Məzmuna keç

Bir gün (Almas İldırım)

Vikimənbə saytından
Bir gün
Müəllif: Almas İldırım


Sanma getməz başımdan bu kəşvətli buludlar,
Şimşək olub üfüqdən yenə çaxacağam mən.
Gözləri uzaq yolu bəkləyən nişanlıya
Zəfərlərdən rəng alan bir gül taxacağam mən.

Toxunma gəl başıma qonan dövlət quşuna,
Burax məni götürsün bir əməl savaşına,
Bir gün çıxıb Kazbekin о məğrur, dik başına,
О qəhrəman ellərə şanla baxacağam mən.

Söyləyiniz yurdumu çeynəyən amansıza,
Dəyməsin о telləri pərişan duran qıza.
Bir gün könül tapşırıb dağ devirən bir hıza,
Coşğun nəhrlər kimi orda axacağam mən.

Ordadır həm varlığım, beşiyim, məzarım da,
Ordadır gəncliyim də, eşqim də, baharım da,
Hələ titrəyir adı solğun dodaqlarımda,
Kəndimi atəşində bir gün yaxacağam mən…