Burşlu qızı

Vikimənbə saytından
Burşlu qızı
Müəllif: Molla Oruc
Mənbə: Azərbaycan Folkloru Antologiyası. XVIII kitab. Şəki folkloru. III cild (az). AMEA Folklor İnstitutu. folklorinstitutu.com (2008). Orijinal mənbədən 2016-03-16 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-12.

Vaxtsızdı getmə, qayıt
Gedək bizə, Burşlu qızı.
Bacardığım hörməti
Qıllam sizə, Burşlu qızı.
Olmuşam mail muştaq
Xumar gözə, Burşlu qızı
Xoş rəftar bağışlaram
Şirin sözə, Burşlu qızı.
Yaylağın maralısan
Düşdün düzə, Burşlu qızı.
 
Amandı ordan gəlib,
Getmə qərib ellərə sən.
Olaydım gümüş kəmər,
Qurşayaydın bellərə sən.
Qırx yerdən saç ayırıb,
Ver sığalı tellərə sən
Yayaram tərifini,
Bil düşərsən dillərə sən.
Gəşt edək bizim eli,
Gəzə-gəzə, Burşlu qızı.
 
Hüsnünə göz dəyməsin,
Qədd əla, boy mina təki.
Ətir sinə, ənbər məmə,
Yumşaq göbək pilə təki.
Vəsfinə qoysaq qiymət,
Öpüş qalxar minə təki.
Qılaram həsəd sənə,
Artırsan gündən-günə təki,
Maşallah nə dolmusan,
Eşqə, naza, Burşlu qızı.
 
Layiqmi ordan gəlib,
Çəkib mənə dağ gedəsən.
Amandı gəl görüşək,
Sən də keyfi çağ gedəsən.
Qılaram mavaza sənə,
Sən də üzü ağ gedəsən.
Sağ gəlib sağ-salamat,
Sağ görüşüb sağ gedəsən.
Şanına Molla Oruc,
Tərif yaza, Burşlu qızı.