafiəsi tədbirləri dövlətin iqtisadi siyasətində mərkəzi yer tutur və bu sahədə müntəzəm olaraq məqsədyönlü iş aparılır. Son illər əmək haqqının artırılması barədə dövlət tədbirlərinin həyata keçirilməsi nəticəsində işçilərin orta aylıq nominal əmək haqqı xeyli artmışdır. Son 5 ildə (1994-1999-cu illər) orta aylıq əmək haqqı 12 dəfə artaraq, 184,4 min manat təşkil etmişdir. 2000-ci ilin yeddi ayı ərzində bu göstərici artmaqda davam etmiş və hazırda bir işçinin aylıq orta əmək haqqı 204,2 min manata bərabərdir. Burada mühüm bir cəhəti də nəzərə almaq lazımdır ki, əmək haqqının artımı inflyasiyanın çox aşağı səviyyədə olması (son iki ildə isə deflyasiya - istehlak qiymətlərinin aşağı düşməsi) şəraitində baş vermişdir. Əgər 90-cı illərin birinci yarısında inflyasiyanın artımı əhalinin pul gəlirlərinin artım sürətini üç dəfə üstələyirdisə, son 5 il ərzində isə, əksinə, əhalinin pul gəlirinin artım sürəti inflyasiyanın səviyyəsini 2,5 dəfədən çox qabaqlamışdır. Başqa sözlə, əhalinin alıcılıq qabiliyyəti 2,5 dəfə artmışdır.
Son illərdə büdcədən maliyyələşdirilən təşkilatlarda işçilərin əmək haqları bir neçə dəfə artırılmış, böyük qrup ədəbiyyat, incəsənət və elm xadimlərinə, habelə gənc istedadlara fərdi təqaüdlər müəyyən edilmişdir. Məsələn, 1999-cu il avqustun 1-dən dövlət büdcəsindən maliyyələşdirilən bir sıra müəssisə və təşkilatlarda işləyən fəhlə və qulluqçuların əmək haqları 1,8 dəfə, 2000-ci il yanvarın 1-dən təhsil işçilərinin, aprelin 1-dən elm, mədəniyyət və sosial təminat sahələrində çalışan işçilərin əmək haqları 25 faiz artırılmışdır.
2000-ci il yanvarın 1-dən əmək haqqının vergi tutulmayan minimum həddi 60 min manatdan 100 min manata qaldırılmışdır ki, bu da ölkə vətəndaşlarının real gəlirinin artmasına xeyli imkan yaradır. Ölkədə vətəndaşların pensiya təminatının yaxşılaşdırılmasına yönəldilmiş tədbirlərin həyata keçirilməsi nəticəsində orta aylıq pensiyanın məbləği 2 dəfədən çox artmışdır.
2000-ci il ərzində işləməyən əhaliyə ödəniləcək pensiya və müavinətlər vaxtlı-vaxtında ödənilmişdir. Hazırda bu sahədə praktiki olaraq borc qalmamışdır və yaxın günlərdə dekabr ayı üzrə pensiya və müavinətlər tamamilə ödəniləcəkdir. 1999-cu ildə əhaliyə ödənilən pensiyaların məbləği 635 milyard manat olduğu halda, cari ildə 810 milyard manata çatmış və ya 16,5 faiz artmışdır. Müavinətlər isə keçən illə müqayisədə 12,7 faiz çoxalmışdır.
Son vaxtlarda Qarabağ müharibəsi və 20 Yanvar əlillərinin bir qrupu dövlət vəsaiti hesabına minik maşınları və mənzillərlə təmin olunmuşdur. Əlilləri fəal iqtisadi həyata qaytarmaq üçün əlillərin reabilitasiya mərkəzi fəaliyyətə başlamışdır.
Məcburi köçkünlərin sosial müdafiəsini gücləndirmək məqsədilə onlara yemək xərci üçün verilən aylıq müavinət 2000-ci il yanvarın 1-dən 3,5 dəfə artırılmışdır. Ölkədə qaçqınların və məcburi köçkünlərin problemlərini sistemli şəkildə həll etmək və onların sosial müdafiəsini gücləndirmək məqsədi ilə dövlət proqramı qəbul edilmişdir (1998-ci il, 17 sentyabr). Həmin dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etmək, məcburi köçkünlərin mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müvafiq sosial infrastruktur yaratmaq, iş yerləri açmaq məqsədi ilə 1999-cu ilin dekabr ayında məcburi köçkünlərin sosial inkişaf fondu yaradılmışdır.
