Bax (Aşıq Heydər)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Bax
Müəllif: Aşıq Heydər
Mənbə: "Aşıq Heydər" (Əsərləri, dastan-rəvayətlər, xatirələr), Bakı: ABX NPM, 2014. 472 səh. (tərtibçilər: Tacir Səmimi, Xurşud Məmmədli, Əbülfət Heydər)

              Dayan ağam, dayan bəyim, dayan, dur!
              Ayaq saxla! Burda yatanlara bax!
              Bu meydana diqqət eylə, bəri gəl!
              Dağların damənin tutanlara bax!
                      
              Qanla yazılbdır hər bir baş daşı!
              Bunların olubdu on - on beş yaşı!
              Bunlardı vətənin bir üzük qaşı!
              Qəhrəman qızlara, oğlanlara bax!
                
              Yağı gəlib Qaraxaçda dayandı!
              Zağlı toplar yuvasından oyandı!
              Əlvan qanım daşlar üstə boyandı!
              Düşmənin bağrına batanlara bax!
                 
              Arpaçay yanında savaş quruldu!
              AlMərdan düzündə əsgər qırıldı!
              Axan qanlar sular üstə duruldu!
              Özlərin sellərə atanlara bax!
                
              Qara gəldi yetmiş yeddinin yazı!
              Urus paşa oldu, qaxtağan qazı!
              Heydərın əlində ağlayır sazı!
              Üz tutub cənnətə çatanlara bax!