Bibliya/Birinci Padşahlar Kitabı

Vikimənbə saytından
İkinci Şamuel Kitabı Bibliya. Birinci padşahlar kitabı

İkinci Padşahlar Kitabı


1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 Qeydlər


«1 Padşahlar» Kitabı «1 və 2 Şamuel» Kitablarında başlanan İsrail padşahlığının tarixinin davamıdır.

Bu kitabı iki hissəyə ayırmaq olar: Süleymanın hakimiyyəti və nailiyyətləri, xüsusən Yerusəlimdə məbədin tikilməsi; İsrailin şimal və cənub padşahlıqlara bölünməsi.

«1 və 2 Padşahlar» Kitablarında hər hökmdarın dəyəri Allaha sadiq olması ilə ölçülür. Xalqın uğurları da bu sədaqətdən asılı idi. Bütpərəstlik və itaətsizlik isə bədbəxtliyə aparırdı. Şimaldakı dövlətin padşahlarından heç biri Allaha sadiq qalmadı, cənubda isə Yəhuda padşahlarının bəzisi sadiq, bəzisi isə sədaqətsiz çıxdı. «1 Padşahlar» Kitabında Rəbbin peyğəmbərləri əhəmiyyətli rol oynayır. Onlar bütlərə səcdə etməmək üçün adamlara cəsarətlə xəbərdarlıq edir və Allaha tərəf dönməyə çağırırdılar. Bu baxımdan İlyas peyğəmbərlə Baal bütünün kahinlərinin mübahisəsi barədə hekayət xüsusilə diqqəti cəlb edir.

Kitabın məzmunu

  • 1:1-2:12 Davudun padşahlığının sonu
  • 2:13-46 Süleymanın padşah olması
  • 3:1-11:43 Süleymanın hakimiyyəti
  • 3:1-4:34 Erkən illər
  • 5:1-8:66 Məbədin tikilməsi
  • 9:1-11:43 Sonrakı illər
  • 12:1-22:53 Padşahlığın bölünməsi
  • 12:1-14:20 Şimal qəbilələrinin üsyanı
  • 14:21-16:34 Yəhuda və İsrailin padşahları
  • 17:1-19:21 İlyas peyğəmbər
  • 20:1-22:40 İsrail padşahı Axav
  • 22:41-53 Yəhuda padşahı Yehoşafat və İsrail padşahı Axazya

1[redaktə]

Padşah Davudun son illəri

1 Padşah Davud qocalıb yaşa dolmuşdu. Onun üstünü örtüklərlə nə qədər örtürdülərsə, o isinmirdi. 2 Əyanları ona dedilər: «Ağamız padşah üçün gənc bir qız axtaraq. Qoy o, padşahın önündə durub qayğısına qalsın və qoynunda yatsın ki, ağamız padşah isinsin». 3 Onlar İsrailin bütün ərazisində gözəl bir qız axtardılar və Şunemli Avişaqı tapıb padşahın yanına gətirdilər. 4 Qız çox gözəl idi. O, padşaha baxıb xidmət etdi, amma padşah onunla yaxınlıq etmədi.

Adoniyanın padşahlıq iddiası

5[1] Davudun Haqqitdən olan oğlu Adoniya «mən padşah olacağam» deyə lovğalanırdı. O özü üçün döyüş arabaları, atlılar və önündə gedəcək əlli nəfər hazırlamışdı. 6 Atası Davud heç vaxt ona «Niyə belə etdin?» deməmişdi. Adoniya görkəmcə çox yaraşıqlı idi. O, Avşalomdan sonra dünyaya gəlmişdi. 7 Adoniya Seruya oğlu Yoav və kahin Evyatarla əlbir oldu və onlar Adoniyaya kömək etdilər. 8 Amma kahin Sadoq, Yehoyada oğlu Benaya, peyğəmbər Natan, Şimey, Rei və Davudun igidləri Adoniyanın tərəfində deyildilər. 9 Adoniya En-Rogel yaxınlığındakı Zoxelet qayasında qoyun-keçi, mal-qara və bəslənmiş heyvanlar qurban kəsdi. Bütün qardaşlarını – padşahın oğullarını və padşaha qulluq edən bütün Yəhudalıları çağırdı, 10 amma peyğəmbər Natanı, Benayanı, igidləri və qardaşı Süleymanı çağırmadı.

Süleymanın padşah elan edilməsi

11[2] Onda Natan Süleymanın anası Bat-Şevaya dedi: «Məgər eşitməmisən ki, Haqqit oğlu Adoniya ağamız Davudun xəbəri olmadan padşahlıq edir? 12 İndi qulaq as, özünün və oğlun Süleymanın canını necə qurtaracağın barədə sənə məsləhət verim: 13 get, padşah Davudun yanına gir və ona söylə: “Ağam padşah! ‹Məndən sonra hökmən oğlun Süleyman padşah olacaq və taxtımda o oturacaq› deyib kənizinə and içmədinmi? Bəs onda nə üçün Adoniya padşahlıq edir?” 14 Sən orada padşahla danışarkən mən səndən sonra girəcəyəm və sözlərini təsdiq edəcəyəm». 15 Bat-Şeva otağa – padşahın yanına girdi. Padşah çox qoca idi və Şunemli Avişaq ona qulluq edirdi. 16 Bat-Şeva padşahın önündə diz çöküb təzim etdi. Padşah «Nə istəyirsən?» dedi. 17 Bat-Şeva ona dedi: «Mənim ağam! “Məndən sonra hökmən oğlun Süleyman padşah olacaq və taxtımda o oturacaq” deyib kənizinə Allahın Rəbbin haqqı üçün and içdin. 18 Ağam padşah, indi isə Adoniya padşahlıq edir və sənin bundan xəbərin yoxdur. 19 O, çoxlu mal-qara, bəslənmiş heyvan və qoyun-keçi qurban kəsdi. Padşahın bütün oğullarını, kahin Evyatarı və ordu başçısı Yoavı çağırdı, amma qulun Süleymanı çağırmadı. 20 Ağam padşah, bütün İsrailin gözü səndədir; sən onlara bildirməlisən ki, ağam padşahdan sonra taxtında kim oturacaq. 21 Yoxsa ağam padşah ataları ilə uyuyanda mən və oğlum Süleyman müqəssir sayılacağıq».

22 Bat-Şeva hələ padşahla danışarkən peyğəmbər Natan gəldi. 23 Padşaha «peyğəmbər Natan gəldi» dedilər. O, padşahın hüzuruna gəldi və üzüstə əyilib təzim etdi. 24 Natan dedi: «Ağam padşah! “Məndən sonra Adoniya padşah olacaq və taxtımda o oturacaq” deyib söyləmisənmi? 25 Adoniya bu gün gedib çoxlu mal-qara, bəslənmiş heyvan və qoyun-keçi qurban kəsdi və padşahın bütün oğullarını, ordu başçılarını və kahin Evyatarı çağırdı. Budur, “Yaşasın padşah Adoniya!” deyərək onun önündə yeyib-içirlər. 26 Ancaq o mən qulunu, kahin Sadoqu, Yehoyada oğlu Benayanı və qulun Süleymanı çağırmadı. 27 Məgər bu iş ağam padşahın əmri ilə olub? Bəs sən nə üçün qullarına bildirmədin ki, ağam padşahdan sonra taxtında kim oturacaq?»

28 Padşah Davud cavab verib «Bat-Şevanı yanıma çağırın!» dedi. Bat-Şeva padşahın hüzuruna gəlib önündə durdu. 29 Padşah and içib dedi: «Canımı bütün bəlalardan qurtarmış var olan Rəbbə and olsun ki, 30 “məndən sonra hökmən oğlun Süleyman padşah olacaq və mənim əvəzimə taxtımda o oturacaq” deyib sənin üçün İsrailin Allahı Rəbbə içdiyim andı bu gün yerinə yetirəcəyəm». 31 Bat-Şeva padşahın önündə üzüstə yerə əyilib təzim etdi və «Ağam padşah Davud əbədi yaşasın!» dedi.

32 Padşah Davud dedi: «Kahin Sadoqu, peyğəmbər Natanı və Yehoyada oğlu Benayanı mənim yanıma çağırın». Onların hamısı padşahın hüzuruna gəldi. 33 Padşah onlara dedi: «Ağanızın əyanlarını yanınıza alın və oğlum Süleymanı mənim qatırıma mindirib Gixon bulağına endirin. 34 Orada kahin Sadoq və peyğəmbər Natan onu İsrail padşahı olmaq üçün məsh etsinlər. Şeypur çalıb “Yaşasın padşah Süleyman!” söyləyin. 35 Sonra onun dalınca qalxın, o da gəlib taxtımda otursun, çünki mənim yerimə padşah olacaq. Onu İsrail və Yəhudaya hökmdar təyin etdim». 36 Yehoyada oğlu Benaya cavab verib dedi: «Amin! Ağam padşahın Allahı Rəbb belə istəyir. 37 Rəbb ağam padşaha yar olduğu kimi Süleymana da yar olsun və onun taxtını ağam padşah Davudun taxtından daha uca etsin».

38 Kahin Sadoq, peyğəmbər Natan, Yehoyada oğlu Benaya, Keretlilər və Peletlilər Süleymanı padşah Davudun qatırına mindirib aşağı endilər və onu Gixona qədər apardılar. 39 Kahin Sadoq ibadət çadırından yağ buynuzunu götürüb Süleymanı məsh etdi. Şeypur çalındı və bütün camaat «Yaşasın padşah Süleyman!» söylədi. 40 Camaat onun dalınca qalxıb getdi. Onlar ney çalaraq elə sevinirdilər ki, səslərindən yer titrəyirdi.

41 Adoniya və onunla olan bütün qonaqlar yeməklərini qurtaranda bu səsi eşitdilər. Yoav şeypur səsini eşidəndə dedi: «Şəhərdən niyə gurultu gəlir?» 42 O, sözünü qurtarmamış birdən kahin Evyatarın oğlu Yonatan gəldi. Adoniya ona dedi: «Gəl, sən igid adamsan, yaxşı xəbər gətirərsən». 43 Yonatan Adoniyaya cavab verib dedi: «Yox, elə deyil, ağamız padşah Davud Süleymanı padşah etmişdir. 44 Padşah kahin Sadoqu, peyğəmbər Natanı, Yehoyada oğlu Benayanı, Keretliləri və Peletliləri Süleymanla birgə göndərdi və onu padşahın qatırına mindirdilər. 45 Kahin Sadoq və peyğəmbər Natan Gixonda onu padşah olmaq üçün məsh etdilər. Oradan sevinclə qalxıb getdilər və şəhər canlandı. Eşitdiyiniz səs budur. 46 Üstəlik Süleyman padşahlıq taxtında oturdu. 47 Ağamız padşah Davudu təbrik etməyə gələn əyanları da “Sənin Allahın Süleymanın adını sənin adından daha böyük, taxtını sənin taxtından daha uca etsin!” deyəndə padşah yatağının üstündən əyildi. 48 Sonra belə dedi: “İsrailin Allahı Rəbbə alqış olsun ki, bu gün hələ gözlərim görərkən taxtımda oturan bir nəfər verdi!”»

49 Bunu eşidəndə Adoniyanın bütün qonaqları təşvişə düşüb qalxdılar və hər kəs öz yolu ilə getdi. 50 Adoniya isə Süleymandan qorxaraq qalxıb getdi və qurbangahın buynuzlarından yapışdı.[3] 51 Bunu Süleymana bildirib dedilər: «Adoniya padşah Süleymandan qorxur və qurbangahın buynuzlarından yapışaraq “qoy padşah Süleyman bu gün mənə and içsin ki, bu qulunu qılıncla öldürməyəcək” deyir». 52 Süleyman dedi: «Əgər o, ləyaqətli adam olsa, başından bir tük belə, əskik olmaz, amma onda bir pislik tapılsa, öləcək». 53 Padşah Süleyman Adoniyanı qurbangahdan düşürüb gətirtdi. O da gəlib padşah Süleymana təzim etdi və Süleyman ona «Evinə get!» dedi.

2[redaktə]

Davudun Süleymana vəsiyyəti

1 Davudun ölüm günü yaxınlaşanda oğlu Süleymana vəsiyyət edərək dedi: 2 «Bu yaxınlarda mən də hamı kimi dünyadan köçəcəyəm. Sən möhkəm və igid ol. 3 Allahın Rəbbin verdiyi buyruğu yerinə yetirib Onun yolları ilə get və Musanın Qanununda yazıldığı kimi Allahın qaydalarına, əmrlərinə, hökmlərinə və göstərişlərinə əməl et ki, elədiyin hər işdə və getdiyin hər yerdə uğur qazanasan. 4 Onda Rəbb mənə verdiyi bu sözü yerinə yetirəcək: “Əgər övladların öz yollarına diqqət etsələr, bütün ürəkləri və canları ilə Mənə sadiq qalsalar, İsrail taxtında sənin nəslindən bir kişi əskik olmayacaq”.

5[4][5] Sən Seruya oğlu Yoavın mənə nə elədiyini bilirsən: İsrail ordusunun iki başçısı Ner oğlu Avnerlə Yeter oğlu Amasanı öldürərək sülh zamanı hərb qanı tökdü və belindəki kəmərlə ayağındakı çarıqları qana bulaşdırdı. 6 Sən öz hikmətinə görə davran, qoy onun ağarmış başı ölülər diyarına salamat enməsin.

7[6] Gileadlı Barzillayın oğullarına xeyirxahlıq et, qoy süfrəndə yemək yeyənlərin arasında olsunlar. Çünki mən qardaşın Avşalomun önündən qaçdığım vaxt onlar mənə kömək etdilər.

8[7][8] Baxurimdən olan Binyaminli Gera oğlu Şimey də sənin yanındadır. Maxanayimə getdiyim gün o məni ağır lənətlədi. Ancaq sonra məni qarşılamaq üçün İordan çayı sahilinə endi və mən ona “səni qılıncla öldürməyəcəyəm” deyə Rəbbin haqqı üçün and içdim. 9 İndi onu cəzasız qoyma, çünki sən müdrik adamsan və ona nə edəcəyini bilirsən. Onun ağarmış başını qan içində ölülər diyarına göndər».

Davudun ölümü

10 Davud ataları ilə uyudu və Davudun şəhərində basdırıldı. 11[9] Davud İsrail üzərində qırx il padşah olmuşdu: yeddi il Xevronda və otuz üç il Yerusəlimdə padşahlıq etmişdi. 12[10] Süleyman atası Davudun taxtında oturdu və onun padşahlığı çox möhkəm oldu.

Adoniyanın öldürülməsi

13 Haqqit oğlu Adoniya Süleymanın anası Bat-Şevanın yanına gəldi. Bat-Şeva dedi: «Xeyirlə gəlirsənmi?» Adoniya «bəli» deyə cavab verdi. 14 Sonra dedi: «Sənə söyləyəcək sözüm var». Bat-Şeva «söylə» dedi. 15 O dedi: «Sən bilirsən ki, padşahlıq mənim idi və bütün İsraillilər mənim padşah olacağımı gözləyirdilər, ancaq hər şey dəyişdi, padşahlıq qardaşımın əlinə keçdi, çünki Rəbb belə etdi. 16 İndi səndən bir xahişim var, mənə “yox” demə». Bat-Şeva ona «söylə» dedi. 17 O dedi: «Xahiş edirəm, padşah Süleymana söylə – o sənə “yox” deməz – qoy Şunemli Avişaqı mənə arvad olmaq üçün versin». 18 Bat-Şeva dedi: «Yaxşı, mən səndən ötrü padşahla danışaram».

19 Bat-Şeva Adoniya barədə padşah Süleymanla danışmaq üçün onun yanına getdi. Padşah onu qarşılamaq üçün ayağa qalxdı və ona təzim etdi, sonra taxtına oturdu. Padşah anası üçün də bir taxt qoydurdu. O, padşahın sağında oturdu, 20 sonra dedi: «Mənim səndən kiçik bir xahişim var, mənə “yox” demə». Padşah ona dedi: «Söylə, ana, mən sənə “yox” demərəm». 21 Bat-Şeva dedi: «Şunemli Avişaqı qardaşın Adoniyaya arvad olmaq üçün ver». 22 Padşah Süleyman anasına cavab verib dedi: «Niyə Adoniya üçün Şunemli Avişaqı istəyirsən? Padşahlığı da onun üçün istə, üstəlik onunla birlikdə kahin Evyatarla Seruya oğlu Yoav üçün istə. Axı o mənim böyük qardaşımdır!» 23 Padşah Süleyman Rəbbin haqqı üçün and içərək dedi: «Əgər Adoniya bu sözü öz həyatı bahasına söyləməmişsə, Allah mənə beləsini və bundan betərini etsin. 24 İndi məni möhkəmləndirib atam Davudun taxtında oturtmuş və söylədiyi kimi mənə bir ev qurmuş var olan Rəbbə and olsun ki, Adoniya hökmən bu gün öldürüləcək!» 25 Padşah Süleyman Yehoyada oğlu Benayaya əmr etdi, Benaya da gedib Adoniyanı vurdu və o öldü.

Evyatarın qovulması və Yoavın ölümü

26[11][12] Padşah kahin Evyatara da dedi: «Anatota, öz tarlalarına get! Sən ölümə layiqsən, amma indi səni öldürmürəm. Çünki atam Davudun önündə Xudavənd Rəbbin sandığını daşıyırdın və atamın çəkdiyi hər əzabı sən də çəkirdin». 27[13] Beləcə Süleyman Evyatarı Rəbbin kahinliyindən qovdu. Bununla da Elinin evinə qarşı Rəbbin Şiloda söylədiyi söz yerinə yetdi.

28 Xəbər Yoava çatdı. Yoav Avşaloma qoşulmadığı halda Adoniyanın tərəfini tutmuşdu. Buna görə də o, Rəbbin ibadət çadırına qaçdı və qurbangahın buynuzlarından yapışdı. 29 Padşah Süleymana söylədilər: «Yoav Rəbbin ibadət çadırına qaçdı və indi qurbangahın yanındadır». Süleyman «get, onu öldür» deyə Yehoyada oğlu Benayanı göndərdi. 30 Benaya Rəbbin ibadət çadırına gəlib Yoava dedi: «Çıx, padşah belə deyir!» O dedi: «Yox, burada öləcəyəm». Benaya padşaha «Yoav belə dedi və mənə bu cavabı verdi» deyə xəbər gətirdi. 31 Padşah ona dedi: «Onun dediyi kimi et: onu orada öldür və basdır ki, Yoavın səbəbsiz tökdüyü qanın təqsirini mənim və atamın evi üzərindən götürəsən. 32 Rəbb onun qanını öz başına döndərəcək, çünki o özündən daha saleh və daha yaxşı olan iki nəfəri qılıncla vurdu: atam Davudun xəbəri olmadan İsrail ordusunun başçısı Ner oğlu Avnerlə Yəhuda ordusunun başçısı Yeter oğlu Amasanı öldürdü. 33 Beləcə onların qanı həmişəlik Yoavın və onun nəslinin üstündə qalacaq, amma Rəbb Davuda, onun nəslinə, evinə və taxtına əbədi əmin-amanlıq verəcək». 34 Yehoyada oğlu Benaya yuxarıya getdi, Yoavı vurub öldürdü və onu çöldəki evində basdırdılar.

35 Padşah Yoavın yerinə Yehoyada oğlu Benayanı ordu başçısı qoydu. Evyatarın yerinə isə kahin Sadoqu təyin etdi.

Şimeyin ölümü

36 Padşah Şimeyi çağırtdırıb ona dedi: «Yerusəlimdə özünə bir ev tik və orada yaşa, heç yerə getmə. 37 Oradan çıxıb Qidron vadisini keçdiyin gün, bil ki, hökmən öləcəksən və qanın öz üstündə qalacaq». 38 Şimey padşaha dedi: «Sözünlə razıyam, ağam padşah necə dedisə, qulun elə də edəcək». Şimey uzun müddət Yerusəlimdə yaşadı.

