Məzmuna keç

Bir nimtənə kim, ta ola zərbəftü nikutər

Vikimənbə saytından
(Bir nimtənə kim, ta оla zərbəftü nikutər səhifəsindən istiqamətləndirilmişdir)
Bir nimtənə kim, ta ola zərbəftü nikutər
Müəllif: Molla Pənah Vaqif
Mənbə: Molla Pənah Vaqif. "Əsərləri" (az.). Bakı: Şərq-Qərb. 2004. səh. 208. ISBN 9952-418-01-6. (#cite_web_url); (#accessdate_missing_url)

Bir nimtənə kim, ta ola zərbəftü nikutər,
Diba ona möhtac,
Mətnində tamam rabitə mövzunu sərasər,
Tək haşiyə qıyqac;
Üstündə onun aşiqü məşuq müsəvvər,
Dil şövqünə minhac;
Ulduza şəbih nəqşi, yeri göy kimi əxzər,
Nəzzarəsi bəhhac;
Tiri-nəzəri-əhli-təmaşayə müqərrər,
Hər butəsi amac;
Içində onun şölə verə tələti-dilbər,
Ta bəndeyi-vəhhac;
Görən deyə bu mahdır, ol çərxi-pürəxtər,
Ya bəhri-pürəmvac;
Kəbə evinin örtüyünə duta bərabər,
Simasını hüccac;
Gər düşsə ətəyi ələ, əlbəttə, tez eylər,
Bizdən qəmi ixrac;
Əndişə nə itdir, çıxa bir də çəkə ləşkər,
Könlü edə tarac.

Şənü əşrəfi xələti-şahanədən artıq,
Pirayeyi-şövkət;
Fərrü fərəhi zibi ərusanədən artıq,
Sər dəftəri-ziynət;
Tənü tərəbi nəşəyi-peymanədən artıq,
Zövqi-meyi-cənnət;
Zər düymə giribanına dürdanədən artıq,
Mənzum ola, əlbət;
Əqli gedə, sərxoş divanədən artıq,
Onu geyən övrət,
Dönə ərinin başına pərvanədən artıq,
İşlər tapa surət;
Zülfə bu dönüm sarmaşa əl şanədən artıq,
Candan çıxa həsrət;
Oxuna bucaqlarda kütubxanədən artıq,
Ehkami-şəriət;
Tərifi düşə dillərə əfsanədən artıq,
Ta ruzi-qiyamət;
Cəm olsa əgər bir yerə yüz cameyi-əkbər,
Cümləsinə sərtac.

Ol vaxt ki, şod hazirü mövcudü mühəyya,
Inrəxti-dilaviz,
Bayəd ki, fürüstadə şəvəd zud bəinca
Əz peyk səbükxiz,
Əz bəhri-hüsuləş binişin, fikri bifərma
Gu çareyi-təcviz,
Nəleyn-bə papuş ze-ahən bəkəf əmma
Dərgir əsa niz,
Ziri-qədəm əfkən həmə məxluq sərapa
Ba nikü bəd amiz,
Mipors zi-hər millətü hər cins, xüsusa
Əz mərdümi-Təbriz,
Rov zəhməti, imruz bikəş əz peyi-fərda
Ey puri-dilaviz!
Nə ğüssə zi pəs xorü, nə əz piş qəm əsla
Bi pərdəvü pəhriz,
Tən deh bəqəza baş peyapey peyi-sevda
Məngəh bə digər niz,
Ta anki bizayi pesəri ey Əbu-Cəfər
Çün düxtəri-sərrac.

Zahir ki, mənə tənü təərrüz yetən eylər,
Yəni ki, flani,
Imdən geri arayişi-əsbabi-zən eylər
Tevri-Sefəhani,
Bu bidəti nə ləzgi və nə şahsevən eylər
Nə kürdi-Kolani,
Derlərdi ki, külfətlərinə pirəhən eylər
Kirbasü kətani,
О böylə deyildi görəsən ki, nədən eylər,
Kim azdırıb ani;
Seyrani gülüstanə məgər ki, gələn eylər
Təğyir həvanı,
Özün ki, qocalmış kimi xoy dəyşirən eylər
Oğlani-zəmanı,
Rişxənd edibən daxi neçün çöp dərən eylər
Hatəm xan ağanı,
Neylim, tuturam mən qələt anı deyən eylər
Fərmani-xudanı,
Böylə buyurubdur ər edə övrətə zivər
Ol xaliqi-əzvac.

Vaqif ər olan övrətə heyran necə olmaz,
Çağ etsə damağın?
Heyran ki, olur bəndeyi-fərman necə olmaz?
Sözün sölə sağın.
Sevməzmi, nə sözdür, dili suzan necə olmaz
Pərvanə çirağın?
Dönməzmi hübabə, evi viran necə olmaz,
Yıxmazmı otağın?
Həmdəmsiz igid çaki-giriban necə olmaz,
Açmaz yaxa bağın?
Al qana boyar, qərqeyi-tufan necə olmaz,
Göz qarasın, ağın?
Qönçə dəhənin görməsə, giryan necə olmaz,
Xəndan dodağın?
Ol xanəxərabın ciyəri qan necə olmaz,
Boş görsə qucağın?
Peşkəş belə yoldaşına baş, can necə olmaz?
Onun ki, ayağın
Götürmüş ola çiyninə peyğəmbəri-sərvər
Ol sahibi-merac.