Məzmuna keç

Bu Mürəbbe Leyli dilindəndir

Vikimənbə saytından
Bu Mürəbbe Leyli dilindəndir
Müəllif: Məhəmməd Füzuli
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Giriban oldu rüsvalıq əlilə çak, damən həm,
Mənə rüsvalığımda dustlar tən etdi, düşmən həm.
Rəhi-eşq içrə can qıldım giriftari-bəla, tən həm,
Bu yetməzmi ki, bir dərd artırırsan dərdimə sən həm?
Əgər tutsam ğəmim eldən nihan, səbrü qərarım yox,
Və gər şərhi-ğəmi-pünhanım etsəm, ğəmküsarım yox,
Əsiri-bəndi-zindanəm, əlimdə ixtiyarım yox,
Bu yetməzmi ki, bir dərd artırırsan dərdimə sən həm?
Olubdur əşki-xunab ilə gülgun çöhreyi-zərdim,
Yanıbdır atəşi-hicranə cani-dərdpərvərdim,
Cəfayi-çərxi-kəcrəftar əlindən var min dərdim,
Bu yetməzmi ki, bir dərd artrınrsan dərdimə sən həm?
Gəhi şövqi-visalü gəh bəlayi-hicr ilə zarəm,
Özüm həm bilməzəm dərdim nədir, mən necə bimarəm,
Ğəmi-eşq içrə bir dərmanı yox dərdə giriftarəm,
Bu yetməzmi ki, bir dərd artırırsan dərdimə sən həm?
Cüda səndən bəlavü dərdi-hicran ilə tutdum xu,
Qılır hər dəm mənə bidad dərd ayru, bəla ayru,
Bəlavü dərdə düşdüm ruzigarım böylə, halım bu,
Bu yetməzmi ki, bir dərd artırırsan dərdimə sən həm?
Təbibi-eşqə çün izhar qıldım dərdi-pünhanı,
Məni-bimarə mütləq olmadı bir səhhət imkanı,
Əzəldən var min dərdim ki, yoxdur hiç dərmanı,
Bu yetməzmi ki, bir dərd artırırsan dərdimə sən həm?
Füzuli, hər zaman bir tən ilə bağrım qılırsan qan!
Əcəb bilməzmisən kim, eşqdən keçmək deyil asan?
Bilirsən düşmüşəm bir dərdə kim, yoxdur ona dərman,
Bu yetməzmi ki, bir dərd artırırsan dərdimə sən həm?