39 Üçüncü ilin sonunda Şimeyin iki qulu Qat padşahı Maaka oğlu Akişin yanına qaçdı. Şimeyə xəbər gəldi ki, qulları Qatdadır. 40 O qalxıb eşşəyini palanladı, qullarını axtarmaq üçün Qata, Akişin yanına gedib onları Qatdan gətirdi. 41 Şimeyin Yerusəlimdən Qata gedib-gəlmək xəbəri Süleymana çatdı. 42 Padşah Şimeyi çağırtdırıb ona dedi: «Səni Rəbbin haqqına and içdirmədimmi? “Çıxıb bir yerə getdiyin gün, bil ki, hökmən öləcəksən!” deyə sənə xəbərdarlıq etmədimmi? Sən də mənə “yaxşı, sözünlə razıyam” demədinmi? 43 Elə isə Rəbbə içdiyin anda və sənə verdiyim əmrə niyə əməl etmədin?» 44 Sonra padşah Şimeyə dedi: «Sən atam Davuda qarşı ürəyində saxladığın və etdiyin pisliklərin hamısını bilirsən. Pisliyini Rəbb sənin öz başına döndərəcək. 45 Amma qoy padşah Süleyman xeyir-dua alsın və Davudun taxtı Rəbbin önündə əbədi möhkəmlənsin». 46 Padşah Yehoyada oğlu Benayaya əmr etdi, Benaya da gedib Şimeyi vurdu və o öldü. Beləliklə, Süleymanın padşahlığı möhkəmləndi.

3[redaktə]

Süleymanın Allahdan hikmət istəməsi (2Saln. 1:3-12)

1 Süleyman Misir padşahı fironun qızını arvad alaraq onunla müttəfiq oldu. Öz sarayı, Rəbbin məbədi və Yerusəlimin ətrafındakı divarlar tikilib qurtarana qədər arvadını Davudun şəhərinə gətirdi. 2 Xalq isə hələ səcdəgahlarda qurban gətirirdi, çünki o günlərə qədər Rəbbin adına tikilmiş bir məbəd yox idi. 3 Süleyman atası Davudun qanunlarına əməl edərək Rəbbi sevirdi, ancaq səcdəgahlarda qurban gətirir və buxur yandırırdı.

4 Padşah qurban gətirmək üçün Giveona getdi, çünki ora səcdəgahların ən böyüyü idi. Süleyman o qurbangahda min baş yandırma qurbanı təqdim etmişdi. 5 Giveonda Rəbb Süleymana gecə vaxtı yuxuda göründü. Allah dedi: «Nə istəyirsən, sənə verim?» 6 Süleyman dedi: «Sən qulun atam Davuda böyük xeyirxahlıq göstərdin, çünki o Sənin önündə sadiq və saleh işlər görürdü, düz qəlblə Səninlə idi. Bu gün də taxtında oturan bir oğul verməklə ona Öz böyük xeyirxahlığını saxladın. 7 İndi, ya Rəbb Allahım, Öz qulunu atam Davudun yerinə padşah etdin. Ancaq mən çox cavanam, nə edib-etməyəcəyimi bilmirəm. 8 Qulun Sənin seçdiyin xalqın – saysız-hesabsız böyük bir kütlənin arasındadır. 9 İndi mənə elə bir dərrakəli ürək ver ki, yaxşı ilə pisi ayırd edib Sənin xalqına hökm edə bilim. Başqa cür Sənin bu böyük xalqını kim idarə edə bilər?» 10 Süleymanın bu istəyi Xudavəndin gözünə xoş gəldi. 11 Allah ona dedi: «İndi ki özün üçün uzun ömür, var-dövlət və düşmənlərinin canını istəmədin, bunların yerinə ədaləti ayırd etmək üçün dərrakə istədin, 12 Mən istəyini yerinə yetirirəm: sənə elə bir hikmətli və dərrakəli ürək verirəm ki, sənin kimisi nə səndən əvvəl olmuş, nə də səndən sonra olacaq. 13 Hətta sənə istəmədiyini – var-dövləti də, şöhrəti də verirəm; belə ki bütün ömrün boyu padşahlar arasında sənin kimisi olmayacaq. 14 Əgər sən də atan Davud kimi qanunlarıma və əmrlərimə əməl edib yolumla getsən, sənin ömrünü də uzadacağam».

15 Süleyman oyandı. Bu, bir yuxu idi. Sonra Yerusəlimə gəldi. Xudavəndin Əhd sandığının önündə durub yandırma qurbanları və ünsiyyət qurbanları təqdim etdi və bütün əyanları üçün ziyafət verdi.

Süleymanın hikmətlə hökm verməsi

16 Bir gün iki fahişə qadın gəlib padşahın hüzurunda durdu. 17 Qadınlardan biri dedi: «Yalvarıram, ay ağam! Mən bu qadınla bir evdə yaşayıram. Bu evdə onun yanında uşaq doğdum. 18 Mən doğandan sonra üçüncü gün bu qadın da doğdu. Biz bir yerdə olurduq, evdə bizdən başqa heç kəs yox idi, yalnız ikimiz idik. 19 Gecə bu qadın yatanda oğlu onun altında qalıb öldü. 20 Kənizin yuxuda ikən gecə yarısı bu qadın qalxaraq oğlumu yanımdan götürüb öz qoynuna almış, ölü oğlunu isə mənim qoynuma qoymuşdur. 21 Səhər oğlumu əmizdirmək üçün duranda gördüm ki, o ölüb. Amma sonra diqqətlə baxanda bildim ki, bu mənim doğduğum uşaq deyil».

22 O biri qadın isə dedi: «Yox, sağ olan uşaq mənim oğlumdur, ölən isə səninkidir». Amma birinci qadın dedi: «Yox, ölən uşaq sənin oğlundur, sağ olan mənimkidir». Padşahın önündə onlar beləcə mübahisə edirdilər.

23 Padşah dedi: «Biri deyir, sağ olan uşaq mənim oğlumdur, ölən səninkidir; o biri isə deyir, yox, ölən uşaq sənin oğlundur, sağ olan mənimkidir». 24 Padşah yenə dedi: «Mənə qılınc gətirin!» Padşaha qılınc gətirdilər. 25 Padşah dedi: «Sağ olan uşağı iki yerə bölün: yarısını birinə, yarısını isə o birinə verin!» 26 Oğlu sağ olan qadın balası üçün ürəyi yandığına görə padşaha belə söylədi: «Aman, ağam, sağ olan uşağı ona verin, amma öldürməyin». O biri isə dedi: «Bölün, qoy nə onun olsun, nə mənim». 27 Onda padşah cavab verib dedi: «Sağ olan uşağı birinci qadına verin, onu öldürməyin, uşağın anası odur».

28 Bütün İsraillilər padşahın verdiyi hökmü eşidib ona hörmət etdilər, çünki gördülər ki, hökm etmək üçün onda Allahın hikməti var.

4[redaktə]

Süleymanın əyanları

1 Padşah Süleyman bütün İsrail üzərində hökmran idi. 2 Əyanları da bunlar idi:
Kahin – Sadoq oğlu Azarya;

3 Mirzələr – Şişanın oğulları Elixoref və Axiya;
Salnaməçi – Axilud oğlu Yehoşafat;

4 Ordu başçısı – Yehoyada oğlu Benaya;
Kahinlər – Sadoq və Evyatar;

5 Baş vali – Natan oğlu Azarya;
Padşahın həmsöhbəti – kahin Natan oğlu Zavud;

6 Saray rəisi – Axişar;
Mükəlləfiyyətçilər üzərində nəzarətçi – Avda oğlu Adoniram.

7 Bütün İsrail üzərində Süleymanın on iki bölgə valisi var idi. Onlar padşahı və onun evini ərzaqla təmin edirdilər və hər biri ildə bir aylıq ərzaq göndərməli idi. 8 Onların adları belədir:

Efrayimin dağlıq bölgəsində Ben-Xur;
9 Maqas, Şaalvim, Bet-Şemeş və Elon-Bet-Xanan bölgələrində Ben-Deqer;

10 Soko və bütün Xefer torpağının da aid olduğu Arubbot bölgəsində Ben-Xesed;

11 bütün Nafat-Dor bölgəsində Süleymanın qızı Tafatın əri olan Ben-Avinadav;

12 Taanak, Megiddo, İzreelin altındakı Sartanın yanında olan bütün Bet-Şean bölgəsində və Bet-Şeandan Avel-Mexolaya, Yoqmeamın o biri tərəfinə qədər uzanan bölgədə Axilud oğlu Baana;

13 Gileadda olan Menaşşe oğlu Yairin kəndlərinin və Başanda olan Arqov ətrafında divarlar və tunc sürgülərlə bağlanmış altmış böyük şəhərin aid olduğu Ramot-Gilead bölgəsində Ben-Gever;

14 Maxanayim bölgəsində İddo oğlu Axinadav;

15 Naftali torpağında Süleymanın qızı Basmatı arvad alan Aximaas;

16 Aşer torpağında və Alot bölgəsində Xuşay oğlu Baana;

17 İssakar torpağında Paruah oğlu Yehoşafat;

18 Binyamin torpağında Ela oğlu Şimey;

19 Gilead torpağında, yəni keçmişdə Emorluların padşahı Sixona və Başan padşahı Oqa məxsus olan ölkədə bu bölgənin yeganə valisi olan Uri oğlu Gever.

Süleymanın bir günlük təminatı

20 Yəhudalılar və İsraillilər dəniz qırağında olan qum qədər çox idi. Onlar yeyib-içir və xoşbəxt yaşayırdılar. 21[14] Süleyman Fərat çayından Filiştlilərin torpağına və Misir sərhədinə qədər bütün padşahlıqlar üzərində hökmranlıq edirdi. Onlar Süleymanın ömrünün axırına qədər xərac verdilər və ona qulluq etdilər.

22 Süleymanın evinin gündəlik ərzağı bunlardan ibarət idi: otuz kor narın un və altmış kor iri üyüdülmüş un, 23 on baş bəslənmiş mal-qara, iyirmi otlaq öküzü, yüz qoyun, maral, ceyran, cüyür və bəslənmiş ev quşları. 24 Tifsahdan Qəzzəyə qədər Fərat çayının bu tayındakı bütün torpaqlar və çayın bu tayındakı bütün padşahlar üzərində Süleyman hökmranlıq edirdi və bütün ətraf ölkələrlə sülh şəraitində yaşayırdı. 25 Onun bütün ömrü boyu Dandan Beer-Şevaya qədər Yəhuda və İsraildə hər kəs öz üzüm meynəsinin və əncir ağacının altında dinclik içində yaşayırdı.

26[15] Süleymanın qırx min axurunda döyüş arabaları üçün atları və on iki min atlısı var idi. 27 Valilərin hər biri öz ayında padşah Süleymana və onun süfrəsinə gələnlərin hamısına ərzaq göndərirdi və heç bir şeyə ehtiyac qalmırdı. 28 Hər vali ona verilmiş əmrə görə döyüş və çapar atlarının olduqları yerə arpa-saman göndərirdi.

Süleymanın misilsiz hikməti

29 Allah Süleymana dəniz sahilindəki qum qədər bol hikmət, dərrakə və ürək genişliyi verdi. 30 Süleymanın hikməti bütün şərq xalqlarının və Misirlilərin hikmətindən üstün idi. 31[16] O bütün adamlardan, Ezrahlı Etandan, Maxolun oğulları Heman, Kalkol və Dardadan hikmətli idi, şöhrəti bütün ətraf millətlər arasında yayılmışdı. 32[17] O, üç min məsəl söyləmişdi və onun min beş nəğməsi var idi. 33 Livanda olan sidr ağacından tutmuş divarda bitən züfa otuna qədər bitkilər barədə bəhs etdi, həmçinin heyvanlar, quşlar, həşəratlar və balıqlar haqqında danışdı. 34 Süleymanın hikmətli sözlərinə qulaq asmaq üçün bütün xalqlardan və onun hikməti barədə eşitmiş bütün dünya padşahlarından yanına adamlar gəlirdi.

5[redaktə]

Məbədin tikilməsinə hazırlıq (2Saln. 2:1-18)

1 Sur padşahı Xiram atasının yerinə Süleymanın padşah olmaq üçün məsh edildiyini eşidəndə öz adamlarını onun yanına göndərdi, çünki Xiram Davudla bütün ömrü boyu dost olmuşdu. 2 Süleyman Xirama xəbər göndərib dedi: 3 «Sən bilirsən ki, atam Davud Allahı Rəbbin adına bir məbəd tikə bilmədi. Çünki Rəbb düşmənlərini onun ayaqları altına atana qədər ətrafında müharibələr gedirdi. 4 Ancaq indi Allahım Rəbb mənə hər tərəfdən əmin-amanlıq verib: nə bir düşmən var, nə də bir əngəl. 5[18] Mən Allahım Rəbbin adına bir məbəd tikmək niyyətindəyəm; necə ki Rəbb atam Davuda demişdi: “Sənin yerinə taxtında oturdacağım oğlun Mənim adıma məbəd tikəcək”. 6 İndi əmr et ki, mənim üçün Livan dağlarından sidr ağacları kəsilsin. Adamlarım da sənin adamlarınla birgə olacaq və mən sənin adamların üçün nə qədər desən, o qədər zəhmət haqqı verəcəyəm. Çünki bilirsən ki, bizdə Sidonlular kimi ağac kəsməyi bilən adamlar yoxdur».

7 Xiram Süleymanın sözlərini eşidəndə çox sevindi və dedi: «Bu gün Rəbbə alqış olsun ki, bu böyük xalqı idarə etmək üçün Davuda belə müdrik oğul verdi!» 8 O, Süleymana xəbər göndərib dedi: «Mənə göndərdiyin sözü eşitdim. Mən sənin sidr və şam ağacları barədə hər istəyini yerinə yetirəcəyəm: 9 mənim adamlarım onları Livandan dənizə endirərlər və mən bu ağaclardan sallar düzəldərəm, dəniz yolu ilə təyin edəcəyin yerə apararam və onları orada ayırıb yığaram, sən isə götürərsən. Ancaq sən də mənim istəyimi yerinə yetirib evimi ərzaqla təmin et». 10 Xiram Süleymana istədiyi qədər sidr və şam ağacları verirdi. 11 Süleyman isə hər il Xiramın evi üçün ərzaq olaraq iyirmi min kor buğda və iyirmi kor xalis zeytun yağı verirdi. 12 Rəbb vəd etdiyi kimi Süleymana hikmət verdi. Xiramla Süleyman arasında sülh var idi və onlar bir-biri ilə saziş bağlamışdılar.

13 Padşah Süleyman bütün İsraillilər üzərinə əmək mükəlləfiyyəti qoydu. Mükəlləfiyyətçilər otuz min nəfər idi. 14 Hər ay onların on min nəfərini növbə ilə Livana göndərirdi; bir ay Livanda, iki ay evlərində qalırdılar. Onların üzərində Adoniram nəzarət edirdi. 15 Süleymanın yük daşıyan yetmiş min və dağlarda daş yonan səksən min adamı var idi. 16 Bunlardan başqa, Süleyman işə nəzarət etmək üçün üç min üç yüz nəfər məmur qoymuşdu. Onlar adamlara hökm edir və iş görürdülər. 17 Padşahın əmrinə görə işçilər məbədin bünövrəsini yonulmuş daşdan qoymaq üçün böyük və dəyərli daşlar kəsib gətirdilər. 18 Süleymanın və Xiramın ustaları Gevallılarla birgə məbədi tikmək üçün taxtalar və daşlar yonub hazırladılar.

6[redaktə]

Məbədin tikilməsi (2Saln. 3:1-14)

1 İsrail övladları Misir torpağından çıxdıqdan dörd yüz səksən il sonra – Süleymanın İsrail üzərində padşahlığının dördüncü ilində, ikinci ay olan Ziv ayında o, Rəbbə məbəd tikməyə başladı. 2 Padşah Süleymanın Rəbbə tikdiyi məbədin uzunluğu altmış, eni iyirmi və hündürlüyü otuz qulac idi. 3 Məbədin böyük otağının önündə olan eyvanın uzunluğu məbədin eninə görə iyirmi qulac və eni məbədin önündə on qulac idi. 4 O, məbəd üçün qəfəslə bağlı pəncərələr düzəltdi. 5 Məbədin divarına bitişik, bütün məbədin divarını, yəni böyük otağı və iç otağı dövrəyə alan artırma tikdi. Onun içində məbədi əhatə edən yan otaqlar düzəltdi. 6 Artırmanın alt mərtəbəsinin eni beş, ortasındakının eni altı, üçüncüsünün eni isə yeddi qulac idi. Çünki artırmanın dirəkləri məbədin divarına dəyməsin deyə məbədin divarı ətrafında bayır tərəfdən çıxıntılar düzəldilmişdi.

7 Məbədin tikilməsi üçün karxanada hazırlanan yonulmuş daşlar işlədilmişdi. Məbəddə tikinti zamanı nə gürzün, nə iskənənin, nə də başqa bir dəmir alətin səsi eşidildi. 8 Orta mərtəbəyə giriş məbədin sağ tərəfində idi. Pilləkənlərlə orta mərtəbəyə, orta mərtəbədən isə üçüncü mərtəbəyə çıxırdılar. 9 Beləcə Süleyman məbədi tikib qurtardı. Məbədi sidr ağacından olan tirlər və taxtalarla örtdü. 10 Bütün məbədə bitişik olan mərtəbələri beş qulac hündürlüyündə tikdi və bunlar sidr dirəklərlə məbədə bərkidilmişdi.

11 Süleymana Rəbbin bu sözü nazil oldu: 12 «Budur, sən məbəd tikirsən. Əgər sən Mənim qaydalarımla getsən, hökmlərimə və əmrlərimə uyğun hərəkət etsən, onda Mən atan Davuda verdiyim sözü sənin vasitənlə yerinə yetirəcəyəm: 13 İsrail övladlarının arasında yaşayacağam və xalqım İsraili tərk etməyəcəyəm».

14 Süleyman məbədi tikib qurtardı. 15 Məbədin divarlarına içəridən sidr taxtalarla örtük vurdu və məbədin döşəməsini şam ağacından olan taxtalarla örtdü. Beləcə məbədi döşəməsindən divarlarına və tavanına qədər ağacla örtdü. 16[19] Məbədin arxa tərəfində döşəmədən tavana qədər sidr taxtalarla örtülmüş uzunluğu iyirmi qulac olan bir bölmə ayırıb orada Ən Müqəddəs yer üçün bir iç otaq hazırladı. 17 İç otağın bayırında olan böyük otaq qırx qulac uzunluğunda idi. 18 Məbədin içindəki sidr ağaclarının üstündə balqabaq və açılmış güllərin təsviri oyulmuşdu. Hər şey sidrlə örtülmüşdü, daş heç görünmürdü. 19 Məbədin içərisindəki iç otağı isə o, Rəbbin Əhd sandığını qoymaq üçün hazırladı. 20 İç otağın uzunluğu iyirmi, eni iyirmi və hündürlüyü iyirmi qulac idi. Oranı və sidr ağacından olan qurbangahın üstünü xalis qızılla örtdü. 21 Süleyman məbədi içəridən xalis qızılla örtdü, iç otağın önündən qızıl zəncirlər keçirdi və onu qızılla örtdü. 22[20] O bütün məbədi tikib qurtararaq onu başdan-başa qızılla örtdü. İç otağa aid olan qurbangahı da tamamilə qızılla örtdü.

23[21] İç otaqda zeytun ağacından hündürlüyü on qulac olan iki keruv düzəltdi. 24 Keruvun bir qanadının uzunluğu beş qulac, o biri qanadının da uzunluğu beş qulac idi; bir qanadının ucundan o biri qanadının ucuna qədər on qulac idi. 25 O biri keruvun ölçüsü də on qulac idi. Hər iki keruv eyni ölçüdə və eyni görkəmdə idi. 26 Hər ikisinin hündürlüyü on qulac idi. 27 O, keruvları məbədin iç otağının ortasına qoydu. Keruvların qanadları açıq idi. Bir keruvun qanadı bir divara, o birisinin qanadı isə o biri divara toxunurdu. Onların o biri qanadları məbədin ortasında bir-birinə toxunurdu. 28 O, keruvları qızılla örtdü.

29 Məbədin iç və bayır otağındakı bütün divarlarında keruvların, xurma ağaclarının və açılmış güllərin oyma təsvirini düzəltdi. 30 Məbəddə iç və bayır otağın döşəməsini qızılla örtdü.

31 İç otağın girişi üçün zeytun ağacından qapılar düzəltdi. Onların çərçivəsi beşguşəli idi. 32 O, zeytun ağacından düzəldilmiş iki qapı üzərində keruvların, xurma ağaclarının və açılmış güllərin təsvirini oydu və qapıları qızılla örtdü. Keruvların və xurma ağaclarının üstünə qızıl çəkdi. 33 Eləcə də böyük otağın girişi üçün zeytun ağacından dördguşəli çərçivə, 34 həmçinin şam ağacından iki qapı düzəltdi. Bir qapının hər iki tayı qatlanırdı, o biri qapının da hər iki tayı qatlanırdı. 35 Onların üstündə keruvların, xurma ağaclarının, açılmış güllərin təsvirini oydu və oyma işinin üstünü qızılla örtdü. 36 O, üç cərgə yonulmuş daşlardan və bir cərgə sidr dirəklərdən içəri həyət tikdi.

