Məzmuna keç

Bu dünya malı

Vikimənbə saytından
Bu dünya malı
Müəllif: Kərbəlayi Qurban Məhəmməd oğlu

Harda ki, azdı
Bu dünya malı.
Nəzir-niyazdı,
Bu dünya malı.

Zəhərdü, baldı,
Haram-halaldı,
Dünyada qaldı-
Bu dünya malı.

Şabaş-xəzəldi,
Nazlı gözəldi,
Mədhü qəzəldi
Bu dünya malı.

Yesən, dadındı,
Versən, adındı,
Qalsa, yadındı-
Bu dünya malı.

Qurban, fəhm eylə,
Gətirmə dilə,
Düşməndi elə
Bu dünya malı.