Məzmuna keç

Bayatılar (Molla Cümə)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Bayatılar
Müəllif: Molla Cümə
Mənbə: Aşıq Şəmşirin anadan olmasının 120 illiyinə həsr olunmuş "Aşıq sənətinin tarixi inkişaf yolları və Aşıq Şəmşir mərhələsi" mövzusunda Beynəlxalq Elmi Konfransın materialları (PDF) (az.). "Nurlan". 2013. 2017-05-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-09.


Əzizim, yüz il məni,
Xalına düz ilməni.
Vəfalı dost yad olmaz,
Görməsə yüz il məni.

Aşiqəm, yüz il məni,
Düymələ (-gəl) yüz ilməni.
Vəfalı dost yad olmaz,
Görməsə yüz il məni

Aparar tatar məni,
Qul eylər, satar məni.
Bir vəfalı dost olsa,
Axtarar tapar məni.

Apardı tatar bəni,
Qul edib satar bəni.
Bafalı yarım olsa,
Axdarar tapar bəni.

Ağlaram, bilən olmaz,
Göz yaşım silən olmaz.
Molla Cümə, ah çəhmə,
Haraya gələn olmaz.

Ağlaram, tellər ağlar,
Yaş tökər, sellər ağlar.
Cümənin dərdin duysa,
Ölkələr, ellər ağlar.

Ağlayan yaş ağlayar,
Gözünən qaş ağlayar.
Cümənin dərdin duysa,
Cigəri daş ağlayar.

Aşiqəm, bir dəm ara,
Nəştər vur bir dəmara.
Məni zülfün vurubdur,
Sən vurma, bir də mara.

Əlim ayrı, üz ayrı,
Doxsan ayrı, yüz ayrı.
Mən ki səndən dönmərəm,
İstərsən dön yüz ayrı.

Aşiqəm mən, ac arı,
Yuyulmamış acarı.
Hər kim yara pis desə,
Dilin vursun ac arı.

Dərd belə canda olu,
Cəsəddə, canda olu.
Yar gəlib seyr etməyə,
Açmışam canda yolu.
 
Yox, dalım təzə yaydır,
Kamandır, təzə yaydır.
Yarım daldan çıxanda
Deyirlər, təzə aydır.

Aşiqəm, çəkən dərdi,
Çəkdikcə çəkən dərdi,
Yüz dəvə çəkə bilməz,
Bir canım çəkən dərdi.

Aşiqəm, al qaranı yaz,
Qələm al qaranı yaz,
Əvvəl dəftər başına,
Mən bəxtiqaranı yaz.

Aşiqəm, gül əsəndə,
Darışıb güləsən də,
Bülbülün bağrı çatlar
Yel dəyib gül əsəndə.

Dağı qar qucar yatar,
Sonanı sar qucar yatar,
Cəfanı bülbül çəkər
Gülü xar qucar yatar.

Mən aşiqəm bir az gül,
Bir az nərgiz, bir az gül,
Çünki sən çox gülmüsən
Xətrim üçün bir az gül.

Xarici keçidlər

[redaktə]