37 Dördüncü ildə, Ziv ayında Rəbbin məbədinin bünövrəsi qoyuldu, 38 on birinci ildə, səkkizinci ay olan Bul ayında məbəd bütün ləvazimatı ilə birgə və bütün şəklinə görə tikilib qurtardı. Beləcə Süleyman onu yeddi ilə tikdi.

7[redaktə]

Süleymanın sarayı

1 Ancaq Süleyman öz sarayını ətrafdakı bütün evlərlə birlikdə on üç ilə tikib qurtardı. 2 Onun tikdiyi «Livan meşəsi» adlı sarayın uzunluğu yüz, eni əlli, hündürlüyü isə otuz qulac idi. O, dörd cərgə sidr sütunlardan və sütunlar üzərində olan sidr dirəklərdən ibarət idi. 3 Sütunlar üzərindəki qırx beş dirəyin üstündə sidrdən olan dam salınmışdı və hər cərgədə on beş dirək var idi. 4 Pəncərə çərçivələri üç cərgə idi və onların içində qarşı-qarşıya üç cərgə pəncərə var idi. 5 Bütün girişlər və onların çərçivələri dördguşəli idi. Girişlər qarşı-qarşıya olmaqla üç cərgə idi.

6 Süleyman uzunluğu əlli, eni otuz qulac olan sütunlu bir eyvan tikdi. Qabağında artırma və sütunlar, onların qabağında isə eşik düzəltdi. 7 O həmçinin hökm verəcəyi taxt eyvanını, yəni məhkəmə otağını tikdi və onu döşəmədən tavana qədər sidr ağacı ilə örtdü. 8[22] Onun yaşadığı ev eyvanın arxasında, o biri həyətdə idi və eyni quruluşda tikilmişdi. Süleyman arvad aldığı firon qızı üçün də bu eyvan kimi bir ev tikdirdi.

9 Bütün bunlar iç və bayır tərəfdən, bünövrədən dama və bayır tərəfdən böyük həyətə qədər ölçüyə görə yonulmuş, daş mişarı ilə kəsilmiş dəyərli daşlardan düzəldilmişdi. 10 Bünövrə böyük və dəyərli daşlardan – on qulaclıq və səkkiz qulaclıq daşlardan qoyulmuşdu. 11 Onların üstündə ölçüyə görə yonulmuş dəyərli daşlar və sidr dirəklər var idi. 12 Rəbbin məbədinin içəri həyəti və məbədin eyvanı kimi böyük həyət də üç cərgə yonulmuş daş və bir cərgə sidr dirəklərlə əhatə olunmuşdu.

Xiramın məbəd üçün tunc şeylər düzəltməsi (2Saln. 3:15-5:1)

13 Padşah Süleyman Xiram adlı bir nəfəri Surdan gətirtdi. 14 Onun anası Naftali qəbiləsindən dul bir qadın, atası isə Surlu bir misgər idi. Xiram tuncdan hər cür şey qayırmaq işində hikmətli, dərrakəli və bilikli idi. O, padşah Süleymanın yanına gəldi və onun bütün işlərini gördü.

15 Xiram iki tunc sütun düzəltdi. Hər sütunun hündürlüyü on səkkiz qulac idi və hər birinin ətrafına on iki qulaclıq bir ip dolanmışdı. 16 O, sütunların üstünə qoymaq üçün tökmə tuncdan iki başlıq düzəltdi. Hər iki başlığın hündürlüyü beş qulac idi. 17 Sütunların üstündə olan başlıqlarda hörmə torlar və zəncirvari çələnglər var idi. Hər iki başlıqda yeddi dənə var idi. 18 O, sütunları belə düzəltdi. Sütunların üstündəki başlıqları örtmək üçün hörmə torların ətrafında iki cərgə nar düzəltdi və hər başlıq üçün də belə etdi. 19 Eyvanda olan sütunların üstündəki başlıqlar su zanbağı şəklində düzəldilmişdi və hər birinin hündürlüyü dörd qulac idi. 20 Hər iki sütunun yuxarısında olan başlıqlar hörmə torların yanındakı girdə çıxıntının üst tərəfində idi. Hər başlığın üzərində dairəvi cərgələrdə iki yüz nar var idi. 21 Xiram məbədin eyvanında sütunlar qoydu. Sağ tərəfdə olan sütunu Yakin,[23] sol tərəfdəkini isə Boaz[24] adlandırdı. 22 Sütunların üstündəki başlıqlar su zanbağı şəklində idi. Beləcə sütunların işi qurtardı.

23 Xiram tuncdan tökülmüş dairəvi bir hovuz düzəltdi. Onun hündürlüyü beş qulac idi və bir kənarından digər kənarına qədər on qulac idi, otuz qulaclıq bir ip də onun ətrafına dolanmışdı. 24 Hər tərəfdən kənarının altından onu balqabaq təsvirləri əhatə edirdi. Hər qulacda on balqabaq var idi. Balqabaqlar iki cərgə idi və onlar hovuzla birgə tökülmüşdü. 25 Hovuz on iki tökmə buğanın üstündə dururdu: üçü şimala, üçü qərbə, üçü cənuba, üçü də şərqə baxırdı. Hovuz yuxarıda – onların üzərində idi və buğaların bütün sağrıları içəriyə doğru idi. 26 Hovuzun qalınlığı bir ovuc idi, onun kənarı kasa kənarı kimi düzəldilmişdi və açılan zanbağa bənzəyirdi. O, iki min bat su tuturdu.

27 Xiram tuncdan on dayaq düzəltdi. Hər dayağın uzunluğu dörd, eni dörd və hündürlüyü üç qulac idi. 28 Dayaqlar belə hazırlanmışdı: onların yan lövhələri var idi və yan lövhələr gövdəyə bərkidilmişdi. 29 Gövdənin arasında olan yan lövhələr üzərində şir, buğa və keruv təsvirləri var idi. Həmçinin gövdədə, şir və buğa təsvirlərinin yuxarısında və aşağısında asma çələnglər var idi. 30 Hər dayağın dörd tunc çarxı, tunc oxları və ləyən üçün dörd tökmə çıxıntısı var idi. Çıxıntılar hər tərəfdən çələnglərlə bəzədilmişdi. 31 Dayağın başlığında bir oyuq var idi. Başlığın hündürlüyü bir qulac idi, oyuq isə dəyirmi və bir qulac yarım enində idi, üstündə oymalar var idi. Yan lövhələr dairəvi deyil, dördguşəli idi. 32 Dörd çarx yan lövhələrin altında idi və çarxların oxları dayaqda idi. Bir çarxın hündürlüyü bir qulac yarım idi. 33 Çarxların quruluşu döyüş arabalarının çarxlarının quruluşu kimi idi. Onların oxları, sağanaqları, milləri və topları – hər şeyi tökmə idi. 34 Hər dayağın dörd küncündə çıxıntı var idi. Çıxıntılar dayağa bitişik idi. 35 Dayağın başında yarım qulac hündürlüyündə dəyirmi bir çənbər var idi. Dayağın başında olan dəstəkləri və yan lövhələri özünə bitişik idi. 36 Xiram dəstəklərin və yan lövhələrin üzərində yer çatan qədər keruv, şir, xurma ağacı təsvirləri, ətrafında isə çələnglər oydu. 37 Beləcə on dayaq düzəltdi. Onların hamısı bir tökmədə, bir ölçüdə və bir quruluşda idi.

38[25] Xiram on dayağın üstünə qoymaq üçün tuncdan on ləyən düzəltdi. Hər ləyən qırx bat tuturdu və dörd qulac enində idi. 39 Dayaqların beşini məbədin sağ tərəfində, beşini də məbədin sol tərəfində qoydu. Hovuzu isə məbədin cənub-şərq küncündə yerləşdirdi.

40 O həmçinin qazanlar, kürəklər, piyalələr düzəltdi. Xiram Rəbbin məbədi üçün padşah Süleymanın əmri ilə bütün bu işləri görüb qurtardı:

41 iki sütun;
sütunların üstündə iki dəyirmi başlıq;
sütunların üstündəki başlıqları örtmək üçün iki hörmə tor;
42 sütunların üstündə olan dəyirmi başlıqları örtən hər hörmə torun üzərində iki cərgədə dörd yüz nar;
43 on dayaq;
dayaqların üzərində on ləyən;
44 bir hovuz;
hovuzun altında on iki tökmə buğa;
45 qazanlar, kürəklər və piyalələr.

Bütün bu əşyaları Xiram Rəbbin məbədi üçün padşah Süleymanın əmri ilə cilalanmış tuncdan düzəltmişdi. 46 Padşah bunları İordan çayının kənarındakı düzənlikdə Sukkot ilə Sartan arasındakı gilli torpaqlarda tökmüşdü. 47 Bütün bu əşyalar həddən artıq çox olduğu üçün Süleyman onlara işlədilən tuncun çəkisini müəyyən etmədi.

48[26][27] Süleyman Rəbbin məbədindəki bütün bu əşyaları düzəltdi:
qızıl qurbangah;
təqdis çörəkləri qoyulan qızıl masa;
49[28] iç otağın önündə beşi sağ tərəfdə, beşi də sol tərəfdə olan xalis qızıldan çıraqdanlar;
qızıldan olan qönçə, çıraqlar və maşalar;
50 xalis qızıldan kasalar, maqqaşlar, piyalələr, nimçələr və buxurdanlar;
iç otağın, yəni Ən Müqəddəs yerin və böyük otağın qapıları üçün qızıldan ilgəklər.

51[29] Padşah Süleymanın Rəbbin məbədində gördüyü bütün işlər qurtardı. Atası Davudun təqdis etdiyi qızıl-gümüşü və əşyaları Süleyman içəri gətirib Rəbbin məbədinin xəzinələrinə qoydu.

8[redaktə]

Əhd sandığının məbədə gətirilməsi (2Saln. 5:2-6:2)

1[30] O zaman padşah Süleyman İsrailin ağsaqqallarını, bütün qəbilə başçılarını, yəni İsrail övladlarının nəsil rəhbərlərini Yerusəlimə, özünün yanına topladı ki, Rəbbin Əhd sandığını Davudun şəhəri olan Siondan yuxarı gətirsinlər. 2 Yeddinci – Etanim ayında olan bayram vaxtı bütün İsrail xalqı padşah Süleymanın yanına toplandı. 3 Bütün İsrail ağsaqqalları gələndə kahinlər Rəbbin sandığını götürdülər. 4 Onunla birgə Hüzur çadırını və çadırda olan bütün müqəddəs əşyaları kahinlər və Levililər yuxarı gətirdilər. 5 Padşah Süleyman və onun yanına toplanmış bütün İsrail icması sandığın önündə çoxluğuna görə sayı-hesabı bilinməyən qədər qoyun-keçi və mal-qara qurban kəsirdilər. 6 Kahinlər Rəbbin Əhd sandığını öz yerinə, məbədin iç otağına – Ən Müqəddəs yerə, keruvların qanadları altındakı yerinə gətirdilər. 7 Keruvlar qanadlarını sandığın yeri üzərində açmışdı, onlar sandığı və onun şüvüllərini örtmüşdü. 8 Şüvüllər elə uzun idi ki, onların ucu iç otağın önündəki Müqəddəs yerdən görünürdü, ancaq bayır tərəfdən görünmürdü. Onlar bu günə qədər oradadır. 9[31] İsrail övladları Misir torpağından çıxdıqları zaman Rəbbin onlarla əhd bağladığı Xorevdə Musa sandığın içinə iki daş lövhə qoymuşdu. Bunlardan başqa, sandığın içində heç bir şey yox idi.

10[32] Kahinlər Müqəddəs yerdən çıxdıqları vaxt bulud Rəbbin məbədini elə doldurdu ki, 11 buluda görə onlar ibadət etmək üçün orada dayana bilmədilər. Çünki Rəbbin izzəti Onun məbədini doldurmuşdu. 12 O zaman Süleyman dedi:

«Rəbb istədi ki, qatı qaranlıqda məskən salsın.
13 Mən Sənin üçün uca bir məbəd tikdim ki,
Sənin əbədi yaşayacağın yer olsun».

Süleymanın xalqa müraciəti (2Saln. 6:3-11)

14 Padşah dönüb bütün İsrail camaatına xeyir-dua verdi. Bu zaman bütün İsrail camaatı ayaq üstə durmuşdu. 15 Padşah dedi: «İsrailin Allahı Rəbbə alqış olsun ki, atam Davuda Öz ağzı ilə dediyini Öz əli ilə yerinə yetirdi. O söyləmişdi: 16[33] “Mən xalqım İsraili Misirdən çıxardığım gündən bəri bir məbəd tikmək üçün İsrailin heç bir qəbiləsindən şəhər seçməmişdim ki, adım üstündə olsun, ancaq xalqım İsrailin üzərində olmaq üçün Davudu seçdim”. 17[34] Atam Davudun ürəyində İsrailin Allahı Rəbbin adına bir məbəd tikmək istəyi var idi. 18 Lakin Rəbb atam Davuda dedi: “Sən yaxşı eləmisən ki, Mənim adıma bir məbəd tikmək niyyətinə düşmüsən. 19[35] Ancaq məbədi sən tikməyəcəksən, sənin belindən gələn oğlun Mənim adıma məbəd tikəcək”. 20 Rəbb vəd etdiyini yerinə yetirdi: belə ki mən atam Davudun yerinə qalxdım, Rəbbin dediyi kimi İsrail taxtında oturdum və İsrailin Allahı Rəbbin adına məbəd tikdim. 21 Orada sandıq üçün yer hazırladım. Atalarımızı Misir torpağından çıxardığı vaxt Rəbbin onlarla bağladığı əhd onun içindədir».

Məbədin təqdisi üçün Süleymanın duası (2Saln. 6:12-42)

22 Süleyman Rəbbin qurbangahı önündə, bütün İsrail camaatının qarşısında durdu və əllərini göyə açıb dedi: 23 «Ya Rəbb, İsrailin Allahı! Nə yuxarıda göydə, nə də aşağıda yerdə Sənin kimi Allah yoxdur. Sən bütün ürəkləri ilə yolunla gedən qullarına əhdini və lütfünü saxlayırsan. 24 Sən qulun atam Davuda verdiyin vədə əməl etdin, Öz dilinlə söylədiyini bu gün Öz əlinlə yerinə yetirdin. 25[36] Ya Rəbb, İsrailin Allahı, indi də qulun atam Davuda dediyin sözə əməl et, Özün söyləmişdin: “Sən yolumla getdiyin kimi oğulların da yolumla gedərək öz əməllərinə diqqət etsələr, İsrail taxtında sənin nəslindən bir kişi əskik olmayacaq”. 26 Ey İsrailin Allahı, indi qulun atam Davuda dediyin sözü təsdiq et!

27[37] Lakin, doğrudan da, Allah yerdə yaşayarmı? Sən göyə və göylərin göyünə sığmazsan, o ki qaldı mənim tikdiyim məbədə! 28 Ancaq Sən bu qulunun duasına və yalvarışına nəzər sal, ya Rəbb Allahım. Bu gün qulunun Sənin önündə etdiyi fəryadı və duanı eşit. 29[38] Qoy Sənin nəzərin gecə-gündüz bu məbədin üstündə olsun. Bu yer barədə Sən demisən: “Mənim adım orada olacaq”. Qulunun buraya üz tutub etdiyi duanı eşit. 30 Bu yerə tərəf dua etdikləri vaxt Öz qulunun və xalqın İsrailin yalvarışlarını Sən eşit, göydə – Öz məskənində eşit və bağışla!

31 Əgər bir adam öz yaxınına qarşı günah edərsə və ondan and içmək tələb olunarsa, o da gəlib bu məbəddə, Sənin qurbangahın önündə and içərsə, 32 o vaxt Sən göydə eşit və belə et, qulların üzərində hökm et: əməlini öz başına döndərərək müqəssiri ittiham et və təqsirsizə salehliyinə görə bəraət ver.

33 Əgər xalqın İsrail Sənə qarşı günah etdiyi üçün düşmən önündə məğlub olsa, onlar təkrar Sənə tərəf dönüb adını dillərinə gətirsələr və bu məbəddə Sənə yalvarıb fəryad etsələr, 34 o vaxt Sən göydə eşit və xalqın İsrailin günahını bağışla, onları yenə atalarına verdiyin torpağa qaytar.

35 Əgər xalqın Sənin önündə günah etdiyi üçün göy bağlanıb yağış yağmayan vaxt bu yerə tərəf dua edərək adını dillərinə gətirsələr və Sən onlara bəla göndərdiyin vaxt öz günahlarından dönsələr, 36 o vaxt Sən göydə eşit, qullarının və xalqın İsrailin günahını bağışla və gedəcəkləri doğru yolu onlara göstər. Xalqına irs kimi verdiyin torpağına da yağış göndər.

37 Əgər ölkədə aclıq, vəba olarsa, səmum küləyi ya kif, çəyirtkə ya bitki qurdu olarsa, əgər düşmən onları ölkənin hər hansı bir şəhərində mühasirəyə alarsa – hansı bəla, hansı xəstəlik olursa-olsun – 38 kimsə tərəfindən yaxud da bütün xalqın İsrail tərəfindən bir dua və yalvarış olarsa, hər kəs öz ürəyinin dərdini bilib bu məbədə tərəf əllərini açarsa, 39 o vaxt Sən göydə – Öz məskənində eşit, bağışla və bir əlac et. Ürəyini bildiyin hər adama bütün əməllərinə görə əvəz ver, çünki hər insanın ürəyini yalnız Sən bilirsən. 40 Ta ki onlar atalarımıza verdiyin torpaqda yaşadıqları bütün günlər boyu Səndən qorxsunlar.

41 Əgər xalqın İsraildən olmayan yadelli də Sənin adın naminə uzaq ölkədən gəlsə, 42 Sənin böyük adın, qüdrətli əlin və uzanan qolun barədə eşidib bu məbədə tərəf dua etsə, 43 o vaxt Sən göydə – Öz məskənində eşit və yadellinin Sənə fəryad etdiyi hər şeyi elə ki, yer üzünün bütün xalqları da Sənin adını tanısınlar, xalqın İsrail kimi Səndən qorxsunlar və tikdiyim bu məbədin Sənin adınla çağırıldığını bilsinlər.

44 Əgər xalqın göndərdiyin yolla düşməninə qarşı müharibəyə çıxsa və Sənin seçdiyin şəhərə tərəf, Sənin adına tikdiyim məbədə doğru üz çevirib Rəbbə dua etsə, 45 Sən göydə onların dua və yalvarışlarını eşit, onların tərəfində ol.

46 Əgər onlar önündə günah etsələr – çünki günah etməyən insan yoxdur – Sən qəzəblənib onları düşmənə təslim etsən və düşmən onları əsir edib yaxın ya uzaq torpağına aparsa, 47 onlar əsirlikdə olduqları ölkədə ürəklərini döndərib tövbə etsələr və Sənə dua edərək “biz günah və haqsızlıq etdik, pislik etdik” desələr, 48 onları əsir edən düşmənlərin ölkəsində bütün ürəkləri və canları ilə Sənə tərəf dönsələr, atalarına verdiyin torpağa, seçdiyin şəhərə və adına tikdiyim məbədə tərəf üz tutub Sənə dua etsələr, 49 o vaxt Sən göydə – Öz məskənində onların dua və yalvarışlarını eşit, onların tərəfində ol. 50 Sənin önündə günah edən xalqını və onun Sənə qarşı etdiyi bütün üsyankarlıqları bağışla və onları əsir alanlara insaf ver ki, onlara qarşı rəhmli olsunlar. 51 Çünki onlar Sənin xalqın, Sənin irsindir, Sən onları Misirdən, dəmir kürənin içindən çıxartmısan. 52 Bu qulunun və xalqın İsrailin yalvarışına nəzər yetir ki, onların Sənə fəryad etdikləri hər sözü eşidəsən. 53 Çünki, ya Xudavənd Rəbb, Sən irsin olmaq üçün onları yer üzünün bütün xalqlarından ayırdın. Bunu atalarımızı Misirdən çıxartdığın vaxt qulun Musa vasitəsilə söyləmişdin».

