Bəylərin

Vikimənbə saytından
Bəylərin
Müəllif: Aşıq Ələsgər
Zodlu Mirzə Bəylərə

Arif məclisində vəsfin eylərəm,
Var yanımda amanatı Bəylərin.
Atadan, babadan çörək sahibi,
Mərdanədi əsli, zatı Bəylərin.

Elə ki, yetişdim mən otağına,
Elə sandım, düşdüm cənnət bağına.
Müşk, ənbər düzülüb hər bucağına,
İrəflərdə cavahratı* Bəylərin.

Markiz, mavzer, süzən, aynalı, berdon...
Səhv düşdüm sayında, doqquzdu, ya on.
Meşoğ ilə patron, qutuyla piston,
Yox kimsədən ehtiyatı Bəylərin.

Neçə padişahlar orda olub cəm,
İki dərviş “ya Hu!” deyir dəmadəm.
Səddə İsgəndərdi, səxada - Hatəm,
Var evində xan büsatı Bəylərin.

Canım qurban olsun belə bir dosta,
Mərtəbəsi hündür, nəfsi şikəstə.
Müşgüldə qalanlar gəlirlər bəstə,
Qan bağlayır məslahatı Bəylərin.

İbrahim tək hörmət qoyur mehmana,
Heydər kimi nərə çəkir düşmana.
Qələm Zülfüqar tək kəsir hər yana,
Evlər yıxır “zarafatı” Bəylərin.

Coş edən dərya tək möc verir təbi,
Məddahi-mövladı, budu səbəbi.
Firəng, rusi, farsi, türki, ərəbi –
Beş dil ilə var savadı Bəylərin.

Ələsgər ərz etsin, sən mətləbi qan,
Olmaz bu təmkində nə sultan, nə xan.
Fağra mərhəmətli, dosta mehriban,
Yaxşı keçər qiyamatı Bəylərin.