Cəhd eylə, sən ancaq nəzəri - xəlqdə pak ol

Vikimənbə saytından
Cəhd eylə, sən ancaq nəzəri - xəlqdə pak ol
Müəllif: Mirzə Ələkbər Sabir


Cəhd eylə, sən ancaq nəzəri- xəlqdə pak ol,
                            Məxluqu inandır;
Xasiyyətin od olsa da, ətvardə xak ol,
                            Sök aləmi, yandır;
Xəlqin nəzərin cəlb elə qurşağə,qəbayə,
                            Məclubi- üyun ol;
Hər hiyləvü bicliklə gir, əlbəttə, əbayə,
                            İmanə sütun ol;
Səy eylə ki, saqqal uzanıb üç çərək olsun,
                            Papaq ona nisbət;
Qursaq da, bilirsən ki, on arşın gərək olsun,
                            Təfsilə nə hacət...
Qoyma yerə təsbihini, əl çəkmə duadan,
                            Övrad oxu daim;
Məclisdə çəkib dut özünü, ol nücəbadən,
                            Söz söylə mülayim;
İstə geyinib məzhəbi, imanı büründün,
                            Pək möhtərəm oldun;
İndi nəzəri- xəlqdə sən pak göründün,
                            Əhli –kərəm oldun;
Başdan- ayağa əmnü əman oldu vücudun,
                            Zövq ilə bitişdin;
Nolmaq diləyirdinsə, həman oldu vücudun,
                            Məqsudə yetişdin!
Vəqf oldu ki, imdi edəsən aləmi talan,
                            Dut, qoyma qaçanı!
Hökm imdi sənindir, dəxi çək işlərə saman,
                            Yığ müşkül açanı;
Dul övrətə bidad elə, eytamə xəyanət,
                            Xovf etmə əcəldən;
Məkr isə özün qıl, oxu şeytanə də lənət!
                            Şad ol bu əməldən,
                            Əl çəkmə hiyəldən,
                            Təzvirü dəğəldən,
                            İmanı da versən.
                            Vermə pulu əldən!..

Mənbə[redaktə]

  • Mirzə Ələkbər Sabir, Hophopnamə. Bakı, "Turan" nəşrlər evi, 2002. səh. 25