Süleymanın xalqa xeyir-dua verməsi

54 Süleyman bütün bu dua və yalvarışlarını Rəbbə söyləyib qurtarandan sonra Rəbbin qurbangahı önündən, əlləri göyə açıq halda diz çökdüyü yerdən qalxdı. 55 O ayağa durdu və bütün İsrail camaatına uca səslə xeyir-dua verib dedi: 56[39] «Rəbbə alqış olsun ki, vəd etdiyi kimi xalqı İsrailə dinclik verdi! Öz qulu Musanın vasitəsilə verdiyi yaxşı vədlərindən heç biri hədər getmədi. 57 Qoy Allahımız Rəbb atalarımıza yar olduğu kimi bizə də yar olsun, qoy bizi buraxmasın və tərk etməsin. 58 Bizim ürəklərimizi Özünə tərəf yönəltsin ki, Onun yolları ilə gedək və Onun atalarımıza buyurduğu əmrlərinə, qanunlarına və hökmlərinə əməl edək. 59 Qoy Rəbbin önündə bu yalvarış sözlərim gecə-gündüz Rəbb Allahımızın xatirində olsun, Öz qulunun və xalqı İsrailin yaxşılığı üçün günbəgün çalışsın. 60 Ta ki yer üzünün bütün xalqları bilsin: yalnız Rəbb Allahdır, Ondan başqası yoxdur. 61 Qoy sizin ürəyiniz bütünlüklə Allahımız Rəbbə sadiq olsun ki, bu gün olduğu kimi Onun qanunları ilə gedəsiniz və Onun əmrlərinə əməl edəsiniz».

Məbədin təqdis edilməsi (2Saln. 7:4-10)

62 Padşah və onunla birgə bütün İsraillilər Rəbbin önündə qurbanlar kəsdilər. 63 Süleymanın Rəbbə təqdim etdiyi ünsiyyət qurbanlarının sayı iyirmi iki min baş mal-qara və yüz iyirmi min baş qoyun-keçi idi. Beləliklə, padşah və bütün İsrail övladları Rəbbin məbədini təqdis etdilər. 64 Həmin gün padşah Rəbbin məbədi önündəki həyətin ortasını təqdis etdi ki, yandırma qurbanlarını, taxıl təqdimlərini və ünsiyyət qurbanlarının piyini orada təqdim etsin, çünki Rəbbin önündəki tunc qurbangah kiçik olduğu üçün yandırma qurbanları, taxıl təqdimləri və ünsiyyət qurbanlarının piyi oraya yerləşməzdi.

65 O vaxt Süleyman və onunla birgə böyük bir camaat – Xamat keçidindən Misir vadisinə qədər yaşayan bütün İsraillilər Allahımız Rəbbin önündə yeddi gün və daha yeddi gün – on dörd gün bayram etdilər. 66 Səkkizinci gün Süleyman xalqı buraxdı. Onlar padşaha xeyir-dua verib Rəbbin qulu Davuda və xalqı İsrailə etdiyi bütün yaxşılıqlara görə sevinclə və şad ürəklə öz evlərinə getdilər.

9[redaktə]

Rəbbin yenə Süleymana görünməsi (2Saln. 7:11-22)

1 Süleyman Rəbbin məbədini, padşah sarayını və tikmək istədiyi bütün şeyləri tamamlayıb qurtarandan sonra 2[40] Rəbb Giveonda göründüyü kimi ikinci dəfə ona göründü. 3 Rəbb Süleymana dedi: «Mən önümdə etdiyin dua və yalvarışını eşitdim. Adımı əbədilik oraya qoymaq üçün tikdiyin bu məbədi təqdis etdim. Mənim nəzərim və ürəyim daim orada olacaq. 4 Əgər Mənim sənə əmr etdiklərimi yerinə yetirərək atan Davud kimi ürək bütövlüyü və düzlüklə yolumla getsən, Mənim qanunlarıma və hökmlərimə əməl etsən, 5[41] sənin padşahlıq taxtını İsrail üzərində əbədi ucaldacağam. Bunu atan Davuda “İsrail taxtında sənin nəslindən bir kişi əskik olmayacaq” deyə vəd etmişdim. 6 Ancaq siz və övladlarınız ardımca getməkdən dönüb qarşınıza qoyduğum əmrlərimə və qaydalarıma əməl etməsəniz, gedib başqa allahlara qulluq edərək onlara səcdə etsəniz, 7 Mən İsrailliləri onlara verdiyim torpaqdan silib atacağam və Öz adıma təqdis etdiyim bu məbədi hüzurumdan rədd edəcəyəm. Onda İsrail barədə bütün xalqlar arasında məsəl və kinayə söyləniləcək. 8 Bu məbədin qalaqları elə uca olacaq ki, yanından keçən hər kəs dəhşətə gələrək deyəcək: “Nə üçün Rəbb bu torpağı və bu məbədi bu cür rədd etdi?” 9 Onlara deyəcəklər: “Ona görə ki bu xalq atalarını Misir torpağından çıxaran özlərinin Allahı Rəbbi tərk etdi və başqa allahlardan yapışdı, onlara səcdə və qulluq etdi. Buna görə də Rəbb bütün bu bəlanı onların üzərinə göndərdi”».

Süleymanın Xiramla müqavilə bağlaması (2Saln. 8:1-2)

10 Süleyman iki evi – Rəbbin məbədini və padşah sarayını iyirmi ilə tikib qurtardıqdan sonra 11 Sur padşahı Xirama Qalileya diyarında iyirmi şəhər verdi, çünki Xiram Süleymana onun arzusuna görə sidr, şam ağacları və qızıl göndərmişdi. 12 Xiram Surdan çıxdı ki, Süleymanın ona verdiyi şəhərlərə baxsın. Onlar Xiramın xoşuna gəlmədi. 13 O dedi: «Qardaşım, bu nə şəhərlərdir, mənə vermisən?» Onları Kavul[42] torpağı adlandırdı və bu günə qədər onlar belə adlanır. 14 Xiram padşaha yüz iyirmi talant qızıl göndərdi.

Süleymanın tikinti işləri (2Saln. 8:3-18)

15 Padşah Süleyman əmək mükəlləfiyyəti qoyub bu işləri gördü: Rəbbin məbədini, öz sarayını, qala yamacını, Yerusəlim divarını, Xasoru, Megiddonu və Gezeri tikdi. 16 Misir padşahı firon gəlib Gezeri tutmuşdu və oranı yandırmışdı. Şəhərdə yaşayan Kənanlıları qırmışdı və bu şəhəri öz qızına – Süleymanın arvadına cehiz vermişdi. 17 Süleyman yenidən Gezeri tikdi. O həmçinin Aşağı Bet-Xoronu, 18 Baalatı, ölkədəki səhralıqda olan Tadmoru, 19 özünün bütün anbar şəhərlərini, döyüş arabalarının olduğu şəhərləri, süvarilərin olduğu şəhərləri, Yerusəlimdə, Livanda və onun hökmranlığı altında olan bütün yerlərdə tikmək istədiyi hər şeyi tikdi. 20 Ölkədə İsrail övladlarından olmayan başqa xalqlar – Emorlular, Xetlilər, Perizlilər, Xivlilər və Yevuslular qalmışdı, 21 çünki İsraillilər onların atalarını tamamilə məhv edə bilməmişdilər. Süleyman onları mükəlləfiyyətçi qul etdi və bu indiyə qədər belədir. 22 İsrail övladlarını isə qul etmədi, ancaq onlar Süleymanın əsgərləri, əyanları, rəisləri və sərkərdələri, döyüş arabalarının və süvarilərinin başçıları idi.

23 Süleymanın işlərinə nəzarət edən rəislər də İsraillilərdən idi. İş görən xalqa rəislik edən bu adamlar beş yüz əlli nəfər idi.

24 Fironun qızı Davudun şəhərindən Süleymanın onun üçün tikdiyi evinə köçdü. Sonra Süleyman qala yamacını tikdi.

25[43] Süleyman Rəbbə tikdiyi qurbangahın üzərində ildə üç dəfə yandırma qurbanları və ünsiyyət qurbanları gətirirdi, bununla bərabər Rəbbin önündə buxur yandırırdı. Beləcə o, məbədin işini görürdü.

Süleymanın donanması

26 Padşah Süleyman həmçinin Edom ölkəsində, Qırmızı dənizin körfəzində, Elatın yanında olan Esyon-Gever limanında donanma düzəltdi. 27 Xiram öz təbəəsi olan dənizə bələd gəmiçiləri Süleymanın adamları ilə birgə donanmaya göndərdi. 28 Onlar Ofirə gəldilər və oradan dörd yüz iyirmi talant qızıl götürüb padşah Süleymana gətirdilər.

10[redaktə]

Səba mələkəsinin Süleymanın yanına gəlməsi (2Saln. 9:1-12)

1[44] Səba mələkəsi Rəbbin adından ötrü Süleymanın şöhrətini eşidib onu tapmacalarla sınamağa gəldi. 2 O, çox böyük karvanla – ətriyyat, çoxlu qızıl və qiymətli daşlarla yüklənmiş dəvələrlə Yerusəlimə, Süleymanın yanına gəldi və ürəyində olan hər şey barədə onunla söhbət etdi. 3 Süleyman onun bütün suallarına cavab verdi, elə bir gizli şey olmadı ki, padşah ona izah etməsin. 4 Səba mələkəsi Süleymanın bütün hikmətini və onun tikdiyi sarayı, 5 süfrəsindəki yeməyi, əyanlarının oturuşunu, qulluqçularının xidmətini və onların geyimlərini, saqilərini, Rəbbin məbədində gətirdiyi yandırma qurbanlarını görəndə daha özünü saxlaya bilmədi. 6 O, padşaha dedi: «Sənin işlərin və hikmətin barədə öz ölkəmdə eşitdiyim sözlər düz imiş. 7 Gəlib öz gözlərimlə görənə qədər mən bu sözlərə inanmamışdım. Mənə heç gördüklərimin yarısı danışılmayıb, sənin hikmətin və var-dövlətin mən eşitdiyim şöhrətdən üstündür. 8 Sənin adamların nə bəxtiyardır, bu qulluqçuların nə bəxtiyardır ki, həmişə önündə durub hikmətini eşidirlər. 9 Allahın Rəbbə alqış olsun ki, səni istəyib İsrail taxtında oturtdu! Rəbb İsrailə olan əbədi sevgisi naminə ədalət və salehliklə hökm etmək üçün səni padşah qoydu». 10 Səba mələkəsi padşaha yüz iyirmi talant qızıl, çoxlu ətriyyat və qiymətli daşlar bağışladı. Onun padşah Süleymana verdiyi qədər çox ətriyyat hələ heç vaxt gəlməmişdi.

11 Ofirdən qızıl gətirən Xiramın gəmiləri oradan çoxlu ardıc ağacı və qiymətli daşlar gətirdi. 12 Padşah ardıc ağacından Rəbbin məbədi və padşah sarayı üçün sürahi, musiqiçilər üçün lira və çəng düzəltdi. Heç vaxt bu qədər ardıc ağacı gəlməmişdi və bu günə qədər görünməmişdi. 13 Padşah Süleymanın öz səxavətinə görə Səba mələkəsinə verdiklərindən başqa, padşah onun arzuladığı və istədiyi bütün şeyləri verdi. O da adamları ilə birgə qayıdıb öz ölkəsinə getdi.

Padşah Süleymanın var-dövləti (2Saln. 9:13-28)

14 Bir ildə Süleymana gələn qızılın çəkisi altı yüz altmış altı talant idi. 15 Alver edən adamlardan, tacirlərin ticarətindən, bütün Ərəb padşahlarından və ölkənin valilərindən gələn qızıl buraya daxil deyildi. 16 Padşah Süleyman döymə qızıldan iki yüz sipər düzəltdi. Bir sipərə altı yüz şekel qızıl işləndi. 17 O, döymə qızıldan üç yüz qalxan da düzəltdi. Bir qalxana üç mina qızıl işləndi. Padşah onları «Livan meşəsi» adlı sarayına qoydu.

18 Padşah fil sümüyündən böyük taxt düzəltdi və onu xalis qızılla örtdü. 19 Taxtın altı pilləsi var idi. Arxa tərəfdən taxtın başı dəyirmi idi. Oturacağın hər iki tərəfində qollar var idi, qolların yanında iki şir təsviri var idi. 20 Altı pillənin iki tərəfində isə on iki şir təsviri var idi. Heç bir padşahlıqda belə şey yox idi. 21 Padşah Süleymanın bütün içki qabları qızıldan idi, «Livan meşəsi» adlı sarayında olan bütün əşyalar da xalis qızıldan idi. Gümüşdən heç bir şey yox idi, çünki gümüş Süleymanın dövründə heç nə sayılırdı. 22 Padşahın dənizdə Xiramın gəmiləri ilə birgə Tarşiş gəmiləri[45] var idi. Üç ildə bir dəfə Tarşiş gəmiləri qızıl, gümüş, fil sümüyü, meymunlar və əntərlərlə yüklənərək gəlirdi.

23 Padşah Süleyman var-dövlətdə və hikmətdə yer üzünün bütün padşahlarından üstün idi. 24 Süleymanın ürəyinə Allahın qoyduğu hikməti eşitmək üçün hamı onun üzünü görmək istəyirdi. 25 Onun yanına gələn hər kəs hədiyyə gətirirdi. Beləcə ona hər il qızıl və gümüş qablar, paltarlar, silahlar, ətriyyat, atlar və qatırlar gətirilirdi.

26[46] Süleyman döyüş arabaları və süvarilər topladı. Onun min dörd yüz döyüş arabası və on iki min süvarisi var idi. Onları arabalar üçün ayrılan şəhərlərdə və Yerusəlimdə, padşahın yanında yerləşdirdi. 27[47] Padşah Yerusəlimdə çoxluğuna görə gümüşü daşlara, sidr ağacını isə yamaclı-düzənlikli bölgədə bitən firon ənciri ağacına bərabər etdi. 28[48] Süleymanın atları Misirdən və Quvedən gətirilirdi, padşahın tacirləri onları Quvedən satın alırdılar. 29 Hər bir döyüş arabası altı yüz şekel, hər bir at isə yüz əlli şekel gümüşə başa gəlib, Misirdən gətirilirdi. Bütün Xet və Aram padşahları da bunları Süleymanın tacirlərinin vasitəsilə alırdılar.

11[redaktə]

Süleymanın Allahdan uzaqlaşması

1[49] Padşah Süleyman fironun qızından başqa, Moavlılar, Ammonlular, Edomlular, Sidonlular və Xetlilərdən çoxlu yadelli qadın sevdi. 2[50] Rəbb İsrail övladlarına bu xalqlar barədə demişdi: «Onlardan qız almayın və onlara qız verməyin. Əgər belə etsəniz, hökmən ürəyinizi öz allahlarına tərəf azdıracaqlar». Bu qadınlar da həmin xalqlardan idi. Süleyman sevgi ilə onlara bağlandı. 3 Onun zadəgan nəslindən olan yeddi yüz arvadı və üç yüz kənizi var idi. Arvadları onun ürəyini yoldan çıxartdılar. 4 Onlar Süleymanın qocalıq çağında onun ürəyini başqa allahlara tərəf azdırdılar və onun ürəyi atası Davuddan fərqli olaraq Allahı Rəbbə sadiq deyildi. 5 Süleyman Sidonluların ilahəsi Aştoretə və Ammonluların iyrənc bütü Milkoma xidmət etdi. 6 Süleyman Rəbbin gözündə pis olan işlər etdi və atası Davuddan fərqli olaraq Rəbbə tamamilə xidmət etmədi. 7 Onda Süleyman Yerusəlimin şərqindəki dağda Moavın iyrənc bütü Kemoş üçün və Ammon övladlarının iyrənc bütü Molek üçün səcdəgah düzəltdi. 8 O öz allahlarına buxur yandıran və qurbanlar gətirən bütün yadelli arvadları üçün belə etdi.

9 Rəbb Süleymana qəzəbləndi, çünki onun ürəyi İsrailin Allahı Rəbdən dönmüşdü. Rəbb ona iki dəfə görünərək 10 «başqa allahlara xidmət etmə» deyə bu barədə əmr etdi, o isə Rəbbin əmrinə əməl etmədi. 11 Ona görə də Rəbb Süleymana dedi: «Bu niyyətdə olduğuna görə, sənə əmr etdiyim əhdimə və qaydalarıma əməl etmədiyin üçün Mən hökmən padşahlığını əlindən çəkib alacağam və onu sənin quluna verəcəyəm. 12 Ancaq atan Davudun xatirinə Mən bunu sənin dövründə etməyəcəyəm, onu sənin oğlunun əlindən çəkib alacağam. 13 Həm də bütün padşahlığı çəkib almayacağam, qulum Davudun xatirinə və Mənim seçdiyim Yerusəlimdən ötrü bir qəbiləni sənin oğluna verəcəyəm».

Süleymanın düşmənləri

14 Rəbb Edomlu Hadadı Süleymana düşmən etdi. O, Edomun padşah nəslindən idi. 15 Davud Edomda olarkən ordu başçısı Yoav ölənləri basdırmaq üçün gəlib Edomda bütün kişiləri qırmışdı. 16 Yoav bütün İsraillilərlə birgə Edomda olan bütün kişiləri qırana qədər altı ay orada qalmışdı. 17 O zaman Hadad və atasının əyanlarından olan bəzi Edomlular onunla birgə Misirə tərəf qaçmışdılar. Hadad balaca bir uşaq idi. 18 Onlar Midyandan qalxıb Parana gəldilər, Parandan özləri ilə adamlar götürüb Misirə, Misir padşahı fironun yanına gəldilər. O, Hadada ev və torpaq verdi, onu azuqə ilə təmin etdi. 19 Hadad fironun gözündə böyük rəğbət qazandı və firon arvadı mələkə Taxpenesin bacısını ona arvad olmaq üçün verdi. 20 Taxpenesin bacısı ona oğlu Genuvatı doğdu. Taxpenes özü fironun evində onu böyütdü. Genuvat fironun evində, fironun oğulları arasında idi. 21 Hadad Misirdə olanda Davudun vəfat etdiyini və ordu başçısı Yoavın öldüyünü eşidib firona dedi: «Göndər məni, öz ölkəmə gedim». 22 Firon ona dedi: «Məgər mənim yanımda bir şeyə ehtiyacın var ki, öz ölkənə getmək istəyirsən?» O cavab verdi: «Yox, ancaq sən məni göndər, gedim».

23 Allah həmçinin ağası Sova padşahı Hadadezerdən qaçan Elyada oğlu Rezonu Süleymana düşmən etdi. 24 Davud Sovalıları qırandan sonra o, yanına adamlar toplayıb bir quldur dəstəsinin başçısı olmuşdu. Bu adamlar Dəməşqə gedib orada qalmışdılar və Dəməşqdə hökmranlıq edirdilər. 25 O, Süleymanın bütün ömrü boyu İsrailə düşmən idi. Hadadın etdiyi pisliklərlə birgə o da həmişə İsraillilərə pislik edirdi və kin bəsləyirdi. Aramda o, padşahlıq edirdi.

Yarovamın padşah olacağı barədə peyğəmbərlik

26 Süleymanın təbəələrindən biri – Seredadan olan Efrayimli Nevat oğlu Yarovam da padşaha qarşı çıxmışdı. Onun dul bir qadın olan anasının adı Serua idi. 27 Yarovamın padşaha qarşı çıxmasının səbəbi bu idi: Süleyman qala yamacını tikdi və atası Davudun şəhərinin divarındakı yarığı bərpa etdi. 28 Yarovam bacarıqlı adam idi. Süleyman cavan oğlanın iş bacarığını gördü və onu Yusifin nəslindən olan ağır işdə işləyən adamların üzərində rəis qoydu.

29 O zaman günlərin birində Yarovam Yerusəlimdən çıxdı və yolda Şilolu peyğəmbər Axiya onu qarşıladı. Axiya təzə paltar geymişdi. Çöldə yalnız onlar ikisi idi. 30 Axiya əynində olan təzə paltarı götürüb on iki yerə cırdı. 31 Sonra Yarovama dedi: «Özünə on hissə götür, çünki İsrailin Allahı Rəbb belə deyir: “Mən padşahlığı Süleymanın əlindən çəkib alıram və on qəbiləni sənə verirəm. 32 Ancaq qulum Davudun xatirinə və İsrailin bütün qəbilələrindən seçdiyim şəhər olan Yerusəlimdən ötrü bir qəbilə onun olacaq. 33 Bunu ona görə edirəm ki, Süleyman Məni tərk etdi və Sidonluların ilahəsi Aştoretə, Moav allahı Kemoşa, Ammonluların allahı Milkoma səcdə etdi. Atası Davud gözümdə doğru olan işlər etməklə, qaydalarıma və əmrlərimə əməl etməklə Mənim yolumla getdi, amma Süleyman belə etmədi. 34 Buna baxmayaraq, bütün padşahlığı onun əlindən çəkib almayacağam. Əmrlərimə və qaydalarıma əməl edən seçdiyim qulum Davudun xatirinə onu bütün ömrü boyu hökmdar edəcəyəm. 35 Padşahlığı onun oğlunun əlindən çəkib alacağam və on qəbiləni sənə verəcəyəm. 36[51] Onun oğluna isə bir qəbiləni verəcəyəm ki, Mənim önümdə, adımı oraya qoymaq üçün seçdiyim şəhər olan Yerusəlimdə həmişə qulum Davudun çırağı olsun. 37 Mən səni seçirəm, sən ürəyin istədiyi hər şey üzərində hökmranlıq edəcəksən və İsrailin padşahı olacaqsan. 38 Əgər qulum Davud kimi Mənim qanunlarıma və əmrlərimə əməl edərək sənə buyurduğum hər şeyə qulaq assan, Mənim yolumla getsən və Mənim gözümdə doğru olan işlər görsən, onda Mən səninlə olacağam. Davud üçün qurduğum kimi sənin üçün də möhkəm bir sülalə quracağam və İsraili sənə verəcəyəm. 39 Mən bundan ötrü Davudun nəslini alçaldacağam, ancaq həmişəlik yox”».