Əhalinin müdafiəsinin yaxşılaşdırılması hər vaxt dövlətin diqqət mərkəzində olan məsələdir. Ölkənin sosial-iqtisadi imkanları yaxşılaşdıqca və büdcənin mədaxili artdıqca, müvafiq olaraq belə tədbirlər də həyata keçiriləcəkdir.
Bu gün Azərbaycanın sosial-iqtisadi inkişafında yeni mərhələnin möhkəm təməli qoyulmuş və yüksək iqtisadi artım üçün əsaslı zəmin yaradılmışdır. Yeni minilliyin başlanğıcı iqtisadi islahatların dərinləşməsində dönüş mərhələsi olacaq və onun əsas istiqamətləri iqtisadiyyatın strukturunun yenidən qurulması və yeni şəraitə uyğun təsisat dəyişikliklərin həyata keçirilməsindən ibarət olacaqdır.
Bununla yanaşı, qeyd etmək lazımdır ki, postsovet məkanının digər ölkələri kimi, respublikamız da keçid dövrünü yaşayır. Ölkənin iqtisadiyyatında həmin dövrün tələblərindən doğan bir sıra obyektiv çətinliklər, problemlər vardır. Ərazimizin 20 faizinin erməni qəsbkarları tərəfindən işğal olunması, bir milyondan çox vətəndaşımızın qaçqın və köçkünlərə çevrilərək ağır şəraitdə yaşamağa məcbur olması mövcud vəziyyəti daha da mürəkkəbləşdirir. Əsasən obyektiv xarakter daşıyan bu problemlər vətəndaşlarımızın böyük bir qismini çətin sosial-iqtisadi vəziyyətdə yaşamağa vadar edir. Əhalinin bir hissəsinin maddi sıxıntılar içərisində, ağır vəziyyətdə yaşaması hamımızı narahat edir, incidir. Onu bilməliyik ki, bütün bu problemlər, sıxıntılar, çətinliklər yalnız müvəqqəti xarakter daşıyır. Xalq əmin olmalıdır ki, respublika rəhbərliyi bu sahədə yaranmış vəziyyətin ağırlığını dərk edir və onun aradan qaldırılması üçün bütün mövcud imkanlardan lazımınca istifadə edir və bundan sonra da edəcəkdir. Son illərdə ölkə həyatının müxtəlif sahələrində əldə olunmuş nailiyyətlərimiz onu qətiyyətlə deməyə əsas verir ki, bizi narahat edən problemlərin həlli yolunda qarşıdakı yaxın illərdə mühüm addımlar atılacaq, xalqımızın üzləşdiyi bir çox sosial-iqtisadi çətinliklər aradan qaldırılacaq, vətəndaşlarımızın rifah halı yaxşılaşacaq və onlar layiq olduqları firavan həyata qovuşacaqlar.
Biz Azərbaycanda bu gün əsl vətəndaş cəmiyyəti qururuq. Çoxsaylı ictimai təşkilatlar, partiyalar, müxtəlif fondlar və cəmiyyətlər, vətəndaş cəmiyyətinin strukturunu təşkil edərək, Azərbaycanın bir çox mühüm məsələlərinin həllində dövlətlə uğurlu əməkdaşlıq edirlər. Biz Azərbaycanda demokratiyanın inkişafını sözün həqiqi mənasında təmin etmək üçün çox səylər göstəririk.
