Məzmuna keç

Bu (Qurbani)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Bu (Qurbani)
Müəllif: Dirili Qurbani
Mənbə: Məhərrəm Qasımlı, Mahmud Allahmanlı. "Aşıq şeirinin poetik biçimləri və çeşidləri" (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2020-04-13.

 
Dedim: dilbər, getmə bir dəm danışaq,
Dedi: sözün yoxdur, bəhanədir bu!
Dedim: bir nəzər qıl aşiq halına,
Dedi: əcəb dəli, divanədir bu.

Dedim: ey vay, halım yaman olubdur,
Dedi: qəmdən belim kaman olubdur,
Dedim: vallah sənə meydan olubdur,
Dedi: mən bilmənəm xəzanədir bu!

Dedim: qoy gözümə qıvrım tellərin,
Dedi: lazım deyil vəhşi güllərin,
Dedim: sən bizimsən, biz də ellərin,
Dedi: çəkin burdan, biganədir bu!

Dedim: sənə aşıq olan can budur,
Dedi: sənin eşqin axar bir sudur,
Dedim: cavan ömrüm çürüyüb gedir,
Dedi: əbəs sözdür, əfsanədir bu!

Dedim: mən Qurbanam yarın adına,
Dedi: elə sənsən düşən yadına,
Dedim: mən ha yandım eşqin oduna,
Dedi: şəmə yanan pərvanədir bu!