40 Süleyman Yarovamı öldürmək istədi, ancaq Yarovam qalxıb Misirə, Misir padşahı Sisaqın yanına qaçdı və Süleymanın ölümünə qədər Misirdə qaldı.

Süleymanın ölümü (2Saln. 9:29-31)

41 Süleymanın qalan işləri, etdiyi hər şey və onun hikməti barədə Süleymanın əməlləri kitabında yazılmışdır. 42 O, Yerusəlimdə bütün İsrail üzərində qırx il padşahlıq etmişdi. 43 Süleyman ataları ilə uyudu və atası Davudun şəhərində basdırıldı. Onun yerinə oğlu Rexavam padşah oldu.

12[redaktə]

İsraillilərin Rexavama qarşı çıxması (2Saln. 10:1-19)

1 Rexavam Şekemə getdi, çünki bütün İsraillilər onu padşah etmək üçün Şekemə gəlmişdilər. 2 Nevat oğlu Yarovam bunu eşitdiyi zaman hələ Misirdə idi. Oraya padşah Süleymanın əlindən qaçmışdı və Misirdə yaşayırdı. 3 Onu çağırtdırdılar. Yarovam gəldi və bütün İsrail camaatı ilə birgə Rexavama söylədi: 4 «Atan üzərimizə ağır boyunduruq qoydu. Sən isə indi atanın çətin qulluğunu və üzərimizə qoyduğu ağır boyunduruğu yüngülləşdir, biz də sənə qulluq edərik». 5 Rexavam onlara dedi: «İndi gedin və üç gündən sonra yenə mənim yanıma gəlin». Xalq getdi.

6 Padşah Rexavam atası Süleymanın sağlığında onun önündə duran ağsaqqallarla məsləhət edib dedi: «Bu xalqa cavab vermək üçün mənə nə məsləhət verirsiniz?» 7 Ağsaqqallar ona dedilər: «Əgər bu gün sən bu xalqa xidmətçi olsan, onlara qulluq etsən və onlara cavab verəndə yaxşı sözlər desən, daim sənə qul olacaqlar». 8 Ancaq o, ağsaqqalların verdikləri məsləhətə məhəl qoymadı, onunla birgə böyümüş və onun önündə duran cavan adamlarla məsləhətləşdi. 9 Onlara dedi: «Siz nə məsləhət verirsiniz? Mənə “atanın üzərimizə qoyduğu boyunduruğu yüngülləşdir” deyən bu xalqa nə cavab verim?» 10 Onunla birgə böyümüş cavan adamlar ona dedilər: «Sənə “atan üzərimizə ağır boyunduruq qoydu, sən isə onu yüngülləşdir” deyən bu xalqa belə söylə: “Mənim kiçik barmağım atamın belindən yoğundur. 11 Atam sizi ağır boyunduruqla yükləmişdi, mən isə sizin boyunduruğunuzu daha da artıracağam; atam sizi qamçılarla cəzalandırırdı, mən isə sizi əqrəblərlə cəzalandıracağam”».

12 «Üç gündən sonra yenə yanıma gəlin» deyə padşahın söylədiyi kimi Yarovam bütün xalqla birgə üç gündən sonra Rexavamın yanına gəldi. 13 Padşah xalqa sərt cavab verdi, ağsaqqalların ona verdiyi məsləhətə məhəl qoymayıb 14 cavan adamların məsləhətinə görə xalqa dedi: «Atam sizi ağır boyunduruqla yükləmişdi, mən isə sizin boyunduruğunuzu daha da artıracağam; atam sizi qamçılarla cəzalandırırdı, mən isə əqrəblərlə cəzalandıracağam». 15 Padşah xalqa qulaq asmadı, çünki bu hadisə Rəbb tərəfindən oldu ki, O, Şilolu Axiya vasitəsilə Nevat oğlu Yarovama söylədiyi sözü yerinə yetirsin.

16[52] Bütün İsraillilər padşahın onlara qulaq asmadığını gördülər. Onda xalq ona cavab verib dedi:

«Davudla bizim nə şərikliyimiz var?
Yesseyin oğlu ilə heç bir irsimiz yoxdur!
Ey İsraillilər, çadırınıza!
İndi, ey Davud, öz evinin halına özün bax!»

İsraillilər evlərinə getdilər. 17 Rexavam yalnız Yəhuda şəhərlərində yaşayan İsrail övladları üzərində padşahlıq etdi. 18 Padşah Rexavam mükəlləfiyyətçilər üzərində nəzarətçi olan Adoniramı göndərdi, bütün İsraillilər onu daşqalaq edib öldürdülər. Padşah Rexavam Yerusəlimə qaçmaq üçün tələsik öz döyüş arabasına mindi. 19 Beləcə İsraillilər Davudun sülaləsinə qarşı qalxdılar və bu indiyə qədər belədir.

20 Bütün İsraillilər Yarovamın qayıtdığını eşidəndə onu toplantıya çağırtdırdılar və bütün İsrail üzərində onu padşah etdilər. Yəhuda qəbiləsindən başqa Davud sülaləsinin arxasınca gedən olmadı.

Şemayanın peyğəmbərliyi (2Saln. 11:1-4)

21 Rexavam Yerusəlimə gəldi. O, İsrail evi ilə müharibə edib öz padşahlığını qaytarmaq üçün bütün Yəhuda evini və Binyamin qəbiləsini – yüz səksən min seçmə döyüşçünü topladı. 22 Ancaq Allah adamı Şemayaya Allahın bu sözü nazil oldu: 23 «Yəhuda padşahı Süleyman oğlu Rexavama, bütün Yəhuda və Binyamin evinə, qalan xalqa söylə ki, 24 Rəbb belə deyir: “Getməyin və öz soydaşlarınız olan İsrail övladları ilə müharibə etməyin. Hər kəs öz evinə qayıtsın, çünki bu iş Mənim tərəfimdən oldu”». Onlar Rəbbin sözünə qulaq asdılar və Rəbbin sözünə görə geri qayıtdılar.

Yarovamın İsrailə etdirdiyi günah

25 Yarovam Efrayimin dağlıq bölgəsində Şekemi tikdi və orada yaşadı. Oradan çıxıb Penueli tikdi. 26 Yarovam ürəyində dedi: «Padşahlıq yenə Davud sülaləsinə qayıda bilər. 27 Əgər bu xalq Yerusəlimə, Rəbbin məbədinə qurban gətirmək üçün gedərsə, bu xalqın ürəyi ağalarına – Yəhuda padşahı Rexavama tərəf dönəcək. Onlar məni öldürüb Yəhuda padşahı Rexavamın tərəfinə keçəcəklər». 28[53] Padşah məsləhətləşib iki qızıl dana[54] düzəltdi və xalqa dedi: «Sizə daha Yerusəlimə getmək lazım deyil. Ey İsraillilər, sizi Misir torpağından çıxaran allahlarınız bunlardır». 29 O, danalardan birini Bet-Eldə, o birini isə Danda qoydu. 30 Bu iş günah oldu. Xalq onlardan birinə səcdə etmək üçün Dana qədər gedirdi.

31 Yarovam səcdəgahlarda ibadət evləri tikdi və xalqın arasından Levililərdən olmayan kahinlər təyin etdi.

Yarovam və Yəhudalı Allah adamı

32[55] Yarovam səkkizinci ayın on beşinci günü Yəhudada keçirilən bayram kimi bir bayram keçirdi. Bet-Eldə düzəltdiyi danalara qurban gətirmək üçün qurbangaha qalxdı və tikdiyi səcdəgahların kahinlərini Bet-Eldə vəzifəyə qoydu. 33 O öz istəyincə uydurduğu vaxt – səkkizinci ayın on beşinci günü İsrail övladları üçün bayram keçirdi və buxur yandırmaq üçün Bet-Eldə düzəltdiyi qurbangaha qalxdı.

13[redaktə]

1 Yarovam buxur yandırmaq üçün qurbangahın yanında durduğu vaxt bir Allah adamı Rəbbin sözü ilə Yəhudadan Bet-Elə gəlib 2[56] Rəbbin adından qurbangaha müraciətlə dedi: «Qurbangah, ay qurbangah! Rəbb belə deyir: “Budur, Davudun nəslində bir oğlan uşağı doğulacaq, onun adı Yoşiya olacaq. O sənin üstündə, orada buxur yandıran səcdəgahların kahinlərini qurban edib insan sümükləri yandıracaq”». 3 Allah adamı həmin gün bir əlamət verib dedi: «Rəbbin söylədiyi əlamət budur: “Bu qurbangah bölünəcək və üstündəki kül töküləcək”». 4 Padşah Yarovam Allah adamının Bet-Eldə qurbangaha müraciətlə dediyi sözü eşidəndə qurbangahın üzərindən əlini uzadıb «onu tutun» dedi. Onun Allah adamına qarşı uzatdığı əli qurudu və əlini özünə tərəf döndərə bilmədi. 5 Allah adamının Rəbbin sözü ilə verdiyi əlamətə görə qurbangah bölündü və kül qurbangahdan töküldü.

6 Onda padşah Allah adamına dedi: «Allahın Rəbbi rəhmə gətir və mənim üçün dua et ki, əlimi özümə tərəf döndərə bilim». Allah adamı Rəbbi rəhmə gətirdi və padşahın əli özünə tərəf dönüb əvvəlki kimi oldu. 7 Padşah Allah adamına dedi: «Mənimlə birgə evə gedib nahar edək. Mən sənə hədiyyə verərəm». 8 Allah adamı isə padşaha dedi: «Sən mənə malının yarısını da versən, səninlə getmərəm, bu yerdə çörək yeyib su içmərəm. 9 Çünki Rəbbin sözü ilə mənə belə əmr gəldi: “Orada çörək yeyib su içmə və getdiyin yolla geri qayıtma”». 10 Allah adamı başqa yolla getdi və Bet-Elə gəldiyi yolla geri qayıtmadı.

Allah adamı və qoca peyğəmbər

11 Bet-Eldə qoca bir peyğəmbər yaşayırdı. Onun oğullarından biri gəlib Allah adamının həmin gün Bet-Eldə etdiyi bütün işlər barədə danışdı. Oğulları onun padşaha söylədiyi sözləri də atalarına bildirdilər. 12 Ata onlara dedi: «O hansı yolla getdi?» Oğulları Yəhudadan gələn Allah adamının hansı yolla getdiyini ona göstərdilər. 13 O öz oğullarına dedi: «Mənim üçün eşşəyi palanlayın». Eşşəyi onun üçün palanladılar və o, eşşəyin üstünə minib 14 Allah adamının dalınca getdi. Onu palıd ağacının altında oturmuş halda tapdı və ona dedi: «Yəhudadan gələn Allah adamı sənsənmi?» O da «mənəm» dedi. 15 Sonra qoca peyğəmbər ona dedi: «Mənimlə birgə evə gedib nahar edək». 16 O dedi: «Səninlə qayıdıb evinə getmərəm, bu yerdə səninlə çörək yeyib su içmərəm. 17 Çünki Rəbbin sözü ilə mənə deyildi: “Orada çörək yeyib su içmə və getdiyin yolla geri qayıtma”». 18 Qoca peyğəmbər ona dedi: «Mən də sənin kimi bir peyğəmbərəm. Bir mələk Rəbbin sözü ilə mənə dedi: “Onu qaytarıb özünlə evinə gətir, çörək yeyib su içsin”». Ancaq bunu ona yalandan söylədi. 19 Allah adamı onunla qayıtdı, onun evində çörək yeyib su içdi.

20 Onlar süfrə arxasında oturarkən onu yoldan qaytaran peyğəmbərə Rəbbin sözü nazil oldu. 21 O, Yəhudadan gələn Allah adamına müraciətlə dedi: «Rəbb belə deyir: “Sən Rəbbin sözünə qarşı getdin və Allahın Rəbbin sənə etdiyi əmrə əməl etmədin, 22 geri qayıdaraq Onun sənə ‹çörək yeyib su içmə› dediyi yerdə çörək yeyib su içdin. Buna görə də cəsədin atalarının qəbrinə girməyəcək”».

23 Yoldan qaytardığı peyğəmbər çörək yeyib su içdikdən sonra qoca peyğəmbər onun üçün eşşəyi palanladı. 24 Allah adamı getdi, yolda ona bir şir rast gəldi və onu öldürdü. Onun cəsədi yola sərilmişdi və eşşək onun yanında dayanmışdı, şir də cəsədin yanında durmuşdu. 25 Adamlar onların yanından keçirdilər, yola sərilmiş cəsədi, cəsədin yanında durmuş şiri gördülər və gəlib qoca peyğəmbərin yaşadığı şəhərdə söylədilər.

26 Onu yoldan qaytaran peyğəmbər bunu eşidib dedi: «O, Rəbbin sözünə qarşı gedən Allah adamıdır. Rəbb də ona söylədiyi sözə görə onu şirə verdi və şir onu didib öldürdü». 27 O, oğullarına dedi: «Mənim üçün eşşəyi palanlayın». Onlar eşşəyi palanladılar. 28 O gedib yola sərilmiş cəsədi tapdı. Eşşək və şir cəsədin yanında durmuşdu. Şir cəsədi yeməmiş və eşşəyə toxunmamışdı. 29 Qoca peyğəmbər Allah adamının cəsədini götürüb eşşəyin üstünə qoydu və yas tutub onu basdırmaq üçün öz şəhərinə geri gətirdi. 30 Onun cəsədini özünün qəbrinə qoydu. «Ah, qardaşım!» deyib onun üçün yas tutdular. 31 Onu basdırandan sonra qoca peyğəmbər oğullarına dedi: «Öləndə məni Allah adamının basdırıldığı qəbirdə basdırın, sümüklərimi onun sümüklərinin yanına qoyun. 32 Çünki Bet-Eldə olan qurbangaha və Samariya şəhərlərində olan səcdəgahların bütün ibadət evlərinə müraciətlə deyilmiş Rəbbin sözü hökmən yerinə yetəcək».

Yarovam günahlarını davam etdirir

33 Bu işdən sonra da Yarovam öz pis yolundan dönmədi. Yenə də səcdəgahlara xalqın hər təbəqəsindən olan kahinlər qoydu. O, səcdəgahların kahini olmaq istəyən hər kəsi təqdis etdi. 34 Bu günah iş Yarovam nəslinin yer üzündən silinib atılmasına və məhv olmasına səbəb oldu.

14[redaktə]

Yarovamın oğlunun ölümü

1 O vaxt Yarovamın oğlu Aviya xəstələndi. 2 Yarovam arvadına dedi: «Qalx öz qiyafəni elə dəyiş ki, sənin Yarovamın arvadı olduğunu bilməsinlər. Şiloya get, peyğəmbər Axiya oradadır. O mənim barəmdə demişdi ki, bu xalqın padşahı olacağam. 3 Əlinə on kömbə çörək, qurabiyələr və bir küpə bal götürüb onun yanına get. Oğlana nə olacağını o sənə bildirəcək».

4 Yarovamın arvadı belə də etdi: qalxıb Şiloya getdi və Axiyanın evinə gəldi. Axiya artıq görə bilmirdi, çünki qocaldığı üçün gözləri zəifləmişdi. 5 Rəbb Axiyaya demişdi: «Yarovamın arvadı oğlu barədə səndən soruşmağa gəlir, çünki oğlu xəstədir. O başqa bir qiyafədədir. Sən ona belə-belə deyərsən».

6 Qadın qapıdan girəndə Axiya onun ayaq səslərini eşidib dedi: «Yarovamın arvadı, içəri gəl! Sən nə üçün qiyafəni dəyişmisən? Mən sənə ağır xəbər söyləmək üçün göndərilmişəm. 7 Get, Yarovama söylə ki, İsrailin Allahı Rəbb belə deyir: “Mən səni xalqın içindən yüksəldib xalqım İsrailin üzərində hökmran etdim. 8 Padşahlığı Davudun nəslindən çəkib aldım və sənə verdim. Sən isə qulum Davud kimi olmadın. O, əmrlərimə əməl edib gözümdə yalnız doğru olan işi görmək üçün bütün ürəyi ilə Mənə xidmət edirdi. 9 Səndən əvvəl olanların hamısından çox pislik etdin. Məni qəzəbləndirmək üçün gedib özünə başqa allahlar, tökmə bütlər düzəltdin və Məni kənara atdın. 10[57] Bunun üçün Mən Yarovamın nəsli üzərinə bəla gətirəcəyəm. İsraildə Yarovamın nəslindən divar isladan hər kəsi – bütün kişiləri, istər kölə olsun, istər azad, kəsib atacağam və onları peyin yandırılan kimi hamısı tükənənə qədər bütünlüklə yandırıb məhv edəcəyəm. 11 Yarovamdan şəhərdə ölənləri köpəklər, çöldə ölənləri quşlar yeyəcək, çünki Rəbb belə söylədi”. 12 Sən qalxıb evinə get. Şəhərə ayaq basdığın vaxt oğlan öləcək. 13 Bütün İsraillilər yas tutub onu basdıracaq. Amma Yarovam nəslindən yalnız o, qəbirə gedəcək, çünki İsrailin Allahı Rəbb Yarovamın nəslindən yalnız onda yaxşı bir şey tapmışdır. 14 Rəbb Özü üçün İsrail üzərində bir padşah qoyacaq, o da Yarovamın nəslini bu gün kəsib atacaq, hətta indi belə olacaq. 15 Rəbb İsraili suda yellənən bir qamış kimi vuracaq və İsrailliləri atalarına verdiyi bu yaxşı torpaqdan çəkib çıxaracaq, onları Fərat çayının o tərəfinə səpələyəcək, çünki özlərinə Aşera bütləri düzəldərək Rəbbi qəzəbləndirdilər. 16 Yarovamın etdiyi və İsraillilərə etdirdiyi günahları ucbatından Rəbb İsraildən üz döndərəcək». 17 Yarovamın arvadı qalxıb getdi və Tirsaya gəldi. Evin astanasına ayaq basdığı vaxt oğlan öldü. 18 Bütün İsraillilər onu basdırıb yas tutdular. Beləcə Rəbbin Öz qulu peyğəmbər Axiya vasitəsilə söylədiyi sözü yerinə yetdi.

Yarovamın ölümü

19 Yarovamın qalan işləri, necə döyüşdüyü və necə padşahlıq etdiyi barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır. 20 Yarovam iyirmi iki il padşahlıq etdi. O, ataları ilə uyudu və yerinə oğlu Nadav padşah oldu.

Yəhuda padşahı Rexavam (2Saln. 11:5-12:15)

21 Süleyman oğlu Rexavam Yəhudada padşahlıq etdi. Rexavam padşah olan vaxt qırx bir yaşında idi. O, Rəbbin Öz adını qoymaq üçün İsrailin bütün qəbilələrindən seçdiyi şəhərdə – Yerusəlimdə on yeddi il padşahlıq etdi. Anası Ammonlu olub adı Naama idi.

22 Yəhudalılar Rəbbin gözündə pis olan işlər etdilər və atalarının etdiyi bütün günahlardan da çox günah etməklə Rəbdə qısqanclıq oyatdılar. 23[58] Onlar da hər yüksək təpə üzərində və hər kölgəli ağac altında özləri üçün səcdəgahlar, sütunlar və Aşera bütləri düzəltdilər. 24[59] Ölkədə həm də məbəd fahişəliyi ilə məşğul olan kişilər var idi. Xalq İsrail övladlarının önündən Rəbbin qovduğu millətlərin bütün iyrənc işlərinə görə davrandı.

25[60] Rexavamın padşahlığının beşinci ilində Misir padşahı Sisaq Yerusəlimə hücum etdi. 26[61] O, Rəbbin məbədinin və padşah sarayının xəzinələrini götürdü. Hər şeyi aldı, Süleymanın düzəltdiyi bütün qızıl qalxanları da götürdü. 27 Padşah Rexavam onların yerinə tunc qalxanlar düzəltdi və bunları padşah sarayının qapısını qoruyan mühafizəçi rəislərin əlinə verdi. 28 Hər dəfə padşah Rəbbin məbədinə gələndə mühafizəçilər onları daşıyır və sonra mühafizəçilərin otağına geri gətirirdilər.