Azərbaycan Respublikası demokratik inkişaf yolu ilə inamla irəliləyir. Ölkəmizdə demokratik inkişaf üçün zəruri olan təsisatlar və hüquqi baza artıq formalaşmışdır. Respublikada müxtəlif yönlü siyasi partiyaların, ictimai təşkilatların azad fəaliyyət göstərməsi, yüzlərlə mətbuat orqanının senzurasız sərbəst nəşr edilməsi, özəl televiziya və radio kanallarının öz verilişlərini maneəsiz efirə çıxarması və sairə kimi hallar Azərbaycanda siyasi plüralizm, fikir azadlığı, demokratiya ab-havasının hökm sürməsinin konkret əyani nəticələridir. Elə bəzi bədxahların "Azərbaycanda demokratiya yoxdur", - deyə car çəkməsi və buna görə də heç bir təzyiqə və təqibə məruz qalmamasının özü ölkəmizdə demokratiyanın mövcud olmasına tutarlı dəlildir. Eyni zamanda unutmamalıyıq ki, bütün bunları biz cəmi 9 il ərzində əldə etmişik. Bu illərin də bir neçəsi Azərbaycanda hökm sürmüş siyasi çəkişmələr, hərc-mərclik, özbaşınalıq dövrünə təsadüf edir. Hələ də qonşu Ermənistanla müharibə şəraitində yaşamağa məcbur olan Azərbaycanda demokratik inkişaf yolunda belə az müddət ərzində əldə edilmiş nailiyyətlər həqiqətən də olduqca böyükdür. Onu təkcə biz yox, yüz illər ərzində demokratiya yolu keçmiş bir çox xarici ölkələrin nümayəndələri də təsdiq edirlər.
2000-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçki kampaniyası da bunu bir daha nümayiş etdirdi. Deputatlığa namizədlər üçün seçkilərdə tam bərabər şəraitin yaradılması, siyasi partiyaların seçkilərdə iştirak etməsi yolunda hər cür əngəllərin aradan qaldırılması, seçkilərin azad, demokratik, obyektiv keçirilməsi üçün lazımi tədbirlərin görülməsi respublikamızın qısa bir müddət ərzində demokratiya yolunda artıq böyük təcrübə topladığını əyani şəkildə göstərir.
Bəzilərinin güman etdiyi kimi, demokratiya, xaos, hərc-mərclik, özbaşınalıq deyildir. Demokratiya ictimai-siyasi sabitliyin, qanunların aliliyinin hökm sürdüyü şəraitdə yaranıb inkişaf edə bilər. Demokratiyanın hüdudları genişdir. Odur ki, o, hər xalqın mentalitetinə, hər bir cəmiyyətin, hər bir dövrün tələblərinə uyğun olaraq inkişaf edir. Ona görə də nə burada, nə də Azərbaycandan kənarda heç kəs narahat olmasın: Azərbaycan demokratiya yolu ilə gedir və gedəcəkdir. Bu, bizim strateci kursumuzun mahiyyətini təşkil edir və biz heç vaxt bu yoldan dönməyəcəyik.
Müstəqilliyə nail olmaq və həyatın bir çox sahələrində köklü dəyişikliklər etmək çox çətin və məsul bir prosesdir. Müstəqilliyi elan etmək, onun qorunması və möhkəmləndirilməsi istiqamətində dövlət tədbirləri həyata keçirmək nə qədər vacib olsa da, əsl müstəqilliyi qazanmaq üçün bu, hələ azdır. Gərək hər bir insan və xüsusən gənc nəsil müstəqilliyin nə qədər müqəddəs olduğunu bütün varlığı ilə dərk etsin, onu qorumaq və möhkəmləndirmək üçün hər cür qurban verməyə hazır olsun. Bunun üçün isə o, ilk növbədə yüksək mənəviyyata malik olmalıdır, xalqımızın milli-mənəvi dəyərləri onun şəxsiyyətinin mahiyyətini təşkil etməlidir. O, Azərbaycançılığın, mənsub olduğu Azərbaycan xalqının mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin, elminin nə olduğunu dərindən bilməlidir. Bu, çox mühüm məsələdir. Bizim bu gün təhsilimiz də, mədəniyyətimiz də, incəsənətimiz də məhz Azərbaycanın dövlət müstəqilliyinə xidmət edərək, əsl vətəndaş tərbiyə olunması prosesinə cəlb edilibdir. Azərbaycanın müstəqilliyinin dönməz və əbədi olmasının əsas mənbəyi və təminatçısı məhz Azərbaycan gəncliyidir.
