Məzmuna keç

Bu günləri bir hikmətə tuş oldum

Vikimənbə saytından
Bu günləri bir hikmətə tuş oldum
Müəllif: Aşıq Ələsgər
Mənbə: Aşıq Ələsgər. Əsərləri (PDF) (az.). "Şərq-Qərb". 2004. ISBN 9952-418-21-0. 2017-06-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-06-19.

Bu günləri bir hikmətə tuş oldum,
Adı-sanı hər aləmdə dеyilir.
Şəriət ətini haram buyurub,
Halal olan sümükləri yеyilir.

Müdam ayağından kəsilməz abı,
Abını kəsəndə, hеç olmaz tabı.
Çox əziz yaradıb kərəm sahabı,
Toxmaq ilə təpəsinə döyülür.

Ələsgər ərz еylər, ariflər qana,
Üç ayda, dörd ayda o gəlir cana.
Lətifdi xörəyi, qarışır qana,
Dərmanı var cəsədində yayılır.