29 Rexavamın qalan işləri və onun etdiyi hər şey barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır. 30 Rexavamla Yarovam arasında həmişə müharibə gedirdi. 31 Rexavam ataları ilə uyudu və Davudun şəhərində, atalarının yanında basdırıldı. Anası Ammonlu olub adı Naama idi. Onun yerinə oğlu Aviya[62] padşah oldu.

15[redaktə]

Yəhuda padşahı Aviya (2Saln. 13:1-14:1)

1 Nevat oğlu Yarovamın padşahlığının on səkkizinci ilində Aviya Yəhuda üzərində padşah oldu. 2 O, Yerusəlimdə üç il padşahlıq etdi. Anasının adı Avişalom qızı Maaka idi. 3 Aviya atasının ondan qabaq etdiyi bütün günahları ilə getdi. Onun ürəyi babası Davuddan fərqli olaraq Allahı Rəbbə sadiq deyildi. 4[63] Ancaq Allahı Rəbb Davudun xatirinə ona Yerusəlimdə bir çıraq verdi, özündən sonra oğlunu onun yerinə oturtdu və Yerusəlimi möhkəmləndirdi. 5[64] Çünki Xetli Uriya ilə olan işindən başqa, Davud Rəbbin gözündə doğru olan işlər etdi və bütün ömrü boyu Onun əmr etdiyi heç bir şeydən kənara çıxmadı. 6[65] Aviyanın bütün ömrü boyu Rexavam və Yarovam arasında müharibə gedirdi.

7 Aviyanın qalan işləri və onun etdiyi hər şey barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır. Aviya ilə Yarovam arasında müharibə gedirdi. 8 Aviya ataları ilə uyudu və onu Davudun şəhərində basdırdılar. Onun yerinə oğlu Asa padşah oldu.

Yəhuda padşahı Asa (2Saln. 15:16-16:6)

9 İsrail padşahı Yarovamın padşahlığının iyirminci ilində Asa Yəhuda üzərində padşah oldu. 10 O, Yerusəlimdə qırx bir il padşahlıq etdi. Nənəsinin adı Avişalom qızı Maaka idi. 11 Asa babası Davud kimi Rəbbin gözündə doğru olan işlər etdi. 12[66] O, məbəd fahişəliyi ilə məşğul olan kişiləri ölkədən qovdu və atalarının düzəltdiyi bütün bütləri aradan qaldırdı. 13 Nənəsi Maakanı da mələkəlikdən məhrum etdi, çünki o, Aşera üçün iyrənc bir büt düzəltmişdi. Asa onun bütünü kəsib Qidron vadisində yandırdı. 14 Ancaq səcdəgahlar aradan qaldırılmadı, lakin Asanın ürəyi bütün ömrü boyu Rəbbə sadiq idi.

15 O, atasının və özünün təqdis etdiyi əşyaları – qızılı, gümüşü və qabları Rəbbin məbədinə gətirdi.

16 Asa ilə İsrail padşahı Baaşa arasında ömürləri boyu müharibə gedirdi. 17 İsrail padşahı Baaşa Yəhudaya hücum etdi və Yəhuda padşahı Asanın yanına gəlib-getmək istəyənləri buraxmamaq üçün Rama şəhərini tikdi. 18 Asa Rəbbin məbədinin və padşah sarayının xəzinələrində qalan bütün qızıl-gümüşü götürüb əyanlarına verdi. Padşah Asa onları Dəməşqdə yaşayan Aram padşahı Xezyon oğlu Tavrimmon oğlu Ben-Hadada bu xəbərlə göndərdi: 19 «Sənin atanla mənim atam arasında saziş var idi, qoy bizim aramızda da saziş olsun. Sənə qızıl-gümüş hədiyyə göndərirəm. Get İsrail padşahı Baaşa ilə olan sazişini poz ki, torpağımdan geri çəkilsin». 20 Ben-Hadad padşah Asaya qulaq asdı və qoşun başçılarını İsrail şəhərlərinin üstünə göndərdi. Onun qoşunları bütün Naftali torpağına – İyona, Dana, Avel-Bet-Maakaya və bütün Kinneretə zərbə vurdu. 21 Baaşa bunu eşitdikdə Ramanı tikməyi dayandırdı və Tirsada qaldı. 22 Padşah Asa istisna etmədən bütün Yəhudalıları çağırdı və onlar Ramada Baaşanın tikməkdə olduğu yerlərin daşlarını və dirəklərini daşıdılar. Bunlarla padşah Asa Binyamin torpağındakı Gevanı və Mispanı tikdi.

23 Asanın bütün qalan işləri, onun bütün hünəri, etdiyi hər şey və tikdiyi şəhərlər barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır. Ancaq qocalanda onun ayaqları xəstə oldu. 24 Asa ataları ilə uyudu və atası Davudun şəhərində, atalarının yanında basdırıldı. Onun yerinə oğlu Yehoşafat padşah oldu.

İsrail padşahı Nadav

25 Yəhuda padşahı Asanın padşahlığının ikinci ilində Yarovam oğlu Nadav İsrail üzərində padşah oldu və iki il padşahlıq etdi. 26 O, Rəbbin gözündə pis olan işlər etdi, atasının yolu və İsrailə etdirdiyi günahı ilə getdi.

27 İssakar qəbiləsindən Axiya oğlu Baaşa ona qəsd hazırladı və Filiştlilərə məxsus olan Gibbetonda onu öldürdü. O zaman Nadav və bütün İsraillilər Gibbetonu mühasirəyə almışdılar. 28 Yəhuda padşahı Asanın padşahlığının üçüncü ilində Baaşa Nadavı öldürdü və onun yerinə padşah oldu. 29[67] O, padşah olan kimi Yarovamın bütün nəslini qırdı, Yarovamdan nəfəs çəkən hər kəsi məhv edənə qədər bir nəfəri sağ buraxmadı. Beləcə Rəbbin Öz qulu Şilolu Axiya vasitəsilə söylədiyi söz yerinə yetdi. 30 İsrailin Allahı Rəbbi qəzəbləndirərək Yarovamın özünün etdiyi və İsrailə etdirdiyi günahların ucbatından bu iş oldu.

31 Nadavın qalan işləri və onun etdiyi hər şey barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır. 32 Asa ilə İsrail padşahı Baaşa arasında bütün ömürləri boyu müharibə gedirdi.

İsrail padşahı Baaşa

33 Yəhuda padşahı Asanın padşahlığının üçüncü ilində Axiya oğlu Baaşa bütün İsrail üzərində padşah oldu və Tirsada iyirmi dörd il padşahlıq etdi. 34 O, Rəbbin gözündə pis olan işlər etdi, Yarovamın yolu və İsrailə etdirdiyi günahı ilə getdi.

16[redaktə]

1 Baaşaya qarşı Xanani oğlu Yehuya Rəbbin bu sözü nazil oldu: 2 «Səni torpaqdan yüksəldib xalqım İsrail üzərində hökmran etdim, sən isə Yarovamın yolu ilə gedib xalqım İsrailə günah etdirərək Məni qəzəbləndirdin. 3 Buna görə də Baaşanı və onun nəslini Nevat oğlu Yarovamın nəsli kimi yandırıb məhv edəcəyəm. 4 Baaşadan şəhərdə ölənləri köpəklər, çöldə ölənləri quşlar yeyəcək».

5 Baaşanın qalan işləri, etdiyi hər şey və onun hünəri barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır. 6 Baaşa ataları ilə uyudu və Tirsada basdırıldı. Onun yerinə oğlu Ela padşah oldu.

7 Baaşa Rəbbin gözündə pis olan işlər edərək Yarovamın nəsli kimi əməlləri ilə Rəbbi qəzəbləndirdi. O, Yarovamın nəslini də qırdı. Buna görə də peyğəmbər Xanani oğlu Yehu vasitəsilə onun özünə və nəslinə qarşı Rəbbin sözü nazil oldu.

İsrail padşahı Ela

8 Yəhuda padşahı Asanın padşahlığının iyirmi altıncı ilində Baaşa oğlu Ela İsrail üzərində padşah oldu və Tirsada iki il padşahlıq etdi.

9 Döyüş arabalarının yarısına başçılıq edən əyanı Zimri ona qəsd hazırladı. Ela Tirsada, öz saray rəisi olan Arsanın evində içib sərxoş olarkən 10 Zimri içəri girdi, onu vurub öldürdü və onun yerinə padşah oldu. Bu hadisə Yəhuda padşahı Asanın padşahlığının iyirmi yeddinci ilində oldu. 11 O, padşah olub taxtda oturan kimi Baaşanın bütün nəslini qırdı, istər onun qohumlarından, istərsə də dostlarından divar isladan heç kəsi – bir kişini də sağ buraxmadı. 12 Peyğəmbər Yehu vasitəsilə Baaşaya qarşı Rəbbin söylədiyi sözə görə Zimri Baaşanın bütün nəslini məhv etdi. 13 Çünki Baaşa və oğlu Ela öz bütləri ilə etdikləri və İsrailə etdirdikləri bütün günahlara görə İsrailin Allahı Rəbbi qəzəbləndirmişdilər.

14 Elanın qalan işləri və onun etdiyi hər şey barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır.

İsrail padşahı Zimri

15 Yəhuda padşahı Asanın padşahlığının iyirmi yeddinci ilində Zimri Tirsada yeddi gün padşahlıq etdi. O vaxt xalq Filiştlilərə məxsus olan Gibbetona qarşı qurulmuş ordugahda qalırdı. 16 Zimrinin padşaha qəsd hazırladığını və onu öldürdüyünü ordugahda olan xalq eşitdi. O gün bütün İsraillilər ordu başçısı Omrini ordugahda İsrail üzərində padşah etdilər. 17 Omri bütün İsraillilərlə birgə Gibbetondan gəlib Tirsanı mühasirəyə aldı. 18 Zimri şəhərin alınacağını görəndə padşah sarayının qalasına girdi və padşah sarayını odladı, özü də həlak oldu. 19 Ona görə ki günah edərək Rəbbin gözündə pis olan işlər etmişdi: Yarovamın yolu və günahı ilə gedib İsrailə günah etdirmişdi. 20 Zimrinin qalan işləri və onun hazırladığı qəsd barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır.

21 O vaxt İsrail xalqı iki hissəyə bölündü: xalqın yarısı Ginat oğlu Tivnini padşah etmək üçün onun dalınca, yarısı isə Omrinin dalınca getdi. 22 Omrinin dalınca gedən xalq Ginat oğlu Tivninin dalınca gedən xalqa üstün gəldi. Beləliklə, Tivni öldü və Omri padşah oldu.

İsrail padşahı Omri

23 Yəhuda padşahı Asanın padşahlığının otuz birinci ilində Omri İsrail üzərində padşah oldu və on iki il padşahlıq etdi. Tirsada altı il padşahlıq etdi. 24 O, Samariya dağını Samardan iki talant gümüşə satın aldı və dağın üstündə şəhər tikib, adını dağın sahibi Samarın adına görə Samariya qoydu. 25 Omri Rəbbin gözündə pis olan işlər etdi və özündən əvvəl olanların hamısından çox pislik etdi. 26 O, Nevat oğlu Yarovamın yolu və onun İsrailə etdirdiyi günahlarla gedib İsrailin Allahı Rəbbi öz bütləri ilə qəzəbləndirdi.

27 Omrinin etdiyi qalan işlər və göstərdiyi hünər barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır. 28 Omri ataları ilə uyudu və Samariyada basdırıldı. Onun yerinə oğlu Axav padşah oldu.

İsrail padşahı Axav

29 Yəhuda padşahı Asanın padşahlığının otuz səkkizinci ilində Omri oğlu Axav İsrail üzərində padşah oldu. O, Samariyada iyirmi iki il padşahlıq etdi. 30 Omri oğlu Axav özündən əvvəl olanların hamısından çox Rəbbin gözündə pis olan işlər etdi. 31 Nevat oğlu Yarovamın günahları ilə getmək ona az gəlirdi, üstəlik Sidonluların padşahı Etbaalın qızı İzeveli də arvad alıb Baala qulluq və səcdə etdi. 32 O, Samariyada tikdiyi Baal məbədində Baal üçün qurbangah qurdu. 33 Aşera bütü də düzəltdi. Axav özündən əvvəl olan bütün İsrail padşahlarından çox pislik edərək İsrailin Allahı Rəbbi qəzəbləndirdi.

34[68] Onun dövründə Bet-Elli Xiel Yerixonu tikdi. Nun oğlu Yeşua vasitəsilə Rəbbin söylədiyi sözə görə o, ilk oğlu Aviramın həyatı bahasına şəhərin bünövrəsini tikdi və kiçik oğlu Sequvun həyatı bahasına qapılarını qoydu.

17[redaktə]

İlyasın quraqlıq barədə xəbərdarlığı

1[69] Gilead sakinlərindən olan Tişbeli İlyas Axava dedi: «Önündə durduğum İsrailin Allahı var olan Rəbbə and olsun ki, mənim bir sözüm olmayınca bu illərdə şeh və yağış olmayacaq».

2 Ona Rəbbin bu sözü nazil oldu: 3 «Buradan get və şərqə tərəf yollan, İordan çayının şərqində olan Kerit vadisində gizlən. 4 Orada vadidən su içəcəksən, səni yedirməyi də qarğalara əmr etdim». 5 O, Rəbbin sözünə əməl etdi və İordan çayının şərqində olan Kerit vadisinə gedib orada qaldı. 6 Qarğalar ona hər səhər-axşam çörək və ət gətirərdilər, vadidən də su içərdi. 7 Bir müddət sonra vadi qurudu, çünki ölkədə yağış yağmırdı.

İlyas və Sarfatlı qadın

8 İlyasa Rəbbin bu sözü nazil oldu: 9[70] «Qalx Sidonun Sarfat şəhərinə get və orada qal. Orada bir dul qadına sənə yemək verməyi əmr etdim». 10 O qalxıb Sarfata getdi. Şəhərin darvazasına çatanda bir dul qadının odun yığdığını gördü və onu çağırıb dedi: «Mənə bir qabda azca su gətir, içim». 11 Qadın gətirməyə gedəndə onu çağırıb dedi: «Mənim üçün əlinə bir tikə çörək də al». 12 Qadın dedi: «Allahın var olan Rəbbə and olsun ki, bişmiş heç nəyim yoxdur, ancaq küpdə bir ovuc un və qabda bir az yağ var. Bax mən iki parça odun yığıram və içəri girib özümlə oğlum üçün bunlardan yemək hazırlayacağam. Biz onu yeyəcəyik və sonra öləcəyik». 13 İlyas ona dedi: «Qorxma, get söylədiyin kimi et. Amma əvvəlcə mənim üçün ondan kiçik bir kökə düzəlt və mənə gətir, özünlə oğlun üçün sonra hazırlayarsan. 14 Çünki İsrailin Allahı Rəbb belə deyir: “Rəbb torpaq üzərinə yağış verəcəyi günə qədər nə küpdə un tükənəcək, nə də qabda yağ qurtaracaq”». 15 Qadın gedib İlyasın sözünə əməl etdi. Qadın və onun ailəsi İlyasla birgə uzun müddət ərzində yemək yedilər. 16 İlyas vasitəsilə Rəbbin söylədiyi sözə görə nə küpdə un tükəndi, nə də qabda yağ qurtardı.

17 Bundan sonra ev sahibi qadının oğlu xəstələndi, xəstəliyi də çox ağır oldu, belə ki onun heç nəfəsi gəlmirdi. 18 Qadın İlyasa dedi: «Mən sənə nə etdim, ey Allah adamı? Günahımı xatırlatmaq və oğlumu öldürmək üçün yanıma gəlmisən?» 19 İlyas ona dedi: «Oğlunu mənə ver». Uşağı qadının qucağından götürüb özünün qaldığı yuxarı otağa çıxartdı və onu öz yatağının üstünə uzandırdı. 20 O, Rəbbi çağırıb dedi: «Ey Allahım Rəbb, yanında qaldığım dul qadının oğlunu öldürməklə onun başına bəla gətirirsən?» 21 Sonra uşağın üstünə üç dəfə uzandı və Rəbbi çağırıb dedi: «Ey Allahım Rəbb, sənə yalvarıram, qoy bu uşağın canı özünə qayıtsın». 22 Rəbb İlyasın səsini eşitdi: uşağın canı özünə qayıtdı və o dirildi. 23 İlyas uşağı götürüb yuxarı otaqdan evə düşürtdü və onu anasına verib dedi: «Bax oğlun sağdır». 24 Qadın İlyasa dedi: «İndi bildim ki, sən Allah adamısan və sənin ağzında Rəbbin sözü haqdır».

18[redaktə]

İlyas və Avdiya

1 Uzun müddət sonra, quraqlığın üçüncü ilində İlyasa Rəbbin bu sözü nazil oldu: «Get, Axava görün. Mən torpağın üzərinə yağış verəcəyəm». 2 İlyas Axava görünmək üçün getdi. O vaxt Samariyada şiddətli aclıq idi. 3 Axav saray rəisi olan Avdiyanı çağırdı. Avdiya Rəbdən çox qorxurdu. 4 İzevel Rəbbin peyğəmbərlərini qırıb öldürən zaman Avdiya peyğəmbərlərdən yüz nəfəri aparıb onları əlli-əlli olaraq mağaralarda gizlətmiş, çörək və su ilə təmin etmişdi. 5 Axav Avdiyaya dedi: «Ölkədə olan bütün su mənbələrinə və vadilərə get. Bəlkə ot tapdıq, atları və qatırları salamat saxladıq, heyvanlar da tələf olmadı». 6 Onlar ölkəni aralarında böldülər ki, hər tərəfi gəzib dolaşsınlar. Axav ayrıca, bir yolla, Avdiya isə ayrıca, başqa bir yolla getdi.

7 Avdiya yolda ikən İlyas ona rast gəldi. O, İlyası tanıdı və üzüstə yerə düşüb dedi: «Ağam İlyas, bu sənsənmi?» 8 İlyas dedi: «Mənəm. Get, ağana de ki, İlyas buradadır». 9 O dedi: «Nə günah etmişəm ki, mən qulunu öldürmək üçün Axavın əlinə verirsən? 10 Allahın var olan Rəbbə and olsun ki, ağamız səni axtarmağa adam göndərmədiyi bir millət, bir padşahlıq qalmadı. Onlar “o burada yoxdur” dedikləri vaxt həmin padşahlığa və millətə səni tapmadıqlarına and içdirdi. 11 Amma indi sən deyirsən: “Get, ağana de ki, İlyas buradadır”. 12 Sənin yanından getdiyim vaxt Rəbbin Ruhu səni bilmədiyim bir yerə aparacaq. Mən də gedib Axava bildirəndə o səni tapmayacaq və məni öldürəcək. Ancaq bu qulun cavanlığından bəri Rəbdən qorxur. 13 İzevel Rəbbin peyğəmbərlərini qırıb öldürən zaman mənim etdiyim iş ağama bildirilmədimi? Mən onda Rəbbin peyğəmbərlərindən yüz nəfəri əlli-əlli olaraq mağaralarda gizlətdim, onları çörək və su ilə təmin etdim. 14 İndi sən deyirsən: “Get, ağana de ki, İlyas buradadır”. Axı o məni öldürər». 15 İlyas dedi: «Önündə durduğum var olan Ordular Rəbbinə and olsun ki, bu gün hökmən ona görünəcəyəm».

İlyas Karmel dağında

16 Avdiya Axavın yanına getdi və ona hər şeyi danışdı. Axav da İlyası qarşılamağa getdi. 17 Axav İlyası görəndə ona dedi: «Ey İsraili dərdə salan adam, bu sənsənmi?» 18 O cavab verdi: «İsraili mən yox, sən və atanın evi dərdə saldınız. Siz Rəbbin əmrlərindən dönüb Baal bütlərinə xidmət etdiniz. 19 İndi bütün İsrailliləri, İzevelin süfrəsində yemək yeyən dörd yüz əlli Baal peyğəmbərini və dörd yüz Aşera peyğəmbərini Karmel dağına, yanıma çağırtdır».