Müstəqillik illərində biz əslində milli-mədəni irsimizi, tariximizi, milli sənətimizi bir daha təhlil edərək, onu ideoloci buxovlardan və qadağan xilas edirik. Bununla yanaşı, biz Azərbaycan mədəniyyətinin dünya sənət xəzinəsinə verdiyi töhfələrlə başqa xalqların nümayəndələrini tanış edirik. Məhz müstəqillik dövründə, biz Füzulinin 500 illiyini keçirdik. Əsl poeziya bayramına, milli mədəniyyət bayramına çevrilən bu təntənələr, digər tərəfdən, Azərbaycan dövlətçiliyinin, Azərbaycan müstəqilliyinin bayramı idi. Müxtəlif ölkələrdən, YUNESKO-dan bu yubileyə gələn insanlar Füzuli poeziyası vasitəsilə Azərbaycanı tanıyır, onun həqiqətlərini dünyaya çatdırırdılar.
Əsrlərin və minilliklərin qovuşduğu bu 2000-ci ildə Azərbaycan Respublikası türkdilli dövlətlər başçılarının, dünya qorqudşünaslarının iştirakı ilə möhtəşəm "Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyini qeyd etdi. Təqiblərə məruz qalmış bu epos nəhayət ki, müstəqil Azərbaycan Respublikasında öz layiqli qiymətini aldı. "Kitabi-Dədə Qorqud" qəhrəmanlıq eposudur, özü də bir cəngavər, bir igid haqqında yox, bütöv bir xalqın qəhrəmanlığını özündə cəmləşdirən bir eposdur. Onun ən böyük ideyası baş sərkərdədən tutmuş, böyükdən kiçiyə kimi bütün qəhrəmanlarının doğma torpaqlarını qorumaq uğrunda canlarından keçməyə daim hazır olduqlarını göstərməkdir. Eposun əsas mahiyyətini qəhrəmanlıq ideologiyası təşkil edir. Ölkəmizin yaşadığı bugünkü mərhələdə xalqımızın qarşısında duran ən ümdə problemlərin həlli, o cümlədən respublikanın suverenliyinin və müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün qorunması baxımından müasir Azərbaycan Respublikası vətəndaşlarının bu qəhrəmanlıq ideologiyasından faydalanmasının nə dərəcədə vacib olduğu gün kimi aydındır.
Müstəqil dövlətimiz üçün taleyüklü məsələlərin həyata keçirilməsi tariximizin bir çox qaranlıq səhifələrini açmaqla kimliyimizi tam müəyyən etməyi, milli kökləri ilə bağlı yeni təfəkkürlü gənc nəsil yetişdirilməsini zəruri edir. Keçid dövrünün çətinliklərinə, ağır proseslərinə baxmayaraq, biz öz tarixi keçmişimizin çox dəyərli səhifələrini qısa bir müddətdə aça bilmiş və xalqa göstərməyə nail olmuşuq. Xalqımızın hər bir övladı öz tarixi keçmişini, varisi olduğu mədəni irsi daha dərindən öyrənərək, böyük qürur hissi duymağa başlayır və sözsüz ki, bununla fəxr edir.
Müstəqilliyi qorumaq üçün, müxtəlif xarici təzyiqlərdən, təxribatlardan xilas olmaq üçün gərək Azərbaycanda yaratdığımız ictimai-siyasi sabitliyi qoruyaq, möhkəmləndirək. Bunun üçün gərək Azərbaycanda vətəndaşların birliyi, həmrəyliyi yaransın. Siyasi baxışından və cəmiyyətdə mövqeyindən asılı olmayaraq, gərək hər bir vətəndaş düşünsün ki, müxtəlif yerlərdə Azərbaycana qarşı bəzi xəbis niyyətlər və bəd münasibətlər vardır. Bunların qarşısını almaq üçün Azərbaycanın daxilində birlik, həmrəylik yaranmalıdır. Mən xalqımızı dəfələrlə buna dəvət etmişəm, bütün vətəndaşlarımızı buna dəvət etmişəm. Bu gün mən bütün siyasi partiyaları, qurumları, təşkilatları - hamısını, bax, bu yola dəvət edirəm. Şəxsi ambisiyaları kənara qoymaq lazımdır. 1991-ci ilin sonunda Azərbaycanın əldə etdiyi dövlət müstəqilliyi tarixi nailiyyətdir və biz bunu qorumalıyıq, saxlamalıyıq. Bunu gələcək nəsillərə daha da möhkəm Azərbaycan dövləti kimi verməliyik. Ona görə də əsas prinsiplərdə, əsas məsələlərdə xalqın birliyi, həmrəyliyi başlıca şərtdir, - başqa məsələlərdə müxtəlif baxışlar da ola bilər, - və mən vətəndaşlarımızı buna dəvət edirəm.
