Məzmuna keç

Boşla, gedə

Vikimənbə saytından
Boşla, gedə
Müəllif: Mirzə Əli Möcüz


Kişi, sənə deyirəm: hey filanı boşla, gedə!
Vəfası yoxdu cahanın, cahanı boşla, gedə!
Rəvadi sən yatasan qeyr ilə və mən yalqız?
Bəmərgi bəndə o mamli-mətanı boşla, gedə!
Dişin töküldü, ağardı saçın və səqqalın,
Daha bəsindi, əmoğlu, zənanı boşla, gedə!
Qumarə vermə pulun, ey gözüm, eynim, tez gəl,
Səni xuda, o kopani, maçanı boşla, gedə!
Bu namə çün sənə vasil olar, haman səət
Dükanı sat, nisiyən yığ, otanı boşla, gedə!
Tərəbizon yolu, gəlmə ki, dağdı, daşdı, dərə,
Gələndə Rusiyədən gəl, o yanı boşla, gedə!
Həmin ki, varid olarsan hüdudi-İranə
Lokantanı, kafeni, restoranı boşla, gedə!
Birisi gər yapışa eşşəyin palanından
Deyə: mənimdi! Amandır, palanı boşla, gedə!
Mübaşir istəsə mərhum atan səranəsini,
Kisən bağın tez aç, on beş qranı boşla gedə!
Vuralla peysərüvə, həm gözün oyalla sənin,
Başıvı sal aşağı, iddəanı boşla gedə!
Səlamün almasa molla, qara günün qabla,
Üzüvi qırxmasa dəllək, yamanı boşla gedə!
Yaxan, maxan, qravatın Gəcildə[1] pünhan et,
Xüsus o qondareyi-dikdabanı boşla gedə!
Məriz olanda dişin ya başın və ya qarnın,
Duanəvisə pulun ver, davanı boşla gedə!
Demə: bu bağ mənimdir və girdəkan ağacı.
Ağac sənindi, vəli, girdəkanı boşla gedə!
İçində hər nə ki var, oğrular edər qismət,
Fəqət havası sənindi, havanı boşla gedə!
Səməd əmu kimi gorkan soxar məzarə səni,
Qavali, dünbəyi, sazı, kəmanı boşla gedə!
Qoyalla aduvi babi, çəkəllə darə səni,
Danışma, dinmə, gədə, kəşkəranı boşla gedə!
Çəkil kənarə, əlin çək o pakidaməndən,
Ziyarətə gedir oğlan, ağanı boşla gedə!
Gözündə qalmadı yaş, qorxuram çıxa canın,
Gözüvi sil, bala, ahü fəqanı boşla gedə!
Nə qədri zülm edisən eylə xəlqə, mən nə deyim,
Fəqət nə iş görürsən gör, riyanı boşla, gedə!
Cəfəngiyati Süleyman Nəzifə[2] vermə qulaq,
Yalançıbaşıdır, ol bihəyanı boşla gedə!
Eşitmişəm ki yazır: "Kürdlər aldı Təbrizi",
O bimürüvvətə söylə: Yalanı boşla gedə!
Nə Umru qaldı, nə Dilman, nə Cəhr əlində onun,
O başı daşlı Simitko ağanı boşla gedə!
Himayət eyləməz əkradə türk mən bilirəm,
Güvənmə türkə, o Kamil Paşanı[3] boşla gedə!
Gətirməyəndə gətirməz, yatanda bəxt yatar,
Ayıltma, qoy yata bəxti-qəranı boşla gedə!
Qafası boşdu o köhnə şəhərli Teymurun,
Və Ərşədin, o uzun nərdivanı boşla gedə!
Dedim: bəlayi-cahandır o ingilis, ey dust,
Bəlayə soxma özün, gəl bəlanı boşla gedə!
Əgər deyəm ona: Avropa, get, bəsindi sənin,
Ay ingilis mən ölüm, Asiyanı boşla gedə!
O da mənə deyəcәk: Qoy, dadaş, qəmən qınına"
Başın dağıtma, səri-binəvanı boşla gedə!
Gecə keçibdi, du yat, damda oğrular üşüdü,
Çirağı bas aşağı, dastanı boşla gedə!
Bu gecə növbə sənindi yəqinən, ey Möcüz,
Nağanı qoy başın altda, duanı boşla gedə!

İstinadlar

[redaktə]
  1. Təbrizdə məhəllə
  2. Türkiyədə turançılıq siyasətinin tərəfdarı
  3. Türkiyədə irticaçı dövlət xadimi