20 Axav bütün İsrail övladlarını və peyğəmbərləri Karmel dağına çağırtdırdı. 21 İlyas bütün xalqın yanına gəlib dedi: «Nə vaxta qədər iki tərəfə əyiləcəksiniz? Əgər Rəbb Allahdırsa, Ona xidmət edin, yox, Baal Allahdırsa, onda ona xidmət edin». Xalq onun sözünə cavab vermədi. 22 Onda İlyas xalqa dedi: «Rəbbin peyğəmbərlərindən təkcə mən qaldım, amma Baalın peyğəmbərləri dörd yüz əlli nəfərdir. 23 İndi qoy bizə iki buğa verilsin: onlar özləri üçün bir buğa seçsinlər, onu doğrayıb odunların üstünə qoysunlar, ancaq od vurmasınlar. Mən isə başqa buğanı hazırlayıb onu odunların üstünə qoyacağam, ancaq od vurmayacağam. 24 Siz öz allahınızı çağırın, mən də Rəbbi çağıracağam; hansı odla cavab verərsə, Allah odur». Bütün xalq cavab verib «qoy belə olsun» dedi.

25 İlyas Baal peyğəmbərlərinə dedi: «Bir buğanı özünüz üçün seçin və məndən əvvəl onu hazırlayın, çünki siz çoxsunuz. Siz öz allahınızı çağırın, ancaq od vurmayın». 26 Onlar özlərinə verilən buğanı götürüb hazırladılar və səhərdən günortaya qədər «Ey Baal, bizə cavab ver!» deyə Baalı çağırdılar, ancaq heç səs-soraq çıxmadı. Onlar düzəltdikləri qurbangahın ətrafında gəzərək atılıb-düşdülər. 27 Günorta olanda İlyas onları lağa qoyub dedi: «Onu uca səslə çağırın. O ki allahdır, bəlkə fikrə gedib yaxud bayıra çıxıb ya da səfərdədir? Bəlkə də yatıb, oyatmaq lazımdır?» 28 Onlar uca səslə çağırdılar və adətlərinə görə bədənlərindən qan axana qədər qılınc və nizələrlə özlərini yaraladılar. 29 Günorta keçincə, axşam qurbanı təqdim olunan vaxta qədər coşub dəlilik etdilər, ancaq nə bir səs-soraq verən, nə də bir qulaq asan var idi.

30 İlyas bütün xalqa dedi: «Mənim yanıma gəlin». Bütün xalq onun yanına gəldi. O, Rəbbin dağıdılmış qurbangahını bərpa etdi. 31[71] İlyas Yaqub oğulları qəbilələrinin sayına görə on iki daş götürdü, çünki Yaquba «sənin adın İsrail olacaq» deyə Rəbbin sözü nazil olmuşdu. 32 İlyas daşlarla Rəbbin adına qurbangah tikdi. O, qurbangahın ətrafında iki sea toxum tutacaq qədər bir xəndək düzəltdi. 33 Odunları düzdü, buğanı doğrayıb odunların üzərinə qoydu və 34 dedi: «Dörd səhəng su gətirin, onu yandırma qurbanının və odunların üstünə tökün». Sonra o dedi: «İkinci dəfə edin». Onlar ikinci dəfə etdilər. O dedi: «Üçüncü dəfə edin». Onlar üçüncü dəfə etdilər. 35 Su qurbangahın ətrafına axdı və xəndək də su ilə doldu.

36 Axşam qurbanı təqdim edilən vaxt peyğəmbər İlyas qabağa çıxıb dedi: «Ey İbrahimin, İshaqın və İsrailin Allahı Rəbb! Qoy bu gün bilinsin ki, İsraildə Sən Allahsan və mən Sənin qulunam, bütün bu işləri də Sənin sözünlə etdim. 37 Səsimi eşit, ya Rəbb, mənə cavab ver. Qoy bu xalq bilsin ki, Sən Allahsan, ya Rəbb, onda onların ürəyini Özünə tərəf döndərəcəksən».

38 O vaxt Rəbdən od düşdü, yandırma qurbanını, odunları, daşları, torpağı yandırıb-yaxdı və xəndəkdə olan suyu uddu. 39 Bütün xalq bunu gördü və onlar üzüstə düşüb dedilər: «Rəbb Allahdır! Rəbb Allahdır!» 40 İlyas onlara dedi: «Baal peyğəmbərlərini tutun, onlardan bir nəfər də qaçıb qurtarmasın». Onları tutdular. İlyas onları Qişon vadisinə endirib orada öldürdü.

Quraqlığın sonu

41 İlyas Axava dedi: «Get, yeyib-iç, çünki güclü yağış səsi gəlir». 42[72] Axav yeyib-içməyə getdi. İlyas Karmel dağının təpəsinə çıxdı, yerə əyilib üzünü dizləri arasına qoydu. 43 Öz nökərinə dedi: «İndi qalx və dəniz tərəfə diqqətlə bax». Nökər qalxdı və diqqətlə baxıb «bir şey yoxdur» dedi. İlyas yeddi dəfə ona «yenə get» dedi. 44 Yeddinci dəfə gedəndə nökər dedi: «Budur, dənizdən insan ovcu boyda kiçik bir bulud çıxır». İlyas dedi: «Gedib Axava söylə: “Arabanı qoşub aşağı en ki, yağış səni ləngitməsin”». 45 Bu vaxt göylər qalın buludlarla qaraldı, külək əsdi və güclü yağış yağmağa başladı. Axav arabaya minib İzreelə getdi. 46 İlyasa Rəbbin gücü gəldi və o, belini qurşayıb Axavın önündə İzreelin girəcəyinə qədər qaçdı.

19[redaktə]

İlyasın təqibdən qaçması

1 Axav İlyasın etdiyi bütün işləri və onun necə bütün peyğəmbərləri qılıncla öldürdüyünü İzevelə danışdı. 2 İzevel İlyasın yanına qasid göndərib dedi: «Sabah bu vaxt mən səni onların gününə salmasam, qoy allahlar mənə beləsini və bundan betərini etsin». 3 İlyas bunu görüb canını qurtarmaq üçün Yəhudada olan Beer-Şevaya getdi. Nökərini orada qoyub, 4 özü çöldə bir günlük yol getdi. Gəlib bir süpürgə ağacının altında oturdu və canına ölüm diləyib dedi: «Bəsdir, ya Rəbb, indi mənim canımı al, çünki mən atalarımdan yaxşı deyiləm». 5 O, süpürgə ağacının altında uzanıb yuxuya getdi. Bu zaman bir mələk ona toxunub dedi: «Qalx yemək ye!» 6 İlyas baxıb gördü ki, başının kənarında isti daş üzərində bişən bir kökə və bir bardaq su var. O yeyib-içdi və yenə yuxuya getdi. 7 Rəbbin mələyi ikinci dəfə qayıtdı və ona toxunub dedi: «Qalx yemək ye, çünki çox uzun yol gedəcəksən». 8 O qalxdı və yeyib-içdi. Yeməyin gücü ilə qırx gün-qırx gecə Allahın dağı Xorevə qədər getdi.

Rəbbin İlyasa görünməsi

9 İlyas oradakı mağaraya girdi və burada gecələdi. Ona «İlyas, burada nə edirsən?» deyə Rəbbin sözü nazil oldu. 10[73] O dedi: «Mən Ordular Allahı Rəbb üçün çox fədakarlıq göstərdim. Çünki İsrail övladları Sənin əhdini unutdular, qurbangahlarını dağıtdılar və peyğəmbərlərini qılıncla öldürdülər. Təkcə mən qaldım, onlar canımı almaq üçün məni də axtarırlar». 11 O dedi: «Çıx, dağda Rəbbin önündə dur, çünki Rəbb buradan keçəcək». Dağları yaran və Rəbbin önündə qayaları parçalayan böyük və güclü bir külək əsdi, ancaq Rəbb küləkdə deyildi. Küləkdən sonra zəlzələ oldu, ancaq Rəbb zəlzələdə deyildi. 12 Zəlzələdən sonra od düşdü, ancaq Rəbb odda deyildi. Oddan sonra xəfif bir meh səsi gəldi. 13 İlyas bunu eşidəndə üzünü cübbəsi ilə örtdü və çıxıb mağaranın ağzında dayandı. Bir səs ona dedi: «İlyas, burada nə edirsən?» 14 O dedi: «Mən Ordular Allahı Rəbb üçün çox fədakarlıq göstərdim. Çünki İsrail övladları Sənin əhdini unutdular, qurbangahlarını dağıtdılar və peyğəmbərlərini qılıncla öldürdülər. Təkcə mən qaldım, onlar canımı almaq üçün məni də axtarırlar».

15[74][75] Rəbb ona dedi: «Qalx çöl yolu ilə Dəməşqə get. Oraya çatanda Xazaeli Aram üzərində padşah olmaq üçün məsh et, 16 Nimşi oğlu Yehunu İsrail üzərində padşah olmaq üçün məsh et, Avel-Mexoladan olan Şafat oğlu Elişanı öz yerinə peyğəmbər olmaq üçün məsh et. 17 Xazaelin qılıncından qurtaranı Yehu öldürəcək, Yehunun qılıncından qurtaranı Elişa öldürəcək. 18[76] Ancaq Mən İsraildə Baal qarşısında diz çökməmiş və dodaqları onu öpməmiş hər kəsi – yeddi min adamı saxlamışam».

Elişanın peyğəmbərlik çağırışı

19 İlyas oranı tərk etdi və Şafat oğlu Elişanı tapdı. O, yer şumlayırdı, önündə on iki cüt öküz var idi və özü on ikinci cüt öküzü sürürdü. İlyas Elişanın yanından keçəndə cübbəsini onun üstünə atdı. 20[77] Elişa öküzləri qoyub İlyasın dalınca qaçdı və dedi: «Qoy gedib ata-anamı öpüm, sonra sənin dalınca gələrəm». İlyas ona dedi: «Geri qayıt, mən sənə nə etdim?» 21 Elişa ondan ayrılıb geri qayıtdı. Öz bir cüt öküzünü götürüb onları qurban kəsdi. Öküzləri kotanın taxtaları ilə bişirib ətlərini xalqa verdi və onlar yedilər. Sonra o qalxıb İlyasın dalınca getdi və ona xidmət etdi.

20[redaktə]

Ben-Hadadın Samariyaya hücumu

1 Aram padşahı Ben-Hadad bütün ordusunu topladı. Onunla birgə otuz iki padşah, atlar və döyüş arabaları var idi. Ben-Hadad gəlib Samariyanı mühasirəyə aldı və şəhərə hücum etdi. 2 O, şəhərə, İsrail padşahı Axavın yanına qasidlər göndərib dedi: «Ben-Hadad belə deyir: 3 “Sənin qızıl-gümüşün mənimdir, arvadlarının və oğullarının ən yaxşıları da mənimdir”». 4 İsrail padşahı cavab verib dedi: «Ağam padşah, sənin söylədiyin kimi özüm və hər nəyim var, sənindir». 5 Qasidlər yenə gəlib dedilər: «Ben-Hadad belə söyləyir: “Hərçənd ki sənə ‹qızıl-gümüşünü, arvadlarını və oğullarını mənə ver› deyə xəbər göndərdim, 6 ancaq sabah bu vaxt adamlarımı sənin yanına göndərəcəyəm. Evini və əyanlarının evlərini axtaracaqlar və sənin xoşuna gələn hər şeyi götürüb gətirəcəklər”».

7 İsrail padşahı ölkənin bütün ağsaqqallarını çağırıb dedi: «Görün bu adam necə pislik axtarır. Arvadlarımı, oğullarımı, qızıl-gümüşümü məndən tələb etdi, mən ondan əsirgəmədim». 8 Bütün ağsaqqallar və xalq ona «qulaq asma və razı olma» dedilər. 9 O, Ben-Hadadın qasidlərinə dedi: «Ağam padşaha deyin: “Bu qulundan əvvəlcə istədiyin hər şeyi verərəm, ancaq bunu edə bilməyəcəyəm”». Qasidlər gedib onun sözünü çatdırdılar. 10 Ben-Hadad ona xəbər göndərib dedi: «Əgər Samariya torpağı mənim dalımca gedən qoşunun ovuclarını doldurmağa bəs edərsə, allahlar mənə beləsini və bundan betərini etsin». 11 İsrail padşahı cavab verib dedi: «Söyləyin, qurşanan adam soyunan kimi öyünməsin». 12 Bu sözü eşidəndə Ben-Hadad padşahlarla birgə çadırlarda şərab içirdi. O, əsgərlərinə «Sıraya düzülün!» dedi. Onlar şəhərin qarşısında sıraya düzüldülər.

Axavın Ben-Hadadı məğlub etməsi

13 Bu vaxt bir peyğəmbər İsrail padşahı Axavın yanına gəlib dedi: «Rəbb belə deyir: “Bu böyük qoşunu görürsənmi? Bu gün onu sənə təslim edəcəyəm və biləcəksən ki, Rəbb Mənəm”». 14 Axav dedi: «Kimin vasitəsilə?» O dedi: «Rəbb belə deyir: “Əyalət başçılarının xidmətində olan igidlərin vasitəsilə bunu edəcəyəm”». Sonra Axav dedi: «Döyüşü kim başlayacaq?» O cavab verdi: «Sən». 15 Sonra Axav əyalət başçılarının igidlərini sıraya düzdü: onlar iki yüz otuz iki nəfər idi. Onlardan sonra orada olan xalqın hamısını – bütün İsrail övladlarını sıraya düzdü: onlar yeddi min nəfər idi.

16 Onlar günorta oradan çıxdılar. Ben-Hadad və ona kömək edən otuz iki padşah çadırlarda içib sərxoşluq edirdilər. 17 Əvvəl əyalət başçılarının igidləri çıxdılar. Ben-Hadadın göndərdiyi casuslar ona «Samariyadan adamlar çıxır» deyə bildirdilər. 18 O dedi: «Əgər sülh üçün çıxırlarsa, onları diri tutun, yox, döyüş üçün çıxırlarsa, yenə onları diri tutun». 19 O vaxt bu adamlar – həm əyalət başçılarının igidləri, həm də onların ardınca gələn qoşun artıq şəhərdən çıxmışdı. 20 Onlardan hər biri qarşısında duranı vurdu. Aramlılar qaçdılar və İsraillilər onları təqib etdilər. Aram padşahı Ben-Hadad at üstündə süvariləri ilə birgə qaçıb qurtardı. 21 İsrail padşahı oradan çıxıb atlara və döyüş arabalarına hücum etdi və Aramlıları böyük tələfata uğratdı.

Aramlıların ikinci hücumu

22 Həmin peyğəmbər İsrail padşahının yanına gəlib ona dedi: «Get özünü möhkəmləndir, gör ki, nə etməlisən. Çünki bahar gələndə Aram padşahı yenə sənin üstünə gələcək».

23 Aram padşahının əyanları ona deyirdilər: «İsraillilərin Allahı təpələr Allahıdır, buna görə də onlar bizə qalib gəldilər. Onlarla düzənlikdə vuruşaq, hökmən biz onlara qalib gələcəyik. 24 Belə et: padşahların hər birini vəzifəsindən götür və onların yerinə valilər təyin et. 25 Sən isə at yerinə at, araba yerinə araba qoyaraq itirdiyin ordu kimi özün üçün bir ordu düzəlt ki, biz onlara qarşı düzənlikdə vuruşaq. Hökmən biz onlara qalib gələcəyik». Ben-Hadad onların sözünə qulaq asdı və belə etdi.

26 Bahar gələndə Ben-Hadad Aramlıları topladı və İsraillilərlə vuruşmaq üçün Afeqə doğru getdi. 27 İsrail övladları da toplaşdılar, azuqə hazırladılar və onların qarşısına getdilər. İsrail övladları onların önündə iki kiçik sürü kimi ordugah qurdular, Aramlılar isə hər tərəfi tutmuşdular. 28 Allah adamı İsrail padşahının yanına gəlib dedi: «Rəbb belə deyir: “Aramlılar ‹Rəbb təpələr Allahıdır, düzənliklər Allahı deyil› deyirlər. Buna görə də Mən bu böyük qoşunu bütünlüklə sənə təslim edəcəyəm və biləcəksiniz ki, Rəbb Mənəm”». 29 Onlar bir-birlərinin qarşısında yeddi gün ordugahda qaldılar. Yeddinci gün döyüş başlandı. İsrail övladları bir gündə Aramlıların piyada qoşunundan yüz min nəfəri qırdılar. 30 Onların qalanları Afeqə – şəhərin içinə qaçdılar. Şəhərin divarı qalan iyirmi yeddi min nəfərin üstünə yıxıldı. Ben-Hadad şəhərə qaçıb bir iç otağa girdi.

31 Əyanları ona dedilər: «Biz eşitmişik ki, İsrail padşahları mərhəmətli padşahlardır. Gəlin bellərimizə çul, başlarımıza ip sarıyaq və İsrail padşahının yanına gedək. Bəlkə o səni sağ buraxar». 32 Onlar bellərinə çul, başlarına ip bağladılar və gəlib İsrail padşahına dedilər: «Qulun Ben-Hadad “yalvarıram, məni sağ burax” deyir». İsrail padşahı dedi: «O hələ sağdır? O ki mənim qardaşımdır». 33 Bu adamlar bir əlamət gözləyirdilər, padşahın sözünü yaxşı əlamət sayıb cəld dedilər: «Bəli, Ben-Hadad sənin qardaşındır». O dedi: «Gedin, onu gətirin». Ben-Hadad onun yanına gəldi və o, Ben-Hadadı öz döyüş arabasına mindirdi. 34 Ben-Hadad ona dedi: «Mənim atamın sənin atandan aldığı şəhərləri geri qaytarıram. Atamın Samariyada düzəltdiyi kimi sən də Dəməşqdə özün üçün bazarlar düzəldərsən». İsrail padşahı dedi: «Mənimlə saziş bağlayandan sonra səni buraxacağam». Ben-Hadadla saziş bağladı və onu buraxdı.

İsrail padşahı və peyğəmbər

35 Peyğəmbərlərdən olan bir nəfər Rəbbin sözü ilə öz yoldaşına dedi: «Məni vur». O adam onu vurmaq istəmədi. 36 Onda peyğəmbər o adama dedi: «İndi ki sən Rəbbin sözünə qulaq asmadın, mənim yanımdan gedəndə bir şir səni öldürəcək». Peyğəmbərin yanından gedəndə bir şir ona rast gəlib onu öldürdü. 37 Peyğəmbər başqa bir adam tapıb ona dedi: «Məni vur». O adam peyğəmbəri vurub yaraladı. 38 Peyğəmbər getdi və gözlərini örtərək qiyafəsini dəyişib padşahın yolu üstündə dayandı. 39 Padşah keçəndə onu səsləyib dedi: «Bu qulun döyüşün ortasına girmişdi. Bu zaman bir adam kənara çəkildi və mənim yanıma bir nəfər gətirib dedi: “Bu adamı qoru. Əgər aradan çıxsa, əvəzində ya canını verəcəksən ya da bir talant gümüş”. 40 Bu qulun orada-burada çalışarkən o, yanımdan qaçdı». İsrail padşahı bu adama dedi: «Hökmün elə də olmalıdır, özün qərar vermisən». 41 O cəld gözlərindən örtüyü götürdü. İsrail padşahı onun peyğəmbərlərdən biri olduğunu gördü. 42 O, İsrail padşahına dedi: «Rəbb belə deyir: “Mənim lənətlədiyim adamı sən əldən buraxdın. Buna görə də onun yerinə sən öləcəksən və onun xalqının başına gələcək işlər sənin xalqının başına gələcək”». 43 İsrail padşahı qaşqabaqlı və dilxor halda Samariyada olan evinə gəldi.

21[redaktə]

Navotun bağı

1 İzreeldə, Samariya padşahı Axavın sarayının yanında İzreelli Navotun bir üzüm bağı var idi. 2 Bir müddət sonra Axav Navota dedi: «Üzüm bağını mənə ver ki, oranı özüm üçün bostan edim, çünki evimə yaxındır. Mən onun əvəzinə sənə daha yaxşı bağ verərəm ya da istəsən, onun dəyərini sənə pulla ödəyərəm». 3 Navot Axava dedi: «Qoy atalarımın mirasını sənə verməyi Rəbb məndən uzaq etsin!» 4 Axav evinə qaşqabaqlı və dilxor halda qayıtdı, çünki İzreelli Navot ona «atalarımın mirasını sənə vermərəm» demişdi. O, yatağı üzərinə uzanıb üzünü çevirdi və yemək yemədi.

5 Arvadı İzevel yanına gəlib ona dedi: «Niyə qanın qaradır, heç yemək də yemirsən?» 6 O dedi: «Mən İzreelli Navota “üzüm bağını pulla mənə sat ya da istəsən, onun əvəzində sənə başqa üzüm bağı verərəm” söylədim, o isə dedi: “Üzüm bağımı sənə vermərəm”». 7 Arvadı İzevel ona dedi: «İndi İsrail üzərində padşahlıq edən sənsən ya yox? Qalx yemək ye, ürəyini sıxma. İzreelli Navotun üzüm bağını mən sənə verərəm».