Sizi əmin edirəm ki, Azərbaycan dövləti indiyə qədər olduğu kimi, bundan sonra da Azərbaycanın dövlətçiliyinin, müstəqilliyinin, Azərbaycan xalqının milli azadlığının keşiyində daim duracaq və bu müstəqilliyi cəsarətlə qoruyub saxlayacaqdır. İnanıram ki, müstəqil Azərbaycan Respublikası XXI əsrdə həyatın bütün sahələrində geniş inkişaf edən, çiçəklənən bir ölkə kimi böyük uğurlar qazanacaqdır.
Bizim yaşadığımız bu dünyada çoxlu əlamətdar günlər və bu günlərlə bağlı saysız-hesabsız təbriklər olubdur, insanlar insanları, xalqlar xalqları, dövlətlər dövlətləri təbrik ediblər. Bu xoş təbrikləri, səmimi diləkləri meydana gətirən səbəblər, şübhəsiz ki, müxtəlifdir. Amma bu gün Yer üzündə yaşayan insanların, xalqların və dövlətlərin böyük bir qisminin sevinməsinin, bir-birlərini təbrik etməsinin səbəbi, demək olar ki, eynidir! Qısa bir müddətdən sonra dünya yeni ilə qədəm qoyur! Biz yeni ilin - 2001-ci ilin, yeni bir yüzilliyin, yeni bir minilliyin günlərini yaşamağa başlayırıq. Yeni yüzilliyin, yeni minilliyin gəlişi bizim üçün bir də ona görə əlamətdardır ki, məhz dekabrın 31-də Yer üzündə yaşayan bütün azərbaycanlılar birlik, qardaşlıq, həmrəylik ucalığını bayram edirlər.
Ömrümüzdən ötüb keçmişə çevrilən hər bir gün tarixə məxsusdur. Əlbəttə, iki əsrin qovuşuğunda min illərin tarixi faktlarını, inkişaf salnaməsini araşdırmaq, bu barədə söhbət açmaq həftələrlə, aylarla vaxt apara bilərdi. Qısaca olaraq yalnız bunu deyə bilərəm ki, Azərbaycan xalqının bizim eranın iki min ili ərzində keçib gəldiyi yol yenilməz, zəngin, mərdanə bir qəhrəmanlıq tarixidir!
Ötən əsrin tarixi gerçəkliyi, bəşəri dəyərləri barədə danışmaq həm asandır, həm də çətin! Asandır ona görə ki, ötən yüz il bizə vaxt etibarilə digər əsrlərdən yaxındır. Bu əsrin demək olar ki, hər ili, hər ayı, hər həftəsi, hər günü nəinki tarixçilər, alimlər tərəfindən qələmə alınmış, eyni zamanda onun bir çox əhəmiyyətli hadisələri bizim nəsillərin gözü qarşısında baş vermişdir. Bu əsrin xidmətləri daha geniş, daha böyükdür.
XX əsr Azərbaycan xalqının da həyatında silinməz izlər qoymuşdur. Əslində minilliklərin yekununda, əlbəttə ki, yeni bir Azərbaycan təşəkkül tapmışdır. Qazanılmış nailiyyətlər göz qabağındadır, onu hamı təsdiq edə bilər.
Xalqımızın tarixi taleyi elə imkan yaratmışdır ki, son yüz illikdə Azərbaycan köhnə dünyadan sürətlə qopmuş, elm, mədəniyyət, səhiyyə, təhsil, nəhayət, ictimai-siyasi intibah yolunu tutmuşdur.
Bu gün hər bir azərbaycanlının fəxr etməyə haqqı var ki, bizim ata-babalarımız olduqca qısa bir zaman içində kütləvi savadsızlığa son qoymuş, vətənimiz bütün insanları oxuyub-yazmağı bacaran məmləkətə çevrilmişdir. Xalqımız ellikcə maarifləşmə prosesini uğurla başa vurmuşdur. Ziyalılar ordusunun yüksək vətəndaş fəallığı ilə Şərqdə ilk teatr, ilk opera, ilk kino və sair Azərbaycanda meydana gəlmişdir. Şəhər və kəndlərin memarlıq siması sürətlə dəyişərək qədim ənənələri hifz edib saxlamaqla yeniləşmişdir. Kütləvi surətdə savadlanmaq, elmə, mədəniyyətə, təhsilə can atmaq Azərbaycan xalqının mənəviyyatını da, həyat tərzini də, xarici görünüşünü də dəyişmiş, onu inkişaf edən dünyaya qovuşdurmuşdur.
