Məzmuna keç

Bu hal ilə, həbibim, həsrətindən can keçsinmi?

Vikimənbə saytından
Bu hal ilə, həbibim, həsrətindən can keçsinmi?
Müəllif: Molla Pənah Vaqif


Bu hal ilə, həbibim, həsrətindən can keçsinmi?
Cigər pürkaləsindən navüki-müjgan keçsinmi?
Fələk səqfindən ahü naləvü əfğan keçsinmi?
Dəlib peyvəstə bağrım başını peykan keçsinmi?
Həmişə sinə büryandır, könül viran, keçsinmi?

Mənə bir şəfqətin var, günüm ya zar olsunmu?
Əvvəlkindən betər, yoxsa, dili-bimar olsunmu?
Sinəmdə yerbəyerdən yarələr xunbar olsunmu?
Gecələr gözlərim ta sübhətən bidar olsunmu?
Səhər axşamatək möhnətdə bağrım qan keçsinmi?

Ucundan, ey güli-rəna ömrüm badə getsinmi?
Axıb bu qanlı yaşım, sel olub bərbadə getsinmi?
Mənə bu çəkdiyin dağlarilə dünyadə getsinmi?
Gəlirsənmi, könül yoxsa əlindən dadə getsinmi?
Pərişanlıqda halım, ey şəhi-xuban getsinmi?

Bu zülmü tərk edib rəhm etməyi adət edərsənmi?
Mən öldüm həsrətindən sən də bir mürvət edərsənmi?
Ləbindən busə bir yol almağa rüsxət edərsənmi?
Mənimlə yar olub, mehr eyləyib ülfət edərsənmi?
Dəlib peyvəstə bağrım başını peykan keçsinmi?

Vücudim xahi-rahində qübari-payə dönsünmü?
Saralıb həsrətindən surəti-heyvayə dönsünmü?
Fərağindən işim hər ləhzə ahü vayə dönsünmü?
Çəkib qaşin qəmin Vaqif, əyilib yayə dönsünmü?
Kəbab olmuş cigər çün təşneyi-suzan keçsinmi?