8 O, Axavın adından məktublar yazdı və onları Axavın möhürü ilə möhürlədi. Navotun şəhərində onunla birgə yaşayan ağsaqqallara və əyanlara məktublar göndərdi. 9 İzevel məktublarda belə yazdı:

«Oruc elan edin və Navotu xalqın arasında yuxarı başda əyləşdirin. 10 İki nəfər yaramaz adamı onun qarşısında oturdun və onlar şahidlik edərək desinlər: “Sən Allahı və padşahı lənətlədin”. Sonra onu bayıra çıxarın və ölənə qədər daşqalaq edin».

11 Navotun yaşadığı şəhərin adamları – orada yaşayan ağsaqqallar və əyanlar İzevelin onlara göndərdiyi məktublarda yazdığı kimi etdilər. 12 Onlar oruc elan etdilər və Navotu xalqın arasında yuxarı başda əyləşdirdilər. 13 İki nəfər yaramaz adam gəlib onun qarşısında oturdu. Onlar xalqın önündə Navota qarşı «Navot Allahı və padşahı lənətlədi» deyə şahidlik etdilər. Sonra onu şəhərin kənarına çıxartdılar və daşqalaq edib öldürdülər. 14 Onlar İzevelə xəbər göndərib dedilər: «Navot daşqalaq olunaraq öldü».

15 İzevel Navotun daşqalaq olunaraq öldüyünü eşidəndə Axava dedi: «Qalx İzreelli Navotun sənə pulla vermək istəmədiyi üzüm bağını özünə mülk götür, çünki Navot sağ deyil, ölüb». 16 Axav İzreelli Navotun öldüyünü eşidəndə onun üzüm bağını özünə mülk götürmək üçün oraya yollandı.

Axavın nəsli barədə İlyasın peyğəmbərliyi

17 Tişbeli İlyasa Rəbbin bu sözü nazil oldu: 18 «Qalx Samariyada İsrailə padşahlıq edən Axavı qarşılamağa get. O, Navotun üzüm bağındadır. Axav onu mülk etmək üçün oraya yollandı. 19 Sən ona söylə ki, Rəbb belə deyir: “Qatillik etdin, hələ özünə mülk də götürürsən?” Sonra ona söylə ki, Rəbb belə deyir: “Navotun qanını köpəklərin yaladıqları yerdə sənin də qanını köpəklər yalayacaq”».

20 Axav İlyasa dedi: «Ey düşmənim, axır məni də tapdın». O dedi: «Bəli, səni də tapdım. Sən Rəbbin gözündə pis olan işlər etməyə özünü təslim etdin. 21 “Budur, sənin üzərinə bəla gətirəcəyəm, səni yandırıb məhv edəcəyəm. İsraildə Axavın nəslindən divar isladan hər kəsi – bütün kişiləri, istər kölə olsun, istər azad, kəsib atacağam. 22 Mən sənin evini Nevat oğlu Yarovamın evi kimi, Axiya oğlu Baaşanın evi kimi edəcəyəm. Çünki sən İsrailə günah etdirərək Məni qəzəbləndirdin”. 23[78] Rəbb İzevel barədə dedi: “İzreel divarının içərisində İzeveli köpəklər yeyəcək”. 24 Axavın nəslindən şəhərdə öləni köpəklər, çöldə öləni isə quşlar yeyəcək».

25 Həqiqətən, Axav kimi Rəbbin gözündə pis olan işlər etməyə özünü təslim edən hələ olmamışdı. Arvadı İzevel onu buna təhrik edirdi. 26 Axav İsrail övladlarının önündən Rəbbin qovduğu Emorlular kimi bütlərə xidmət edərək çox iyrənc işlər etdi.

27 Axav bu sözləri eşidəndə libasını cırıb əyninə çul geydi. O, oruc tutub çulda yatdı və qüssəyə batdı. 28 Tişbeli İlyasa Rəbbin bu sözü nazil oldu: 29 «Gördünmü Axav Mənim önümdə özünü necə aşağı tutdu? Önümdə özünü aşağı tutduğu üçün Mən bu bəlanı onun dövründə göndərməyəcəyəm, oğlunun dövründə bu bəlanı onun evinə göndərəcəyəm».

22[redaktə]

Yehoşafat, Axav və peyğəmbər Mikeya (2Saln. 18:2-27)

1 Üç il keçdi. Bu müddətdə Aramla İsrail arasında müharibə getmirdi. 2 Üçüncü ildə Yəhuda padşahı Yehoşafat İsrail padşahının yanına gəldi. 3 İsrail padşahı əyanlarına dedi: «Bilirsiniz ki, Ramot-Gilead bizimdir? Biz isə onu Aram padşahının əlindən almaq üçün heç nə etmirik». 4 Sonra o, Yehoşafata dedi: «Sən mənimlə birgə vuruşmaq üçün Ramot-Gileada gedirsənmi?» Yehoşafat İsrail padşahına dedi: «Məni özün kimi, xalqımı xalqın kimi, atlarımı atların kimi hesab et».

5 Yehoşafat yenə İsrail padşahına dedi: «Əvvəlcə görək Rəbbin sözü nədir?» 6 İsrail padşahı dörd yüzə qədər peyğəmbəri topladı və onlara dedi: «Vuruşmaq üçün Ramot-Gileada gedim ya getməyim?» Onlar dedilər: «Get, Xudavənd onu padşaha təslim edəcək». 7 Yehoşafat dedi: «Burada olanlardan başqa, Rəbbin bir peyğəmbəri yoxdur ki, ondan soruşaq?» 8 İsrail padşahı Yehoşafata dedi: «Rəbdən soruşmaq üçün bir nəfər də var: İmla oğlu Mikeya. Ancaq mənim ondan zəhləm gedir, çünki yaxşılığıma deyil, pisliyimə peyğəmbərlik edir». Yehoşafat dedi: «Qoy padşah belə söyləməsin». 9 İsrail padşahı bir saray xidmətçisini çağırıb dedi: «Tez İmla oğlu Mikeyanı buraya gətir». 10 İsrail padşahı və Yəhuda padşahı Yehoşafat Samariya darvazalarının girəcəyindəki meydanda şahlıq libası geymiş halda hər biri öz taxtında oturmuşdu və bütün peyğəmbərlər onların önündə peyğəmbərlik edirdilər. 11 Kenaana oğlu Sidqiya özünə dəmir buynuzlar düzəldib dedi: «Rəbb belə deyir: “Aramlıları qırıb qurtarana qədər onları beləcə buynuzlayacaqsan”». 12 Bütün peyğəmbərlər də peyğəmbərlik edərək deyirdilər: «Ramot-Gileada get, qalib gələcəksən, Rəbb onu padşaha təslim edəcək».

13 Mikeyanı çağırmaq üçün gedən qasid ona dedi: «İndi peyğəmbərlər padşaha bir ağızdan xoş sözlər deyirlər. Sənin sözün də onlardan birinin sözü kimi olsun və yaxşılığa danış». 14 Mikeya dedi: «Var olan Rəbbə and olsun ki, Rəbb mənə nə desə, onu söyləyəcəyəm». 15 O, padşahın yanına gəldi və padşah ona dedi: «Mikeya, vuruşmaq üçün Ramot-Gileada gedək, yoxsa getməyək?» Mikeya ona dedi: «Get, qalib gələcəksən, Rəbb onu padşaha təslim edəcək». 16 Padşah ona dedi: «Səni neçə dəfə and içdirim ki, mənə Rəbbin adı ilə həqiqətdən başqa bir şey söyləməyəcəksən?» 17[79] Mikeya dedi: «Mən bütün İsrailliləri təpələr üstündə çobanı olmayan sürü kimi səpələnmiş gördüm. Rəbb dedi: “Onların ağaları yoxdur. Qoy hər biri salamat öz evinə qayıtsın”». 18 İsrail padşahı Yehoşafata dedi: «Sənə demədimmi o mənim yaxşılığıma deyil, pisliyimə peyğəmbərlik edəcək?» 19 Mikeya dedi: «Onda Rəbbin sözünü eşit. Mən Rəbbi Öz taxtında oturmuş və bütün göylər ordusunu Onun sağında və solunda durmuş gördüm. 20 Rəbb dedi: “Ramot-Gileada gedib həlak olması üçün Axavı kim tovlayacaq?” Biri elə dedi, o biri belə. 21 Bir ruh irəli çıxıb Rəbbin önündə dayandı və dedi: “Mən onu tovlayaram”. Rəbb ona dedi: “Necə?” 22 O dedi: “Mən çıxıb bütün peyğəmbərlərin ağzında yalançı bir ruh olaram”. Rəbb dedi: “Sən onu tovlayacaqsan, bunu bacarırsan, get və belə et”». 23 Mikeya davam etdi: «İndi, budur, Rəbb sənin bütün bu peyğəmbərlərinin ağzına yalançı bir ruh qoymuşdur. Beləcə Rəbb sənin başına bəla gətirməyi qərara aldı».

24 Kenaana oğlu Sidqiya yaxınlaşdı və Mikeyanın yanağına vurub dedi: «Rəbbin Ruhu səndə danışmaq üçün məndən sənə necə keçdi?» 25 Mikeya dedi: «Sən gizlənmək üçün iç otağa girdiyin gün bunu biləcəksən». 26 İsrail padşahı dedi: «Mikeyanı götür, onu şəhər rəisi Amonun və padşahın oğlu Yoaşın yanına göndər. 27 Onlara söylə ki, padşah belə deyir: “Bu adamı zindana atın və mən salamat qayıdana qədər ona çox az çörək və su verərək zülm edin”». 28 Mikeya dedi: «Əgər sən salamat qayıtsan, Rəbb mənim vasitəmlə danışmamışdır». Sonra dedi: «Ey camaat, hamınız eşidin!»

Axavın ölümü (2Saln. 18:28-34)

29 İsrail padşahı və Yəhuda padşahı Yehoşafat Ramot-Gileada getdilər. 30 İsrail padşahı Yehoşafata dedi: «Mən qiyafəmi dəyişib döyüşə girəcəyəm, ancaq sən öz şahlıq libasını gey». İsrail padşahı qiyafəsini dəyişib döyüşə girdi. 31 Aram padşahı öz döyüş arabalarının otuz iki başçısına «nə kiçiklə, nə də böyüklə vuruşun, yalnız İsrail padşahı ilə döyüşə girin» deyə əmr etmişdi. 32 Döyüş arabalarının başçıları Yehoşafatı görəndə dedilər: «Yəqin İsrail padşahı budur». Dönüb onunla vuruşmağa getdilər. Onda Yehoşafat çığırdı. 33 Döyüş arabalarının başçıları onun İsrail padşahı olmadığını görəndə ardınca getməyib geri qayıtdılar. 34 Bir adam nişan almadan yay çəkib İsrail padşahını zirehlərin birləşdiyi yerdən vurdu. Padşah arabaçısına dedi: «Döndər və məni döyüşdən çıxar, çünki yaralanmışam». 35 O gün döyüş qızışdı. Padşah öz döyüş arabasında Aramlıların önündə söykənib dayandı. Döyüş arabası onun yarasının qanına bulaşdı. Axşam o öldü. 36 Günəş batmaqda ikən ordugahın içində «Hər kəs öz şəhərinə! Hər kəs öz ölkəsinə!» deyə car çəkildi.

37 Beləcə padşah öldü və onu Samariyaya gətirib orada basdırdılar. 38 Arabanı Samariya hovuzunun suyunda yudular. Rəbbin söylədiyi sözə görə köpəklər onun qanını yaladı. O hovuzda fahişələr yuyunardı.

39 Axavın qalan işləri və onun etdiyi hər şey, fil sümüyündən tikdiyi saray və tikdiyi bütün şəhərlər barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır. 40 Axav ataları ilə uyudu və yerinə oğlu Axazya padşah oldu.

Yəhuda padşahı Yehoşafat (2Saln. 20:31-21:1)

41 İsrail padşahı Axavın padşahlığının dördüncü ilində Asa oğlu Yehoşafat Yəhuda üzərində padşah oldu. 42 Yehoşafat padşah olduğu vaxt otuz beş yaşında idi. O, Yerusəlimdə iyirmi beş il padşahlıq etdi. Anasının adı Şilxi qızı Azuva idi. 43 O, atası Asanın yolu ilə getdi və Rəbbin gözündə doğru olan işlər edərək bunlardan kənara çıxmadı. Ancaq səcdəgahlar aradan qaldırılmadı, xalq hələ səcdəgahlarda qurban gətirir və buxur yandırırdı. 44 Yehoşafat İsrail padşahı ilə sülh içində yaşadı.

45 Yehoşafatın qalan işləri, onun göstərdiyi hünər və necə döyüşdüyü barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır. 46 O, atası Asanın qovmadığı məbəd fahişəliyi ilə məşğul olan kişiləri ölkədən qovdu.

47 Edomda padşah yox idi, bir canişin orada hökmranlıq edirdi. 48 Yehoşafat qızıl dalınca Ofirə getmək üçün Tarşiş gəmiləri[80] düzəltdi. Ancaq gedə bilmədilər, çünki gəmilər Esyon-Geverdə parçalandı. 49 Onda Axav oğlu Axazya Yehoşafata dedi: «Qoy gəmilərdə sənin adamlarınla birgə mənim adamlarım da getsinlər». Ancaq Yehoşafat razı olmadı.

50 Yehoşafat ataları ilə uyudu və atası Davudun şəhərində, ataların yanında basdırıldı. Onun yerinə oğlu Yehoram padşah oldu.

İsrail padşahı Axazya

51 Yəhuda padşahı Yehoşafatın padşahlığının on yeddinci ilində Axav oğlu Axazya Samariyada İsrail üzərində padşah oldu. O, iki il İsrail üzərində padşahlıq etdi. 52 Axazya Rəbbin gözündə pis olan işlər etdi, ata-anasının və İsrailə günah etdirmiş Nevat oğlu Yarovamın yolu ilə getdi. 53 Axazya atasının etdiyi kimi Baala qulluq və səcdə edərək İsrailin Allahı Rəbbi qəzəbləndirdi.

Qeydlər[redaktə]

  1. 2Şam. 3:4
  2. 2Şam. 12:24
  3. Qurbangahın buynuzlarından yapışdı – qədim Yəhudilərin adətinə görə qurbangahın buynuzlarından yapışmış adamı öldürmək olmazdı. Bax: Çıx. 21:13-14.
  4. 2Şam. 3:27
  5. 2Şam. 20:10
  6. 2Şam. 17:27-29
  7. 2Şam. 16:5-1
  8. 2Şam. 19:16-23
  9. 2Şam. 5:4-5; 1Saln. 3:4
  10. 1Saln. 29:23
  11. 2Şam. 15:24
  12. 1Şam. 22:20-23
  13. 1Şam. 2:27-36
  14. Yar. 15:18; 2Saln. 9:26
  15. 1Pad. 10:26; 2Saln. 1:14; 9:25
  16. Zəb. 89 başlıq
  17. Sül. 1:1; 10:1; 25:1; Nəğ. 1:1
  18. 2Şam. 7:12-13; 1Saln. 17:11-12
  19. Çıx. 26:33-34
  20. Çıx. 30:1-3
  21. Çıx. 25:18-20
  22. 1Pad. 3:1
  23. Yakin – ibrani dilində möhkəm.
  24. Boaz – ibrani dilində güclü.
  25. Çıx. 30:17-21
  26. Çıx. 30:1-3
  27. Çıx. 25:23-30
  28. Çıx. 25:31-40
  29. 2Şam. 8:11; 1Saln. 18:11
  30. 2Şam. 6:12-16; 1Saln. 15:25-29
  31. Qanun. 10:5
  32. Çıx. 40:34-35
  33. 2Şam. 7:4-11; 1Saln. 17:3-10
  34. 2Şam. 7:1-3; 1Saln. 17:1-2
  35. 2Şam. 7:12-13; 1Saln. 17:11-12
  36. 1Pad. 2:4
  37. 2Saln. 2:6
  38. Qanun. 12:11
  39. Qanun. 12:10; Yeşua 21:44-45
  40. 1Pad. 3:5; 2Saln. 1:7
  41. 1Pad. 2:4
  42. Kavul – ibrani dilində heç nə.
  43. Çıx. 23:17; 34:23; Qanun. 16:16
  44. Mat. 12:42; Luka 11:31
  45. Tarşiş gəmiləri – yaxud ticarət gəmiləri.
  46. 1Pad. 4:26
  47. Qanun. 17:17
  48. Qanun. 17:16
  49. Qanun. 17:17
  50. Çıx. 34:16; Qanun. 7:3-4
  51. 1Pad. 15:4,47; 2Pad. 8:19, 2Saln. 21:7; Zəb. 132:17
  52. 2Şam. 20:1
  53. Çıx. 32:4
  54. Qızıl dana – bax: Çıx. 32:4.
  55. Lev. 23:33-34
  56. 2Pad. 23:15-16
  57. 1Pad. 15:29
  58. 2Pad. 17:9-10
  59. Qanun. 23:17
  60. 2Saln. 12:2-8
  61. 1Pad. 10:16-17; 2Saln. 9:15-16
  62. Aviya – ibrani mətnində Aviyam. Bax: 2Saln. 12:16.
  63. 1Pad. 11:36; 15:47; 2Pad. 8:19; 2Saln. 21:7; Zəb. 132:17
  64. 2Şam. 11:1-27
  65. 2Saln. 13:3-21
  66. 2Saln. 15:8-15
  67. 1Pad. 14:10
  68. Yeşua 6:26
  69. Yaq. 5:17
  70. Luka 4:25-26
  71. Yar. 32:28; 35:10
  72. Yaq. 5:18
  73. Rom. 11:3
  74. 2Pad. 8:7-13
  75. 2Pad. 9:6
  76. Rom. 11:4
  77. Luka 9:61
  78. 2Pad. 9:36
  79. Say. 27:17; Yez. 34:5; Zək. 10:2; Mat. 9:36; Mark 6:34
  80. Tarşiş gəmiləri – yaxud ticarət gəmiləri.

Yaradılış Kitabı • Çıxış Kitabı • Levililər Kitabı • Saylar Kitabı • Qanunun Təkrarı Kitabı • Yeşua Peyğəmbərin Kitabı • Hakimlər Kitabı • Rut Kitabı • Birinci Şamuel Kitabı • İkinci Şamuel Kitabı Birinci Padşahlar Kitabı • İkinci Padşahlar Kitabı • Birinci Salnamələr Kitabı • İkinci Salnamələr Kitabı • Ezra Kitabı • Nehemya Kitabı • Ester Kitabı • Əyyub Kitabı • Zəbur • Süleymanın Məsəlləri • Vaiz Kitabı • Nəğmələr Nəğməsı Kitabı • Yeşaya Peyğəmbərin Kitabı • Yeremya Peyğəmbərin Kitabı • Mərsiyələr Kitabı • Yezekel Peyğəmbərin Kitabı • Daniel Peyğəmbərin Kitabı • Huşə Peyğəmbərin Kitabı • Yoel Peyğəmbərin Kitabı • Amos Peyğəmbərin Kitabı • Avdıya Peyğəmbərin Kitabı • Yunus Peyğəmbərin Kitabı • Mikeya Peyğəmbərin Kitabı • Nahum Peyğəmbərin Kitabı • Habaqquq Peyğəmbərin Kitabı • Sefanya Peyğəmbərin Kitabı • Haqqay Peyğəmbərin Kitabı • Zəkəriyyə Peyğəmbərin Kitabı • Malaki Peyğəmbərin Kitabı • Mattanın Nəql Etdiyi Müjdə • Markın Nəql Etdiyi Müjdə • Lukanın Nəql Etdiyi Müjdə • Yəhyanın Nəql Etdiyi Müjdə • Həvarilərin İşləri • Paulun Romalılara Məktubu • Paulun Korinflilərə Birinci Məktubu • Paulun Korinflilərə İkinci Məktubu • Paulun Qalatiyalılara Məktubu • Paulun Efeslilərə Məktubu • Paulun Filipililərə Məktubu • Paulun Kolosselilərə Məktubu • Paulun Saloniklilərə Birinci Məktubu • Paulun Saloniklilərə İkinci Məktubu • Paulun Timoteyə Birinci Məktubu • Paulun Timoteyə İkinci Məktubu • Paulun Titə Məktubu • Paulun Filimona Məktubu • İbranilərə Məktub • Yaqubun Məktubu • Peterin Birinci Məktubu • Peterin İkinci Məktubu • Yəhyanın Birinci Məktubu • Yəhyanın İkinci Məktubu • Yəhyanın Üçüncü Məktubu • Yəhudanın Məktubu • Yəhyaya Nazil Olan Vəhy