Budur, yüzillik başa çatır və biz özümüzə hesabat verərkən nə qədər dəyişib, inkişaf etdiyimizi tam səmimiyyətlə etiraf etməli oluruq. Ötüb keçən yüzillikdə Azərbaycan xalqı sözün həm hərfi, həm də məcazi mənasında işığa, nurlu bir aləmə çıxmışdır. Bu gün Azərbaycanın təhsili, mədəniyyəti, ümumiyyətlə iqtisadi, sosial, mədəni, mənəvi və siyasi həyatının bütün sahələri dünya sivilizasiyasına tam cavab verən bir səviyyədədir.
Demokratik, müstəqil Azərbaycan dövlətinin bərqərar olması xalqımızın həm iqtisadi, həm siyasi, həm də mənəvi qələbəsidir. Xalqımızın yüksək mənəviyyatdan irəli gələn böyük dözümü, iradəsi və müdrikliyi bütün Qafqazın sülh, əmin-amanlıq bölgəsinə çevrilməsi üçün ən etibarlı təminatdır.
Hörmətli həmvətənlərim!
Əziz bacılarım, qardaşlarım!
İstəkli övladlarım!
Azərbaycanın çox zəngin intellektual potensialı və misilsiz xammal ehtiyatları, Avropadan Asiyaya gedən yolda əvəzedilməz coğrafi mövqeyi onun dünya birliyində sanballı yer tutmasına imkan verir. TRASEKA proqramı çərçivəsində nəzərdə tutulan Avropa ilə Asiya arasındakı körpü, Böyük İpək Yolunun bərpası ölkəmiz qarşısında intensiv inkişaf üfüqləri açır. Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik.
Beynəlxalq hüquq baxımından biz gənc dövlətik. Bu gün artıq bütün bəşəriyyət, bütün xalqlar və millətlər bilirlər ki, mədəniyyət, elm və təhsil insanların ən böyük mənəvi dəyərləri olaraq sabit inkişafı təmin edən mühüm amillərdən biridir. Qlobal dəyişikliklər baş verən bir dövrdə biz bütün səylərimizi bu böyük sərvətin qorunub saxlanmasına sərf etməliyik. Məhz belə yüksək intellektual potensialı olan bir ölkədə qüdrətli vətəndaş cəmiyyəti yarana bilər.
Azərbaycan xalqının həyatının son yüz ili neftlə bağlıdır. Həqiqətən də neft, eləcə də ölkəmizin digər qiymətli sərvətləri xalqımızın həyatında əhəmiyyətli rol oynamışdır. Bunu inkar etmək olmaz. Lakin Azərbaycanın ən böyük sərvəti onun vətənpərvər insanları, onun müdrik xalqıdır. Bizim xalqımızın XXI əsrdə tam rahat, firavan yaşamağa, öz dövlətinə, öz torpağına, öz sərvətlərinə tam sahib durmağa haqqı vardır!
Biz fəxr edirik ki, itirilmiş dövlətçilik ənənələrini XX əsrin sonlarında bərpa etmək fürsəti bizim nəslə nəsib olmuşdur. Azərbaycan Respublikasında dövlətçilik ənənələrinin zənginləşdirilməsi, müstəqilliyimizin daha da möhkəmləndirilməsi, onun əbədi edilməsi hər birimizdən var-qüvvəsini sərf etməyi tələb edir. İnanıram ki, tarixin bir çox sınaqlarından ləyaqətlə çıxmış xalqım bu ali məqsəd uğrunda bütün imkanlarından lazımınca istifadə edəcək, müstəqil Azərbaycan dövlətinin bu günü və sabahının tam təminatçısı olacaqdır. İftixarla demək olar ki, Azərbaycanın XX əsrdə yaratdığı qüdrətli iqtisadi potensial, böyük mütəxəssislər ordusu xalqımızın ən ümdə amallarının həyata keçirilməsi üçün möhkəm baza, əlverişli zəmin rolunu oynayır.
