Məzmuna keç

Bayatılar/Ş

Vikimənbə saytından
S Bayatılar. Ş hərfi ilə başlayan bayatılar
Müəllif: Şifahi xalq ədəbiyyatı
T
Sister Projects. Həmçinin baxın: Haqqında • Mənbə: Bayatılar. Bakı, 1995

 


Şaftalı çiçəkləndi,
Qərənfil ləçəkləndi.
Ağla, gözlərim, ağla,
Ayrılıq gerçəkləndi.

Şalı asdım dirəkdən,
Bir ah çəkdim ürəkdən.
Sənsiz sağalmaz yaram,
Təbib gəlsə Firəngdən.

Şamama tağda durdu,
Gül açdı, tağda durdu.
Cəfa çəkdim gül əkdim,
Onu da şaxta vurdu.

Şəftəliyəm, ağam mən,
Hər meyvədən çağam mən.
Qorxma, vəfalı dostum,
Ölməmişəm, sağm mən.

Şərbətə fincan gəti,
Laləyə mərcan gəti.
Görüşümə gələndə,
Cismimə bir can gəti.

Şimşək çaxır gözlərdən,
Qan-yaş axır gözlərdən.
Nə olmuş ya İlahi?
Alov qalxır sözlərdən.

Şirin çayın qəndiyəm,
Zülflərin kəməndiyəm.
Aləm tufana getsə,
Gözlərinin bəndiyəm.

Şirmayi telə işlər,
Dəyirman yelə işlər.
Heç kafərin başına
Gəlməsin belə işlər.

Şirvana yol bağlaram,
Dərd əlindən ağlaram.
Yardan kağız almasam,
Mən də küsü saxlaram.

Şirvanda xəstə mənəm,
Xəstə şikəstə mənəm.
Baş yastıqda, göz yolda,
Qulağı səsdə mənəm

Şirvandan xəstə gələr,
Boyları bəstə gələr,
Xaraba ölkənizə,
Sağ gedən xəstə gələr.

Şirvandı, xan yeridi,
Ordubad can yeridi.
Sağımdan güllə dəydi,
Solumdan qan yeridi.

Şirvanın ağ alması,
Yeməli ağ alması.
Qiyamət günə qaldı,
Yaramın sağalması.

Şirvanın gədikləri,
Almadır yedikləri.
Yadıma bir-bir düşər,
Yarımın dedikləri.

Şirvanın küçələri,
Banlayır beçələri.
Çağırdım öz yarımı,
Hay verdi neçələri.

Şirvanın təlx üzümü,
Yeməyə təlx üzümü.
Səndən əl götürmərəm,
Danlasa xalq üzümü.

Şirvanın yastı dağı,
Su gəldi basdı dağı,
Gedirdim yar yanına,
Yağılar kəsdi dağı.

Şirvanın yastı yolu,
Su gəldi basdı yolu.
Gedirdim yar görməyə,
Namərdlər kəsdi yolu.

Şirvanın yollarında,
Nar dərdim kollarında.
Olaydım bir cüt qolbaq,
Yar sənin qollarında.

Şuşa qədim qaladı,
Dörd bir yanı taladı.
Sevgi şirin nemətdi,
Ayrı düşmək bəladı.