Məzmuna keç

Bolqarıstan haqqında

Vikimənbə saytından
Bolqarıstan haqqında (1951, 12 sentyabr)
Müəllif: Səməd Vurğun
Mənbə: Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2005

Yam-yaşıl Bolqar göylərini
Qartal kimi dolaşan
Və yam-yastı
Bolqar dağlarının üstündən aşan
yel atlı
yel qanadlı
təyyarəmiz

Dostlar torpağına ayaq basdı.
Günəş altında
Yaqut kimi qızaran
al bayraqlar
Şəfəqlərə boyanmışdır.
Onlan bir-bir
Seyr etdikcə mən,
Sinəmin içindən
bir səs gəlir:
Torpaq oyanmışdır,
insan oyanmışdır.

İşıq bol,
hava şəffafdır.
Dağlar ətəyindədir təyyarə düzü.
Bizi hörmətlə qarşılayan
dostların gülər üzü.
Əllərindəki çiçək kimi safdır,
İşıq bol, hava şəffafdır.
Düşmən üstünə
İki cahandan
hücum çəkərək
Zəfər çalmış bir ordunun
Əsgərləri tək
Görüşürük biz
Şaddır, döyünür ürəklərimiz.
Sən,
Elə zənn etmə ki.
Ahənrüba kimi birləşən
Sadə əllərimizdir.
Yox, yox.
Bu ülfət
və məhəbbət
Vətənin eşqilə alışıb-yanan
Yanar dağlar kimi
alovları ərşə dayanan
əməllərimizdir,
işıq bol,
Hava şəffafdır.
Dağlar ətəyindədir təyyarə düzü
Bizi hörmətlə qarşılayan
Dostların üzü
Əllərindəki çiçəklər kimi safdır
işıq bol,
hava şəffafdır.