Hər bir xalqın özünəməxsusluğunu müəyyən edən başlıca ünsürlərdən biri onun dilidir. XX əsrdə xalqımızın bu sahədə əldə etdiyi uğurları yüksək təqdirə layiqdir. Biz fəxr edirik ki, müstəqil Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dili son bir əsrlik dövr ərzində böyük inkişaf yolu keçərək lüğət tərkibini zənginləşdirmiş, qrammatik quruluşunu cilalamış və dünya dilləri içərisində öz layiqli yerini tutmuşdur.
XX əsr Azərbaycanda elmin, ədəbiyyatın və incəsənətin inkişafı sürətli templəri ilə səciyyələnir. Bu əsrdə xalqımızın həmin sahələrdəki ənənələri davam etdirilərək xeyli zənginləşmiş, yeni sahələr, formalar və canrlar yaranıb inkişaf etmişdir. Bu gün hər bir azərbaycanlı ikinci minilliyin bəxş etdiyi böyük korifeylər ilə - Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Nəcəf bəy Vəzirov, Məhəmməd Hadi, Abdulla Şaiq, Əlibəy Hüseynzadə, Hüseyn Cavid, Əhməd Cavad, Cəfər Cabbarlı, Əliağa Vahid, Səməd Vurğun, Məmməd Hüseyn Şəhriyar, Süleyman Rüstəm, Rəsul Rza, Mirzə İbrahimov, Mehdi Hüseyn, Süleyman Rəhimov kimi şair və yazıçıları, Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Tofiq Quliyev, Cahangir Cahangirov, Süleyman Ələsgərov kimi bəstəkarları, Cabbar Qaryağdıoğlu, Bülbül, Şövkət Məmmədova, Xan Şuşinski, Seyid Şuşinski, Zülfü Adıgözəlov, Rəşid Behbudov, Şövkət Ələkbərova kimi müğənniləri, Abbas Mirzə Şərifzadə, Mirzağa Əliyev, Ülvi Rəcəb, Mərziyyə Davudova, Sidqi Ruhulla, Ələsgər Ələkbərov, Möhsün Sənani, Mustafa Mərdanov, Hökumə Qurbanova, Leyla Bədirbəyli kimi sənət ustaları, Əzim Əzimzadə, Bəhruz Kəngərli, Səttar Bəhlulzadə, Qəzənfər Xalıqov, Fuad Əbdürrəhmanov, Elmira Şahtaxtinskaya kimi fırça və tişə ustaları ilə haqlı olaraq fəxr edir. Görkəmli alimlərimiz Mirəsədulla Mirqasımov, Yusif Məmmədəliyev, Heydər Hüseynov, Həsən Əliyev, Mustafa Topçubaşov, Əziz Şərif, Murtuza Nağıyev, Zahid Xəlilov, Musa Əliyev, Həsən Abdullayev, Abdulla Qarayev, Cəfər Xəndan, Əbdüləzəl Dəmirçizadə, Məmmədcəfər Cəfərov, Ziya Bünyadov, Fəraməz Maqsudov və başqaları Azərbaycan elminin inkişafında böyük xidmətlər göstərərək ona dünya şöhrəti gətirmişlər. Azərbaycanda sənətin opera, balet, heykəltəraşlıq, kinematoqrafiya kimi yeni növləri yaranaraq sürətlə inkişaf etmişdir. Bu, hamımızda dərin iftixar və qürur hissi doğurur.
XX əsr Azərbaycan qadınının həyatında da çox əlamətdar bir dövr olmuşdur. Əsrin əvvəllərində Azərbaycanda baş verən ictimai-siyasi proseslər, neft sənayesinin sürətli inkişafı qadınların maariflənməsinə və ictimai həyata qoşulmasına güclü təkan verdi. Əsrin 20-ci illərindən başlayaraq həyata keçirilən tədbirlər nəticəsində qadınların hərtərəfli inkişafı üçün geniş üfüqlər açıldı. Qısa müddət ərzində qadınlar arasında savadsızlıq ləğv edildi, onların təhsil səviyyəsi kəskin surətdə artdı. Qadınlar pedaqoq, həkim, mühəndis və digər peşələrə yiyələndilər, təhsildə, elmdə və mədəniyyətdə kişilərlə bərabər layiqincə təmsil olundular. Müstəqil Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş ilk Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiq etdi və demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını yaratdı. Biz fəxr edirik ki, bu gün ölkəmizin qarşısında duran problemlərin həllində yaxından iştirak edən Azərbaycan qadını artıq demokratik cəmiyyətin bərabərhüquqlu, fəal üzvü kimi çıxış edir.
