Başa-baş (Aşıq Ələsgər)

Vikimənbə saytından
Jump to navigation Jump to search
Disambig.svg Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Başa-baş
Müəllif: Aşıq Ələsgər
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004.

A bimürvət, həsrətini çəkməkdən
İllər ilə xəstə düşdüm başa-baş.
Mən aşığam başa-baş,
Oxu dərsin başa-baş.
Eşqindən səməndərəm,
Oda yandım başa-baş.
«Can» deyənə «can» deginən mərdana,
Baş qoyanın qoy yolunda başa-baş.

Səndən ayrı haçan geysəm al, inci,
Geyinibsən, yar, qəddinə al, inci.
Mən aşığam al inci,
Gey qəddinə al, inci.
Dosta xəyanət olmaz,
Qurma mənə al, İnci!
Bir canım var, alacaqsan al, İnci!
Bir busə ver, sövdə vuraq başa-baş.

Ələsgərəm, dərdim budu, ay ağa!
Eynim yaşı neysan kimi a yağa.
Mən aşığam, ay ağa,
Piltə yanar a yağa.
İllər xəstəsi canım,
Yar gəldi, qalx ayağa.
Gah baş olan, gah da düşər ayağa,
Kimsə varmaz fələk ilə başa-baş.