Məzmuna keç

Bizə göndər

Vikimənbə saytından
Bizə göndər
Müəllif: Aşıq Alı


İstəkli sevgilim, qəlbimin pəri,
Qaymaq dodağından bal bizə göndər.
Ağlımı alıbdı sənin camalın,
Zülfunün ucundan al bizə göndər.

Mən səni sevmişəm dünya üzündə,
Qəlbim qaldı sənin şəhla gözündə,
Vədə verdin düz olmadı sözün də,
Sözün düz olmasa, nar bizə göndər.

Ürəyim şüşədir, sındırma, əzmə,
Dolanıb dünyanı əğyarla gəzmə,
Əlimi uzatsam əlini üzmə,
Üzsən də əlini, qar bizə göndər.

Bu dünya fanidir kimə qalıbdı?
Dil bilməzin dərdi məni alıbdı.
Bağban da olmasam, bağa salıbdı
Qızılgül olmasa, xar bizə göndər.

Aşıq Alı, çəkmə işvəli nazı,
Götür əllərinə sədəfli sazı.
Neynirəm var-dövlət, varımdı azı
Əsəl də tapmasan dar bizə göndər.