Ölkəmizdə bədən tərbiyəsi və idman XX əsrdə xalqımızın həyatının ayrılmaz hissəsinə çevrilmiş sahələrdəndir. İnsana sağlam həyat tərzi, mübarizlik, vətənpərvərlik ruhu aşılamaq, onun intellektual və fiziki imkanlarını üzə çıxarıb inkişaf etdirmək baxımından idmanın və bədən tərbiyəsinin rolu danılmazdır. Biz fəxr edirik ki, idmanın müxtəlif növlərində öz böyük məharətini göstərərək, Azərbaycanın adını yüksəklərə qaldıran gənclərimiz vardır.
Tarixin bu böyük anında unudulmaz bayramlar münasibəti ilə xalqımın hər bir oğul və qızını sonsuz bir iftixar hissi ilə təbrik edir, hamınıza cansağlığı, əbədi xoşbəxtlik arzulayıram!
Mən bu yeni əsrin, yeni minilliyin ərəfəsində dünyanın hansı guşəsində məskunlaşmasından asılı olmayaraq, Azərbaycanın xoş gələcəyi üçün fəaliyyət göstərən bütün soydaşlarımızı təbrik edirəm.
Bu gün biz azad, demokratik bir cəmiyyətdə yaşayır, müqəddəs torpağımızın keşiyini çəkir, sülh və dincliyə can atırıq. Müstəqillik və ərazi bütövlüyünün təmin olunmasında nizami ordumuzun, zabit və əsgərlərimizin dözümü, rəşadəti danılmazdır. Bu bayram günündə mən onların Vətən qarşısında xidmətlərini yüksək qiymətləndirir, hər birinə bayramınız mübarək olsun deyirəm!
Yeni minillikdə dünya xalqlarının ən böyük istəyi sülh və əmin-amanlıqdır. İnsanlar dağıdıcı müharibələrə, qaçqın-köçkünlüyə qətiyyətlə yox deyir, dinc yaşamaq istəyirlər. Tale elə gətirib ki, bu gün Azərbaycanın bir milyondan çox sakini öz yurdundan zor gücünə çıxarılıb, onların bir çoxu çadırlarda, heç bir şəraiti olmayan binalarda yerləşdirilibdir. Bu gün mən böyük həyəcan hissi ilə onların hər birini yada salır, tezliklə doğma yurdlarına dönmək arzularına şərik çıxır və inanıram ki, çətinliklərə mətanətlə sinə gərən qardaş və bacılarımın ata ocağına dönəcəkləri gün uzaqda deyildir.
Bu bayram günündə mən torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhid balalarımızın hər birinin ruhu önündə baş əyir, şəhid ailələrinə səbr, dözüm diləyir və bəyan edirəm ki, torpaq naminə özünü fəda etmiş insanların xatirəsi bundan sonra da daim qəlbimizdə yaşayacaqdır! Gələcəyimiz olan uşaqları, yeniyetmələri, şagirdləri, tələbələri bağrıma basır, onlara mübarizələrlə dolu həyat yollarında cansağlığı və uğurlar diləyirəm.
Dünyada heç bir çətinlik əbədi deyildir. Tarix boyu bütün mübarizələrin sonunda ədalət zəfər çalmışdır. Ona görə də mən üzümüzə gələn 2001-ci ili ümid, inam ili adlandırardım. Çünki inanıram ki, xalqımız həmişə olduğu kimi, 2001-ci ildə də üzərinə düşən vəzifələrin öhdəsindən ləyaqətlə gələcəkdir. Müstəqilliyimiz möhkəmlənəcək, torpaqlarımız azad olunacaq, Azərbaycan Respublikası sülh və firavanlığa qovuşacaqdır.
Bayramınız mübarək olsun!
Yeni iliniz mübarək olsun!
Yeni əsriniz, yeni minilliyiniz mübarək olsun!
Yaşasın azad, müstəqil, demokratik Azərbaycan!
Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 29 dekabr 2000-ci il